• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Kral öldü, yaşasın kral” – Səudiyyə Ərəbistanı kralı Salman kimdir? - MİLYONÇU

  • Milyonçu
  • 26 Yanvar 2015 10:43
  • 4 278 Baxış
“Kral öldü, yaşasın kral” – Səudiyyə Ərəbistanı kralı Salman kimdir? - MİLYONÇU

Dünyanın neft-qazla ən zəngin ölkələrindən olan Səudiyyə Ərəbistanını faktiki olaraq 1996-cı ildən idarə edən və 2005-ci ildə taxta çıxan 91 yaşlı kral Abdullah bin Əbdüləziz əl-Səud vəfat etdi. Bununla da, illərdir krallıq üçün növbəsini gözləyən atabir qardaşı, vəliəhd Salman bin Əbdüləziz əl-Səud taxta çıxdı.

79 yaşlı yeni kralın nələri dəyişəcəyi hələ sual altındadır. Sadəcə, o bəllidir ki, Salman bin Əbdüləziz əl-Səud qardaşından daha liberal və Qərbə daha yaxındır. Onu kral Abdullah bin Əbdüləziz əl-Səuddan daha bir neçə cəhət fərqləndirir. Salman bin Əbdüləziz əl-Səud nə şirkətlərdəki payını, nə də varidatını ictimailəşdirib. Ümumiyyətlə, bu şəxsin özəl həyatı haqqında məlumatlar çox cüzidir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində Səudiyyə Ərəbistanının yeni kralının həyat hekayəsini təqdim edir.

Salman bin Əbdüləziz əl-Səud 1935-ci il 31 dekabrında ər-Riyadda dünyaya gəlib. Atası 1932-ci ildə Səudiyyə Krallığının əsasını qoyan kral Əbdüləzizdir (1880-1953). Anası isə Hessa əs-Sudairidir. XIX əsrdən başlayaraq əl-Səud sülaləsinin şahzadələri həyat yoldaşı kimi məhz əs-Sudairi nəslinin qadınlarını seçirlər. Kral Əbdüləzizin anası da Əs-Sudairi nəslində olub. Yeri gəlmişkən, əl-Səud sülaləsinin tərkibində “Yeddi Sudairi” adlı siyasi klan mövcuddur. Bu klana kral Əbdüləzizin Hessa əs-Sudairidən olan yeddi oğlu – kral Fəhd ibn Əbdüləziz (19212005), Sultan bin Əbdüləziz (19282011), Əbdürrəhman bin Əbdüləziz (1931), Naif bin Əbdüləziz (19332012),Türki bin Əbdüləziz (1934), Salman bin Əbdüləziz (1935), Əhməd bin Əbdüləziz (1942) daxil idi. Göründüyü kimi, hazırkı kral da bu klanın tərkibinə daxildir.

Salman bin Əbdüləziz əl-Səud qardaşı Abdullah bin Əbdüləziz əl-Səuddan fərqli olaraq hazırda muzey kimi fəaliyyət göstərən 7 000 kvadratmetr əraziyə malik Murabba sarayında böyüyüb. İlkin təhsilini də bütün kral övladları kimi atasının yaratdığı “Princes School”da alıb. Əsasən dini və müasir elmlər üzrə oxuyub.

7000 nəfərlik ailə

Salmanın müxtəlif qadınlardan 45 qardaşı (onlardan 7-si anabir, atabir qardaşlarıdır), eləcə də sayları bilinməyən bacıları olub. Qeyd edək ki, kral Salmanın atası kral Əbdüləzizin 12 rəsmi arvadı olub. O, özündən sonra təkcə krallıq deyil, böyük nəsil qoyub gedib. Belə ki, ailəsinin üzvlərinin sayı 7 min nəfərə çatır. Hakimiyyət isə atadan oğula deyil, qardaşdan qardaşa keçir. Hazırda kral Əbdüləzizin 13 oğlu sağdır. Yəni, kral Salman vəfat edərsə, onu oğulları deyil, digər qardaşı əvəzləyəcək.

Qubernatorluqda qocalan gələcək kral

Salman bin Əbdüləziz əl-Səudun siyasi fəaliyyəti 1950-ci illərə gedib çıxır. O, ilk əvvəl Səudiyyə Ailə Şurasının rəhbəri olub. Bundan sonra əhəmiyyətli dövlət vəzifələrində işləyib. Bir müddət ər-Riyadın əmiri, daha sonra bələdiyyə rəhbəri təyin edilib. Yeri gəlmişkən, o, ər-Riyadın əmiri vəzifəsinə 19 yaşında gətirilib. Bir il sonra - 1955-ci ildə bələdiyyə rəhbəri seçilib. Bu vəzifəni 1960-cı ilə qədər davam etdirib. 1963-cü il fevral ayının 4-də ər-Riyad vilayətinin qubernatoru təyin olunub. Salman bu vəzifədə də qocalıb. Belə ki, qubernator vəzifəsində 48 il qalıb. Bu müddətdə ər-Riyadın müasir şəhər standartlarına cavab verməsi üçün bir sıra işlər görüb, turistləri, investorları ölkəyə cəlb edib. Qərblə geosiyasi, iqtisadi əlaqələrə üstünlük verib. İslahatçı, xalqa yaxın şəxs kimi tanınan Salman 2011-ci ildə ər-Riyadda dilənçilərə qarşı “səlib yürüşünə” başlayıb. Xarici ölkələrin vətəndaşı olan dilənçilər Səudiyyə Ərəbistanından deportasiya olunub, yerlilər isə İctimai İşlər Nazirliyinin reabilitasiya proqramına cəlb edilib.

48 il sonra nazir

2011-ci il noyabrın 5-də Salman bin Əbdüləziz əl-Səud müdafiə naziri təyin edilib. Eyni zamanda, Milli Təhlükəsizlik Şurasının (MTŞ) üzvü olub. Özünün dediyinə görə, məhz dövlət işi sahəsində uzun illər fəaliyyəti nəticəsində bu vəzifələrə gətirilib. O da bəllidir ki, hazırkı kral qubernator olduğu uzun illər ərzində istər beynəlxalq, istərsə də yerli səviyyədə əlaqələr qura bilib.

Növbəti vəliəhd

Qeyd etdiyimiz kimi, Səudiyyə Ərəbistanında taxta krallığın banisi Əbdüləzizin oğlanları çıxır. Son 50 ildə ölkəni Əbdüləzizin Husi və Sudairi nəslindən olan arvadlarının dünyaya gətirdiyi oğulları idarə edir. Bir qardaş öldükdə, digər qardaş kral olur. Salman 2012-ci ilin iyununda qardaşı, qatı dindar olan Naif bin Əbdüləziz əl-Səudun ölümündən sonra Səudiyyə Ərəbistanının vəliəhdi təyin edilib. Eyni zamanda, baş nazir vəzifəsinə gətirilib. İslahatçıların dediyinə görə, Salman bin Əbdüləziz əl-Səud kral ailəsinin digər üzvləri ilə müqayisədə müxalifətə daha diplomatik yanaşır. Lakin o, siyasi islahatçı da hesab edilmir. Salman bin Əbdüləziz əl-Səud vəfat edən qardaşı, keçmiş kral Abdullah bin Əbdüləziz al-Səud kimi siyasi dəyişikliklərdən çox, iqtisadi islahatlara üstünlük verir.

Rüşvətin qənimi olan vasitəçi

Kral Salman ağıllı və çalışqan şəxs kimi məşhurdur. Həmçinin monarxiyanın 4000 nəfərdən çox şahzadəsi arasında münaqişələrin yoluna qoyulması istiqamətində vasitəçi sayılır. Onun qubernatorluğu dövründə ər-Riyadın idarəetmə strukturlarında rüşvətin aradan qaldırılması müsbət faktlardan biridir.

Media maqnatının gizli varidatı

Məlumdur ki, kral Əbdüləzizin oğlanlarının əksəriyyəti neft milyarderidirlər. Kral Salmanın nə qədər pulu olduğu, şirkətlərinin sayı bəlli deyil. Sadəcə, onun və ailəsinin media qrup idarə etdiyi məlumdur. Bu media qrupa Səudiyyə Ərəbistanında kifayət qədər nüfuzlu olan gündəlik qəzetlər – “Asharq Al-Awsat” və “Al Eqtisadiah” daxildir. Bundan əlavə, rəsmi olaraq onun “Saudi Research and Marketing Group”un (SRMG) 10 faiz səhmini əlində tutduğu deyilsə də, şirkətin tam sahibi olduğu versiyası da var. Hətta söz-söhbətlərə görə, kral Salman şirkəti oğlu Faisal vasitəsiylə idarə edir. Yeni kralın bəzi məşhur jurnalistlərlə əlaqələrinin olduğu irəli sürülür.

“Cəmi” 3 evlilik

Kral Salman 30 dəfə evli olan mərhum qardaşından fərqli olaraq, cəmi üç dəfə evlənib. O, ilk olaraq Sultan bin Türki əl-Sudairi ilə ailə qurub. 2011-ci ildə 71 yaşında vəfat edən Sultan bin Türki əl-Sudairi kral Salmanın doğma dayısı qızıdır. Bu evlilikdən onun Fahd, Əhməd, Sultan, Əbdüləziz, Faysal və Hussa adlı övladları var.

İkinci evliliyi Sara bin Feysal əl-Subai ilədir. Bu evlilikdən onun oğlu şahzadə Səud dünyaya gəlib. Üçüncü evliliyi isə Faxda bin Falaxla ilədir. Adıçəkilən qadından şahzadələr Məhəmməd, Türki, Xalid, Nayif, Bəndər və Rakan dünyaya gəlib.

Bu arada kral Salmanın iki oğlu artıq dünyasını dəyişib. Onun oğlu Sultan bin Salman isə 1985-ci ildə kosmosa uçan ilk ərəbdir.

Kralın əqli problemləri var?

79 yaşlı kral Salman insult keçirib. O, 2010-cu ildə Amerikada əməliyyat olunmasına baxmayaraq, sol əli işləmir. Varis elan edildikdən sonra isə kifayət qədər ciddi analitiklər onun ağıldankəm olması ilə bağlı açıqlamalar verməyə başladılar. Bundan əlavə, kral Salmanın Altsheymer xəstəliyindən əziyyət çəkdiyi ehtimal edilir.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR