Tanınmış azərbaycanlı futbolçu “şou-biznes”də – “Məni aldatdılar”
Bizi izləyin

Müsahibə

Tanınmış azərbaycanlı futbolçu “şou-biznes”də – “Məni aldatdılar”

Hazırda “Sumqayıt”ın meneceri kimi fəaliyyət göstərən keçmiş futbolçu Ceyhun Sultanov, sən demə, futbol oynadığı dönəmlərdə əməlli-başlı şou-biznes sahəsinə də girişib.

Mətbuatda yeni yayılan bu iddiaya görə, təxminən 10-12 il öncə Sultanovun şou-bizneslə bağlı qəzeti çap olunurmuş. Lakin sonradan ortaya çıxan müəyyən problemlər üzündən Sultanov qəzeti bağlamağa qərar verib.

Azərbaycan futbolunda yetərincə tanınmış Ceyhun Sultanovla bu məsələ ilə bağlı söhbətləşdik.

Publika.az-a danışan Sultanov bu məsələnin illər sonra üzə çıxmasına təəccübləndiyini deyib.

- Ceyhun bəy, deyilənlərə görə, 10-12 il öncə - futbol oynadığınız dövrlərdə şou-bizneslə bağlı qəzetiniz olub?

- Bəli, olub. Qəzetin adı da “Şou-biznes press” idi.

- Bəs niyə bağlandı?

- Heyəti özüm dağıtdım. İncidim, bağladım.

- Nəyə görə incidiniz?

- Hər şey yaxşı idi. Sadəcə, məni aldatdılar. Məni aldadanda da özümə gələ bilmirəm. Bundan sonra da qəzeti dağıtmağa qərar verdim.

- Azərbaycan futbolunda yetərincə tanınan birinin “şou-biznes”lə bağlı qəzet çıxarmağa qərar verməsi maraqlıdır...

- Tanışlar var idi, ideya verdilər, mən də etdim.

- Məşhur jurnalistlərdən kimlər var idi?

- Çox adam var idi. Mən sadəcə, idman jurnalistikasında olanları tanıyırdım və onları cəlb etmişdim.

- Qəzet təxminən nə qədər fəaliyyət göstərdi?

- Qəzet 2007-ci ildən fəaliyyət göstərməyə başlamışdı. Amma nə qədər davam etdiyini dəqiq xatırlamıram, yadımda deyil.

- Gündəlik qəzet idi, ya həftəlik?

- Xeyr, həftəlik çıxırdı. Amma yaxşı başlamışdıq. Sonra dediyim səbəblər üzündən qəzeti bağlamalı oldum.

- Bu qəzetin sizin rəhbərliyinizlə çıxdığını bilirdilər, yoxsa gizli saxlayırdınız?

- Çox adam bilmirdi. Çünki mənim adıma deyildi. Sadəcə olaraq, maliyyə məsələlərini mən həll edirdim.

Qeyd edək ki, qəzetin fəaliyyəti dövründə C.Sultanov “Xəzər Lənkəran”ın formasını geyinirdi. Sultanov 2007-2010-cu illərdə cənub klubunda çıxış etdiyi dövrdə 54 matça çıxıb və 3 qol vurub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm