“Məni xanım maliyyələşdirir, qarşılığında isə...” – MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

“Məni xanım maliyyələşdirir, qarşılığında isə...” – MÜSAHİBƏ

“Bildirçin”imiz yenidən “pərvazlandı”. O, bu dəfə darı yerdən sovrulmamış yenidən “bəy”lik etmək qərarına gəldi. Yaydır, onsuz elə də ciddi olmayan ədəbi prosesimiz hazırda yalnız tətil paylaşımlarından ibarətdir. Dilqəm Əhməd İstanbulu “qarışdırır”, dənizdə çimir, onu paylaşır. Qan Turalı “60-cılar xəstəliyi”nə tutulub Kislovodskidə gəzərək, geridə şəkil çəkdirməmiş yer buraxmır. Bizim Pərviz Cəbrayıl istidə yazı oxuyub hirsini Feysbuka tökür. Bu qarışıqlıqdan istifadə edib özündən razı, yazısından çox eyhamı, atmacası ilə yadda qalan, heç kimi bəyənməyən yeni “izmlərin” parlaq carçısı, əlində silah hamıya güllə atan gənc yazar Nicat Həşimzadə “Bildirçinin” hədəfinə tuş gəldi.

Publika.az bu “qoz-qoz” deyən yazarla müsahibəni təqdim edir:

- Öz reklamın üçün maşallah hər şeyə əl atırsan. +18-lərin isə itə tök. Yəqin, yaza bilmirsən deyə maraqlı görünmək istəyirsən?

- İndiki düşüncəmlə müqayisədə əvvəllər daha emosional idim. Hətta 18+ olmayan yazılarıma belə 18+ atırdım. Maraqlı gəlirdi mənə, yumor hissim güclü olduğu üçün bu hissimdən istifadə edirdim. Haradasa kütləni cəlb etmək üçün lazım idi. Adətən bizdə ciddi mesajları əyləncə səhifələrində verirlər.

- Əliağa Vahidi bəyənmirsən, bəs özün nə edibsən?

- Çox maraqlı sual oldu (gülür). (redaksiyadan: “Nəyi maraqlı idi?”) Əliağa Vahidin janrını bəyənmirəm. Yəni, qeyri-adi bir fikir gətirmədi, fərqli düşüncə vermədi cəmiyyətə. Onu meyxana ədəbiyyatı sayıram. Ciddi ədəbiyyat hesab etmək olmaz. Sözsüz ki, istedadı var amma sənətə o cür yanaşması ciddi deyil.

- Yəni sözündən bu çıxır ki, 18+ yazmaqla sən yenilik gətirirsən?

- Deməzdim yenilik gətirirəm. Sadəcə bu, bəlli bir zamanda lazım idi.

- Bəlkə Əliağa Vahidə də o vaxt lazım idi...

- Mənə elə gəlir ki, mənim imkanlarıma baxanda o vaxt Əliağa Vahidin daha çox imkanı var idi. Xüsusən də, onu eşidənlər daha çox olublar.

- Deyəsən, kefin kökdür. Həmişə gülümsəyirsən. O biri yazarlardan fərqli olaraq ağzın isti yerdədir. Yəni maddi ehtiyacın yoxdur. Valideynlərin sənə yaxşı baxır hə?

- Maddi vəziyyətim tam mənada yaxşıdır desəm, yalan olar. (redaksiyadan: “Görəsən yaxşı nə qədərə deyir”) Oxucularım dəstək olur. Mənim birinci kitabımı da oxucular özləri çap etdirib. İkinci kitabı da bir oxucum var o çap etdirəcək.

- Xanımdır? (Bir xeyli güldü həmişəki kimi, torbadan pişik çıxırdı yavaşca. Bu suala cavab vermək istəməyən söz cəngavəri sonradan fikrini dəyişdi və xanım olduğunu söylədi. Guya deməsəydi, bilməyəcəkdik).

- Maliyyələşdirən xanım oxucudur. Sağ olsun dəstək göstərir. Qarşılığında... yəqin, ikinci kitabımdan əldə edilən gəliri yarı-yarıya böləcəyik.

- Demək, “burada sənsən, Bağdadda da kor xəlifə?”

- Yox qətiyyən. Əvvəllər bir qədər eqolu idim. Daha çox mütaliə edincə insanın eqosu sınır. Başa düşdüm ki, eqo sadəcə köləyə məxsus olan bir şeydir. Ali adamlara məxsus deyil.

- 18+ saytlarında hansı termin qalıb ki onu əsərlərinə gətirməyəsən?

- Yəqin ki, olar. Hamısını izləməmişəm.

- Sənin ədəbiyyata dəxlin var? (ən səmimi cavab bu oldu)

- Bilmirəm.

- Yazdıqlarını “hamburger ədəbiyyatı” adlandırmaq olar? Bizdə axı “xəngəl” və “manqal” ədəbiyyatı artıq var.

- Hələ ki, bir kitabım çap olunub. Onu da inanmıram, “hamburger ədəbiyyatı” adlandırmaq olsun.

- Qadınlardan beşbetər hamıdan küsürsən. Niyə?

- Deməzdim küsəyənəm. Sadəcə səmimiyəm. Fikrimə gələni söyləyirəm. O da qəbul olunmur.

- Qız fanatlarını nə ilə “bişirirsən”? (Hə, bu yerdə elə bil o statusları və yazıları yazan Nicat yox, ağır oturub, batman gələn el atası danışırdı)

- Nə dərəcədə mənim bu fikrimə inanacaqsınız bilmirəm, amma həqiqəti deyəcəm. Hətta bir dəfə feysbukda yazmışdım ki, qızlar bu mövzuda mənə yazırlar. Ancaq mən onları aldada bilmərəm. Bir yazar, bir ziyalı cəmiyyətin atasıdır. Və o ata övladını aldada bilməz. Ona görə də “bişirmək” haqqında düşünmürəm.

- Sənin bu performansların haçan bitəcək?

- Xarakterim belədir. Oturub düşünüb mən qəsdən bunu etməliyəm demirəm. Ağlıma o an nə gəldi onu edirəm. Bu da lap əvvəllər olub. İndi isə düşünürəm, beynimdə bəzi ixtisarlar edirəm.

- Bu nə ilə bağlıdır?

- Yəqin ki, yaşımla.

- Neçə yaşın var?

- 24.

- Seymur Baycanın “18,6 sm” romanı sənə necə təsir edib?

- Mən o romanı yazmazdım. Xalqa o cür münasibət göstərən bir yazarı qəbul edə bilmirəm. Ədəbiyyata belə yanaşmaq olmaz. Azərbaycan ədəbiyyatı nə günə qalıb ki, Tolik gəlir bizim üçün kitab çıxarır. Gedək ölək də. Bu, nə münasibətdir? Seymur Baycan da bu cür əsərlər yazır. Niyə yazmalıdır axı? Adam o qədər mütaliə edib. Öz zəhmətinə heyfi gəlmirmi? Onu başa düşə bilmirəm.

- Bəlkə məcbur qalıb?

- Məcbur qalsa belə bunu etməməliydi. Şəxsən mən etməzdim. Aydın o kəslərdir ki, özlərindən imtina edə bilir. Azərbaycan yazarları özlərindən imtina edə bilmir. Ona görə də bizdə yeni düşüncə yaranmır.

- Yeni kitabından da danış. Yenə +18-dir?

- İkinci kitabım yaxınlarda çıxacaq. Esselər və hekayələrdən ibarətdir. Ancaq bu 18+ deyil. İndiyə kimi yazılmamış bir kitab olacaq. Təqdimatı da “pub”da edəcəm. Canlı musiqi və əyləncə ilə.

“Bildirçinin” sualları bitdi. Amma Nicat qeyri-səmimiyyəti ilə yeni bir performans göstərdi. Kaş yazısı da belə istedadlı olaydı. Aktyorluğu bacardığı kimi yaza da biləydi.

Bildirçin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm