• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanlı müğənni: “...göbəyi açıq gəzirdim“

Azərbaycanlı müğənni: “...göbəyi açıq gəzirdim“

Müğənni Elnarə Xəlilovanın Publika.Az-a müsahibəsi.


- Sizi kənardan müşahidə edincə, çox yaxşı olduğunuzu görmək çətin deyil. Göz dəyməsin...

- Çox sağ olun, bəli, yaxşıyam, hər şey əladır. Bəzi yeniliklərim var. İstəyirəm onları həyata keçirim, sonra hər kəsə bəyan edim. Məndə belə bir adət var: öncə işlərimi görüb qurtarıram, sonra hər kəsə deyirəm. Əks halda alınmır.

- Son zamanlar imicinizdə dəyişikliklər edirsiniz. Qadının yaşının üstünə yaş gəldikcə, geyimində sadəliyə daha çox üstünlük verir. Sizdə isə əksinə oldu. Elə bil, hər gün bir az da cavanlaşırsınız...

- Təşəkkür edirəm, bu, mənim ruh halımla bağlıdır. Fikrimcə bu, bütün xanımlarda belə olmalıdır. Bəzən xanımlar özlərini mətbəxdə itirirlər. Düzdür, uşaqlara vaxt ayırıb, ailə ilə zaman keçirmək yaxşı xüsusiyyətdir. Amma bu, o demək deyil ki, xanımlar özlərini unutmalıdırlar. Ancaq onu da deyim ki, özüm də sıradan bir azərbaycanlı xanım olduğum üçün məndə də belə hallar olurdu. Əvvəllər bu, daha çox müşahidə olunurdu. Amma yaxşı ki, son zamanlar özümə gəlmişəm. Məndə “qayıdış” məqamları var. Özümə qayıdıram. Demək olar ki, bir mətbəxdən digərinə keçmişəm.

- Amma sizdə bir az da rokerləri xatırladan imici görürəm. Deyəsən, sizdə rokdan hələ nə isə qalıb.

- Hə, rokun mənə böyük təsiri oldu. “Qan” qrupunun solisti olanda rok ifa edirdim və təbii ki, o, mənim imicimə də təsir edib. Amma indi mənim ruh halımda da dəyişikliklər baş verir. Özü də müsbət tərəfə.

"Bundan sonra məndə komplekslər yaranmağa başladı"

Xoşbəxtəm. Gözəl ailəm var, uşaqlarım və həyat yoldaşım. Sənətimdə və yaradıcılığımda hər bir şey qaydasındadır, Allaha çox şükür. Şükür etməyi bacarmaq lazımdır. Xoşbəxtliyə fərqli tərəfdən baxanlar da var. Mən demirəm ki, qiymətsiz villalarım var, 370 minlik avtomobil idarə edirəm, yox! Özümə kifayət edəcək şeylərə sahibəm. Ailəmə bəs edəcək qədər varımdır və bundan da çox xoşbəxtəm. Bu xoşbəxtlik də mənim xarici görünüşümə yansıyır. Gözəlləşməyə can atıram, saçımın rəngi dəyişir, üzüm gülür. Mənim özümün rəng çalarlarım yavaş-yavaş açılır. Hələ uşaq və qız vaxtlarımdan al-əlvan rəngləri çox sevirdim. Sonra ailə qurdum və istər-istəməz bədən ölçülərim dəyişdi.

İnsan sonrakı dəyişikliklərə alışa bilmir. Əvvəl bir ölçüdə olursan, sonra tamamilə fərqli bir ölçüyə düşürsən. Elə bundan sonra məndə komplekslər yaranmağa başladı.

- Və o komplekslər sizi hələ də tərk etməyib...


"Göbəyi açıq gəzirdim"

- Bəli, komplekslər var. Bunu açıq şəkildə etiraf da edirəm. Artıq geyimimdə dəyişiklik etməyə məcbur oldum. Mən əvvəllər qısa ətəklər geyinirdim, göbəyi açıq gəzirdim. Amma indi 3 uşaqla bunu eləmək çətindir. Gərək nə geyindiyini biləsən. Artıq bəzi komplekslər, bədən ölçüləri buna imkan vermir. Həm də yaşım mənə elə geyimləri qadağan edib. Gərək o kompleksləri addım-addım keçəsən, yavaş-yavaş nələrisə düzəldib, istədiyin nəticəyə çatasan.

- Deyəsən bir az da kökəlmisiniz?

- Bir az nədir? Bir az yox, çox kökəlmişəm. Əvvəllər 56-57 kilo idim. Amma indi 66-67 kq arasında dəyişirəm. Mən sadəcə olaraq düzgün geyinirəm və olanları gizlətməyə çalışıram. Bu kilolarımı ört-basdır edirəm. Ancaq məndən qat-qat kök insanlar var ki, heç narahat olmurlar. Mən isə bir az kilo yığmışam deyə, özümü qəti şəkildə arıq hesab etmirəm. İndi mən necə deyim ki, iynəyə sapam?

- Qocalmaqdan qorxursunuz?

- Yox, qorxmuram. Əslində insan gərək ruhən qocalmasın. Bir zamanlar bu, məndə baş vermişdi. Ruhən çox qocalmışdım. Əməlli-başlı özümə qapılmışdım, hətta çox, dəhşət dərəcə qocaldığımı düşünürdüm. Ancaq bunu ətrafımda olan dostlar, qohumlar və əziz insanlar mənə dəfələrlə dedikdən sonra başa düşdüm. Çox özümə qapanmışdım, qara geyimdən çıxmırdım. Saçlarım, geyimim hamısı qara idi. Depressiya yaşayırdım. Amma dostlar məni başa salandan sonra anladım ki, bu vəziyyətdən çıxmaq üçün nəsə etmək lazımdır. Öncə öz əksimi dəyişməli idim. Bunun üçün xarici görünüşümdən başladım. Qarşıma məqsəd qoydum, hər güzgüyə baxanda başqa Elnarə görməli idim. Mənim ruhuma ancaq bu təsir edə bilərdi. Elə də oldu.

- O dövrü keçmək ağır olmadı?

- Yox, o qədər də çətin deyildi. “1” deyib, gedib burnuma sırğa taxdırdım, “2” deyib yarım saat ərzində saçımın rəngini köklü şəkildə dəyişdim. Yoldaşım girib salonda mənə baxanda, az qala qışqırırdı. Mən də Rövşən təlaşa düşməsin deyə, ondan qabaq qışqırdım ki “Rövşən, darıxma, hər şey nəzarət altındadır”. 1 saatın içərisində başqa adam oldum. Onda uşaqlarım məni çətinliklə tanıyırdı. Qızım ondan sonra ilk dəfə məni görəndə “ana?” deyə soruşdu. Səsimi çıxarandan sonra bildi ki, mənəm. Bir az da fikirləşib aydınlaşdırdı ki, saçımın rəngini dəyişmişəm. İndi artıq hamısı öyrəşib.

- İmiciniz tam dəyişdikdən sonra söhbət gəzdi ki, özünüzü bir az da Sibel Cana oxşadırsınız. Ancaq bu fikri həzm edə bilməyənlər də az olmadı...

"100 manatlıq əskinas deyilik ki..."

- Bilirsiniz necədir? Hər kəs öz arşını ilə ölçür. Biz 100 manatlıq əskinas deyilik ki, hamının xoşuna gələk. Mütləq deyil, hər kəs bizi bəyənsin. Axı bizi istəməyənlər də var. Buna çox normal baxıram. Bilirdim ki, bu Sibel Can söhbətinin normal qarşılanmamaq ehtimalı var. Amma Sibel Can bir dünya ulduzudur. O, 80 milyonluq Türkiyənin "diva"sıdır. Onu nə qədər adam sevir. Ona bənzətdirildiyim üçün çox məmmunam. Burada pis nə var? Niyə də mən oxşaya bilmərəm? Hətta etiraf da edirəm: mən Sibel Canın pərəstişkarıyam.

- Ancaq bu etirafı hər müğənni etmir. Fərq etməz, hansı dünya ulduzunun fanatıdırlar. Amma bunu dilə gətirməyi özlərinə sığışdırmırlar...

- Bunlar hamısı komplekslərdir. Bəlkə də paxıllıqdır. Ancaq qiptə və həsrət hissi də var. Axı hər insanın arzusu olur. Kimsə orada, yuxarıda gördüyü insan kimi olmağa can atır, ona bənzəmək istəyir. Bu, qiptədir. Ancaq o yuxarıdakını öz səviyyəsinə endirmək istəyi paxıllıq hissidir. Onda insanlar bütün yollarla o adamın ayağından dartmağa çalışırlar. Bizimkilərdə bu, var və bunu yığışdırmaq lazımdır.

- Bir də sizin 71 minlik klipinizlə bağlı müzakirələr hələ də davam edir...

- Ay Allah, mən necə də xoşbəxtəm!

- Amma heç kim sizin o klipə bu məbləği ödədiyinizi düşünmür.

- Bu insanlar mənlə 1000 avronun söhbətini edirlər? İndi mən nə edim ki, mənə inansınlar? Niyə bəs 70 min avro deyənə inandılar? Amma mənə çatanda 1000 avronun söhbəti getdi? İndi olmadı helə, oldu belə də...

- Həm də deyirlər ki, klip o pula dəymirdi?

- Şəxsən mən çox bəyənirəm. Əslində o klipi ərsəyə gətirənlərin işi mənim üçün qiymətsizdir. Əgər mənim imkanım olsaydı, 10 qat ondan artıq pul verərdim onlara. Çünki mən orada gördüm ki, onlar mənim üçün necə işləyirdilər. Onlar boğazdan yuxarı yox, canla-başla işləyirdilər. Mən “qa” deyirdim “qa” edirdilər, “qu” deyirdim “qu” edirlər. Bunu unuda bilmərəm axı. Bunlar hamısı elə-belə olmur . Biz ilk dəfə idi bir-birimizi görürdük və bu cür xoş münasibətlə rastlaşmaq hər kəsə xoş olardı. Ancaq etiraf etməliyəm ki, kiçik məbləğ də deyil.

- İnsan heç nə ilə kifayətlənmir. Buna görə də növbəti klipinizə daha böyük məbləğ ödəmək fikriniz var?

- Təbii ki, bundan sonraki işim keyfiyyət baxımından bundan da yüksək olacaq. Sonuncu klipim Ful HD-RED-ə çəkilib. Hər kəs bilir ki, RED nədir. Növbəti klipim daha yaxşı olacaq və təbii ki, buna daha böyük məbləğ lazımdır. Amma buradan bir anons edirəm- sakitləşin, özünüzü yormayın, təlaşa düşüb narahat olmayın, qırmayın biri-birinizi, növbəti klipim mənə hədiyyə olunacaq.

Türkan
Publika.Az




Xəbər lenti

DAHA ÇOX XƏBƏR