• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Əlil arabasında 69 metr yüksəklikdən tullanan azərbaycanlı: “Sözsüz ki, anam məni danlayacaq” - MÜSAHİBƏ

Əlil arabasında 69 metr yüksəklikdən tullanan azərbaycanlı: “Sözsüz ki, anam məni danlayacaq” - MÜSAHİBƏ

Azərbaycanlı paralimpiyaçının Soçidə etdiyi hərəkət Rusiya mətbuatında sözün əsl mənasında əks-səda yaratdı. Azərbaycan Milli Paralimpiya Komitəsinin tədris inkişaf və informasiya şöbəsinin müdiri Kamal Məmmədovun əlil arabasında 69 metr məsafədən tullanması doğrudan da maksimum cəsarət kimi qiymətləndirilir.

Belə ki, oktyabrın 14-də Azərbaycan Paralimpiya Komitəsi Soçinin "Skypark"ında yaranmasının 20 illiyini qeyd edib. Bayram tədbirində komitənin birinci vitse-prezidenti Natiq Qasımov, paralimpiya idmançısı Kamal Məmmədov və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndəsi Dünya Dadaşova iştirak edib. Tədbir Kamal Məmmədovun 69 metr hündürlükdən əlil arabasında “bungee jumping” tullanması ilə açılıb. Daha bir tullanışı isə Qasımov və Dadaşova ediblər.

AMPK-nin tədris inkişaf və informasiya şöbəsinin müdiri Kamal Məmmədov bu cəsarəti və keçirdiyi hisslərlə bağlı Publika.az-a müsahibə verdi. O, fiziki məhdudiyyətli insanların da çox şeyi bacara bildiyini qeyd etdi.

- Kamal müəllim, təbrik edirəm, komitənin 20 illiyi olub...

- Təşəkkürlər, bu startdır, yubiley fevralın 9-da olacaq.

- 69 metr yüksəklikdən tullandınız. Heç qorxu hissi yaşamadınız?

- Sözsüz ki, qorxu hissi var idi. Elə indi də videorolikə baxanda haradasa içindən nəsə keçir. Bizim saytlar Rusiya mətbuatında veriləni verdilər. Əsas məlumatlar özümüzdədir. Belə ki, biz tullandıqdan sonra orada başqa bir attraksion da var idi. Həmin attraksionda da ilk dəfə idi ki, əlil arabasında olan biri gedirdi. Orada daha çox qorxdum. Çünki heç onlar özləri bilmirdilər ki, əlil arabasını bağlasalar rahat olar, ya yox. Dediyim kimi, orada daha çox qorxdum.

- Tullanan zaman nə düşünürdünüz? Deyirdinizmi mən bunu bacararam, ya da əksinə, bacarmaya bilərəm...

- Yox, başqa variantım yox idi. Mən bunu bacarmalı idim. İkinci variant haqda heç düşünmürdüm də... Bu elə bir şey deyil, yüksəklikdən qorxmayan hər bir şəxs edə bilər. O ki qaldı nə düşündüyümə... Orada o qədər az vaxt olur ki, düşünməyə vaxtın olmur. Tullananda öz-özümə danışırdım. Mənim qoluma kamera bağlanmışdı. Sonradan o videoya baxanda yadıma düşdü ki, mən həmin sözləri demişəm. Yadıma gəlmirdi ki, nə etmişəm, nə demişəm... Anamla danışırdım, anama təşəkkür edirdim məni dünyaya gətirdiyi üçün...

- Ailə üzvlərinizin bu cəsarətli hərəkətinizdən xəbəri oldu? Necə reaksiya verdilər?

- Bu günə qədər nə ekstremal bir şey etmişəmsə, anamın bundan xəbəri olmayıb. Yəni anam hər şeyi olub-bitəndən sonra bilir. Çünki mən ona dərd vermək istəmirəm. Amma atam, bacım həmişə bilir, həmişə məni dəstəkləyirlər. Heç vaxt “getmə, etmə” deməyiblər. Əksinə, “get, bacararsan” deyiblər. Sual yarana bilər ki, “bu, sənə nə verəcək”? Heç nə, sadəcə bilirəm ki, ən azından mən bunu da etdim. İndi artıq anamın xəbəri var. Sözsüz ki, məni danlayacaq (gülür). Amma olsun, ondan sonra qucaqlayıb öpər, hər şey keçər...

- Kamal müəllim, düzdür, bütün paralimpiyaçılarımızın etdikləri böyük bir cəsarətdir. Ancaq sizin bu etdiyiniz həm cəsarətdir, həm də digər fiziki məhdudiyyətli dostlarımız üçün xüsusi stimul...

- Mən ora gedəndə düşünməmişdim ki, kimsə mənim haqqımda nə isə deyəcək. Cəmiyyətdə insanlar fərqli tərzlərdə formalaşırlar. Sözsüz ki, mənim bu addımımı müsbət də qiymətləndirən olacaq, mənfi də... Hamı eyni ola bilməz hamı eyni cür düşünə bilməz... Amma mən bir şeydən çox əminəm ki, əlilliyi olan bir insanın gündəmə gəlməsi ictimaiyyətə onun hər işə qadir olacağını göstərir. Ola bilsin ki, mən bu gün sizə müsahibə verirəm, adım haradasa hallanacaq. Amma bu adı heç kim yadında saxlamayacaq. Hamısının yaddaşında mən əlil arabasında olan bir insan kimi qalacam. Bu da o deməkdir ki, mənə verilən dəyər müsbətdirsə, digər əlil yoldaşlara da müsbət dəyər veriləcək. Yox, mən özümü pis, mənfi tərəfdən göstərsəm, digər əlilliyi olan insanlar da mənə görə əziyyət çəkəcəklər.

- Ətrafınızdan sizə bu risklidir, etməyin deyən oldumu? Fikrinizdən daşındırmaq istədilərmi?

- Təbii ki, deyənlər çox oldu. Yaxın dostlarım... Digər adamlardan, Bakıdakılardan, ümumiyyətlə, heç kimin bundan xəbərləri yox idi. Maksimum şəkildə bunu gizlin saxlayırdım. Çünki hər şey ola bilər, gedərəm, nəsə alınmaz, əliboş, başıaşağı qayıtmaqdansa, heç kimə demədim... Getdik, hər şey yaxşı olandan sonra bildilər. Amma Azərbaycanda rəsmi şəkildə də heç bir məlumat yaymamışıq, ilk insansız, sizə deyirəm... Rəhbərlikdən zəng vurmuşdular, maraqlandılar ki, nə vaxt Bakıya qayıdıram? Vaxtımı belə demədim ki, səssiz-səmirsiz evimə gedim. Çünki həqiqətən bu bir reklam deyildi. Bu, 20 illiyin bir başlanğıcı idi, qeyri-adi şəkildə start verdik. Məqsəd cəmiyyəti cəlb etmək idi. Çünki adi bir tədbir keçirtsək, zurna-balaban çalınsa, belə bir reaksiya olmayacaqdı. Onun üçün nə isə qeyri-adi bir şey etmək lazım idi. Çoxdan ürəyimdə arzu olan yüksəklikdən tullanmağı bağladıq 20 illiklə... Bununla da, 20 illiyə start verildi. Bu, Rusiyada da rezonans yaratdı... Rusiya kanalları, mətbuatı məndən müsahibə götürmək istəyirdilər.

- Bu yüksəklikdən tullanışı etmək kimin ağlına gəldi?

- Fikir ilk olaraq mənim ağlıma gəldi. Tullanmaq istəyirəm deyəndə heç kimi dəvət etmədim ki, gəlin gedək mənimlə... Bundan əvvəl də biz Moskvada paraşütdən tullanmışdıq. Elə o vaxt da bizim həmin qrup idi, Dünya Dadaşova, Natiq Qasımov, mən və Vüsalə Kərimova idi. Bu dəfə Vüsalə Kərimova gələ bilmədi və qrup 3 nəfər qaldı. Moskvaya Dadaşovaya yazdım ki, mən gedirəm “bungee jumping”ə, dedi mən də gəlirəm... Komitəmizin prezidenti İlqar Rəhimovdan icazə alanda, dedi ki, I vitse-prezidentin xəbəri olsa, o da gələcək. Planlaşdırılmış heç bir şey yox idi. 2-3 gün ərzində qərar verib toplaşdıq və Soçiyə getdik. Onu da deyim ki, bizim mətbuatda qeyd edilməyib, amma Dünya Dadaşova 207 metrdən tullanıb. Azərbaycan Paralimpiya Komitəsində məndən başqa bir nəfər olub, I vitse-prezident Natiq Qasımov və Moskvadan Rusiyanın azərbaycanlı gənclər təşkilatının nümayəndəsi Dünya Dadaşova...

- Bir də belə bir şeyi təkrarlamaq istəyərsiniz? Təyyarədən tullanma asan idi, yoxsa yüksəklikdən tullanma? Və hansı daha çox həyəcanvericidir?

- Mən Rusiya kanallarına müsahibəmdə də bunu dedim. Çünki bu daha çox qorxulu oldu. Təyyarədən tək tullanmağım üçün icazə verilmir. Həmçinin o dərəcədə təcrübəyə malik deyiləm ki, mənə tək icazə versinlər. Həm də onun üçün xüsusi əlil arabası lazımdır... Təyyarədən tullananda bilirsən ki, arxanda adam var. Amma burada təksən. Bilirsən ki, əlil arabasından başqa bir şey yoxdur... 69 metrlik məsafədən tullanandan sonra onlarla çox danışıqlar aparıldı ki, mənə 207 metri tullanmağıma icazə versinlər, sadəcə texniki təhlükəsizlik baxımından icazə vermədilər. Amma 207 metrdən tullanmağı istəyirdim. Təbii ki, təyyarədən daha çox yüksəklikdən tullanma daha çox həyəcanverici idi.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR