• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Elçibəyin təyyarəsini 2 aydan sonra qaçırdım” – MÜSAHİBƏ (FOTOLAR)

“Elçibəyin təyyarəsini 2 aydan sonra qaçırdım” – MÜSAHİBƏ (FOTOLAR)

“Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sabiq sədri Ədalət Əliyevin Publika.az-a müsahibəsi:

“2500 metrlik hündürlükdə uçan istənilən təyyarəni yerdən adi silahlarla vurmaq mümkündür”

– Son aylarda sərnişin təyyarələrinin tez-tez qəzaya uğraması, ötən gün isə "Əlcəzair Hava Yolları" ("Air Algerie") şirkətinə məxsus olan daha bir sərnişin təyyarəsinin qəzaya uğraması, sizcə, təsadüfidir? Yoxsa, bilərəkdən baş verir?

– Bəli, ötən gün də Əlcəzairdən Malayziyaya uçan sərnişin təyyarəsi qəzaya uğrayıb. Ancaq indidən demək olmaz ki, bu təsadüfdür, yoxsa bilərəkdən. Təyyarə Niger dövləti üzərində vurulub. Həmin dövlətin ərazisi isə hərbi münaqişəli ərazilərdən biri hesab olunur. Odur ki, bu təyyarə də vurula da bilər. Ancaq inanmıram ki, o hündürlükdə məsafədən uçan təyyarə vurulsun. Məncə, bu qəzadır.

Bildiyiniz kimi, təyyarə nə qədər hündürdən uçursa, onun vurulma ehtimalı daha azdır. Misal üçün, 2500 metrlik hündürlükdə uçan istənilən təyyarəni yerdən adi silahlarla da vurmaq mümkündür. Ancaq 10 mindən yüksək hündürlükdə uçan təyyarələri yalnız raketlə vurmaq olur.

Niger səmasında uçan təyyarənin qəzaya uğraması barədə indidən dəqiq fikir söyləmək çətin olsa da, ehtimal odur ki, təyyarə hər hansı nasazlıq üzündən partlasın və sairə. Çünki faktiki olaraq, biz ancaq təyyarənin qəzaya uğraması barədə məlumata malikik. Təyyarənin qəza səbəbləri isə hələlik bizə məlum deyil.

“Dünyada GPS-i əvəz edən “Qlobal Daimi Nəzarət Sistemi” yaratmışam”

– Son aylarda təyyarələrin tez-tez qəzaya uğraması və ya vurulması hava yolları şirkətlərinin “oyunu” da hesab edilir. Yəni, konkret olaraq, sığortadan pul qoparmaq məqsədilə atılmış addım kimi dəyərləndirilir. Misal üçün, bu yaxınlarda Malayziya Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasına görə “Allianz” sığorta şirkəti 100 milyon dollar təzminat ödəyib. Siz bu versiyalarla razısınızmı?

– Mən buna inanmıram. Çünki dünyada nəqliyyat vasitələrinin əsas sığortaçısı “Lloyd's” şirkətidir. Bu şirkət bir ildə təxminən 2 milyarda yaxın sığorta ödəyir. Bu sığorta vəsaiti təyyarə, gəmi, qatar və digər nəqliyyat növləri üçün ödənilir. Bu gün dünyanın əksər ölkəsində “Lloyd's” şirkətinin filialı fəaliyyət göstərir. Bildiyim qədər, Azərbaycanda da bu şirkətin filialı “Azərsığorta” şirkətidir. Əgər sığorta şirkəti dəyən ziyanı nəqliyyat sahibinə ödəyirsə, o məcburdur ki, sığorta qiymətini daha da artırsın. Bu məsələ ilə bağlı mən “Qlobal Daimi Nəzarət Sistemi” (QDNS) hazırlamışam. Hətta bunun üçün Azərbaycanda patent də almışam. Bu sistem ondan ibarətdir ki, misal üçün, bu gün Əlcəzair təyyarəsi qəzaya uğrayıb və heç kəs səbəbini bilmir. Qəzanın səbəbi isə araşdırma aparıldıqdan bir müddət sonra məlum olur. Ancaq mənim hazırladığım “Qlobal Daimi Nəzarət Sistemi” hadisə baş verməmişdən öncə, hətta təyyarə pilotlarından da qabaq yerə müvafiq məlumat verəcək. Yəni bu, təyyarənin “qara qutu”suna öncədən lazımi məlumat ötürən sistemdir. Buna bənzər sistem ABŞ-a məxsus olan Qlobal Mövqetəyinetmə Sistemi (GPS) hesab olunur. GPS sistemi hərbi sistem olmasına baxmayaraq, 1998-ci ildə mülkü hissədə də istifadə olunmağa başlayıb.

Rusiyada isə buna bənzər sistem “ГЛОНАСС” adlanır. Ancaq Rusiyanın bu sistemi uzun illər məxfi saxlaması və son illər mülkü həyatda istifadəsinə icazə verməsi özünü doğrultmadı. Çünki dünya əhalisinin əksəriyyəti GPS sistemindən istifadə edir.

Deməyim odur ki, mənim yaratdığım “Qlobal Daimi Nəzarət Sistemi” də təyyarələrin, gəmilərin, qatarların və digər nəqliyyat vasitələrinin yaxından izlənilməsi üçün zəruri vasitə ola bilər. Hətta bu sistem “beşinci nəqliyyat sistemi” adlanan boruları da nəzarətə götürə bilər. Bu cür sistemi yaratmaqla dünyada baş verən təyyarə qəzalarının qarşısını çox ciddi şəkildə almaq olar.

Başqa sistemlər vasitəsilə təyyarə qəzalarının yalnız 60 faizinin səbəbləri üzə çıxır. Ancaq hesab edirəm ki, bu sistem vasitəsilə təyyarə qəzalarının hətta 100 faizinin belə səbəbləri aşkar olar. Çox maraqlı bir sistemdir. Bunun üçün isə kifayət qədər böyük maliyyə vəsaiti tələb olunur.

Hələ 1998-ci ildə ABŞ-dan “The Boeing Company” şirkətinin nümayəndələri Azərbaycana səfər etmişdi. O zaman da mənim onlarla əlaqələrim var idi. Onlar məndən xahiş etdilər ki, hazırladığım “Qlobal Daimi Nəzarət Sistemi”ni onlara verim. Mən də həmin vaxtı bu sistemi onlara verdim, ancaq sonra fikrimdən daşınıb yaratdığım bu yeni sistemi onların əlindən aldım və gətirib evə qoydum. Daha sonra isə Rusiyada istədim ki, bu sistemə patent alım. Ancaq onlar məndən çox pul istədilər, mən də razı olmadım. Sonra 2004-2005-ci illərdə mən bu sistemə Azərbaycanda patent aldım. Əgər gələcəkdə Azərbaycan dövləti istərsə, bu sistemi həyata keçirə bilər. Ancaq bunun üçün küllü miqdarda vəsait lazımdır. Amma o vəsaiti də sonradan çıxarmaq və ölkənin kosmik sənayesini sürətlə inkişaf etdirmək olar.

“O vaxt bizim təyyarəmizi də əfqanlar vurmuşdular”

– 2011-ci ildə "Azərbaycan Hava Yolları"na məxsus olan yük təyyarəsi Əfqanıstan üzərində qəzaya uğramışdı. Ekipaj üzvlərindən heç kim sağ qalmamışdı...

– Bəli, o vaxt bizim təyyarəmizi də əfqanlar vurmuşdular. Ümumiyyətlə, sizə bir söz deyim. Mülki təyyarələrin hərbi yük daşıması qanunsuzdur. Bu gün dünyada yalnız ən geridə qalmış hava yolları şirkətləri çalışır ki, mülki təyyarələrlə hərbi yüklər daşıyıb, bu yolla qazanc əldə etsinlər. Ancaq bu isə qeyri-qanuni hərəkətdir.

Digər tərəfdən isə Əfqanıstan münaqişəli bölgədir. O əraziyə mülki təyyarənin uçması böyük risk tələb edir. Bu gün Əfqanıstanda "Taliban" hərəkatının üzvləri NATO-nu, o cümlədən Amerikanı özlərinə düşmən sayır. Bizim təyyarəmiz isə Əfqanıstana NATO yükü daşıyan təyyarə olub. İndi özünüz təsəvvür edin.

“AZAL-ın pilotlarının idarə etdiyi təyyarələrdə SSRİ rəhbər şəxsləri gəzirdi”

– İndi “Azərbaycan Hava Yolları”nın (AZAL) təyyarə parkındakı təyyarələr standartlara nə qədər cavab verir?

– İlk növbədə onu deyim ki, indi istifadə olunan təyyarələrin bir çoxunun alınması üçün vaxtilə müqavilələri şəxsən özüm bağlamışam. Bununla bağlı ilk müqaviləmiz 1995-ci ilin dekabrında “AZAL Bank” vasitəsilə olub. Belə ki, həmin vaxt mən “The Boeing Company” şirkəti ilə 8 ədəd “Boeing 757” tipli sərnişin təyyarəsinin alınması barədə müqavilə imzalamışam. Ancaq “The Boeing Company” şirkətindən aldığımız ilk təyyarələr “Boeing 727” və “Boeing 707” tipli təyyarələr olub. O vaxt bizi dövlət maliyyənləşdirmirdi. O zaman biz belə düşünürdük ki, qoy “Boeing” təyyarələrini alaq ki, pilotlarımız bu təyyarələrin idarəetməsini öyrənsin. O vaxt biz bu təyyarələri kreditlə 4-5 milyona almışdıq. Köhnə model təyyarələr olsa da, 13-14 il işlədi. Daha sonra 2 ədəd də “Boeing 707” tipli təyyarələr aldıq. Bu təyyarələr də bizə külli miqdarda gəlir gətirdi. Pilotlarımız “Boeing” təyyarələrinin idarəetmə sistemini öyrənəndən sonra “Boeing 757” tipli təyyarələr almağa başladıq. Bu təyyarələr də çox müasir təyyarələr idi. “Boeing 757” təyyarələri Rusiyanın istehsalı olan “Tu-154” tipli təyyarələrlə müqayisədə hər bir saatına yanacağa 3 ton qənaət edirdi. Təsəvvür edin ki, bu bizim üçün çox faydalı və əlverişli idi. Ona görə də biz kreditlə müasir “Boeing” təyyarələrinin alınmasına başladıq.

Təhlükəsizlik baxımından isə hesab edirəm ki, AZAL-ın təyyarələri və pilotları çox yüksək səviyyədədir. Ümumiyyətlə, Azərbaycan pilotları SSRİ dövründən bəri hər zaman öz peşəkarlığı ilə seçiliblər. O vaxtı bizim bir çox ekipajları beynəlxalq daşınmalar üçün Moskvaya aparırdılar. Onlar mülkü aviasiya forması geyinmələrinə baxmayaraq, hərbi rütbə də daşıyırdı. Hətta, onlar arasında general rütbəsinə kimi qalxan pilotlarımız olub. Çünki onların idarə etdiyi təyyarələrdə SSRİ rəhbər şəxsləri gəzirdi.

“Taksi sürücüsü hava limanı adı eşidən kimi 10 manatlıq qiyməti dərhal 20 manata qaldırır”

– Bu gün Azərbaycanın ən böyük hava limanı olan Heydər Əliyev adına Binə Hava Limanında xidmət səviyyəsi sizi qane edirmi?

– Bilirsiniz, bu gün adi vətəndaşların şəhərdən hava limanına gəlməsi üçün nəqliyyat sistemi çox çətinləşdirilib. Vaxtilə şəhərdən Bakı hava limanına işləyən trolleybuslar var idi, nəqliyyat sistemi bir-birinə tam bağlı idi. Ancaq indi isə hava limanına heç bir avtobus işləmir. Şəhərdən hava limanına yalnız taksilər işləyir ki, bu da adi vətəndaşlara çətin başa gəlir. Təsəvvür edin, rayonlarımızdan birinə təyyarə ilə getmək istəyən hər hansı bir sərnişin hava limanına getmək üçün taksi sürücüsünə yaxınlaşır. Taksi sürücüsü hava limanı adı eşidən kimi, 10 manatlıq qiyməti dərhal 20 manata qaldırır. Təsəvvür edin ki, bu sərnişin təyyarədən enəndən sonra da yenə taksiyə minir və oxşar vəziyyətlə qarşılaşır. Nəticədə isə insanlar bu cür hallara görə əziyyət çəkirlər.

Hava limanından təkcə orta və ya varlı təbəqənin nümayəndələri istifadə etmir. İmkanı aşağı olan adamlar da bəzən təyyarə ilə harasa getməyə məcbur olur. Ona görə də hesab edirəm ki, hava limanına da avtobus və ya digər geniş sərnişin daşıma sistemi qurulmalıdır. Bu sıravi vətəndaşlar üçün də çox yaxşı olar. Bu, dünyanın hər bir inkişaf etmiş ölkəsində mövcuddur. Azərbaycanda da olması vacibdir.

“Pəhləvinin mühafizəçisi mənə zamin durmaq istəmişdi”

–“Azərbaycan Hava Yolları” ilk “Boeing” təyyarələrini nə vaxt alıb?

– 90-cı illərin əvvəllərində “Boeing” təyyarələri SSRİ məkanında, o cümlədən Azərbaycanda yox idi. Hətta onu deyim ki, SSRİ məkanında “Boeing” təyyarələrinin alınması ilə bağlı ilk danışığı mən aparmışam. Sonra mən bu təcrübəmi Özbəkistan tərəfi ilə bölüşdüm və keçmiş SSRİ ölkələri arasında “Boeing” təyyarəsi alan ilk ölkə Özbəkistan dövləti oldu. Ancaq ilk müqaviləni biz imzalamışıq. O vaxt bu təyyarələrin ilkin qiyməti 64 milyon idi, mən isə 49 milyona endirmişdim. Müqavilənin şərtlərinə görə qiymətlər də dəyişirdi. Çünki o vaxtı “Boeing” təyyarələrinin motorlarını Böyük Britaniyanın “Rolls-Royce” şirkətindən, gövdəsini isə ABŞ-dan alırdıq. Ancaq “Rolls-Royce” şirkətinə məxsus olan təyyarə motorları daha etibarlı və təhlükəsiz hesab olunur. Ona görə də biz bu cür təyyarələr sifariş verirdik.

1996-cı ildə bankla müqavilə bağlayan zaman bizə ilkin olaraq 28 milyonluq dövlət qarantı lazım oldu. O vaxt Böyük Britaniyada yaşayan 83 yaşlı əslən Cənubi Azərbaycandan olan bir general var idi. Bu adam vaxtilə İran şahı Məhəmməd Rza Pəhləvinin mühafizəçisi olub. Bu adam o vaxt bizə çox kömək etmişdi. Hətta mən ona söylədim ki, axı sən nə üçün başını ağrıdırsan? O isə dedi ki, mən azərbaycanlıyam və istəyirəm ki, Vətənim üçün nə isə edim. Bu adam İngiltərə bankının nümayəndəsinə dedi ki, mənim sizin bankınızda 10 milyon pulum var və mən bu pulla zamin dururam. Doğrusu, bu hərəkət məni çox təəccübləndirdi. Onun bu danışıqlarını ingilis bankirlərə tərcümə edirdilər. Bu sözdən sonra bir də gördüm ki, bankın prezidentinin sifəti qızardı və mənə tərəf baxıb dedi: "Daha mənə zəmanət lazım deyil. Bu, məni çox sevindirdi və biz o krediti aldıq. Hətta o, mənə dedi ki, sizi ən varlı avia şirkətlərdən biri edəcəm. Mənə dedi ki, əgər sən 10 milyon kredit alıb, vaxtından əvvəl qaytarmısansa, gələn dəfə sənə 100 milyon kredit təmənnasız veriləcək. Onu da vaxtında qaytarsan, növbəti dəfə 1 milyard kredit veriləcək və sairə. Bu sözlər indiyədək yaxşı yadımdadır. Bunu hər bank müştəriyə qarşı etmir. Mən ilk azərbaycanlı iş adamı idim ki, mənə bu qədər böyük etibar olunurdu. Biz 1995-ci ildə həmin banklar müqavilə bağladıq, ancaq sonradan bu müqavilə 2002-ci ildə həyata keçirildi.

“Azərbaycan dövlətinin tam ixtiyarı var ki, Xocalı hava limanından uçan təyyarələri vursun”

– Bu gün ermənilərin nəzarətində olan Xocalı hava limanından beynəlxalq uçuşlar bu gün həyata keçirilə bilərmi?

– Ermənilər bizim tarixi torpaqlarımızı zəbt ediblər, ancaq səmamızı zəbt etməyib. Ancaq ermənilərin Azərbaycan səmasına müdaxilə etmək imkanı var. Çünki onlarda rus silahları var. Ukraynadakı kimi yerdən raketlə təyyarəni vura bilərlər.

Hesab edirəm ki, bu məsələ ilə əlaqədar Azərbaycan dövləti artıq öz gücünü göstərməlidir. Milli təhlükəsizlik nöqteyi-nəzərdən belə bir ifadə var: Güc tətbiq etmək qüdrəti. İndi Azərbaycan da öz güc tətbiq etmək qüdrətini Ermənistana nümayiş etdirməlidir. Ermənistan tərəfi bilməlidir ki, həmin ərazi Azərbaycan torpaqğıdır və hər hansı təyyarə uçarsa, dərhal vurulacaq. Azərbaycan bunu bütün beynəlxalq aləmə də bəyan etməlidir.

Bu gün Xocalı hava limanında daxili uçuşlar həyata keçirilsə də, Azərbaycan dövləti humanitar nöqteyi-nəzərindən buna göz yumur. Ancaq prinsipial nöqteyi-nəzərdən isə Azərbaycan dövlətinin tam ixtiyarı var ki, o təyyarələri vursun.

Azərbaycan dövləti bu məsələni BMT-nin Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası qarşısında qaldırmalıdır, daha sonra isə Ermənistan tərəfinə vaxt verməlidir. Vaxt tamam olandan sonra isə həmin ərazidə erməni təyyarəsi uçarsa, Azərbaycan o təyyarəni tam vurmaq ixtiyarına malik olur. Bundan sonra dünya birliyi də Azərbaycana heç bir söz deyə bilməz. Çünki bu cür uçuşlar iki dövlət arasında müvafiq razılaşma əsasında mümkün olur. Bunun qanunu yolu da bu cürdür.

“Füzuli Ələkbərova məxsus olan “Imair Airlines” hava yolları şirkəti çox müəmmalı şəkildə yarandı”

– Sizin rəhbərlik etdiyiniz dövrdə özəl hava yolları şirkətlər var idi?

– Bəli var idi. Mənim vaxtımda “Turan Air”, “Imair Airlines” və digər bu kimi özəl şirkətlər var idi. O dövrdə AZAL-ın büdcəsi çox kasıb idi. Mən AZAL-a rəhbər gələndə büdcədə cəmi 130 min dollar pul var idi.Mən çıxanda isə bu vəsait 40 milyonu keçmişdi.

O vaxt “Turan Air” şirkətinin ingilis vətəndaşı olan rəhbəri Bakıya reys açmaq üçün mənə müraciət etdi. Mən də ona icazə verdim, gəldi Azərbaycana. O vaxt gələndə də Azərbaycana 2 ədəd “Tu-154” tipli yeni sərnişin təyyarəsi gətirdi.

Bundan əlavə, sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Füzuli Ələkbərova məxsus olan “Imair Airlines” hava yolları şirkəti də var idi. Ancaq bu hava yolları şirkəti 1994-cü ildə çox müəmmalı şəkildə yarandı. Bu şirkətə görə çox təzyiqə də məruz qalmışdım. İstəyirdi ki, mən AZAL-ın hava reyslərini “Imair Airlines” hava yolları şirkətinə verim. Mən onlara da dedim ki, siz rəqabət aparmaq istəyirsizsə, keyfiyyəti və xidməti yüksəldin, yeni reys açın. Yoxsa ki, mövcud olan hava reysləri nə üçün sizə verilməlidir? Bu, doğru deyil idi. Sonra eşitdim ki, “Imair Airlines” hava yolları şirkəti keçirdiyi böhran səbəbindən fəaliyyətini dayandırdı.

“Özəl hava yolları şirkəti olan dövlət məmurları var idi”

– Başqa hansı dövlət məmurlarına məxsus hava yolları şirkətləri fəaliyyət göstərirdi?

– Açığı deyim ki, bu cür dövlət məmurlar yenə də var idi. Ancaq onlar özləri üzə çıxmırdı, üzə çıxan başqaları idi. Yəqin ki, özləri çıxmaq istəmirdi.

“Bayram Səfərovu vaxtilə AZAL-da işə götürmüşəm”

– Bu gün dövlət məmuru olan şəxslərdən eləsi varmı ki, vaxtilə onu işə siz götürmüsünüz?

– Hə, var. Bayram Səfərovu vaxtilə AZAL-da işə mən almışam. O vaxt gəlmişdi yanıma, dedi ki, kənd təsərrüfatı sahəsindən yaxşı başı çıxır. Mən də ona o sahəyə uyğun iş verdim.

Ona vəzifə verdim və işlədi. Yalan olmasın, xeyli mal-qara, qoyunumuz, donuzumuz var idi. Onların bəslənilməsi işinə Bayram Səfərov nəzarət edirdi.

“Pənah Hüseyn ilə vəziyyət elə də yaxşı deyildi”

– Təyyarədə verilən yeməklərin hazırlanması işinə də Bayram Səfərov nəzarət edirdi?

–Yox, o sahəyə Dubaydan gələn şəxslər baxırdı. Mən 1994-cü ildə Dubaya səfər edəndə orada bir şirkətlə danışıq apardım, razılaşdıq və onları Bakıya dəvət etdim. Gəlib burada bütün işlərini qurdular və təyyarədə verilən yeməklərin hazırlaması işini həyata keçirdilər.

Onu deyim ki, mən Əbülfəz Elçibəyin prezidentliyi dövründə çox işlər görmüşəm. Ancaq o vaxt baş nazir Pənah Hüseyn ilə vəziyyət elə də yaxşı deyildi. Hətta bir dəfə mənimlə Pənah Hüseyn arasında çox ciddi problem yaranmışdı.

“Hərbçilər yük təyyarəsində portağal daşıyırdı, biz isə mülki təyyarə ilə silah-sursat...”

– O, nə problem idi?

– Deməli, o zaman müharibə gedirdi, hərbçilər 2 ədəd “İl-76” təyyarəsi almışdı. Hərbçilər yük təyyarəsində portağal daşıyırdı, biz isə mülki təyyarə ilə silah-sursat, səngərdə lazım olan ləvazimatlar və sairə daşıyırdıq. Biz döyüş bölgəsindən yaralıları daşıyıb gətirdik, hərbçilərimiz isə bu prosesdə qətiyyən iştirak etmirdi. Təkcə Kəlbəcərdəki əhali köçürüləndə mən əmr verdim ki, 2 saat müddətində Zabrat hava limanı boşaldılsın və avtobuslar insanları daşımaq üçün hazırlansın. O vaxt hökumət yox idi, özbaşınalıq yaranmışdı, kim nə istəyirdisə, onu da edirdi. AZAL-ın vertolyotları ilə Kəlbəcərdən 7 minə yaxın adam çıxarıldı. Adamların çıxarılmasında heç bir hərbi vertolyot iştirak etmirdi.Cəmi bir hərbi vertolyot gəlmişdi ki, onu da vurub dərənin dibinə saldılar. Hətta bizim uşaqlar dağlıq ərazi olan Kəlbəcərə gecə də uçurdular. Elə bir vertolyotumuz yox idi ki, güllə deşiyi olmasın. Belə bir vəziyyət yaranmışdı.

Mənim Vahid Əhmədovla çox yaxşı dostluq münasibətim var idi. O vaxtları da baş nazirin müavini olmuş Vahid Əhmədovla bir yerdə Zabrat hava limanına gəldik. Həmin vaxt aeroportda kiminsə 2 ədəd şəxsi vertolyotu dayanmışdı. Kimsə yeni alıb gətirmişdi. Mən o vaxtı Vahid Əhmədova dedim ki, icazə ver, mən bu vertolyotların ehtiyat hissələrinə götürüm. O da icazə verdi və biz həmin ehtiyat hissələrini zədələnmiş vertolyotlar üçün istifadə etdik.

Daha sonra isə Vahid Əhmədov axşam məni çağırıb dedi ki, biz AZAL-a o vaxtlı pulla 1 milyard yardım etməyə qərar vermişik. Həmin pulla dərhal 4 ədəd “Tu-154” tipli təyyarələrin alınması barədə müqavilə bağladıq. Onlardan 2 ədədini alıb gətirdik, ancaq digər ikisinin ala bilmədik. Çünki o zaman artıq qiymətlər bahalaşmışdı və pulun dəyəri düşmüşdü. Ancaq 250 min manata Rusiyadan 2 ədəd “Tu-154” tipli təyyarə aldıq. Qalan pullara isə 8 vertolyot və əlavə ehtiyat hissələri aldıq. O vaxt nə isə almaq da problem idi.

Bank sistemi yox idi. Təsəvvür edin ki, kisələr dolu pulları Moskvaya aparırdın, gömrük də tutub saxlayırdı. Aradan xeyli vaxt keçəndən sonra diplomatik nümayəndəliyimizdən kimsə gəlib onları başa salırdı ki, bu pullar sizin zavoda gedir. Ondan sonra səni buraxırdılar. “AZAL Bank”ın yaradılmasının əsas səbəbi də məhz bank sisteminin işləməsi idi. O vaxtı Pənah Hüseynlə də belə şeylərə görə problem olmuşdu. Daha sonra Pənah Hüseyn vəziyyəti anladı və əngəl yaratmadı.

“Alparslan Türkeşin göstərişi ilə Azərbaycana 680 min dollarıq avadanlıq göndərildi”

– O vaxt işləmiş rəhbər şəxslərin səfərləri ilə bağlı hansı maraqlı xatirələriniz var?

– Deməli, o vaxtı Əbülfəz Elçibəy Türkiyəyə səfərə gedən zaman Millətçi Çalışma Partiyasının rəhbəri olmuş Alparslan Türkeşlə də görüşümüz olur. Mən Alparslan Türkeşlə görüşəndə onun əli çox böyük olduğu üçün, əlim onun əlinin içərisində itmişdi.

Həmin görüş zamanı Alparslan Türkeş məndən soruşdu ki, nə probleminiz var? Mən də dedim ki, çox çətinlik çəkirik, hava limanında olan bütün avadanlıq çox köhnədir. O da mənə dedi ki, darıxmayın, mən sizə yardım edəcəm. Görüşdən sonra o Ankarada bütün iş adamlarını toplayıb iclas keçirdi və özü də ayağa qalxıb dedi ki, hamınız Azərbaycana yardım edin. Onlar da yardım etdilər və Azərbaycana 680 min dollarıq avadanlıq göndərildi. Ümumiyyətlə, Alparslan Türkeş vətənpərvər insan idi və Türkiyədə onu sevənlərin sayı çox idi.

Əbülfəz Elçibəy xəbərsiz təyyarə ilə Kələkiyə uçmuşdu”

– Əbülfəz Elçibəyin Bakıdan Kələkiyə getməsi necə baş verdi?

– Əbülfəz Elçibəy prezident idi və Bakı hava limanında “Tu-134” tipli prezident təyyarəsi var idi. Günlərin bir günü Əbülfəz Elçibəy mühafizəçiləri ilə qəfil gəlib təyyarəyə minib Naxçıvana uçub getdi. Onun öz pilotları var idi və həmin vaxt bu səfər məxfi saxlanılırdı. Amma onun qəfil belə uçması müəmmalı oldu. Çünki həmişəki kimi Elçibəyin yanında bütün mühafizəçiləri yox idi. O uçub gedəndən 1-2 gün sonra isə Azərbaycanda məlum hadisələr baş verdi. Təyyarə də 2 aydan çox Naxçıvanda qaldı. Axırda mən dedim ki, təyyarəni qaytarın. O da deyirdi ki, yox, təyyarəni qaytarmaq olmaz və sairə. Mən də məcbur olub təyyarəni qaçırdım. Çünki o təyyarə AZAL-a məxsus idi. Ona görə də şəxsən özümün tapşırığımla gedib Naxçıvandan təyyarəni gətirdik.

“Surət Hüseynovun adamları təyyarənin başına hər cür oyun açırdı”

O vaxtlar Surət Hüseynovun adamları da təyyarənin başına hər cür oyun açırdı, atəş açırdılar. Mən bir gecənin içində adam göndərdim, gizli şəkildə hava limanına girib, təyyarələri Bakıya gətirdilər. Yoxsa Surət Hüseynovun adamları hamısını dağıdacaqdı.

“Ayaz Mütəllibov iz itirmək üçün Bakıdan Tiflisə, oradan isə Moskvaya qaçmışdı”

– Bəs Ayaz Mütəllibov necə ölkədən çıxmışdı?

– O hadisə yaxşı yadımdadır, hətta Ayaz Mütəllibov əvvəl qayıdan kimi birinci məni işdən çıxartdı. Gecə isə özü ölkədən qaçdı.

Ayaz Mütəllibov və Vəzirov Qala hava limanından qaçıblar. Onların ölkədən qaçmasının AZAL ilə əlaqəsi yoxdur. Onların qaçırılması üçün Moskvadan xüsusi təyyarə göndərilmişdi. Hətta Ayaz Mütəllibov iz itirmək üçün Bakıdan Tiflisə, oradan isə Moskvaya qaçmışdı. Açığı, mən o vaxtı bu şəxsləri izləyirdim. Ona görə də necə qaçmaqlarını bilirəm.

– Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibovun sizə qarşı münasibəti necə olub?

– Mən Vəzirovu səfeh adam sayıram. Yəni, gözümün qarşısında elə hadisələr olub ki, onları dilə gətirmək belə istəmirəm. Bu adamlar müstəqil Azərbaycanın qorunması barədə maraqlı deyil idilər. Ancaq sonra gələn şəxslər isə dövlətin qorunması barədə düşünməyə başladılar.

– Özünüzə şəxsi təyyarə almaq istəmisiz?

– Səmimi deyim ki, mən bu cür fikirlərdən tamam uzaq olmuşam. Mənim böyüyüb başa çatdığım mühit elə olub ki, orada heç zaman vəzifə, şan-şöhrət arzu etməmişəm. Yəni, məni təzyiq altında vəzifəyə qoyublar. AZAL-ın rəhbəri vəzifəsinə gələnədək min cür əziyyətlər, zəhmətlər çəkmişəm.

Vasif Həsənli

Fotolar: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR