• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Fariz Nəcəfov: “Qəbələ”nin azarkeşlərə ehtiyacı var” - MÜSAHİBƏ

Fariz Nəcəfov: “Qəbələ”nin azarkeşlərə ehtiyacı var” - MÜSAHİBƏ

“Qəbələ” idman klubunun vitse-prezidenti Fariz Nəcəfov “Qəbələ İK”-in qəzetinə müsahibə verib. Klub rəsmisi komandanın son dövrlər həm avrokuboklarda, həm də Azərbaycan çempionatında ugurlu çıxısına toxunub. Qazanılan ugurlarda azarkeslərin xüsusi rolunu qeyd edən F.Nəcəfov “Qəbələ”nin ev oyunlarında tamasaçı azlıgından narahatlıgını da dilə gətirib. Futbolun azarkeşlər üçün oynanıldıgını vurğulayan klub rəsmisi stadionumuzda izdiham, azarkes sıxlıgı, dəstək görmək istədiyini deyib.

Publika.az həmin müsahibəni təqdim edir.

- Bu il klubumuz 10 illik yubileyini qeyd edir. Komandamız yubiley ilinə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla töhfə verdi. Qrup mərhələsinin ilk iki oyunundan sonra komandanın çıxışını necə dəyərləndirirsiz?

– Avrokuboklarda asan rəqib olmur. Bizim qarşılaşdığımız bütün komandalar böyük tarixə malik klublar olub. Belə rəqibləri keçib, qrupa düşməyimiz bizi sevindirir. Qazanılan bu uğuru bir və ya bir neçə nəfərin adı ilə bağlamaq düzgün olmazdı. “Qəbələ”nin əldə etdiyi nəticələrdə klubun prezidenti Tale Heydərovdan başlayaraq, stadionun ot örtüyünə cavabdeh olan əməkdaşlarına qədər hər kəsin əməyi var. Qazanılan ümumi uğurda daha böyük yük baş məşqçi və futbolçuların üzərinə düşür.

– Tarixində ikinci dəfə avrokuboklara qatılsa da, qrup mərhələsinədək irəliləyən “Qəbələ”nin qitəmiqyaslı turnirdə vəzifəsinin öhdəsindən gəldiyini söyləmək olar?

– Qrup mərhələsinə yüksəlməklə vəzifənin öhdəsindən tam gəldiyimizi söyləməzdim. Daha böyük uğur qazanmağımız mümkündür. 1/16 finala adlaya bilərik və bunun üçün mübarizə aparacağıq. Məşqçi və futbolçularımızla söhbətdə də qazanılanla kifayətlənməli olmadığımızı deyirəm. Qrupda keçirdiyimiz ilk iki matç da bunu göstərdi. Həmin qarşılaşmalarda bərabər mübarizə apardıq, hətta qələbə də qazana bilərdik. Növbəti görüşdə Dortmund “Borussiya”sını qəbul edəcəyik. Oyunun ağır keçəcəyini bilirik. Lakin öz meydanımızda oynadığımızdan özümüzü sübut edib, nəticə qazanmağımız da mümkündür.

– Komandamız qrupdakı ev oyunlarını Qəbələdə deyil, Bakıda keçirir. Klubun doğma şəhərdə bütün tələblərə cavab verən stadionunda oynaması üçün yeni arenanın inşası nəzərdə tutulmuşdu. Bu istiqamətdə hansı addımlar atılıb?

– Yeni stadion inşa etməyi planlaşdırırdıq. Bunun üçün sahə də ayrılmışdı. Həmin arenanın layihəsi də var. Amma şəhər əhalisinin ümumi sayını və ev oyunlarına gələn tamaşaçı sayını nəzərə alıb, hazırkı stadionu modernləşdirməyə qərar verdik. Bu arenanı elə səviyyəyə çatdırmaq istəyirik ki, komandamız qarşıdakı 5 ildə də burada çıxış etsin. Bir müddət əvvəl bu məsələylə bağlı memarlarla müzakirələr aparıb, belə qənaətə gəldik ki, daha bir tribuna tikib, arenadakı oturacaqların sayını artırmaq mümkündür. Bu işlər görüldükdən sonra Qəbələ şəhər stadionunun tutumu 8000-ə çatacaq. Nəticədə indiki arenamız avrokubok matçlarının da keçirilə biləcəyi müasir stadiona çevriləcək.

– Komandanın ev oyunlarına gələn azarkeş sayına toxundunuz. Avrokubok qarşılaşmaları ilə müqayisədə Premyer Liqada keçirilən 4 ev oyunundakı göstəricilərin yüksək olmaması haqda nə düşünürsüz?

– Futbol azarkeşlər üçün oynanılır. Azarkeşlərin stadionda yaratdıqları atmosfer futbolçuları ruhlandırır, onları uğura səsləyir. Arenaları və oyunları daha cəlbedici edən də azarkeşlərdir. Təəssüf ki, son qarşılaşmalarda bunu görmürük. Doğrudur, “Xəzər Lənkəran”la ötən turun oyununda güclü yağış da öz sözünü dedi. Amma ümumilikdə, stadionumuzda arzuladığımız mənzərənin şahidi ola bilmirik. “Qəbələ”nin bütün azarkeşlərini stadiona dəvət edirik. Nəzərə almaq lazımdır ki, avrokuboklara gedən yol məhz ölkə çempionatından və kubokundan keçir. Daxili turnirlərdə uğur qazanmasaq, avrokuboklarda iştirakımız da mümkünsüz olacaq.

“Qəbələ”nin var olmasının, uğur qazanmağa çalışmasının başlıca səbəbi məhz azarkeşlərdir. Tərəfdarlarımızı hər zaman yanımızda

görmək istəyirik. Stadionumuzda izdiham, azarkeş sıxlığı, dəstək görmək istəyirik. Stadionumuz böyük, müasir və dünya standartlarına uyğun olsa da, azarkeşlərsiz bunun heç bir mənası yoxdur. Qəbələnin belə bir komandasının olması ilə fəxr etmək, qürur duymaq lazımdır. Azarkeşlər arenaya gəlib, oyunlarımızı izləyib, zövq alsınlar. Komandanın azarkeşlərə hər zaman ehtiyacı var.

– “Qəbələ” ardıcıl iki mövsüm bürünc medal qazandığı Premyer Liqada liderlər qrupunda qərarlaşıb. Komandamızın çempionatın arxada qalan hissəsindəki çıxışı barədə nə düşünürsünüz?

– Hələ mövsümün birinci dövrəsinə yekun vurulmayıb. İndidən nəsə söyləmək tezdir. Amma start göstərdi ki, “Qəbələ” mövsümün iddialı komandalarından biridir. “Qarabağ”, “İnter”, “Neftçi”, həmçinin, debütant olmasına baxmayaraq, mövsümə yaxşı başlayan “Zirə”ni də qeyd etməliyəm. Bütün rəqiblərə hörmətlə yanaşıb, hər qarşılaşmaya qələbə əzmi ilə çıxmağımız çox vacibdir.

Çempionatda zəif komanda yoxdur. Elə bu səbəbdən hər matça maksimum köklənib, layiq olduğumuz nəticəni qazanmalıyıq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR