• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Görücü Yeganə ölüm tarixini açıqladı - EKSKLÜZİV

Görücü Yeganə ölüm tarixini açıqladı - EKSKLÜZİV

- Demək olar ki, bütün işlərim su ilə bağlıdır. Su məni sakitləşdirir. İşim də su ilə bağlıdır, istirahətim də. Baxanda da su ilə baxıram. Gülləri, bir də dənizi sevirəm. Qış ayından heç xoşum gəlmir. Yay ruhuma oxşayır. Buna görə də istərdim ki, Kəbədə, Mədinədə yaşayım. Amma Azərbaycanımı qoyub, heç bir yerə gedə bilmərəm. Vətənimi başqa ölkəyə dəyişmərəm. Buralarsız, bu torpaqsız qala bilmərəm.


Özü də bu ərəfələrdə, Azərbaycan məhz mən arzuladığım bir dövrə gəlib çatıb. Dünən gördüyüm Azərbaycan, bu gün mən istədiyim kimidir. Şükür Allaha, ölkəmiz hər gün bir az da yüksəlir. Allah pis gözdə, nəzərdən saxlasın. Azərbaycanımı çox sevirəm. Hələ ölkəmiz bundan da artıq olacaq.

- Amma bir zamanlar buralardan çıxıb gedəcəyinizi deyirdiniz...

- (Xeyli fikrə getdi) onda deyirdim, indi demərəm. O günlər artıq çox uzaqdadır və bir daha qayıtmaz. Allah bu ölkəni idarə edənlərə, camaatımıza cansağlığı versin. Azərbaycanımın yaxşı olmasını ölənə qədər istəyəcəyəm. Mənim amallarımdan biri də budur. Düzdür, gedərəm, gəzib qayıdaram. Arzularım var, Məkkəni ziyarət edim. Amma niyə gedəcəyəm dediyimi xırdalaya bilmərəm. Buradan gedəcəyim məkan yalnız Məkkə ola bilər. Balalarım var və mən onlara görə işləyirəm. İnşallah, onları yerbəyer edim, arzularımın dalınca gedəcəyəm. Uşaqlarım ailə qursunlar, sonra. Oğlum Universiteti qurtarır, sonra onu evləndirəcəyəm. Ardınca isə qızlarımı gəlin köçürməliyəm.

- Maraqlıdır, sizin gəlininiz necə olmalıdır?

- Allah rəhmət eləsin, amma mənim qaynanam məndən razı idi. Elə mən də ondan. Düzdür, ona 2 ay “mama” demədim. O, hətta mənim əlimdən stəkanı almırdı ki, “mama” deyə çağırım onu. Mən ancaq Səbirə xanım və ya Səbirə xala deyə səslənirdim ona.

- Səbəb nə idi ki?

-Anam tez rəhmətə getmişdi. Kiməsə ana demək mənim üçün çox çətin idi. Ancaq qaynanam mənə, elə analıq etmişdi. Çox əziyyət çəkirdim. O isə məni qucaqlayırdı, sakitləşdirirdi, deyirdi alınacaq, mən ona da ana deyəcəyəm. Və sonda deyə bildim. Allah ona rəhmət eləsin. Mən heç vaxt onu unutmaram.

O ki qaldı gəlinimə, əlin düşdüyü ocaq gəlin olmalıdır. Əgər mənim qaynanam məndən razı rəhmətə gedibsə, demək ki, mənim də gəlinim məndən razı olacaq. Kürəkənlərimə isə “oğlum” deyirəm. Qızlarım nişanlıdır, onların yoldaşları, elə mənim də övladlarımdır. Mənim 2 qızım, bir oğlum yox, 3 qızım, 3 oğlum var.

- Sizi uzun illərdir müşahidə edirəm. Elə bil, hər fəsil başqa bir Yeganə olursunuz...

- Gün ərzində bəlkə də yarım saat Yeganə oluram. Hərdən qaçıram, sakitlik istəyirəm, yoruluram insanlardan. Sakitliyi ancaq dənizlə tapıram. Gəlib burada otururam, dincəlirəm, rahatlaşıram. Kənardan dayanıb, insanları müşahidə etməyi çox sevirəm. Mənə yuxarı başı təklif edəndə, hər zaman ayaq tərəfə keçirəm. Çünki böyük, yalnız Allahdır.

Ağıllı insanları sevirəm. Bəzi insanlarla rola girirəm. Onlardan uzaqlaşmaq üçün bir müddət dözürəm. Elə insanlarla mən yalnız 5 dəqiqə ərzində ünsiyyətdə ola bilərəm, sonra qaçıram. Tutmur da, axı ürəyim hər şeyi hiss edir. Mən də hər dəqiqə insanları yoxlaya bilmirəm. Əziyyət çəkirəm. Hər kəsin beynində yüz fikir var. Mən onların hamısını bilsəm, canım xəstə düşər. Hərdən öz məhəlləmdə belə uşaqlarımdan uzaqda otururam. Uşaqdırlar da, beyinlərində min fikir fırlanır. Hamısını bilsəm, yorularam.

- Siz insanlara qarşı da açıq şəkildə davranırsınız. Etdiyiniz seçimləri həmin dəqiqə büruzə verirsiniz. Bəyənmədiyiniz insan bunu çox tez hiss edir.

- Hə, o mənim xasiyyətimdə var. Düzdür, mənə deyirlər ki, sən adam tanımırsan. Amma çalışıram ki, elə heç kimi tanımayım. Çünki insanları yaxından tanıdıqca, ağrıdır məni. Elə insanlar olur ki, mən onları istəyirəm, ancaq görürəm ki, o, içində mənə qarşı pis fikirdədir. Belə insanlarla ünsiyyətim çox az olur. Onlardan qaçıram. Qurban olduqlarım mənə bu işdə kömək edir. Şükür Allahın bu gününə. Allah məni, səni və məni istəyənləri mərdimazardan saxlasın.

- Yeganə xanım, sizdən niyə qorxurlar?

- Öz aləmimdə mən heç də qorxulu, vahiməli olduğumu düşünmürəm. Kimin mənə qarşı qorxusu varsa, demək, o insanın fikri təmiz deyil. Təmiz niyyətli insan məndən qorxmaz. Hər zaman demişəm, məndə sırf Allah vergisidir. Allahdan qorxmaq lazımdır, məndən yox.

-Allah vergisi demişkən, bəzi insanlar bunu qarışdırırlar. Kimisi deyir, “yatıb yuxuda almışam”, kimisi deyir, “mən elə belə doğulmuşam”. Ancaq ən böyük problem qara magiya ilə digər baxıcılıq növlərini dəyişik salmaqdır. Ancaq siz dürüstcəsinə etiraf edirsiniz ki, bu, şeytan işidir.

- Bəli, baxıcılıq şeytan işidir. Mən sözümü demişəm və bunu da danmıram. Bu sözü ölənə qədər də deyəcəyəm. Niyə də danım axı? O qədər adam olub ki, hərəsi bunun adını bir cür çağırır. Kimisi ekstrasensdir, çıxarıb hansısa açarını göstərir. Kimisi kosmosla əlaqə qurur, nə bilim, nələr edir. Mən isə olduğunu deyirəm. Əldə etdiyim hər şeyə bəziləri başqa cür baxır. Hərdən bəxtəvərlik oxuyurlar. Day demirlər ki, içim özümü yandırır, çölüm özgələri.

Ən adi bir stəkanın yaranması belə, insanın öz beyninə gələ bilməz. Bunu Allah insanın ağlına gətirir və O edir. Allah bir çöpü də biz insanların əli ilə yaradır. Sən də onu hazırlayanda düşünürsən ki, gör necə də gözəl bacardım. Bəziləri yatıb yuxuda çox şey görür. Mən yuxuda alınan vergiyə inanmıram. Allahın işinə qarışa bilmərəm. Gəlib yalandan Azərbaycan üçün sözlər deyənləri də görmüşük.

-Və yəqin ki, bu cür insanları qınayırsınız?

- Axı o cür insanların dediyi heç bir söz həyata keçməyib. Əgər o deyilənlərdən, verilən açıqlamalardan biri həyata keçibsə, beşi yalan çıxıb. Mən yalan danışa bilmərəm. Azərbaycan üçün proqnoz vermək əvəzinə, dua edirəm. Arzulamaqla dua etməyi çox sevirəm. Bilirəm ki, mərdimazarlar var. Əslində bizim Azərbaycanımızda da hələ görüləsi işlərimiz var. İnsanlar daha da mehriban olub, birləşməlidirlər. Hazırda bizi gözə gətirmək çox asandır. Bizimkilərdə isə bir az sözə getmək var. Ən əsası odur ki, Allah insanlarımızın ağlını əlindən almasın. Hər zaman demişəm ki, mən Allahın işi ilə siyasətə qarışmıram. Amma deyirəm ki, görəcəksiniz, hər şey yaxşı olacaq.

“Eurovision” mahnı müsabiqəsində əmin idim ki, hər şey yaxşı qurtaracaq. Baxmayaraq ki, bir çoxları “partladacaqlar”, “dağıdacaqlar” deyirdilər və öz uşaqlarını belə, ora buraxmırdılar. Amma mənim oğlum da final gecəsi orada olub, mən çox rahat idim. Uşaqlarım deyirdi ki, mama, de ki, yenə bizimkilər qalib gələcək. Deyirdim yox, hələ bir neçə il dincəlsinlər, sonra bir daha qalib gələcəklər. Axı çox çətin və məsuliyyətli işdir.

- İndi deyirsiniz Azərbaycan bir daha bu müsabiqəni qazanacaq?

- Əlbəttə, qazanacaq. Biz qazanan xalqıq, qalib olmağı sevirik. Pis işdə məğlub, yaxşı işdə isə qalib oluruq. Biz həm ağıllı, həm qonaqpərvər, həm də çörək verən xalqıq. Bizə dəyməyənlə işimiz yoxdur. Mən özüm də beləyəm, dırnağımı tapdala, başından sıxım. Amma mənə balaca bir yaxşılıq et, ömür böyü əvəzini çıxım.

- Amma özünüz kimi heç kimi də görmürsünüz...

- Mən özüm kimi baxıcı nəinki Azərbaycanda, bütün dünyada belə, görmürəm. Gördüyümü siz görsəniz, heç bilmirəm nə olar. Bir də hər zaman təkrar edirəm, Allahın işinə qarışa bilmərəm.

- Digər baxıcılar Allahın işinə qarışır ki?

- Bəli, qarışırlar. Məsələn, Azərbaycanda baş tutan möhtəşəm “Eurovision” mahnı müsabiqəsi üçün də çox “baxıcılar” nələrsə demişdilər. Ay baş tutmayacaq, ya bədbəxt bir hadisə olacaq. Ancaq mən bilirdim ki, pis heç nə baş verməyəcək. Əmin idim ki, Azərbaycanım bundan salamat qurtaracaq. Əgər biz Azərbaycan tarixindəki və bugünkü kişilərə nəzər salsaq, görərik ki, onlar nələr ediblər. Heç bir yerdə kişilər öz ölkəsindən çıxa bilməyəndə, bizimkilər hər gün bir səfərdə idi.

Mən neçə əsr bundan öncə olanları deyirəm. Babamın neft quyuları olub, tacir idi. Atamın dayısı baş prokuror işləyib. Ümumilikdə, Azərbaycan kişiləri hər zaman qurub-yaradıblar. Ən gözəl nə varsa, onu məhz bizim kişilər edib. Elə bu “Eurovision” ərəfəsində də onlar nələrə qadir olduqlarını göstərdilər. Hər zaman Azərbaycan kişiləri ilə fəxr etmişəm.

- Sizə qarşı təxribat hazırlayıb, pislik etmək istəyənləri nələr gözləyir?

- Deyin nələr gözləmir ki (gülür). Əslində o insanların başına gələnlər mənlik olmur. Düzünü desəm, bu barədə heç danışmaq istəmirəm. Çünki sonra hər kəs bütün başına gələnlərdə məni günahkar hesab edər. Həyatda heç kimə pislik arzulamamışam. Bu işə Allah baxır.

Vallah, mənim heç kimlə işim yoxdur. Nə isə olanda belə, ancaq Allahı çağırıram, hər şeyi ona tapşırıram. Mən heç kim üçün pis iş görmürəm. Özüm üçün isə yalnız təmizlik işi görürəm. Gözü, nəzəri, mənə olunan cadunu təmizləyirəm. Kiminsə mənə qarşı pis əməli varsa, onu təmizləyirəm, sadəcə bu.

- Bir dəfə sizə vergi verildiyi andan mənə danışmışdınız. Sözləriniz yadıma düşür. Deyirdiniz ilk dəfə “Onu” görəndə saçım ağardı.

- Bəli, o mənzərə... bir gecəyə saçlarım ağardı. İndi bu mövzuya qayıtmaq istəmirəm. Mənim öz aləmim var. Vergi almağın arzusunda belə, olmamışam. Mən direktor arvadı idim. Bu işi kasıblıqdan etməmişəm. Yanıma insanlar gəlib, niyə az baxdığımı soruşanda, deyirəm, hər dəqiqənin bir hökmü var.

- Deyilənlərə görə, siz cadu etmirsiniz. Pis niyyətlə yanınıza gələnləri qovursunuz?

- Heç kimin ailəsinin dağılmasına imkan vermərəm. Mən şirinlik edirəm, eşidəndə ki ailə dağılır, bütün gücümü sərf edib, bunun qarşısını almağa çalışıram.

- Bir də deyirlər, qız bəxti açmaq ən böyük savabdır...

- Ən gözəl işdir 40, 42 yaşında olan qızın bəxtini açmaq. Bu, ən sevdiyim işdir. 40 yaşında qızlar deyəndə ki, “Yeganə xanım, mən ərə gedirəm” dünyanın xoşbəxti oluram. Həmin xəbəri verən qızları qucaqlayıb, ağlayıram. Bu yaşda ərə verdiyim qızlar deyir ki, neçə ildir saysız-hesabsız baxıcıların yanında olublar. Amma heç kim onlara kömək edə bilməyib. Mən bunu bacarıramsa, niyə də sevinməməliyəm? Bu yaxınlarda da bir bəxti açılan qız gəlib dedi ki, icazə verin, ayaqlarınızdan öpüb, dedim “Əstağfurullah, ayaqlarımdan niyə öpürsən, get ondansa 1 kilo “qrilyaj” al yeyim”. Bu sözlərim qızın özünün də xoşuna gəldi.

- Yeganə xanım, müəyyən bir pilləyə gəlib çatmısınız. Bu illərdən sonra heç özünüzə hesabat vermisiniz?

- Bəli və nəticəm çox gözəl olub. İldən-ilə daha da güclü oluram. Allaha çox şükür ki, neçə il bundan öncə bilmədiyimi bu gün öyrənmişəm. İnsan ölənə qədər öyrənməlidir.

- Ölümdən söz düşmüşkən, yadıma sizin bir cümləniz düşür: “Mən öləcəyim günü bilirəm”. Həmişə bu etirafı etsəniz də, heç vaxt o tarixi açıqlamamısınız. Bəlkə o günü bizə deyəsiniz?

-(xeyli fikrə getdi). Bu sözü bilirsiniz niyə demişəm? Mənə vergi veriləndə 7 ay əziyyət çəkdim və o anlarda məhz bu günümü görürdüm. O gördüklərimin arasında ömrümün müddəti də deyildi. Əgər o zamanlar bu günə qədər yaşadığım hər bir günü görmüşəmsə, demək ki, ölüm tarixim də düzdür. Qismət!

-Və sizin ölüm tarixiniz?..

- 74 yaş!

- Bu tarixi bilə-bilə yaşamaq çox çətindir. İlin üstünə il gəldikdə, vahiməyə düşmürsünüz?

- Düşürəm. Gələn il 50 yaşım olacaq. Deməli, artıq 24 ilim qalır.

- Və qorxursunuz...

- Yox, vahiməli gəlsə də ölümdən qorxmuram. Düzdür, hər kəsə can şirindir. Amma bircə istədiyim var, ona çatım, sonra rahat ölə bilərəm. Övladlarımın hər birindən bircə nəvə görüm. Allah kimə nə qədər ömür veribsə, onu da yaşayar, İnşallah. Amma bircə, əzabla ölmək istəmirəm. Xəstə yox, sağlam ölüm. Onsuz da çox əzab çəkmişəm. 18 yaşımda anamı itirmişəm. Atamı da itirmişəm, yoldaşımı da. Övladlarımın da əzab çəkməsini istəmirəm. Anasız qalmaq çox çətindir. Bunu övladlarımın da yaşamasını əsla istəmirəm.

Balalarım valideyn olsun, başları öz uşaqlarına qarışsın, mən də yaddan çıxım. Onlar mənsizliyi görməsinlər. Düzdür, mən onları atasız böyütdüm. Amma Allah əzizlərimi alıb, mənə vergi verdi. Mən öz gücümə uşaqlarımı saxladım. Allah onları darda qoymadı.

- Bəlkə bir az qarışmaq istəmədiyiniz siyasətdən danışaq. Adınız çəkiləndə hər kəsi eyni sual maraqlandırır: görəsən işğal altında olan torpaqlarımızın aqibəti nə olacaq?

- Siz mənə “Eurovision”la bağlı sual verəndə, müsbət cavab verirdim. Çünki hiss edirdim ki, hər şey yaxşı olacaq. İndi eyni cavabı torpaqlarımız haqda da deyə bilərəm. 12 il bundan öncə dediyim sözü bir daha təkrar edirəm: işğal altında olan torpaqlarımız alınacaq. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunacaq.

Allah Azərbaycan kişilərini saxlasın. Tanrı onlara güc versin. Hər bir şeyi onlar özləri həll edəcəklər. Bunun üçün səbir və dua lazımdır. Bu günümüzə şükür etsək, alınacaq. Allah izin verməsə, alınmayacaq, odur ki, səbirli olun.

- Deyirlər 2012-ci ildə dünya dağılacaq. Güclü zəlzələ olacaq. Bu, nə dərəcə doğrudur?

- Əşi, sən Allah məni güldürməyin. Nə oldu, bəs 2011-də dağılırdı? Qədimdən də zəlzələ, vulkan, daşqınlar olub. Yadımdadır, hələ mən uşaq idim, Nardaranda dəniz nə qədər qabağa gəlmişdi. Sonra öz yerinə qayıtdı. Bir də Badamdar tərəfdə torpaq yerində tərpənirdi, yer ayrılırdı. Bunlar hələ sovet vaxtından qalıb və indi də var. Amma bu baş verənlər dünyanın dağılması deyil axı. Niyə bunları şişirdirlər?

Allah görəndə ki, insan vara yox deyir, bu cür əldə olunanları az bilir, hər şeydən narazıdır, onda vurur dağıdır hamısını. Deyir narazısan, get çabala. Amma insan hər gününə şükür edib, varlıq, gözəllik istəyəndə Allah da onu verir. Odur ki, millətimiz ancaq gözəllik və yaxşı işlər üçün can atsalar, Allah istədiyimiz hər şeyi nəsib edəcək. Bir daha təkrar edirəm, torpaqlarımız alınacaq. Geci-tezi var. Səbirli olmaq lazımdır. Dəqiq tarixi açıqlaya bilmərəm. Ancaq bir sözü dəqiq deyə bilərəm: bizim öz torpaqlarımızdan başqa da alınacaq məkanlarımız var.

- Bir də ən çox bir məqama fikir vermişəm. Haqqınızda yazılan hər hansı bir xəbər məhz şou-biznes bölməsində dərc olunur. Deyəsən sizi sürükləyib, bu sahəyə salmaq istəyirlər...

- Mən siyasət bölməsinə çıxa bilmərəm axı, düzdür? Məni ilk dəfə efirə kanalların birində yayımlanan maqazin, şou verilişi dəvət etdi. Ondan sonra tamaşaçıların ağlında məhz bu bölmədə qaldım. Mənə gələn əksər dəvətlər elə şou mövzularında olub. Bir neçəsinə getsəm də, digər qismindən imtina etmişəm. Yadımdadır, hələ Aygün Kazımovanın verilişindən də imtina etdim. Sonra “Günəbaxan”nın açılışına da dəvət etdilər, getmədim.

- Şou-biznesdən söz düşmüşkən, kimi dinləyirsiniz?

- Mən tək şou-biznesi izləmirəm ki. Bizim gözəl sənətkarlarımız var. Dünyaca məşhur xanəndə Ağaxan Abdullayev, Alim Qasımov, Səkinə İsmayılova, çox sevirəm Zeynəb Xanlarovanı, Faiq Ağayevi, Zülfiyə Xanbabayevanı, Aygün Kazımovanı, Brilyant Dadaşovanı, əməkdar artistlərdən Ədalət Şükürovu, Abbas Bağırovu bəyənirəm, müğənnilərdən Röyanı və Xumar Qədimovanı çox istəyirəm.

- Bayaqdan gözlərinizə fikir verirdim. Onlarda qəribə bir məna var, parıldayır...

- Bu sözü mənə çox adam deyir. Bəlkə də gözlərimdə məqsədlərim, arzularım gizlənib. Azərbaycanımın firavan olmasını istəyirəm. Məqsədim də budur. Bir də dünyanın bütün müqəddəs ziyarətlərində olmağı arzulayıram. Bunu isə yalnız tövbədən sonra edə bilərəm.

- Bəs nə vaxt tövbə etməyi düşünürsünüz?

- Məndən olsa, elə bu dəqiqə ataram bu işi. Ancaq ata bilmirəm. Çünki uşaqlarım var. Onları düşünməliyəm. Bununla yanaşı, qarşımda görüləsi hələ çox işlər var. Bir də ki, mənə icazə vermirlər. Tövbənin də vaxtı var. Necə ata bilərəm ki, gücüm hər gün bir az da çoxalır. Buradan da bu nəticəyə gəlmək olar ki, əgər mən gündən-günə güclənirəmsə, demək, hələ lazımam.

Türkan
Publika.Az


Foto müəllifə məxsusdur

Xəbər lenti

DAHA ÇOX XƏBƏR