Cavid Qurbanov gileyləndi: “Vaxtilə...” – MÜSAHİBƏ/VİDEO
Bizi izləyin

Müsahibə

Cavid Qurbanov gileyləndi: “Vaxtilə...” – MÜSAHİBƏ/VİDEO

Ötən həftəsonu ANS TV-də "Hesabat"ın qonağı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanov oldu. Mir Şahin Ağayevin suallarına cavab verən Cavid Qubanov Azərbaycanda dəmir yollarının vəziyyəti və qurumla bağlı bir çox məqamlara aydınlıq gətirib. Müsahibədə qlobal böhran şəraitində beynəlxalq yükdaşımalarının əhəmiyyətinin artmasından, Azərbaycanın malik olduğu coğrafi üstünlükdən nə qədər bəhrələnə biləcəyindən və s. danışılıb.

Şübhəsiz, Prezidentin prioritet elan etdiyi Bakı-Qars-Axalkalaki layihəsi üzərində xüsusi dayanılıb.

Publika.az müsahibəni təqdim edir.

- Cavid müəllim, bizim sizinlə bu postda, daha doğrusu, bu statusda ilk görüşümüzdür. Yeni statusda sizin gəlirləri artırmaq imkanınız nə qədər artır?


- Cənab prezident keçirdiyi sonuncu müşavirədə nəqliyyat dəhlizinin inkişafı və onun perspektivləri haqqında danışarkən bəyan edib ki, bir kimsə öz yükünü gətirib bizə verməyəcək. Məhz bu, vaxtında deyilmiş bir həqiqətdir. Cənab prezident əsasən nəqliyyat dəhlizləri sahəsində işlərin daha da sürətlə inkişaf etməsini istəyir. Bunun üçün nə etmək lazımdır? Təbii ki, gömrük, vergi, tarif siyasətinin yumşaldılması, eyni zamanda, “bir pəncərə” və “açıq qapı” sisteminə keçilməsi, eləcə də, daha çox müştərinin Azərbaycana cəlb edilməsi - Çin, Hindistan, Rusiya kimi böyük dövlətlərin yüklərinin İran üzərindən keçməsi. Aparılan araşdırmalar zamanı məlum olub ki, Çindən Avropaya daşınan yüklərin həcmi 100 milyon tona yaxındır. Yəni, Çinlə Avropa ölkələri arasında yük dövriyyəsi 650 milyard dollar təşkil edir. Hazırda mövcud iqtisadi vəziyyəti nəzərə alsaq, rəqəmlərdə az da olsa, azalma və ya çoxalma prosesi gedir. Buna baxmayaraq, bu, böyük rəqəmdir. Yüklər üç əsas yoldan istifadə edilməklə daşınır. Bunlardan isə ən səmərəlisi Azərbaycan üzərindən olan yoldur. Belə ki, həm məsafə, həm də tarif qiymətləri baxımından sərfəlidir. Bir daha qeyd edim, bunun üçün nə etmək lazımdır? Sadəcə olaraq şərait yaratmaq lazımdır ki, bu yüklər əldən çıxmasın. Vaxtilə bunun arxasınca düşən, bu istiqamətdə danışıq aparmaq, eləcə də cəlb etmək istəyən olmayıb. Hazırda biz elə etməliyik ki, yükləri Azərbaycana cəlb edə bilək. İstər dənizdə, istər portda, istər dəmir yolunda, istərsə də avtomobil nəqliyyatında qiymətlərin tənzimlənməsi ilə bağlı Cənab Prezidentin sərəncamı var. Sərəncama uyğun olaraq İqtisadi İnkişaf Nazirliyi yanında Koordinasiya Şurası yaradılıb.


- Belə başa düşdüm ki, bizdə ayrı-ayrı sahələrdə ayrı-ayrı tariflər var. Gəmiçiliyin öz tarifləri var, dəmir yolunun öz tarifləri var. Mümkündürmü ki, vahid tarif sisteminə keçməklə bütün bu xərcləri optimallaşdıraq? Burda yükdaşıyan insanların da müəyyən mənada qayğıları azalır...


- Əsas bazarlar Çin, Hindistan və Avropadır. Yüklər məhz Qazaxıstan, Azərbaycan və Gürcüstandan keçir. Əgər biz Azərbaycan-İran arasında yolun inşasını başa çatdıra bilsək, bu zaman Hindistandan -Mumbaydan, yəni Bombeydən başlamaqla, Bəndərabbasdan Azərbaycan üzərindən keçməklə, Rusiyaya, ordan Helsinki və Avropanın ortalarına qədər davam edər. Məhz “İpək yolu” dediyimiz bu Şimal-Cənub və Şərq-Qərb dəhlizləri həm Azərbaycanın, həm də Gürcüstanın üzərindən keçir. Gürcüstan isə güclü bir iqtisadiyyata malik deyil. Yüklərin daşınmasıda Gürcüstan çox maraqlıdır. Ümumilikdə, burda hər bir kəs maraqlıdır. Bu məqsədlə də Qazaxıstan, Azərbaycan, Gürcüstan dəmir yolları ilə birlikdə bir Şura yaratmışıq. Şuraya “Qazaxıstan Dəmir Yolları”nın rəhbəri sədrlik edir.

Ayrı-ayrı tariflərə gəlincə, təbii ki, bu, ayrı-ayrı da olmalıdır. Məhz Cənab Prezident Koordinasiya Şurası yaradanda, məqsədi bunları tənzimləmək olub. Yəni, hərə öz bildiyi tarifi verməsin. Yükləri Azərbaycana cəlb edə bilək. Bir faktı ictimaiyyətin nəzərinə çatdırım ki, son beş ay ərzində -Cənab Prezidentin verdiyi əlavə səlahiyyətlər müddətində daxili yük daşımalarının həcmi azalıb, tranzit yük daşımalarının həcmində isə15 faiz artım qeydə alınıb .

- Cənab prezident İlham Əliyevin dediyindən də belə anlaşıldı ki, Bakı-Qars-Axalkalaki marşrutu hələ ki, sonadək icra olunmur və bu, dövlət başçısını narahat edir.

- Əlbəttə ki, narahat etməlidir. Çünki bu layihənin icrasına 2007-ci ildə start verilib. Burada bəzi məsələlər var ki, bizdən asılı deyil. Bu layihə ölkə başcısı cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə başlanmışdı. Tikinti Azərbaycanın ayırdığı maliyyə vəsaiti ilə həyata keçirilir. Oradakı işlər Azərbaycan şirkətləri tərəfindən aparılır. Məhz layihənin icrası zamanı Azərbaycan şirkətlərinin iştirak etməsi əsas və vacib şərtlərdən biri idi. İşlər Nəqliyyat Nazirliyinə tapşırıldı. Gürcüstan ərazisində olan yolun uzunluğu 183 kilometrdir. 183 kilometr yolun 30 kilometri yeni tikilidir. Türkiyə sərhədindən Axalkalakiyə qədər olan sahədir. Yerdə qalan 153 kilometri isə bərpadır. Amma sizi əmin edirəm ki, reabilitasiya işi heç də tikintidən geri qalmır. Çünki bu layihənin icrasından öncə bildirilmişdir ki, orda yol var. Əslində isə orda yoldan əsər - əlamət yox idi. Sadəcə olaraq orda köhnə yataq vardı. Həmin yeri Gürcüstan tərəfi bərpa etdi. Demək olar ki, orda hər şey yenidən qurulur. Eləcə də Gürcüstanda keçirilən məlum prezident seçkilərilə bağlı layihənin tikintisində iki ilə yaxın bir gecikmə oldu. Amma buna baxmayaraq, artıq Azərbaycanın öhdəsinə düşən 183 kilometrlik yol hazırdır. İlin sonunadək yanacaqla işləyən lokomotivlərlə həm Azərbaycan, həm də Gürcüstan tərəfi istismara hazır olacaq. Orda Azərbaycan və Gürcüstan tərəfindən bir firma yaradıldı. Həmin firma ayrı bir qurum kimi oranı idarə edəcək.

Türkiyə isə 75 kilometr sahədə yolun tikintisini həyata keçirir. Artıq orada da tikinti işlərinin 70 faizi başa çatıb. Eyni zamanda, Türkiyədə də hökumət böhranı ilə əlaqədar olaraq il yarımdır ki, bu məsələlər dayanıb. Sonra Cənab Prezidentin göstərişi əsasında Abid Şərifovla birlikdə Əhməd Davudoğlu ilə görüşdük. Onlar söz verdilər ki, 2016-cı ilin sonuna qədər yol tikilib başa çatdırılacaq. Narahatçılıq biz tərəfdə deyil, narahatçılıq əsasən o tərəfdəndir.


- Bizim Türkiyəyə hər hansı bir təsir mexanizmimiz varmı?


- Məsələ ilə bağlı onlardan xahiş etdik. Artıq orda işlərə başlanılıb.


- Türkiyə tərəfi başa düşür ki, bu layihə onlar üçün də çox vacibdir?


- Bu layihə onlar üçün də çox vacibdir. Belə ki, yol açılandan sonra yüklərin daşınması sürətlənəcək. Çünki quru yolla daşınan yüklərin həcmi çoxdur.

- Ümumiyyətlə, layihə nə qədərlik layihədir?

- Ümumilikdə götürəndə, layihənin qiyməti 775 milyondur. Onun 720 milyonu tikinti işlərinin aparılmasına ayrılıb. Hazırda layihənin tikintisinə Azərbaycan tərəfindən 520 milyon dollar vəsait ayrılıb.


- İran-Azərbaycan arasında bir düyün var -Astara-Rəşt-Qəzvin. Bu yolla nə problemimiz var bizim?

- 153 kilometrlik Rəşt-Astara yolu var. İran tərəfindən tikilməmiş yolun uzunluğu Qəzvindən götürəndə, 350-370 kilometrdir. Artıq onlar yolun Qəzvin-Rəşt hissəsini tikiblər. Qalır Rəşt-Astara. Bu yolun tikintisinə 400 milyon dollar pul lazımdır. Son danışıqlarda İran tərəfi ilə bərabər finans axtarmaqla bağlı qərar verdik. Ola bilsin ki, finansın axtarılmasında Azərbaycan tərəfi də yardımcı olacaq. Nə formada yardımçı olacaq? Biz də onlar üçün kredit axtaracağıq. Bununla bağlı İran tərəfi qarantiya verir, kredit İran tərəfinin hesabına götürüləcək.

- Biz özümüz niyə tikmirik?

- Hazırda bu məsələ ilə İqtisadi İnkişaf Nazirliyi məşğuldur.

- Mən fikirləşirəm, görün, nə vaxtdır ki, bu məsələ gündəlikdədir. Sözün həqiqi mənasında, yerdə qalıb və onun üstündən görün, biz nə qədər pul qazana bilərdik, amma qazanmamışıq, qazanmamaqda da davam edirik...


- Orada körpünü və 8 kilometrlik yolu tikmiş olsaydıq, eləcə də tikintiyə 50 milyon pul xərcləmiş olsaydıq, o yoldan bu illər ərzində bir milyon ton yük keçmiş olsaydı və tonunu 30 dollardan götürsək, bu, 30 milyon edər. 15 il ərzində isə bu, 450 milyon edir. Dəhliz çay kimi bir şeydir. Qabağını kəsirsən, dayanacaq, amma qabağını açarsan, axıb gedəcək. Arxdı, bunu açmaq lazımdır ki, su burdan getsin.

- İndi sizin proqnozunuz necədir?

- Hesab edirəm ki, birinci, 8 kilometrlik yolun və körpünün tikintisi 8 ay ərzində yekunlaşacaq. Ola bilsin ki, körpüdə problem olsun. Bu işə düşəndən sonra bu yolla 10 milyon tona qədər yük daşımaq imkanımız var. Ancaq İran Astarasına keçməklə. Rəşt-Astara hissəsinin tikilməsini gözləmədən bunu edə bilərik.

- Bu gün Azərbaycanda necə kilometr dəmir yolumuz var?

- Ümumiyyətlə, Azərbaycanda stansiya və əlavə yollar daxil, təxminən 4 272 kilometr dəmir yolu var.

- Bu 4 272 kilometr dəmir yolu mənəvi cəhətdən köhnəlib və dəyişdirlməsinə ehtiyac var...


- Hazırda hamısının dəyişilməsinə ehtiyac yaranıb. Cənab Prezidentin sərəncamı ilə kredit ayrılıb. Burada bizə həm Maliyyə Nazirliyinin, həm də hökumətin dəstəyi var. Artıq iki il ərzində Bakı-Böyük Kəsik istiqamətində 400 kilometrə qədər yol təmir olunub. Demək olar ki, bizdə olan lokomotivlərin orta yaş həddi 30 ildən yuxarıdır. Son olaraq 3-4 ədəd yeni lokomotiv ala bilmişik. Eyni zamanda, Rusiyadan 3 minə yaxın yük vaqonu almışıq.

- Bütün bu işlərin normal məcraya düşməsinə, keyfiyyətə xidmətdən ötrü lazım olan şəraitin yaranmasına, sizcə, nə qədər vaxt lazımdır?

- Hesab edirəm ki, 3-4 ildən sonra. Artıq deyə bilərik ki, bizim sərnişin daşımamız qaydasındadır. 3-4 ildən sonra da deyə bilərik ki, yüklərin təhlükəsiz daşınması təmin olunur. Çünki burda hər şey elektronlaşmalıdır, “online” sistem, rabitə işarəetmə düzəlməlidir. Yəni, hər şey yenidən qurulmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm