Nəşədən ölümə: “Ağlıma gəlməzdi ki, nə vaxtsa narkoman olaram”
Bizi izləyin

Müsahibə

Nəşədən ölümə: “Ağlıma gəlməzdi ki, nə vaxtsa narkoman olaram”

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçiyeva Publika.az-a Azərbaycanda narkomaniyanın vəziyyəti, Dağlıq Qarabağda nəzarətsiz ərazilər, orta məktəblərdə, azyaşlılar arasında yayılması və bu sahədə olan digər problemlərlə bağlı danışıb.

Azərbaycanda 28 mindən çox narkoman var

Azərbaycanda 2014-cü ilin rəsmi statistikasına əsasən narkomanların ümumi sayı 28656 nəfər təşkil edib. Onlardan 23042 nəfərini dispanser qeydiyyatında olanlar, 5614 nəfərini isə profilaktik qeydiyyatda olanlar təşkil edir. Onlardan 666 nəfəri isə anonim müalicə alanlar, 52 nəfəri isə toksikomanlardır.

Ən çox narkotik vasitə Azərbaycanın cənub bölgəsində istifadə olunur. Lənkəranda, Masallıda, Cəlilabadda narkotik istifadəçilərinin sayı daha çoxdur və onların yaş həddi də aşağıdır. İstifadəçilər arasında 12-13 yaşlı yetkinlik yaşına çatmayan məktəblilərə də rast gəlinir. Respublikamızda məktəb yaşlı uşaqlar arasında 14 yaşlı bir nəfər, 15-17 yaş həddində isə 5 nəfər, ümumi olaraq 6 nəfərə rast gəlinir. Azyaşlıların narkotikdən istifadə etməsi isə onların daha çox məlumatsız olmalarından irəli gəlir.

Təhsil Nazirliyi ilə birlikdə məktəblilər və müəllimlər üçün kurikulum kitabçası işləyib hazırlayırıq. Məqsəd narkomaniyanın fəsadlarını, nə demək olduğunu göstərməkdir. Universitet tələbələrinə narkomaniya ilə bağlı məlumat vermək bir qədər gec olduğundan bunu məktəb yaşlarından tədris etmək daha yaxşı nəticə verər. Bunu məktəblərdə dərs şəklində keçə bilərik. Çünki azyaşlılara bunları başa salmaq daha asandır. Kitab ötən ildən hazırlansa da, hələ istifadə olunmur. Amma bu məsələ Təhsil Nazirliyinin diqqətindədir, yəqin ki, növbəti illərdən istifadə olunacaq.

Narkotacirlər məktəbliləri hədəfə alır

Məktəblərdə narkotik vasitələrin yayılma hallarına rast gəlirik. Narkotacirlər, xüsusən məktəbliləri hədəfə alırlar. Çünki məktəbliləri təsir altına salmaq daha asandır. Məktəb ərazisində narkotik vasitələr ilk öncə pulsuz olaraq həb şəklində təklif olunur. Daha sonra həmin uşaqlarda alışqanlıq yaranır. Nəticə etibarilə şagirdlər özləri narkotacirləri axtarırlar ki, pul müqabilində vasitəni əldə etsinlər. Məktəblilər işləmədikləri üçün evdən müxtəlif vasitələrlə pul əldə edirlər, valideynlərinin zinət əşyalarını oğurlayırlar və bunun müqabilində narkotik vasitə əldə edirlər.

Səhiyyə Nazirliyinin 2014-cü ilin narkomanların sayına dair rəsmi statistikası ilə 2013-cü ilin narkomanlarla bağlı statistikasını müqayisə etdikdə görünür ki, ölkədə narkomanların sayı artan xətt üzrə inkişaf edir.

2013-cü ildə rəsmi qeydiyyata alınmış narkomanların sayı 27 min 910 nəfər təşkil edib, 2011-ci ildə Azərbaycanda narkomanların sayı 26 716, 2010-cu ildə isə 25 489 nəfər olub.

Statistika təsdiqləyir ki, ölkədə 2013-cü illə müqayisədə 2014-cü ildə narkoman qadınların da sayında artım baş verib. Belə ki, 2013-cü ilə rəsmi statistika ilə narkoman qadınların sayı 528 nəfər, ötən il isə 554 nəfər olub. Bu rəqəmlər göstərir ki, rəsmi olaraq narkoman qadınların sayında 26 nəfər artım var.

Azərbaycana tranzit ölkə olduğuna, Rusiyanın qara bazarlarına, Avropa ölkələrində satıldığına görə bizə ən çox narkotika İrandan və Əfqanıstandan gətirilir. Əfqanıstandan gətirilən narkotika Amerikaya, Avropa ölkələrinə, digər ölkələrə aparılır.

L. Yolçiyevanın sözlərinə görə, bu səbəbdən ölkəmizdə narkotik istifadəçilərinin mövcud olması real hadisədir. Narkomanların bəziləri müalicə üçün həkimə çox gec müraciət etdiklərinə görə, onlara kömək etmək çox çətin olur.

Dağlıq Qarabağda narkotik vasitələrin becərilməsi və tranziti həyata keçirilir

Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsində narkotik vasitələrin becərilməsi və tranziti həyata keçirilir. Nəzarətsiz zona olduğu üçün beynəlxalq qurumların, o cümlədən, BMT-nin bu işlərə siyasi tərəfdən yanaşması da bir qədər fərqlidir. Biz işğal altında olan torpaqlarımızda narkotik vasitələrin becərilməsi və tranzitinə nəzarət edə bilmirik, çünki sərhədləri keçə bilmirik. Amma onlar da bundan sui-istifadə edirlər. Əlbəttə, biz çox istəyərdik ki, beynəlxalq qurumlar, beynəlxalq təşkilatlar bu problemə laqeyd qalmasınlar və mübarizəni bizimlə birlikdə aparsınlar.

Dağlıq Qarabağda narkotik vasitələrlə bağlı məlumatlar Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi tərəfindən BMT-nin hesabatına salınıb. Ofis tərəfindən 2012-ci ildə “Dağlıq Qarabağda narkotrafik” adlı kitabça işlənib hazırlandı. Burada əsas məqsəd Azərbaycanda akkreditasiya olunmuş ölkələrin səfirlikləri , beynəlxalq təşkilatlar, habelə Xarici İşlər Nazirliyi vasitəsi ilə Azərbaycanın digər dövlətlərdə səfirliklərinin köməyi ilə dünya birliyinə, beynəlxalq ictimaiyyətə Dağlı Qarabağda narkotik vasitələrin əkilib-becərilməsi, satışa çıxarılması haqqında məlumat verməkdir. O qeyd edib ki, həm də hər il Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Dağlıq Qarabağın bizə aid olan sərhəd bölgəsində əkilib becərilən narkotik vasitələr tapılaraq müsadirə olunur və yandırılır.

Dağlıq Qarabağda narkotik vasitələrin əkilib-becərilməsi, satılması ilə bağlı statistika var, amma bu məxfi saxlanılır. Biz hər il illik hesabat hazırlayırıq. 2014-cü ildə Azərbaycanda narkotiklərlə bağlı vəziyyət haqqında illik hesabat hazırlanıb. Biz Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Gömrük Komitəsinə və digər aidiyyəti orqanlara müraciət edərək sorğular göndəririk və sorğular əsasında bu cür kitabçalar işləyib hazırlayırıq. Bəzi məxfi məlumatlar var ki, onlar tam olaraq jurnala yerləşdirilmir.

Nikaha girərkən narkomaniyadan da müayinə olunmaq lazımdır

Nikaha girərkən narkomaniyadan da müayinə olunmaq lazımdır. Biz bunu istəyərdik, qanunda buna da yer verilməlidir. Ofisimiz tərəfindən belə fikirlər dəstəklənir. Təəssüflər olsun ki, çox zaman ailələr qurulur, nikahın bir ili tamam olmamış boşanırlar. Əsas səbəb isə oğlanın və ya qızın narkoman olmasıdır. Onu da qeyd edim ki, boşanan ailələr içərisində heç də qadınlar azlıq təşkil etmir, onların sayı da kifayət qədərdir. Bakı şəhərində də kifayət qədərdir, amma bölgələrdə belə hallara daha çox rast gəlinir. Bölgələrdə ailələrin bir qədər tez qurulması da buna təsir edir. Bakı şəhərində son zamanlar ailə quran şəxslər 25-30 yaş arası insanlar olur. Onlar daha məlumatlı olurlar, seçim edərkən insanda xüsusi dəyərləri nəzərə alırlar. 18-19 yaşlı insan ailə quranda onun həyat təcrübəsi, insanları tanıma qabiliyyəti, digərlərinə nisbətən zəif olur.

Azərbaycanda narkotikdən istifadə edən məşhur varmı?

Dünyada məşhurlar arasında narkotikdən istifadə edənlər arasında kifayət qədər tanınan isimlər var. Müxtəlif həblər var ki, insana əlavə enerji verir. Bəzi müğənnilər saatlarla açıq havada konsert verirlər və yorulmurlarsa, bu zaman insanda bir qədər şübhə yaranır. Çox hallarda ya polis tərəfindən tutulur və ya narkotik tərkibli həblərdən və ya enerji verən vasitələrdən istifadə etdiklərini etiraf edirlər. Ölkəmizdə belə məşhurlar yoxdur, belə bir siyahı təqdim olunmayıb.

Narkotiklərlə bağlı 3046 cinayət törədilib

Narkotik maddənin müəyyən miqdarı var. Biz bu məsələnin üzərində daha çox araşdırma aparırıq. Ölkəmizdə narkotiklərlə bağlı 3046 cinayət faktı olub ki, onlardan 801-i narkotik vasitələrin satışı, 2029-u isə satış məqsədi olmadan narkotik maddələrin qanunsuz əldə olunması ilə bağlıdır. Bizim təşkilat müxtəlif cəzaçəkmə müəssisələrində insanların sırf narkotikdən istifadəyə görə tutulmasına qarşı çıxır. Biz düşünürük ki, narkomanlar xəstələrdir, Onları müalicə etmək lazımdır, onları cəzaçəkmə müəssisələrinə yerləşdirməklə heç bir nəticə əldə edə bilmərik. Polis isə belə adamları məsuliyyətə cəlb edir. Həmin insanları cəzaçəkmə müəssisəsinə deyil, narkoloji dispanserə, müalicə məntəqələrinə yerləşdirmək daha məqsədə uyğundur. Bir xəstənin müalicə yeri cəzaçəkmə müəssisəsi ola bilməz, xəstəxana olmalıdır. Bizdə narkoloji mərkəzdə xəstənin ağrıları başlayanda - buna elmi dildə də “insanın lomka halı” deyilir - ona narkotikin əvəzləyicisi olan metadon verilir. Çünki narkotikdən uzunmüddətli istifadə edən şəxsi birdən-birə narkotik vasitədən ayırmaq insanın ölümünə gətirib çıxara bilər.

Qadın – narkodaşıyıcı vasitə kimi

Narkotik vasitələrin qiyməti qara bazarda təyin olunur və qiymətlərini də narkotikdən istifadə edən insanlar daha yaxşı bilirlər. Ən bahalı vasitə kokain sayılır ki, bu da təmiz tərkibli narkotikdir. Azərbaycana isə bütün növ narkotik vasitələrdən gətirilir. Burada həm marixuana, həm heroin, ümumiyyətlə, hər növ narkotik vasitə var.

Bəzən bölgələrimizdə narkotiki keçirmək üçün kişilər qadınlardan istifadə edirlər. Çox təəssüf ki, belə qadınlar narkotacirlərin qurbanına çevrilir. Çünki sərhəd məntəqələrində qadına şübhə kişiyə nisbətən daha az olur Bizdə belə faktlar var, amma həmin insanların sayı açıqlanmır. Bu məsələ MTN-in bazasında olan məlumatlardır, açıq şəkildə verilmir.

Reabilitasiya haqqında qanun yoxdur

Narkodispanserlərdə vəziyyətə gəlincə, əsas problemlərdən biri “Reabilitasiya haqqında” qanunun olmamasıdır. Məhz narkoloji dispanserdən çıxdıqdan sonra insan narkoloji dispanserdə reabilitasiya dövrü keçməlidir. Dünya təcrübəsinə baxsaq görərik ki, insanın sağalıb normal halda cəmiyyətə qayıtması üçün belə dövrün keçməsi vacibdir. Amma bizdə mərkəzdən çıxan insanlar birbaşa həyata atılırlar. Ona görə də narkoloji dispanserlərdə vəziyyət o qədər də yaxşı deyil. Həm orada narkomanların sayına görə yataq sayı azdır, narkomanlar özlərini gizlədirlər, müalicə almaq istəmirlər. Qorxurlar ki, narkoloji dispanserə müraciət etsələr onları həbsə alacaqlar. Ona görə də narkoloji dispanserlər, QHT-lər, hüquq-mühafizə orqanları birlikdə işləməlidirlər.

Qanunda əsas boşluq “Reabilitasiya haqqında” qanunun olmamasıdır. Bu qanun olsa, reabilitasiya mərkəzləri yarana bilər. Narkotiklərə qarşı mübarizə ofisi olaraq biz də bunun üzərində işləyirik və öz təkliflərimizi hazırlayırıq. Ümid edirik ki, bu qanun qüvvəyə minəcək.

Çoxu “kruq”a düşərək narkoman olur

Narkodispanserə yerləşdirilmiş və müalicə alan keçmiş narkomanlar bizə öz həyat hekayələrini danışırlar. Məlum olur ki, onların çoxu “kruq”a düşərək bu bəlaya düçar olurlar. Müalicə alanlardan biri deyirdi ki, mən öz dostlarımla çay evində əyləşib qəlyan çəkirdim. 10 nəfər idik və onlardan 8 nəfəri narkotikdən istifadə edən idi. Onların təsiri altında digər 2 nəfər də narkotik qəbul edib. Bir dəfə istifadədən, əlbəttə ki, heç kəs narkomana çevrilmir. Növbəti dəfə də o, həmin “kruq”a bir də düşüb və 2-3 dəfədən sonra onda alışqanlıq yaranıb. Sonra isə özü istəməsə belə, hər gün mütəmadi olaraq həmin şəxslərlə görüşüb. Bu cür yerlərdə polisin də xəbəri olmadan narkotikdən istifadə, təklif halları var. Həmin şəxs qeyd edirdi ki, çox peşmandır. Heç kəsə bu yolda olmağı tövsiyə etmir, amma heç kim bu yoldan sığortalanmayıb. O bildirir ki, mən özüm də çox yaxşı bir ailənin övladı idim və heç vaxt inanmazdım ki, nə vaxtsa narkoman olaram. İndi bu bəladan qurtulmaq üçün yollar axtarıram. Çox təəssüf ki, narkotikdən 2-3 ildən artıq istifadə edən şəxslər normal həyata qayıda bilmirlər. Onlar az miqdarda olsa da daima istifadə edirlər və narkotik aludəçisinə çevrilir. Həmin şəxs anonim olaraq müalicə olunur, amma müalicəsi effekt vermir. Çünki uzun müddət istifadə edib. Sağalma prosesinə yaxın yenə həmin dairələrə düşür və yenidən istifadə edir. Həmin istiqamətə ayağı getməsə də, beyni onu aparar.

Qadınlar arasında da belə faktlar var. Məsələn, bir qadın ailə qurduqdan sonra öyrənib ki, əri narkomandır və o, qadını da məcbur edib ki, özü ilə bərabər narkotikdən istifadə etsin. Xanım da artıq bir neçə dəfə istifadədən sonra narkotik aludəçisinə çevrilib. Ondan dünyaya gələn övladında da təbii ki, müəyyən problemlər olub, çünki iki narkoman valideyndən dünyaya gələn uşaq sağlam olmur. Bu cür insanlara biz bacardığımız qədər düzgün yola istiqamətləndirməyə çalışırıq. Narkoloji dispanserə yönləndiririk. Çox zaman bu insanlar anonimliklərini qorumaq üçün müraciət etməkdən çəkinirlər. Narkomaniyadan tam olaraq sağalmaq mümkündür. 2-3 il istifadə edən şəxslərdə mümkün deyil, amma başlanğıc müddətində olsa, mümkün olar.

Narkotik vasitələr leqallaşdırılmalıdırmı?

Xarici ölkələr artıq narkotik vasitədən istifadə edən insanları cinayət məsuliyyətinə cəlb etmirlər. Onların qanunları bir qədər fərqlidir. Narkotik vasitəni insan ehtiyacı kimi qəbul edir. Fikirləşirlər ki, insan tütündən, spirtli içkidən necə rahatçılıqla istifadə edirsə, narkotikdən də bu cür rahatlıqla istifadə edə bilər. Leqallaşdırıldığına görə problemlə xüsusi bir mübarizə aparılmır. Sadəcə məlumat verilir ki, tütün, narkotik vasitə və alkoqol insan orqanizminə zərərlidir. Düşünürəm ki, narkomaniya leqallaşdırılsa, istifadəçilərin sayı bir qədər də artacaq. Bu həm bizim milli mentalitetimizə uyğun deyil. Əlbəttə, digər ölkələrin təcrübəsini nəzərə alsaq, görərik ki, inkişaf etmiş ölkələrdə bu leqallaşıb və normal qəbul olunur. Bu insan ehtiyacı kimi qəbul olunur. Mən tam olaraq bunun leqallaşmasının əleyhinəyəm.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm