• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Facebook”un “daltonik” yaradıcısı - Sadə oğlan necə milyonçuya çevrildi?

“Facebook”un “daltonik” yaradıcısı - Sadə oğlan necə milyonçuya çevrildi?

Onun adı kainatın ən zəngin vətəndaşlarının siyahısında 16-cı sırada yer alır. Adi diş həkimi və psixoloqun ailəsində dünyaya göz açan bu şəxsin sərvətinin həcmi 36,6 milyard dollardır. Üç nəfər dostu ilə birgə yaratdığı şirkətin 2014-cü ildəki gəliri 12,466 milyard, əməliyyat gəliri 4,982 milyard, xalis gəliri 2,94 milyard, cəmi aktivləri 40,184 milyard, kapitalı 36,096 milyard dollar olub. Söhbət Mark Tsukerberqdən (Mark Zuckerberg) gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində “Facebook”un baş direktoru Mark Tsukerberqi təqdim edir.

Mark Tsukerberq 1984-cü ildə Nyu-Yorkda anadan olub. Atası Edvard diş həkimi, anası Karen psixiatrdır. Mark evin tək uşağıdır. Tsukerberqlər yəhudi olsalar da, Mark ateistdir. Uşaq yaşlarından kompyuter oyunlarına böyük maraq göstərib. Çünki atası Edvard Tsukerberq də texnikaya etinasiz deyildi. Belə ki, o, 1996-cı ildə Amerikada ilk digital rentgenoqrafiya kompüteri istifadəçilərindən biri olub. Həmin vaxt artıq oğluna “Basic” dilində proqramlaşdırmanı öyrədib. Mark məhz atasının xahişi ilə ilk proqramını “ZuckNet”i yaradıb. Hansı ki, bu proqram vasitəsilə klinikada, evdə olanda bir-birlərinə mesaj göndərə bilirlərmiş. Onun bu istedadı İT nəhənglərinin - Microsoft və AOL-in diqqətini çəkib. Lakin Mark şirkətlərin təklifini qəbul etməyib. Tamamilə fərqli sahəyə üz tutaraq Harvardın psixologiya fakültəsinə qəbul olub. Yazılanlara görə, Markın belə bir qərar verməsində anasının rolu böyük olub. Harvardda təhsil aldığı müddətdə aktiv şəkildə kompyuter sektoru ilə maraqlanıb. İlk sosial şəbəkə layihəsini 2003-cü ildə, yəni ikinci kursda oxuyarkən reallaşdırıb. “Facemash.com” adlı sayt qurub. Harvarddakı bütün şagirdlərin 22000 ədəd yaxın fotoşəkilinin əks olunduğu saytı yaradıldığı ilk saatlarda 450 nəfər ziyarət edibmiş. Yeri gəlmişkən, bu fotoşəkilləri tapmaq üçün o, universitetin məlumat bölməsindən yaralanıbmış. Ən maraqlısı isə odur ki, Mark məlumat bölməsinə icazəsiz daxil olub, daha dəqiq desək o, bölməni “hack” etmişdi. Hərəkəti ortaya çıxdıqda universitetin rəhbırliyi tərəfindən cəza alır. Saytı bağlanır, təhsilini yarımçıq qoyur və Harvardı tərk edir.

“Facebook”

2004-cü ildə otaq yoldaşları - Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuzla birgə ikinci sosial şəbəkəsini www.facebook.com-u yaradır. Məqsəd Harvard Universitetinin tələbələrini internet vasitəsiylə görüşdürmək olur. Amma bir müddət sonra saytdan təkcə Harvard deyil, Boston ətrafındakı məktəblərin şagirdləri də istifadə etməyə başlayır. “Facebook” iki ay ərzində məktəblərin hamısını əhatə edir. Yaradılmasının 18-ci ayında isə ABŞ-ın ən böyük ünsiyyət saytlarından birinə çevrilir. Tezliklə sayt sərmayəçilərin marağını çəkir. Gənc layihəyə ilk olaraq, Piter Til investisiya qoyur, növbəti mərhələdə ödəmə sistemi olan "PayPal"la əməkdaşlıq etməyə başlayır. Bütün bunlara o, 500 min dollar vəsait qoyur. 2010-cu ilin oktyabrında “Microsoft “şirkəti "Facebook"-un 1,6% səhmini 240 milyon dollara satın alır. Həmin ildə “SecondMarket İnc” "Facebook"-un bazar dəyərinin 41 milyard dollar olduğunu açıqlayır. Bu, eBay-dan da bahalı şirkət olmaq demək idi. "Facebook” Amerikada “Google” və “Amazon”dan sonra üçüncü internet şirkəti olur.

İlk istifadəçilər

Qeyd etdiyimiz kimi, saytdan əvvəlcə Harvard, növbəti mərhələdə isə Boston məktəbləri yararlanıb. Getdikcə “Facebook”un nüfuzu o qədər artıb ki, Amerika Birləşmiş Ştatlarının bütün məktəblərində sayt mövcud olub. İstifadəçilər əvvəllər yalnız məktəbin e-mail ünvanı ilə (.edu, .ac. uk və s.) qeydiyyatdan keçirlərmiş. Daha sonra sosial şəbəkəyə bəzi böyük şirkətlər də daxil olub. 11 sentyabr 2006-cı il tarixində isə “Facebook” bütün e-mail ünvanlardan (bəzi yaş məhdudiyyətlərini nəzərə almaqla) istifadəyə icazə verib. İstifadəçilər istədikləri yerdən - məktəbdən, universitetdən, iş yerindən, ya da yaşadığı yerdən şəbəkəyə daxil ola biliblər. 2007-ci ilin iyul ayında “Facebook” 34 milyon istifadəçisi ilə dünyanın ən böyük əsaslı istifadəçilərinə sahib sayt olub. Həmin ildə “Alexa”nın statistikası nəticəsində “Facebook” dünyanın ən çox ziyarət edilən yeddinci saytı adını qazanıb. Bildirək ki, sayt yaradıldığı ilk gündən istifadəçiləri üçün ödənişsizdir. Gəlirini banner reklamlarından və sponsor qruplarından götürür. “Facebook”un rəhbərliyinə Mark Tsukerberq (qurucu və CEO), Dustin Moskovits (qurucu köməkçisi və mühəndislik üzrə məsul başçı köməkçisi), Ouen Van Natta (maliyyə üzrə məsul müdir, əməliyyat başçısının köməkçisi), Mtt Kohler (Strategiya və İşlətmə Əməliyyatı), Kris Hyuz (qurucu köməkçisi), Peter Til (sərmayəçi), Li Ka-Şinq (sərmayəçi), Mark Samuer (sərmayəçi), Oliver Samuer (sərmayəçi), Aleksandr Samuer (sərmayəçi) daxildir.

Mark “daltonik”dir

“Facebook”un niyə mavi rəngdə olmasına gəlincə, səbəb Markın “daltonik” olmasıdir. O, yaşıl və qırmızı rəngləri seçə bilmir. Amma göy rəngi çox yaxşı görür. Buna görə də “facebook”u mavi rəngdə yaradıb. Tsukerberqin evinin dekorasiyası mətbəx istisna olmaqla, mavi və boz rəngdədir. “Göy rəng mənim üçün ən zəngin rəngdir. Mən göyün bütün çalarlarını görə bilirəm”- o deyir.

Şəxsi həyatı

Mark 2012-ci ildə uzun zaman sevgili olduğu Priskilla Çan ilə evlənib. Dəbdəbəsiz keçən toy mərasimi Tsukerberqin Kaliforniya ştatının Palo-Alto şəhərində yerləşən malikanəsinin həyətində baş tutub. Toy mərasimində nə bahalı maşın korteci olub, nə də atəşfəşanlıq. Sadə qara kostyum geyinən Tsukerberqin həyat yoldaşı da ərinin milyardlarına rəğmən, çox sadə gəlinlik libası geyinib. Ekspertlərin dəyərləndirmələrinə əsasən, Priskilla Çanın libasının qiyməti 75000 dollar, sifarişlə hazırlanan üzüyünün qiyməti isə 15000 dollar təşkil edib. Toy mərasimində qonaqlara Mark və Priskillanın ilk görüşdə yedikləri yeməklər verilib.

Tsukerberq haqqında maraqlı faktlar

O, ilk dəfə 2009-cu ildən qalstuk taxıb. Mark həmişə futbolka geyinir. Çünki çox rahatdır, praktikdir, tez geyinmək və səhərlər vaxta qənaət etmək olur. İş adamı vegeteriandır. Amma bir müsahibəsində deyib ki, ancaq özünün kəsdiyi heyvanların ətini yeyəcək. Onun “Beast” ləqəbli itinin “Facebook” səhifəsində 1,9 milyon izləyicisi var. Mark 2012-ci ildə 19 milyard dolları olmasına baxmayaraq, toyda həyat yoldaşına cəmi 15 min dollarlıq üzük taxıb. Və buna görə tənqidlərə məruz qalıb. 2010-cu ildə “Time” jurnalı onu ilin adamı seçib. “Simpsonlar” cizgi serialında Mark Tsukerberq özünü səsləndirib. “Facebook” səhifəsinə görə Mark Tsukerberqin ən bəyəndiyi rejissor Aaron Sorkindir. Ən sevdiyi kitab Orson Skott Kardın “Ender’S Game” kitabıdır. O, indiyəqədərki bütün evlərini “Craigslist”dən tapıb alıb. “Facebook” ilk qurulduğu zamanlarda hər səhifənin altında “Bir Mark Tsukerberq istehsalı” deyə yazılırdı. Daha sonra yığışdırıldı.

Maliyyə göstəriciləri

“Facebook”un 2014-cü ilin son rübündə mənfəəti 2013-cü ilin eyni dövrü ilə müqayisədə 49 faiz artaraq 3,85 milyard dollara yüksəlib. Belə ki, şirkət 31 dekabr 2014-cü ildə 3,85 milyard dollar gəlir və 701 milyon dollar xalis mənfəət əldə edib. Halbuki 2013-cü ilin son rübündə 2,59 milyard dollar gəlir və 523 milyon dollar xalis mənfəət açıqlamışdı. Beləliklə, sosial şəbəkənin mədaxili 49 faiz, xalis mənfəət 34 faiz artıb. Bazarlar isə şirkətin 4-cü rübdə bir səhm 0,49 dollar olmaqla, bütövlükdə 3,77 milyard dollar gəlir açıqlayacağını gözləyirdi. “Facebook” gəlirinin təxminən 93 faizini reklamdan əldə edib. Ötən ilin son rübündə 3,59 milyard dollara çatan reklam gəlirləri 2013-ün eyni dövrünə nisbətən 53 faiz artıb. Həmçinin “Facebook”un 2014-cü ildə cəmi gəlirinin 12,47 milyard dollar olduğu və bu rəqəmin 2013-cü illə müqayisədə 58 faiz artdığı qeyd olunur. Mark Tsukerberq verdiyi açıqlamada “2014-də çox şeyə nail olduq. Facebook böyüməyə davam edir və biz dünyanı birləşdirməkdə inkişaf edirik” deyib.

“Facebook”un dekabr ayındakı gündəlik aktiv istifadəçi sayı, 2013-cü ilin eyni dövrünə nisbətən 18 faiz artaraq təqribən 890 milyona çatıb. Gündə orta hesabla 745 milyon “Facebook” istifadəçisi hesablarına, ağıllı telefon və planşet kimi mobil cihazlarından giriş edib. Bu rəqəm, 2013-cü ilin dekabr ayı ilə müqayisədə 34 faizlik artım deməkdir.

Gənc milyarder

“Forbes” onun sərvətini 36 milyard dollar dəyərləndirib. Mark 35 yaşa qədər olan iş adamları arasında ən varlısıdır. O, hətta gənc milyarderlərin siyahısına rəhbərlik edir. Markın əmlakına gəlincə, sadə görünməsinə baxmayaraq, Havay adalarında 283 hektar ərazisi olan torpaq sahəsinə malikdir. Ərazinin bir hissəsi “Pila’a Beach”-ə daxildir. Sahənin ərazisi 159 hektardır. İkinci hissə isə keçmiş şəkər plantasiyalarıdır. Onu da bildirək ki, Mark hazırda yaşadığı evi 7 milyon dollar kreditə alıb.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR