• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tarif Şurası: “Bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlər tənzimlənəcək” - MÜSAHİBƏ

Tarif Şurası: “Bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlər tənzimlənəcək” - MÜSAHİBƏ

Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı Tarif (qiymət) Şurasının 25 avqust 2015-ci il tarixində keçirilmiş iclasında qəbul edilmiş qərara dair Trend-in suallarını cavablandırıb.

Müsahibəni sizə təqdim edirik…

- İlkin müəllim, Tarif (qiymət) Şurasının son iclasında dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı növbəti qərar qəbul edildi. Hamı üçün ciddi əhəmiyyət kəsb edən bu qərarın mahiyyəti barədə oxucularımıza məlumat verməyinizi xahiş edirik.

- Dərman vasitələrinin qiymətləri sosial baxımdan xüsusi əhəmiyyət kəsb etdiyindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, ötən ilin dekabrında “Dərman vasitələri haqqında” Qanuna edilmiş dəyişikliklərdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş, bu ilin mart ayında isə dövlət başçısının Fərmanı ilə hökumətə və Tarif (qiymət) Şurasına dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və qiymətlərə nəzarətin həyata keçirilməsi tapşırılmışdır. Ötən müddət ərzində dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müvafiq qaydalar, Tarif (qiymət) Şurası tərəfindən isə təlimat təsdiq edilmişdir.

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin səmərəliliyinin, tam şəffaflığın təmin edilməsi qiymətlərin müəyyənləşdirilməsində subyektivliyə yol verilməməsi üçün ən optimal metod və yanaşma seçilmiş və tətbiqinə başlanılmışdır.

İlk olaraq həyati vacib və daha çox satılan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədilə həmin kateqoriyadan olan təsiredici maddələrin syahısında 25 təsiredici maddə seçilmiş və Tarif (qiymət) Şurasının 2015-ci il 30 iyul tarixində keçirilmiş iclasında seçilmiş 25 təsiredici maddə üzrə 256, 2015-ci il 25 avqust tarixində keçirilmiş növbəti iclasında isə həmin tərkibdə daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilmiş, ümumilikdə elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri təsdiqlənmişdir.

Bu dərman vasitələrinin təsdiqlənmiş qiymətləri KİV-də dərc edilmiş, İqtisadiyyat və Sənaye, Səhiyyə nazirliklərinin, Tarif (qiymət) Şurasının rəsmi internet səhifələrində yerləşdirilmişdir.

- Bu qərardan sonra tarifləri tənzimlənən dərman vasitələrinin qiymətlərində nə kimi dəyişikliklər olacaq?

- Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətləri hazırda satışda olan həmin dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46% dərman vasitəsində 2 dəfədən çox, 24% dərman vasitəsində 3 dəfədən çox ucuzlaşdırılıb, bütövlükdə isə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınıb.

- Yeni qiymətləri apteklərdə nə vaxt görəcəyik?

- Əvvəllər də elan edildiyi kimi, 25 təsiredici maddə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) üzrə 1057 dərman vasitəsinin təsdiq edilmiş qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcəkdir.

Digər dərman vasitələrinin qiymətləri təsdiqləndikcə qiymətlər cədvəli və qiymətlərin qüvvəyə minmə tarixi barədə məlumatlar KİV-də veriləcək, İqtisadiyyat və Sənaye Nazirliyinin (www.economy.gov.az), Tarif (qiymət) Şurasının (www.tariff.gov.az) və Səhiyyə Nazirliyinin (www.pharma.az) internet saytlarında yerləşdiriləcək və mətbuatda dərc olunacaqdır.

- İlkin mərhələdə əsasən hansı dərmanların qiymətləri ucuzlaşdırılıb?

- Hazırda Azərbaycanda 4500-dən çox dərman vasitəsi dövlət qeydiyyatından keçib. Biz dərmanların qiymətlərini qeyd etdiyim kimi mərhələlərlə təsdiq edirik. Artıq bildirildiyi kimi, tənzimləmə prosesinə həyati vacib olan və əhalinin daha çox tələbatı olan təsiredici maddələrdə 25-i seçilib və bu təsiredici maddəyə malik olan dərman vasitələrindən başlanılıb. Belə ki, birinci mərhələdə antibiotiklərin, təzyiq, işemiya əleyhinə, ürək xəstələri üçün, allergiya və iltihab əleyhinə olan dərmanların və s. qiymətləri təsdiqlənib. Növbəti mərhələdə digər xəstəliklərin müalicəsində istifadə olunan dərmanların malik olduğu 55 təsiredici maddə seçilib və həmin dərmanların qiymətlərini tənzimləyəcəyik.

- Dərman vasitələri üzrə qiymət tənzimlənməsi tam olaraq nə vaxt başa çatdırılacaq?

- Qeyd edildiyi kimi, prosesin ilkin mərhələsi 25 təsiredici maddə üzrə artıq başa çatıb və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin təqribən 15%-nin satış qiymətləri təsdiqlənib. Növbəti 55 yeni təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunub və bunun üçün son müddət 2015-ci il sentyabr ayının 10-dək müəyyən edilib. Böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaqdır. Qeyd etdiyim kimi, tənzimləmə prosesinin gedişi, hər dəfə qiymətləri təsdiqlənmiş dərman vasitələri, onların qiymətləri və qiymətlərin qüvvəyə minmə tarixləri barədə KİV vasitəsilə məlumatlar ictimaiyyətə çatdırılacaqdır.

- Dərman vasitələri bazarına nəzarətin gücləndirilməsi istiqamətində nə kimi işlər görülür?

- Dərman vasitələri bazarına nəzarətin gücləndirilməsi ilə bağlı qeyd edim ki, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara və İqtisadiyyat və Sənaye Nazirliyinin müəyən etdiyi üsullara əsasən, qiymətlər dərman vasitələrinin üzərində müəyyən edilmiş üsullardan birindən istifadə etməklə göstəriləcəkdir. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən dərman vasitələri apteklərə daxil olmazdan əvvəl qiymətlərin dərmanların üzərində göstərilməsinə və bu qiymətlərin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərə uyğunluğuna birgə nəzarət təşkil olunacaqdır.

Yeni nəzarət sisteminin təşkili dərman vasitələri bazarında istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsinə, onların qiymətdə aldadılmasının qarşısının alınmasına, baş verə biləcək neqativ hallara qarşı birgə operativ tədbirlər görülməsinə imkan yaradacaq.

Bir daha xatırlatmaq istəyirəm ki, artıq 1057 dərman vasitələrinin qiyməti təsdiqlənib və bu qiymətlərin tətbiqinə sentyabrın 15-dən başlanacaq. Ümumilikdə, dərmanların qiymətlərinə çevik nəzarət sistemi qurulub və ictimai nəzarət üçün mexanizm yaradılıb. Belə ki, vətəndaşlar dərman vasitələrinin təsdiq olunmuş qiymətləri əvvəlcədən tanış ola bilər. Bu isə onlara dərman alarkən apteklərdən həmin qiymətlərə satışı tələb etmək imkanı yaradır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR