• USD 1,7022 0,00% EUR 1,8242 0,00%
    • GBP 2,1781 0,00% RUB 0,0303 0,00%

Mussolinin villası, yəhudi işi – elmi işçidən milyarderə çevrilən şəxsin hekayəti

  • Milyonçu
  • 31 Yanvar 2015 12:00
  • 1 424 Baxış
Mussolinin villası, yəhudi işi – elmi işçidən milyarderə çevrilən şəxsin hekayəti

O, Rusiyanın üçüncü ən varlı iş adamıdır. 2004-cü ildən İsveçrədə yaşayır və təkcə TNK-BP-dəki payını satmaqla 7 milyard dollar əldə edib. “Bloomberg“ ötən bir ildə sərvətinin həcminin 18 milyard dollara çatdığını açıqlayıb. Ukrayna yəhudisi olan bu şəxs Rusiyada Yəhudi İcması Federasiyasının liderlərindən sayılır. Söhbət 60-a yaxın yaşının olmasına baxmayaraq, cəlbediciliyini qoruyub saxlayan Viktor Vekselberqdən gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində adi elmi işçinin milyarderə necə çevrilməsini təqdim edir.

Bütün qohum-ərqəbası yəhudi soyqırımının qurbanı olub

Viktor Vekselberq 1957-ci ilin 14 aprelində Ukraynanın Droqobıç şəhərində anadan olub. Anası ukraynalı, atası yəhudidir. Ata tərəfdən bütün qohum-əqrəbası 1944-cü ildə yəhudi soyqırımının qurbanı olub. Vekselberqin uşaqlığı və gəncliyi Droqobıçda keçib. 30 yaşında Moskva Dəmiryol Nəqliyyatı Mühəndisliyi İnstitutuna daxil olub. Özünün də dediyinə görə, gözləri geniş dünyaya açılıb. 1979-cu ildə universiteti “sistem mühəndisi” ixtisası üzrə qırmızı diplomla bitirib. Aspiranturadan sonra 1990-cı ilə qədər laboratoriyada direktor işləyib.

Yeri gəlmişkən, həmin ərəfədə 1980-90-cı illərdə xaricdə ilk kooperativlər yaranmağa başlamışdı. Viktor da fürsətdən yararlanıb öz işini qurur. “KomVek”i (Vekselberqin şirkəti) yaradaraq alüminium və mis satışı ilə məşğul olmağa başlayır. Yazılanlara görə, milyarderin biznesinin xammalı rolunda istifadədən çıxarılan kabel tullantıları mühüm rol oynayır. Adi elmi işçinin seçdiyi bu biznes sahəsi gəlirli çıxır. Belə ki, ölkəsində misin tonunu 100 dollara alaraq onu Almaniyaya 3000 dollara satmaqla kifayət qədər pul qazanır.

Keçmiş tələbə yoldaşı ilə ortaq olur

Əslində, Vekselberq ortağı ilə universitetdə bir qrupda oxusa da, onu illər sonra ABŞ-da tapır. Çünki Leonid Blavatnik 1978-ci ildən Amerikaya köçmüşdü. Hətta adını dəyişdirərək “Leonard” qoymuş, Harvard Universitetini bitirib Kolumbiya Universitetində təhsil almaq hüququ qazanmışdı.Yüksək təhsildən əlavə o, yükdaşıma ticarəti ilə də məşğul olurdu. Vekselberq Leonidlə Amerikada neft sərgisində qarşılaşır. Sərgidən sonra keçmiş tələbə yoldaşları arasında münasibətlər yenidən qurulur. Getdikcə bu yoldaşlıq ortaqlığa çevrilir. Onlar birgə layihə reallaşdırmağı qərara alırlar. Beləcə, 1991-ci ildə Rusiyanın ən böyük şirkətlərindən olan “Renova” yaradılır. “Renova”nın əsas fəaliyyəti xaricdən kompyuter alıb onları səhmə dəyişmək olur. Doğrusu, ortaqlar böyük həcmdə səhmi əllərində cəmləşdirə bilirlər. Beləcə, zavod yaratmağın zamanı gəlib çatır. Viktor və Leonid özlərinə yaxın sahəni əlvan metallurgiyanı seçirlər. 1995-ci ildə “Renova” artıq Rusiyada iki böyük alüminium zavoduna – “İrkutskiy” və “Uralskiy” zavodlarına sahib olur.1996-cı ildə səhmdarların razılığı ilə bu iki müəssisə “Sibirsko-Uralskuy ” alüminium şirkəti” (SUAL) adlandırılır. Onu da bildirək ki, sözügedən dövrdə alüminium sənayesini inkişaf etdirmək çətin proses idi. Çünki alüminium istehsalı üçün yunan xammalı iki dəfə ucuz idi. Lakin “SUAL” vəziyyətdən çıxış yolunu tapır. Yalnız idxal xammalının emalı ilə məşğul olur. İstehsal alüminiumu isə xarici podratçıların mülkiyyətində qalır. Bu arada qanuna görə, ”SUAL” nə gömrük, nə də əlavə dəyər vergisi ödəmirdi. Müəyyən müddət keçdikdən sonra qaydalar federal hökumət tərəfindən ləğv edilir. 1997-ci ildə Vekselberqin şirkəti boksit yataqlarının işlənməsi lisenziyasını alır. Bu işdə “SUAL”ın tərəfdaşı bazardakı rəqibi “Rusal” olur.

2000-ci ildə “SUAL” artıq böyük şirkətə çevrilir. Müəsissəyə dörd alüminium zavodu – “Uralskiy”, “İrkutskiy”, ”Kandalakşskiy”, “Boqoslovskiy” zavodları daxil idi. Bundan əlavə, Vekselberq Rusiyanın 9 bölgəsində 19 metallurgiya zavodunu kurasiya edirdi. “SUAL”ın işlərini koordinasiya etmək məqsədilə “Sual-Holding” yaradılır. 2002-ci ildə “SUAL” Rusiyanın üçüncü ən böyük alüminium müəssisəsini – “SevZapProm”u ələ keçirir. Elə həmin il onun şirkətləri sırasına “Nadvoiskiy” alüminium zavodu da daxil olur.

2006-ci ildə bazarın iki əbədi rəqibi "SUAL" və "Rusal" öz resurslarını, aktivlərini birləşdirmək istiqamətində müzakirələrə başlayırlar. Müzakirələrin nəticəsi olaraq, iki milyarder V. Vekselberq və Oleq Deripaska 2007-ci ildə “Rusiya Alüminiumu Birləşmiş şirkəti"ni yaradırlar. Bu holdinq təkcə Avropada deyil, dünyada ən böyük alüminium müəssisəsi olur.

Neft sektoru

V. Vekselberqin neft biznesi “Tumen Neft Şirkəti” ilə bağlıdır. 1990-cı illərdə şirkətin fəaliyyət sahəsinə hasilat, emal, neft təminatı və sair daxil idi. Vekselberq 1997-ci ildə “TNK”-nın direktorlar şurasına seçilir. “Tumen Neft Şirkəti” 2003-cü ildə BP ilə müqavilə imzalayır. Həmin müqavilə tərəflərin Rusiya və Ukraynada əməkdaşlığını və aktivlərini birləşdirməsini nəzərdə tutur. Beləliklə, “TNK-BP Holding”i dünyada neft ehtiyatlarına və istehsalın həcminə görə üçüncü yerə qalxır. Həmin vaxt artıq milyarderin və ortağının şirkətdə payları ayrı-ayrılıqda 12 faiz idi. Bundan əlavə, Vekselberq ”TNK-BP”-nin icraçı direktoru, idarə heyətinin üzvü kimi fəaliyyət göstərirdi. Lakin iki il əvvəl milyarder “TNK-BP”-dəki payını 7 milyard dollara satır. Həmin vəsaitin 200 milyon dollarına İsveçrənin “Schmolz+Bickenbach” metallurgiya şirkətinin səhmlərinin 25,5 faizini alır. 1 milyard dollarını isə enerji sahəsində fəaliyyət göstərən şirkətlərindən birinə yatırır. Bu addımı da həmin şirkəti gələcəkdə “Qazproma” satmaq məqsədilə atır. Amma Rusiyada başlayan böhran milyarderin məqsədini reallaşdırmasına imkan vermir.

Digər sahələrdə biznesi

Vekselberq neft və alüminium sektorlarından başqa, iqtisadiyyatın digər sahələrində də biznesə sahibdir. “Renova”ya Rusiyanın kimya sənayesi sahəsində iri müəssisələr, enerji və mənzil sektoları, maşınqayırma, media, Yekaterinburqda yerləşən hava limanı “Koltsovo”nun səhmləri, Kandalakskiy dəniz limanı, “NaturProduct” əczaçılıq şirkəti daxildir. O hətta Xorvatiyada “Belvedere” adlı otelə, İsveçrədə “Oerlikon” şirkətinin səhmlərinin 44,7 faizinə, “Sulzer”in səhmlərinin 31 faizinə sahibdir. Rəqəmlərə inansaq, “Renova”nın Rusiya iqtisadiyyatına yatırdığı investisiyaların 80 faizi uzunmüddətlidir. Vekselberqin şirkətlərində 100 000-dən çox insan işləyir.

“Moskva Dövlət Universitetində oxumaq istəyirdim”

V. Vekselberqin biznesi ilə bağlı məlumatlara baxmayaraq, şəxsiyyətinə dair informasiyalar azdır. Müəyyən müsahibələrində onun tələbəlik illəri haqqında bir-iki cümləsinə rast gəlmək olar. Məsələn, milyarder deyir ki, Moskva Dövlət Universitetinə qəbul olmaq istəyib. Amma ona deyiblər ki, başının xarab olmaması üçün Moskva Dəmiryol Nəqliyyatı Mühəndisliyi İnstitutunu seçsin. Belə də edir: “Tələbə olarkən yataqxanada ilk iki ili dörd oğlanla qaldım. Onlardan biri gürcü yəhudisi idi. 30 yaşına gəlmişdi, inistitutu bitirə bilməmişdi. Çünki hər il kursda qalırdı. Sonradan o, dünya cempionu ilə evləndi. Həmin illərdən yadımda qalan pəncərəni açıq qoyub yatmağımızdır. Otağın ən azyaşlı sakini kimi isə mənim çarpayım pəncərənin qarşısında idi. Qışda səhərlər üstüm qarla örtülmüş vəziyyətdə oyanırdım. Otağın işığını heç vaxt söndürməzdik. Bu gün də işıqda yatmaq vərdişi mənə tələbəlik illərindən qalıb. Ortağım Leonid Blavatnik isə qonşu otaqda yaşayırdı. Biz ayrı qruplarda, ancaq eyni patokda təhsil alırdıq. Digər partnyorlarım da universitet illərindəki yoldaşlarımdır. Məsələn, Volodya Kremer mənlə eyni kursda oxuyub, Jenya Olıxovnik iki kurs yuxarı. İş ortaqlarım mənim universitet illərindəki əhatəmdir. Hərçənd ki, Leonid hamıdan tez evləndi və bizdən ayrı düşdü”.

Bu arada, Vekselber ortaqları kimi, həyat yoldaşını da universitetdə tapıb. Rusiyanın ən varlı iş adamlarının çoxundan fərqli olaraq, cəmi bir dəfə evlənib. Deyilənlərə görə, ailəsinə çox bağlı olan milyarderin Marina ilə evliliyindən bir qızı və oğlu var. Qızı İrina ali təhsilini bitirərək atasının şirkətində işləyir. Oğlu Aleksandr Amerikada təhsil alır.

V. Vekselberqin adı “Forbes”də

Məşhur jurnal 2005-ci ildən əslən Ukraynadan olan iş adamının pulunu sayır. Həmin ildə onun sərvəti 6,1 milyard dollar olub. 2006-cı ildə 10,1 mld, 2007-ci ildə 10.7 mld, 2008-ci ildə 11,4 mld, 2009-cu ildə 1,8 mld, 2010-cu ildə 6,4 mld, 2011-ci ildə 13 mld, 2012-ci ildə 12,4 mld, 2013-cü ildə 15,1mld, 2014-cü ildə isə 17,2 milyard dollar təşkil edib. V. Vekselberq sərvətinin həcminə görə Rusiyanın ən varlı 200 iş adamının siyahısında 3-cü sırada yer alır. Milyarder özü sərvəti haqqında belə deyir: “Mənim üçün varlı olmaq birinci növbədə məsuliyyətli olmaq deməkdir. Pul qazanmaq çətindir, lakin onu düzgün idarə etmək daha çətindir”.

Mussolininin villasında yaşayır

Rusiyalı oliqarx dünyaca məşhur “Faberje”dən zərgərlik nümunələrinin kolleksioneridir. Bu kolleksiyanın dəyərinin 850 milyon dollara çatdığı deyilir. Mətbuatın yazdığına əsasən, Vekselberq “Faberje”dən 37 milyon dollar dəyərində iki Pasxa yumurtasını kilsəyə hədiyyə edəcəyini bəyan edib.

Bundan əlavə, İtaliyanın mərhum “duçe"si Mussolininin villasının sahibi olması ilə də məşhurdur. İtaliyada yerləşən villanın dəyəri 40 milyon dollardır. Bu, o villadır ki, “duçe” alman işğalından sonra sevgilisi Klar Ptaççi ilə ora sığınmışdı və ölkəni formal idarə edirdi. Hazırda villadakı 1000-ə yaxın tarixi əşya, kitablar rusiyalı milyarderə məxsusdur. Vekselberqin qonşularından biri də digər rusiyalı milyarder Roman Abromoviçdir. Rusiyalı oliqarxların Qarda gölü ətrafında villalar almasına italyanlar lətifə də qoşub. İtalyanlar Qarda sahilinin bir azdan Rusiyanın koloniyasına çevriləcəyini deyirlər.

Leyla Əliyeva

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR