• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Rusiyada varlanıb, Amerikada yəhudiləri oxutduran milyarderin həyat hekayəsi

  • Milyonçu
  • 7 Fevral 2015 11:40
  • 2 073 Baxış
Rusiyada varlanıb, Amerikada yəhudiləri oxutduran milyarderin həyat hekayəsi

O, neft milyarderidir. Sərvətini Rusiyada qazanıb, amma Amerikada yəhudilərin təhsilinə xərcləyir. Deyilənlərə görə, mafiyaya xərac ödəməyən tək-tük biznesmenlərdəndir. Söhbət Leonard Blavatnikdən gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində sirli iş adamının həyat hekayəsini təqdim edir.

Leonard Blavatnik, konkretləşdirsək - Leonid Blavatnik 1957-ci ildə Ukraynada maddi baxımdan təminatlı yəhudi ailəsində anadan olub. Deyilənə görə, valideynləri Texniki Universitetdə professor olublar. Leonidin uşaqlığı Ukraynada keçib. Xüsusi təmayüllü məktəbdə oxuyub. Orta məktəbdən sonra Moskva Dəmiryol Mühəndisliyi Universitetinə qəbul olub. Məhz burada ortağı, iş adamı Viktor Vekselberqlə yolları kəsişib. Hər iki yəhudi əsilli ukraynalı qrup yoldaşı imişlər. Viktor Vekselberq öz xatirələrində qeyd edir ki, Blavatnik hələ universitet illərindən biznesə maraq göstərirmiş: “Sahibkar kimi bacarıqlarının Baykal-Amur magistralının tikintisi zamanı şahidi olduq. Çitadan qayıdanda Lenya bir qutu “tuşenka” aldı. Bizə də həmin qutunu daşıtdırdı. Nə var ki, həmin vaxt Moskvada “tuşenka” qıt idi”.

1978-ci ildə, bəzi mənbələrə görə isə, 1979-cu ildə Blavatnik ali təhsilini yarımçıq buraxaraq ailəsi ilə birlikdə ABŞ-a köçür. 1981-ci ildə Amerika vətəndaşlığı alır. Adını dəyişdirərək yeni şəxsiyyət vəsiqəsinə Leonid əvəzinə Leonard yazdırır.

Leonard Amerikada təhsilini Kolumbiya Universitetində davam etdirir. Dünyanın ən məşhur təhsil ocaqlarından biri olan bu müəssisədən kompüter elmləri üzrə magistr dərəcəsi alır. İlk iş yeri “Macy’s” geyim mağazaları şəbəkəsinin “IT” departamenti olur. Blavatnikə şirkətin informasiya sistemini təkmilləşdirmək tapşırılır. İşin öhdəsindən uğurla gəldiyindən şəbəkənin direktorlarından biri onu mükafatlandırmaq qərarına gəlir. Blavatnik bu istəyin əvəzində ondan “Harvard Business School”a tövsiyə olunmasını xahiş edir. Məqsədinə çatır da.

1989-cu ildə o, biznesin inzibatçılığı ixtisası üzrə magistr dərəcəsi alır. Yeri gəlmişkən, hələ Harvardda oxuduğu zamanlarda Blavatnik “Arthur Andersen” adlı audit firmasına işə düzəlir. 1986-cı ildə özünün investisiya şirkətini - “Access Industries”i yaradır. Onun ilk böyük biznesi bütün Amerika ərazisində yükdaşıma olur. Rusiyadan olan keçmiş qrup yoldaşı ilə rastlaşdıqdan sonra isə biznes dairəsini genişləndirir.

Rusiyada biznes

Viktor Vekselberqlə Leonard Blavatnik 1987-ci ildə neft sərgisində qarşılaşır. Birgə iş qurmaq istiqamətində razılığa gəlirlər. Dostlar iki il sonra Sovet İttifaqına kompüter avadanlıqlarının təchizatı ilə məşğul olmağa başlayırlar. Müddət keçdikcə Viktor Vekselberq onu Rusiyada biznes qurmağa razı salır. 1990-cı ildə Amerika-Rusiya şirkəti olan “Renova”nı yaradırlar. Şirkət Rusiyadan xammalın ixracını həyata keçirir. Müəyyən müddət sonra Blavatnik birgə aktivlərdəkı payın müqabilində öz səhmlərini satır.

Vekselberqin sözlərinə görə, Blavatnik uzun müddət rus aktivlərinə investisiya yatırmaqdan imtina edirmiş. Amma nəhayət o, yola gəlir və uduzmur da. 1994-cü ildə “Access Industries” Vladimir adına traktor zavodunun səhmlərini satın alır. Amma zavodu böhrandan çıxara bilmədiyindən səhmləri satır. 1996-cı ildə “Sibirsko-Uralskoya” alüminium şirkətinin (SUAL) yaradılmasında iştirak edir. Direktorlar şurasının üzvü olan Leonard Blavatnik şirkətdə 47,5 faiz səhmə sahib olur. Şirkətin “Russkiy alüminium”la birləşdirilməsindən sonra isə “Rusal”ın direktorlar şurasına daxil olur.

Bu arada qeyd edək ki, gələcəkdə ortaqların biznesi genişləndikcə alüminium sektoru onlar üçün əvvəlki kimi cəlbedici olmur. 2011-ci ildə Blavatnik “Rusal”dan getməyi qərara alır.

Neft sektoruna sərmayə yatırır

1997-ci ildə “Access Industries” (Leonard Blavatnik) , “Renova” (Viktor Vekselberq) və “Alfa-Qrupp” (milyarder Mixayil Fridman) Tümen neft şirkətinin (TNK) səhmlərinin 40 faizini dövlətdən satın alırlar. Üç şirkətin baş hərfinin birləşməsindən - AAR (Access/"Alfa"/"Renova” ) adlı konsorsium yaradılır.

1998-ci il böhranından sonra AAR-ın səhmdarları “TNK”-nın səhmlərinin yerdə qalan 50 faizini də ələ keçirirlər. Blavatnik şirkətin direktorlar şurasının üzvü olur. 2003-cü ilə BP ilə tərəfdaşlıq imzalanır və şirkət “TNK-bp” kimi fəaliyyət göstərir. “Access Industries” 12,5 faiz səhm payı ilə neft şirkətinin sahiblərindən biri olur. 2003-cü ildə Vekselberq və Blavatnik “Vahid ticarət şirkəti”ni (ETK) təsis edirlər. Şirkət Rusiya sənaye müəssisələrini satmaq istiqamətində müstəsna hüquqlar əldə edir. Tezliklə şirkətin fəaliyyəti Rusiya Federasiyasının Antiinhisar Siyasəti Nazirliyinin diqqətini çəkir. Nəticədə ortaqlar “başağrılardan” azad olmaq üçün ETK-ni satırlar.

2002-2005-ci ildə Blavatnik yenə də Vekselberqlə birgə maliyyə qrupunun sahibi olurlar. Həmin qrupa “Alba Alyans” bankı və “Sovlink” şirkəti daxil olur.

Bundan əlavə, “Access Industries”in səhmlərinə Qazaxıstandakı “Boqatır” kömür mədəni, kimyəvi məhsulların ən böyük istehsalçılarından olan “LyondellBasell Industries”, Britaniyanın teleşirkəti “Top Up TV”, Rusiyada teleserialların çəklişini həyata keçirən “Amedia”, İsrail şirkəti “Rochester Gas & Electric” daxil olur. Blavatnik eyni zamanda uzun müddət ən böyük səsyazma şirkəti olan “Warner Music Group”a sahiblik edir.

Nəzərə çatdıraq ki, o, bu şirkəti 2011-ci ildə 3,3 milyard dollara satın alır.

Blavatnikin investisiyaları, şirkətlərdəki payı bununla bitmir. O həmçinin konsaltinq şirkəti olan “Eurasia Group”da və İsveç telekommunikasiya şirkəti “Svenska Bredbandsbolaget AB”də səhmlərə sahibdir.

Leonard Blavatnik biznesdə Corc Sorosa belə kələk gəlməyi bacaran iş adamıdır. Belə ki, 2004-cü ildə o, maliyyə sehrbazından “Svyazinvest”in səhmlərinin 25 faizini 625 milyon dollara satın alaraq, iki il sonra onları 1,3 milyard dollara başqa investora satır. Soros özü də etiraf edir ki, iş təcrübəsində Blavatnikə səhm satışı ən uğursuz əməliyyat olub.

L.Blavatnik daşınmaz əmlak sahəsində də investisiyaları ilə məşhurdur. O, 2004-cü ildə 41 milyon dollara İngiltərənin paytaxtında malikanə alıb. Həmçinin 2007-2009-cu illərdə ABŞ-da daşınmaz əmlakın ucuzlaşmasından istifadə edərək alışlar reallaşdırır. Məsələn, Manhettendə 100 milyon dollar dəyərində daşınmaz əmlaka, Hollivudda 625 milyon dollar dəyərində torpaq sahəsinə sahib olur. Blavatnik eyni zamanda 2006-cı ildə məşhur fransız otelləri olan “Hotel Vendome” və “Grand-Hotel du Cap-Ferrat”ın sahibinə çevrilir.

Ekspertlərin rəylərinə görə, Blavatnik belə böyük sərvəti Vekselberq və Fridmanın sayəsində məhz Rusiyada qazanıb.

Milyarderin sərvəti “Forbes”in gözü ilə

Bəzi mənbələr Blavatnikin sərvətini 21,8 milyard dollar həcmində dəyərləndirirlər. “Forbes”in qiymətləndirməsində isə bu rəqəm 19,5 milyard dollardır. Leonard Blavatnik varidatının həcminə görə, ABŞ-ın iş adamlarının siyahısında 56-cı yerdədir. Ötən bir ildə onun sərvəti 252,7 milyon dollar artıb. Blavatnik təkcə qazanmır. Müəyyən vaxtlarda itirib də. 2009-cu ilin böhranında onun 4 milyard dollar ziyana düşdüyü deyilir. Blavatnikin sərvəti ilə bağlı yadda qalan hadisələrdən biri də “JP Morgan Chase” investisiya bankının səhv əməliyyatları nəticəsində 100 milyon dollar itirməsidir. Bunun nəticəsi olaraq iş adamı bankı məhkəməyə vermişdi.

Ailəsi

Blavatnik evlidir. Həyat yoldaşı Emili Amerika əsillidir. Biznesmenin dörd övladı var. İki qız və iki oğlan. Digər yəhudi əsilli iş adamları kimi Blavatnik də ictimaiyyətə qapalıdır. Hətta media şirkətinə sahib olmasına rəğmən, onun şəxsi həyatı ilə bağlı bir cümləyə belə rast gəlmək mümkün deyil.

Rusiya, Amerika, Qazaxıstan siyasi dairələrinə pul xərcləyir

Rusiyada, Qazaxıstanda sərmayələrə sahib L.Blavatnikin hər iki ölkənin siyasi dairələri ilə qəribə əlaqələri var. Məsələn, onun baş nazirin birinci müavini Anatoli Çubays, keçmiş baş nazir Sergey Stepaşinlə yaxın əlaqələri mövcuddur. Blavatnik 1999-cu ildə Stepaşinin Vaşinqtona səfərini təşkil edib. Bundan əlavə, Stepaşinin şərəfinə təşkil olunan mərasimdə Vaşinqton siyasətçilərinin iştirakını təmin edib.

O, Respublikacılar Partiyasının namizədlərinin kampaniyalarına pul xərcləməklə də məşhurdur. Qazaxıstana gəlincə, Qasım Comart Tokayevin ABŞ-da piarını, səfərlərini məhz o təşkil edir.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR