Xüsusi
Britaniyanın azərbaycanlı jurnalisti: "Qarabağın qaytarılmasını istəyən çox sayda erməni var" - - MÜSAHİBƏ
Günümüzün acınacaqlı hallarından biri də yalan xəbərlər yayıb, gündəmə gələn dırnaqarası media işçiləridir. Zəngin Zərdabi irsinə xələl gətirən bu insanlar xalqın jurnalistika peşəsinə olan güvənini alt-üst edirlər.
Jurnalistikanın parlaq siması Vladimir Pozner məhz bu səbəbdən deyir ki, insana jurnalist olmağı öyrətmirlər. O bir həyat tərzi, daxili dünyadır. Ya var, ya da yoxdur. Poznerin fikrincə, əsl jurnalist yazdığı xəbəri izləyicisinin yanında əyləşib oxuyacaq qədər peşəkar və dürüst olmalıdır.
Həmsöhbətimiz artıq uzun müddətdir ki, Britaniyada yaşayıb, məhsuldar fəaliyyətlə məşğul olan BBC Azərbaycan radiosunda çalışmış, peşəkar jurnalist Zülfüqar Rüfətoğludur.
- Zülfuqar bəy, artıq 20 ildən çoxdur ki, Londondasınız. Günəşli Bakıdan buludlu Londona köçüb uyğunlaşmaq çoxmu çətin oldu?
- Daha çətin olacağını düşünürdüm. Amma olmadı. Bəlkə ona görə olmadı ki, sevdiyim peşə üzrə, həm də daha kamil jurnalistika məktəbində BBC-də işə başladım. İntensiv, maraqlı, gərgin, həm də mənim düşündüyümə görə, insanlarımıza xeyirli bir işlə məşğuldum. Daim canlı efirdəydim. Bir sözlə, başım öz peşəmə o qədər qarışmışdı ki, darıxmırdım. Həm də efirdə olduğum üçün məndə elə bir hissiyyat var idi ki, elə Bakıdayam. Amma burada bu qədər qalmağı düşünmürdüm və planlaşdırmırdım. Belə alındı...
- Ötən illərə səyahət edib Zülfüqar Rüfətoğlunu daha yaxından tanıyaqmı?
- 22 iyun 1958-ci ildə Bakı şəhərində doğulmuşam. 1975-ci ildə Bakıda 172 nömrəli orta məktəbi qızıl medalla bitirmişəm.
1975-1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil almışam. 1980-ci ildə institutu qırmızı diplomla bitirmişəm. 1980-1983-cü illərdə təyinatla İmişli rayonunun Bəcirəvan və Qaradonlu orta məktəblərində ingilis dili müəllimi işləmişəm. 1985-ci ildən "Azərbaycan qadını" jurnalında çalışmışam.
1986-cı ildə "Sovet kəndi" qəzetində, daha sonra "Kommunist" qəzetində işləmişəm. Jurnalist kimi tanınmağım da bu dövrə təsadüf edir.
Jurnalistikada mətbəə işçisindən redaktor müavinliyinə qədər yol keçmişəm.
1992-ci ildən “Azərbaycan” qəzetində beynəlxalq həyat üzrə redaktor müavini olmuşam.
- Bəs BBC-yə gəlişiniz necə oldu?
- 1993-cü ildə BP şirkətinin dəvəti ilə başqa 7 jurnalistlə birlikdə Britaniyaya səfər etdim. Burada BBC-dən təklif alsam da, Bakıya döndüm. 1994-cü ildə Londonda "Reuters" agentliyinin kurslarında təhsil aldım. Bu kurslarda olarkən BBC-dən daha bir təkidli dəvət oldu. Bu dəfə Britaniyada qalmağa qərar verdim.
"BBC Azərbaycan" xidmətinin radio proqramlarını aparmışam. "Sənin səsin" və "Çətin sual" proqramları mənim müəllifliyimlə yaranıb və bu günədək azərbaycandilli radionun ən reytinqli proqramları olaraq qalır. 2011-ci ildə "BBC Azərbaycan" xidmətində radionun bağlanması ilə əlaqədar işimi tərk etdim. 2014-cü ildə Bakıda olarkən ağır xəstələnib, üç həftə komada yatdım.
Hazırda sağlamlığımla əlaqədar əsasən evdən işləyirəm. Məqalələr yazıram. 2013-cü ildə “Londonun tənhalığı” şeirlər toplusu Londonda çap olunub.
- "Londonun tənhalığı"... Qürbət qoxusu gəldi...
- Bəli, kitabim "Amazon" nəşriyyatında çap olunub. Tirajı çox deyildi. Amma dostların və yaxınların dediyinə inansam, xoşlarına gəlib. Ondan əvvəlki kitab "Azerbaijanis" adlanır. Yəni "Azərbaycanlılar" Londonun "Bennet and Bloom" nəşriyyatında buraxılıb. Etnoqrafik kitabdır. İngiliscədir. Hazırda Azərbaycan dilinin qəribəlikləri haqqında "Dilimiz bizdən nə deyir?" adlı kitab üzərində işi bitirmək üzrəyəm.
"Məclislərdə Azərbaycanın sağlığına içirlər, amma..."
- Müharibə illərində Qarabağda olan jurnalistlərdənsiniz. Savaşın qızğın illərini necə xatırlayırsınız?
- Mən ora gedəndə, atəşkəs 2 il idi ki, elan edilmişdi. O tərəfdə, bu tərəfdə əsirlər vardı. Əsas problemlər də onlarla bağlı idi. Orada saxlanan azərbaycanlı əsirlərdən bəziləri ilə görüş imkanı vermişdilər. Bizim əsgərlər idi. Az sonra onları dəyişdilər. Səslərini efirə vermişdik. Müharibə yox idi. Amma böyük bir nifrət var idi. İndi də var. Ermənistanda hətta Qarabağın qaytarılmasını istəyən əhəmiyyətli sayda ermənilər var idi və indi də var. Amma əksəriyyəti danışa bilmirdi. İndi heç danışa bilmirlər.
- İndi deyə bilərik ki, neytral zonada yaşayırsınız. Yəqin ki, ətrafınızda onlarla erməni var. Bəzən hətta təsadüf nəticəsində ünsiyyət də qurursunuz. Qarşınızdaki şəxsin erməni olduğunu öyrənəndə ilk reaksiyanız necə olur? Ümumiyyətlə hazırda İngiltərədə yaşayan azərbaycanlılarımız Qarabağ problemini təbliğ edirlərmi?
- Maraqlıdır ki, burda ermənilərlə qarşılaşmıram. Britaniyada onların sayı Fransadakı qədər deyil. BBC-də erməni xidməti yox idi, indi də yoxdur. Ona görə də demək olar qarşılaşmıram. Burdakı azərbaycanlılara gəlincə isə mənim nəslim əlbəttə, Vətən, Qarabağ heysiyyatı çəkir. İndi Britaniyada tanınmış vəkil, həkim və müəllim olan azərbaycanlılar var. Hələlik çox az sayda. Amma buradakı soydaşlarımızın əksəriyyəti daha yaxşı dolanışıq üçün gələnlərdir. Çoxu taksi sürücüsüdür, halbuki bir çoxu Azərbaycanda yüksək ixtisaslı kadr olublar. Görürəm ki, sosial mediada fəaldırlar, Azərbaycanı təbliğ və müdafiə edirlər. Başqa nə edə bilərlər ki? Problemi siyasətçilər həll etməlidirlər. Hərçənd məclislərdə Azərbaycanın sağlığına badə qaldırırıq, amma bu yəqin ki, praktik töhfə deyil Vətənə...
- Britaniya gözəl ölkədir, lakin Vətən torpağının bərəkəti bir başqadır elə deyimi?
- Azərbaycan üçün darıxmadığım gün olmayıb. Amma ölkə xeyli dəyişib. Elə biz də dəyişmişik. Ən çox dostlarım, qohumlarım üçün darıxıram. Valideynlərim rəhmətə gediblər. Anam 3 il əvvəl dünyasını dəyişib. Onun ölümü ilə uşağlığımın Bakısı ilə emosional əlaqəm qırılıb. Sankı hardasa uzaq və əlçatmaz bir yerdə, nağılda, əfsanədədir. Brodskinin bir şeiri var: “Məni tamam unudub yada salmayanlardan şəhər salmaq olardı...”
- Valideynlərinizdən söz düşmüşkən rica edirəm, onlar haqda da məlumat verin. Bildiyimə görə, atanız Rüfət bəy məşhur jurnalist olub…
- Bəli… Ziyalı ailəsində böyümüşəm. Atam Rüfət Əhmədzadə məşhur satirik şair, dramaturq və jurnalist olub. "Kirpi" jurnalının redaktor müavini idi. Anam Mirvari Əhmədzadə orta məktəbdə ədəbiyyat müəllimi idi.
- Peşəkar jurnalistikaya atdığınız ilk addımlarda atanızın dəstəyini hiss etmisiniz?
- Atamın nəinki jurnalistikaya, bütövlükdə ədəbiyyata maraq göstərməyimdə misilsiz rolu olub. O, ədəbiyyatı mükəmməl bilirdi. Atam əslində mənim həm ixtisas, həm də həyat müəllimimdir.
- Bu gün demək olar ki, ölkəmizdə hər kəs xarici dilləri öyrənməyə meyl edir, amma siz Xarici Dillər Universitetini bitirdiyiniz dövrdə aparıcı dil rus dili idi. İngilis dilinə sevgini, yaxud marağı sizə valideynləriniz aşılayıb?
- Xarici dillərə, ümumiyyətlə dilçiliyə marağım böyük idi. Diplomat olmaq istəyirdim. Rus dilini yaxşı bilirəm. Bu dildə yazıram da hərdən. Orta məktəbimiz rus dili təmayüllü idi. Təəssüf ki, hansısa dili elitarlıq rəmzi sayanlar var. O vaxtlar rus məktəblərində karyera qurmaq, yaxşı vəzifəyə sahib olmaq üçün oxudurdular uşaqları. İndi nəyə görə oxudurlar bilmirəm. Hərdən təyyarədə imkanlı ailələrdən olan yeniyetmələri görürəm. Bir-birləri ilə rusca danışırlar. Özü də bərbad rusca…
Mənim gəncliyimdə biz rus dilində az qala rusdan yaxşı danışırdıq. Bir də başqa bir bəla dilimizə çox sayda istanbulizmlərin gətirilməsidir. Bunu əsasən də xanım həmkarlarımız edirlər. Yeri gəldi-gəlmədi Türkiyənin yeni türkcəsindən ifadələr, sözlər işlədirlər. Yenə də deyirəm, söhbət türkcədən yox, istanbulizmlərdən gedir. “Bir sürü fincan” (sürü ilə qoyun olur yəqin ki) və yaxud bircə kəlmə “adi” əvəzinə “sıradan biri” və sair. Bu da bir dəbdir, ötüb keçəcək. Bir vaxt rus dili belə hörmətdə idi...
- Ağrılı mövzuya toxundunuz. Məktəb proqramlarında rus dilinin tədrisi səngiyəndən sonra şagirdlər osmanlı türkcəsinə meyil etməyə başladılar. Xüsusən də yeniyetmələr dilimizə bir çox türk ifadəsi gətirdilər. İndi sanki gənclik iki hissəyə bölünüb: rusdillilər və türkdillilər. Bunun səbəbi dilimizdəki elmi və bədii ədəbiyyatın kasadlığı ilə əlaqəli ola bilərmi? Hətta ən sadə bir fakt: Azərbaycan dilində öyrədici xarakter daşıyan cizgi filmləri və uşaq mahnıları yox səviyyəsindədir. Odur ki, övladlarımız digər dilli animasiyalara baxıb öyrənməyə məcbur olurlar.
- Dediklərinizlə razıyam. Təhsilin səviyyəsi düşüb, faydalı kitablar az yazılır. İndi yazanların çoxu heç öz yazdıqlarını da oxumur. Yoxsa bu qədər orfoqrafiya, üslub səhvi olmazdı yazılarında. Nizamidən bu yana biz yazmağı sevən millətik, amma indi bu kütləvi şəkil alıb. Texnologiyalara, sosial mediaya görə və sair. Yəni oxuyandan çox yazan var. Təəssüf ki, bu davam edəcək. Zaman belə zamandır.
- Savadlı azərbaycandilli nəsil yetişdirmək üçün nə tövsiyə edirsiniz?
- Ana dilini yaxşı bilməyin əsrlərdən qalan sadə bir yolu var. Kitab oxumaq. Klassik ədəbiyyatı oxumaq. 1970-80-90, həttə 2000-ci illərin də sanballı yazıçıları var. Elə əsərlər var ki, onları yeniyetmə vaxtında, çox gənc olanda oxumaq lazımdır. Xarici dili də mükəmməl bilmək üçün o dildə ədəbiyyat oxumaq vacibdir.
- Maraqlıdır müasir yazarlarımızdan kimləri oxuyursunuz?
- Etiraf edim ki, xeyli vaxtdır bədii ədəbiyyat oxumuram. Əsəsən tarixi, sənədli kitabları oxuyuram. Yeni yazanlardan internetdə bəzən hekayə və başqa kiçik yazıları oxuyuram. Yaxşı yazanlar var. Amma çox, çox azdır. Müasir Azərbaycan ədəbiyyatında demək olar hamını oxumuşam. İsmayıl Şıxlı, İsa Hüseynov, Əkrəm Əylisli, Yusif Səmədoğlu, Sabir Əhmədov... saymaqla qurtarmaz. Bunlar yazan adamın dilini cilalayan yazıçılardır. Məncə, gənc nəsil də bu yazıçıları oxumalıdır. Azərbaycan dili onların kitablarındadır.
"Britaniya tələbəsi mütləq pis və ya yaxşı yazmağı öyrənir"
-Artıq br neçə ildir ki, Azərbaycanda jurnalistika fakültəsinə daxil olmaq istəyən tələbələr qabiliyyət imtahanı verirlər. Necə düşünürsünüz, bu çağdaş jurnalistikamızın xeyirinədirmi?
- Jurnalistika fakültəsində qabiliyyətin yoxlanması mühümdür. Yazmaq qabiliyyəti elə bir məsələdir ki, diplomla gəlmir. Adam ya yaza bilir, ya da yaza bilmir. Azərbaycan jurnalistikasında jurnalistika fakültəsini bitirməyən çox sayda parlaq simalar olub və var. Jurnalistika fakültəsində adama nədən yazmağı, necə yazmağı öyrədə bilərlər, amma yazmağı öyrədə bilməzlər.
- Bəs Britaniyanın təhsil sistemi sizi qane edir?
- Britaniyada jurnalistika fakültəsi anlayışı demək olar ki, yoxdur. Media ixtisası var və bu, sözün klassik mənasına jurnalistika deyil. Buna baxmayaraq, Britaniyada yazmağı uşaqlara ibtidai siniflərdən öyrədirlər. Bu proses universitetlərdə də davam edir. Elə hey esse yazdırırlar. Burda esse deyəndə yəni sərbəst və qeyri-sərbəs mövzuda inşa yazmağı nəzərdə tuturlar. Britaniya tələbəsi mütləq pis və ya yaxşı yazmağı öyrənir. Biologiya ixtisasını alan öz sahəsindən maraqlı yaza bilir. Amma elə burda da yaxşı jurnalistləri barmaqla sayırlar.
- Zülfuqar bəy, çox maraqlı həmsöhbətsiniz. Sizə təşəkkürümü bildirirəm.
- Məni yad etdiyiniz üçün minnətdaram.
Leyla Sarabi
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA