Zahid Oruc: “Kim oğlunun vəzifəsini qorumağa görə kitab yazır?”
Bizi izləyin

Müsahibə

Zahid Oruc: “Kim oğlunun vəzifəsini qorumağa görə kitab yazır?”

Deputat Zahid Orucun 1937.az-a müsahibəsi

I HİSSƏ

– Zahid bəy, imtiyazlı şəxslərə sual verəndə ki, “Ədəbiyyatla aranız necədir?”, adətən, səmimi və ya qeyri-səmimi cavab belə olur: “Ədəbiyyata münasibətim çox gözəldir, ədəbiyyatı sevirəm, ədəbiyyatsız bir günüm olmasın…”. Görəsən, bu suala başqa cür cavab vermək olmaz ki?

– Məncə, bu cavabın arxasında yaşı əsas götürmək lazımdır. Çünki Sovet dövrünün adamı olmaq öz-özlüyündə ayrı bir keyfiyyət yaradır. O dövrdə insanlar oxumağı, maariflənməyi, kitab adamı olmağı da dövlətin tapşırığı olaraq həyata keçirirdilər. İdeologiya belə tələb edirdi. Sanki bu da Sovet həyatının bir atributu idi. Ondan kənarda karyera pilləkənlərində irəliləmək mümkün deyildi, həyatda mövqe sahibi olmaq qeyri-real idi… Ümumiyyətlə, Sovetlər birliyini təmsil etmək fərqli bir status yaradırdı. Onların hamısının evlərindəki kitablar, sadəcə, bir rəf əşyası sayıla bilməzdi. Kitab onların iç həyatına daxil olmuşdu və fəhləsindən katibinə qədər, hər kəs onları mənimsəməli idi. Proletariatın əsas banilərinin və yazıçılarının da vəzifəsi sosrealist ədəbiyyatın bütün qəhrəmanlarını qurucu, staxanovçu hərəkatda öndə olan müxtəlif əmək qabaqcıllarını tərənnüm etmək idi. Reallıq ədəbiyyata köçmüşdü və ya ədəbiyyat gerçəyə çevrilmişdi.

– Və…

– Və Zahid Orucun da ədəbiyyata münasibəti, sadəcə, yaxşı oxuyan şagirdin, yaxud tələbənin mövqeyi olmayıb. Nə qədər qəribə olsa da, onun içərisində ölmüş, artıq canını tapşırmış, tarixə qovuşmuş Sovetlər birliyinin çox böyük yeri və rolu var.

– Zaman göstərir ki, vaxtilə ideologiyaya xidmət edən ədəbiyyat daha çox qorunur və daha çox qiymətləndirilir, nəinki ideologiyaya qarşı döyüşən şairlərimiz, yazıçılarımız…Və ya hər ikisinə eyni dərəcədə qiymət verilir.

– Kəramət bəy, birinci məsələ odur ki, bədii əsər zamanı ötməlidir. Dövrünün boyundan, onun mənəvi yüksəkliyindən irəlidə olmalıdır. Kitab yalnız onda qalıcı olur. Obrazlı dillə deyirlər ki, kitablar yanmır. Axı müxtəlif əsrlərdə təkcə adamları deyil, kitabları da tonqallara atıblar. Lakin vərəqləri külə çevrilən əsərləri beyinlərdən və zəkalardan silmək mümkün olmayıb.

– Söhbət yaxın keçmişdən – Sovetdən bu günə gəlib çıxan ədəbiyyatdan və onun dövlət tərəfindən də, insanlar tərəfindən də qorunmasından gedir.

– Bu dövrümüzə gəlib çatan ədəbiyyat hansısa bir ideoloji basmaqəlibin bir elementi ola bilər, amma insan düşüncələrinə və cəmiyyətin konstruksiyasına təsirləri böyük olduğundan onları inkar etmək heç nəyi dəyişmir. Baxın,“Şahnamə” əsəri, əslində, nə idi? Kim iddia edə bilər ki, burada şahların tərənnümü, vəsf edilməsi və ya birinci şəxsin Allahın yerdəki elçisi kimi qələmə verilməsi həmin əsərin bədii gücünü və ədəbi əhəmiyyətini zərbə altında qoyub? Əgər orta əsrlərdə indiki media və aqressiv tənqidşünaslıq mövcud olsaydı, həmin əsərin hər sətrini didik-didik etmişdi.

– Ancaq…

– Ancaq XIV – XV əsrlərdən bu yana “Şahnamə” yaşayırmı, yüzillikləri keçib gələ bilibmi, onu qələmə alan insanın fiziki ömrünü ötə bilibmi? Nə dəxli var ki, bir çobanla söhbətin məğzində yazılmağa qərar verilib. Ona görə də Sovet dövründə yazılmış əsərlərin hamısına o cür damğanı vurmaq ki, bu adamlar partiyani vəsf ediblər, bu doğru deyil.

– Xüsusən də Səməd Vurğunla bağlı polemikalar gedir. Deyirlər ki…

– Səməd Vurğuna edilən son hücumların başlıca arqumentini nə təşkil edir? Guya bu adam zorun, sinfi istismarın, diktaturanın, totalitarizmin qarşısında geri çəkilib və tiran hakimiyyətini öyərək, "Əzəl mübtədası, partiyamızdır" – deyərək yalnız özünün xilas yolunu düşünüb, bu fikir doğru deyil. Səməd Vurğun xalqın ruhuna xitab etməyi bacarıb və qəlblərə hakim ola bilib. Kəramət bəy, açıq deməliyəm ki, bu gün o dövrün adamlarına qarşı qılınc çəkənlər o zamanda yaşasaydılar, Brejnevin, Xruşşovun, Stalinin ünvanına, bilirsizmi, nələr yazardılar? Bunu təsəvvür etmək o qədər də çətin deyil. Rəhbərin kabinetinə bircə dəfə dəvət olunan adamın bütün üsyankar və müqavimətçi ruhu ram edilirdi. O boyda sovet hərb maşınının, qaragüruhçu və hər an parçalamağa işarə gözləyən saray ədəbi canişinlərinin, başqalarının meyiti üzərindən keçərək karyera pilləkənində irəliləməyə müntəzir dayanan qələm cəlladlarının əhatəsində kim idi axına qarşı gedəcək qəhrəman? Mənsurhəllaclıq etməyi hər kəsdən tələb etmək, xüsusən də indiki dövrün azadlıqlarından çıxış edərək, keçmişin mühakiməsinə qalxmaq yanlış yoldur. Allah Fadayevin atasına rəhmət eləsin ki, neçə-neçə istedadı repressiya aparatından xilas edərək Stalinin otağından çıxanda növbəti ölüm fərmanları ilə deyil, yeni əsərlər yaratmağın direktivləri ilə çıxıb.

– Hətta Səməd Vurğunun özünü də mənəvi mənada repressiya qurbanı hesab eləyənlər var.

– Əlbəttə... Onun mənəvi dünyasına basqılar edilməsə belə, nəhəng qələm adamının yaratdığı ədəbi nümunələr xeyli fərqli, dünyəvi mövzuları əhatə edirdi. Halbuki yazıçının nəinki gerçək yazı prosesi, eləcə də düşüncə aləmi və təxəyyülü Corc Oruelin “1984” romanında dahiyanə və apokaliptik bir öncəgörməklə təsvir etdiyi kimi, total nəzarət altındaydı və onlar fikirlərini belə rəhbərdən gizlədə bilməzdilər.

– Lakin...

Lakin ideologiyanın təbliği üçün yazılsa da, Sovet dövründə kifayət qədər uğurlu əsərlər və yaradıcılıq nümunələri meydana çıxdığını inkar etmək mümkün deyil. Məgər 2014-cü ildə və yaxud 2022-ci ildə bu əsərlərin bədii əhəmiyyəti öləcək? Deyəcəklər ki, artıq bunlar makulaturadır, götürün atın? Mən buna inanmıram. Əksinə, onların çoxuna yeni bir qayıdış baş verəcək. Məgər Süleyman Rəhimovun, Mirzə İbrahimovun və ya Səməd Vurğunun, eləcə də digər yazıçı və şairlərimizin əsərləri bədii cəhətdən, üslub baxımından o qədər zəifdir ki, bizim bir politoloqun fikirlərinə tab gətirməsin və Azərbaycan xalqı onları həyatından silsin?

– Məsələn, “Azərbaycan” şeiri...

– “Azərbaycan”şeiri bütün dövrlərdə bir millətin dil açan körpələrinin əlifbası, birinci həyat addımlarıdır. “Azərbaycan” şeiri mənəvi konstitusiyadır, himndir. Almas İldırımı sevmək və ya Hadini bəyənmək o anlama gəlmir ki, sən başqa bir qələm adamının üzərindən xətt çəkəsən.

– Axı zaman dəyişib, ideologiyaya xidmət eləyən ədəbiyyat niyə qorunmalı və daha da təbliğ olunmalıdır ki?

– Doğrudur, zaman dəyişib, amma Sovet adamı hələ ölməyib. Bir az da keçəcək, məsələn, 2030-cu ildə Kəramət Böyükçöl daha yaxşı görəcək ki, Sovet dövrü ədəbiyyata qiymət necə verilib.

– Deməli, zaman faktını Zahid Oruc da qəbul edir.

– Əlbəttə, şübhəsiz...

– Bəs Kəramət Böyükçöl görsə ki, zaman Əkrəm Əylisliyə heykəl qoydu, onda Zahid Oruc nə deyəcək?

– Burda məsələ bir qədər fəqlidir.

– Yəni sizin dediyiniz kimi, əgər zaman istedada qiymət verirsə, deməli, Əkrəm Əylislinin heykəlini elə indidən gözümüzün qabağında canlandıra bilərik.

– Kimsə iddia edirsə ki, Əkrəm Əylisli qələm qabiliyyətinə görə aşağı yerdə durur, bu, çox yanlış olardı. Hətta siyasi mövqe sahibləri də bunu iddia edəndə mən Stalinin o məşhur hərəkətini xatırlayıram. Bilirsiniz ki, hətta bütün filmləri də o vaxtlar Dövlət Film Fondunun əvəzolunmaz rəhbəri olaraq, birinci şəxs özü qəbul edirdi və yalnız onun razılığından sonra sovet xalqı həmin əsəri izləyə bilirdi. Bir dəfə çox böyük zəhmət və xərc hesabına başa gəlmiş bir bədii nümunəyə Stalindən sərt təpki olur. Rəhbəri qəzəbləndirən səbəb çox sadəymiş. Kinossenaristlər bütün süjet boyu Hitleri Sovet liderinin kölgəsində bir əbləh və maymaq yerində vermişdilər. Stalin bütün yaradıcı heyəti qınayır ki, məgər o, 5 il bir paranoik və əfəllə vuruşub? Yəni, Stalinin bu fikrindən çıxan nəticə ondan ibarətdir ki, Heydər Əliyev kimi nəhəng bir adam Əkrəm Əylislinin qələm qabiliyyətini qiymətləndirmiş və ona dövləti adlar vermişdi. Lakin təmsil etdiyin xalqa nifrət etməklə ucalmaq və içində gəzdirdiyin idealları ermənilərin obrazında qələmə almağın başqa bir qiyməti ola bilməzdi, necə ki, Azərbaycan cəmiyyəti də həmin kəskin reaksiyanı heç bir tituluna baxmadan Əkrəm Əylisliyə göstərdi.

– Bəs niyə Heydər Əliyev kimi nəhəng bir adamın yüksək qiymətləndirdiyi Əkrəm Əylisli ilə İTV-dəki debatda Zahid Oruc üz-üzə oturmuşdu?

– Mənim də pislədiyim və onunla üz-üzə söhbətdə, yaxud məqaləmdə kəskin qınadığım "Erməni yuxuları" Əylislinin elan etdiyi mərama heç cür uyğun deyildi. Guya düşmənçilik ruhunu ortadan qaldırmaq, səhvlərə görə bir xalq adından üzr istəmək və bir neçə obrazın timsalında qaniçən azərbaycanlının təsvirini verməyə biz heç cür dözə bilməzdik. Məgər müharibə istəməyən və sülhü tərənnüm edən yazıçı dostluq körpüsünü öz millətinin alçaltdığı siması üzərində qurmalıdır? Bizim davamıza neytral mövqedən baxan istənilən xalqın nümayəndəsi Əylislinin verdiyi simalarla heç zaman bir masa arxasında əyləşməz, ondan özünə etibarlı qonşu düzəltməzdi. Bəli, Cəlil Məmmədquluzadənin “Tar”, “Usta Zeynal” və başqa əsərlərində Azərbaycan insanı çox tənqid olunub.Yazıçının vəzifəsi pisləməkdir ki, millətini böyütsün və bələ ədəbi müxaliflik çox faydalı missiyadır. Bunlar aydındır və təkcə əmrlə, göstərişlə xalqı sivil millətlər sırasına çıxarmaq mümkün olmur. Mən Əkrəm Əylisliyə də dedim, hər bir yazıçı öz xalqının çiyinlərində torpağa tapşırılmağı göz altına almalıdır. Bir beynəlxalq mükafat üçün Orxan Pamuk nümunəsini təkrarlamaq çox təhlükəli və səhv yoldur.

– Heykəl...

– Hə... Birdən 2050-ci ildə düşünüb Əkrəm Əylisliyə heykəl qoymaq istəsələr, biz bu zamandan durub o dövrə əmr edə bilmərik, lakin əminəm ki, Əkrəmin heykəli “istedadlı xəyanətkar” obrazına daha çox yarayacaqdır.

– Zahid bəy, biz niyə keçmişlə yaşayırıq, niyə keçmişə bu qədər ürəkdən bağlıyıq? Tarixi şüur niyə canımızdan getmir?

– Doğrudur, biz keçmişə daha çox yönəliyik. Axı heç gələcək nöqteyi-nəzərindən çox böyük əsərlərimiz də yoxdur, nə də heç düşüncələr bol deyil. Cəmiyyətdə strateji düşüncə defisiti var. Hamı dünənlə yaşayır. Keçmişlə mövcud olmaqdayıq. Yeri gəlmişkən, bir siyasi ifadə işlədəcəm. Xarici aləmdə bizi çox kəskin tənqid edirlər ki, Qafqaz xalqları öz qanlı keçmişlərindən qopa bilmirlər. Bu ermənilərdə daha əndazəsiz, total bir səviyyədə güclüdür. Lakin bizdə də az deyil. Adamlardan bir söz soruşanda ancaq bolşevik dünənindən, qolçomaqlara qarşı mübarizəsindən və kolxoz quruculuğundakı xidmətlərindən danışacaqlar. Bəs 2020-ci ilin insanı necə olacaq? 2030-cu ilə onun baxışları və dünya duyumu necə dəyişəcək? Bax, bunlar haqda ədəbi polemikalar, yaxud elə siyasi diskussiyalar da çox zəif gedir.

– Yeri gəlməmişkən, “Şamo”nu oxumusunuz?

– Əlbəttə... Sovet dövründə oxumuşam.

– Onun haqqında bir lətifə eşitmişəm. “Şamo”nu ölkədə iki nəfər oxuyub. Bir Süleyman Rəhimov, bir də Tibb Universitetində bir qız oxuyurmuş, yarısından ürəyi partlayıb ölüb.

– Mən o lətifəni başqa cür eşitmişəm ki, Şamo Arifin maşının qapısını açıb bağlamağı əsərin bir fəslidir. (Gülür)

– Maraqlıdır, “Şamo”nu niyə oxumusunuz?

– Bilirsiniz, o dövrdə lazımsız əsərlər də oxunurdu. Bunlar sinifdən kənar tədrisin bir hissəsi idi. İndi çoxları o dövrü ya qədərindən artıq qılınclamaqla, ya da həddindın artıq vəsf etməklə məşğuldur. Hamı hər şeyi görürmüş kimi ortaya mövqe qoyur ki, guya Sovetlər birliyinin dağılacağını bilirmiş. Halbuki marksizimdən, leninizmdən müdafiə edənlərin sayı 99.9 faiz idi. Kimsə onun əksinə mövqe ortaya qoya bilmirdi.

– Hər halda, dissident ədəbiyyatı da mövcud idi...

– Düzdür, dissident ədəbiyyatı vardı. Ancaq belə bir reallıq meydana çıxıb ki, adamlar bir-birinin ziddinə olan iki quruluşun eyni dərəcədə qəhrəmanı olmaq və mükafatını, adını qazanmaq istəyirlər. Bu, necə ola bilər? Axı hamı bilir ki, soljenitsınlar çox az idi.

– “Şamo”dan nəsə yadınızda qalıb?

– Kəramət bəy, dediyiniz kimi, həmin əsərlər qalıcı olmadı. Siz oradakı obrazları soruşsanız, mən onları yaxşı xatırlamadığımı bildirəcəm. Ancaq Süleyman Rüstəmin “Təbriz”i mənim yadımda qalıb və ya “Zəncinin arzular”ını yaxşı bilirəm, “Ana və poçtalyon” u sizə əzbər söyləyə bilərəm. Görürsünüz, heç kim məni məcbur etmədi ki, bunları yadımda saxlayım. Amma...

– Bəs niyə yadınızda qalıb?

– Məncə, yaxşı əsər təbii bal kimidir. Məsələn, “Şamo”nun zəif əsər olması, lakin məcburən oxudulması, beyinlərə yeridilməsi heç bir effekt vermədi. Ancaq yaxşı əsər boğazdan keçən anda bilinir ki, bunun həqiqi ədəbi keyfiyyəti və fakturası nədir. Yoxsa əsərin içərisinə çoxlu obraz oğurluqları, sujet kopirovkaları qarışanda o öz dəyərini və gücünü artırmır ki... Necə ki, qələminə hörmət etdiyim Həmid Herisçi oğurluqları çox tez-tez aşkarlayır, müxtəlif yazıçılarımızın əsərlərində, hətta "Ölülər”də başqa bir Qərb və ya Amerika yazıçılarının sujet xəttinin təkrarı olduğunu ortaya qoyur.

– Qəribədir ki...

– Yenə deyirəm, “Şamo” zəif əsər ola bilər, ancaq o dövrün üstündən bütövlükdə xətt çəkmək olmaz. O əsər ki, gərəksizdir, lazımsızdır , mənəvi dünyamıza təsir edə bilmir, fikir yaratmır, xəttlər zəifdir, onu elə bu adla da çağırmaq lazımdır. Yoxsa demək ki, kimsə Satlinə mədhiyyə yazıb deyə, onun bütün əsərləri zəifdir, bu çox yanlış fikirdir. Əmin edirəm ki, Stalin sağ olsaydı, bu gün onu tərənnüm edən, tərifləyici şeirlər və yaxud yazılar yazan adamları pisləyənlər Stalinin əzəmətli portreti qarşısında təzim edib növbəti dövləti sifarişə müntəzir dayanmışdılar.

– Bu gün də tərənnüm şeirləri yazılır...

– Bilirsiniz, əbədi bir sual vardı: “Dövlət rəhbərindən qorxsalar, yaxşıdır, yoxsa sevsələr?” Makiavelli “Hökmdar” əsərində bunun cavabını verib: “Həm qorxsalar, həm də sevsələr, yaxşıdır”. Stalinin dönəmində qorxu nə qədər güclü olsa da, sevgi də vardı. Düzdür, çox sonralar bəlli oldu ki, milyonlara Rəhbərin polad kimi əyilməz obrazını bəxş edən Kremldəki daim yanan işıq kabinetdə deyil, ayaqyolunda bərq vururmuş, lakin faşizm təhlükəsindən dünyanı xilas etmiş adamın kultuna pərəstiş etməmək də mümkün deyildi.

– Maraqlıdır.

– Kəramət bəy, məsələn, siz ulu öndər Heydər Əliyevə yazılmış şeirlərə baxın, mən Mehriban xanımın fikirlərinə əsaslanıb deyirəm ki, Heydər Əliyevi bütün mahiyyətilə, gücüylə, bütün siyasi dünyası ilə, qabiliyyətiylə əks etdirən əsərlər hələ yazılmayıb. Çox güclü kitablar, müqəddəs kitablar var ki, hər dövr oxunanda sanki yenidir. Mənim aləmimdə Heydər Əliyevi də sona qədər dərk etmək mümkün olmayacaq. Olsa, onda o, Heydər Əliyev olmaz ki...

– Əlbəttə.

– Doğrudur, vəsfedici kitablar da var. Kimsə irəli getmək istəyir və ya kimsə oğlunun vəzifəsini qorumağa görə bir kitab yazır. Bəzən də bu xeyir verir. Ancaq o kitablar rəflərdə öz yerini tapa bilmir. Sadəcə, sərgidə onu görmək olur. Siz həmin adamların özündən də soruşsanız ki, “o kitablara evdə baxmısınız?”, deyəcəklər ki, kamera gələndə, müsahibə verəndə o kitablar fon rolunu oynayır. Ola bilər ki, əsərlərini özləri də oxumayıblar və yaxud kiməsə yazdırıblar. Ancaq yenə də deyirəm, Heydər Əliyev o qədər nəhəng adamdır ki, onun haqqında çox böyük yazıçılar məmnuniyyətlə yazardılar. Heydər Əliyev bunun üçün böyük bir tarix, qeyri-adi siyasi salnamə və müstəqil bir dövlət yaradıb. Məgər Sezardan və ya Napaleon Bonopartdan yazanlar ondan nəsə umurdular? Edvard Radzinski Napaleonu 2010-cu ildə, üstündən 200 il keçəndən sonra indiki dövrə daşımağı bacardı. Onun başlıca məramı bir sərkərdənin qələbə və məğlubiyyətini indiki dövrün zirvəsindən qiymətləndirmək idi. Heydər Əliyev şəxsiyyətinin zirvəsi haqda əsl epopeyalar məncə, hələ yaradılmayıb.

Fotolar: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm