• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Bu məsələlər bağlı qapılar arxasında müzakirə olunur” - MÜSAHİBƏ

“Bu məsələlər bağlı qapılar arxasında müzakirə olunur” - MÜSAHİBƏ

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Publika.Az-ın suallarını cavablandırıb

- Rusiya və İranın təhdidlərinin artması Azərbaycanın hərbi bloklara qoşulmasını zəruri edirmi?

- Vladimir Putinin Rusiyanın yeni prezidenti seçilməsindən sonra bu ölkə ilə Azərbaycan arasında gərginlik artıb. Rusiyada yenidən hakimiyyət başına gələn Vladimir Putin üçün əsas məsələlərdən biri keçmiş SSRİ ölkələrindən ibarət güclü iqtisadi birliyin yaradılmasıdır. O, israrla Azərbaycanı da bu birliyə üzv görmək istəyir. Bu, heç bir halda Azərbaycanın maraqlarına uyğun deyil.

İranla da münasibətlər gərginləşib. Tez-tez İran rəsmilərindən Azərbaycan əleyhinə hədələyici bəyanatla verilir. Münasibətlərin gərgin olmasının bir göstəricisi də bir aydır bu ölkədə iki azərbaycanlı şairin saxlanılması və onlar barədə informasiyaların verilməməsidir.

Cəbhədə vəziyyətin gərginləşməsindən isə həm İran, həm də Rusiya öz maraqları üçün istifadə edə bilər. Belə bir şəraitdə Azərbaycan balanslaşdırılmış siyasətində korrektələr edərək Türkiyə və NATO ilə hərbi ittifaqı gücləndirməlidir. Azərbaycanın başqa alternativi artıq qalmayıb.

- Rusiya və Azərbaycan arasında gərginlik yaradan məsələlərdə Azərbaycanın geri çəkilməsi nə dərəcədə mümkün görünür?

- Avrasiya Birliyi çox prinsipial məsələdir. Azərbaycan bu birliyə daxil ola bilməz. Çünki orada Ermənistan da yer alacaq. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil ola bilməz. Eynilə orada da Ermənistan təmsil olunur. Ermənistan və Azərbaycanın daxil olduğu MDB isə hərbi blok deyil.

Azərbaycan balanslı siyasət aparsa da, Qərbə inteqrasiyanı, modernləşməyi əsas xətt olaraq götürüb. Azərbaycan Şərq Naminə Tərəfdaşlıq proqramında çıxış edir. Avropa rəsmən bildirib ki, eyni zamanda həm Avrasiya Birliyinin üzvü olmaq, həm də Şərq Naminə Tərəfdaşlıq Proqramında çıxış etmək mümkün deyil. Qəbələ RLS-lə bağlı məsələyə gəlincə, bu stansiya heç bir halda Azərbaycanın maraqlarına xidmət etmir. Hesab edirəm ki, Azərbaycan hökuməti Qəbələ RLS-lə bağlı yeni müqaviləni imzalamamalıdır.

- Azərbaycan həm Rusiyanın, həm də İranın təzyiqlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra bilirmi?

- Düşünürəm ki, bu məsələlərin bağlı qapılar arxasında müzakirəsi başlanılıb. Hesab edirəm ki, prezident İlham Əliyev NATO-nun Çikaqo sammitində ikitərəfli görüşlərdə bu məsələni gündəmə gətirib. ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfərində də bu məsələlər müzakirə olunub.

Düzdür, İran məsələsinin müzakirə olunduğu barədə Klinton mətbuat konfransında bir şey demədi. Amma Azərbaycanın təhlükəsizliyi ilə bağlı məsələnin müzakirə edildiyini təxmin edirəm.

- NATO-Azərbaycan tərəfdaşlığı gözləntilərə cavab verirmi?

- Əlbəttə, gözləntilər özünü doğrultmur. Azərbaycan bu məsələdə çox ləng tərpənir. NATO-nun Fərdi Tərəfdaşlıq Proqramı var və Azərbaycan bu proqramı yerinə yetirməlidir. Təəssüf ki, bu proqramı 3 dəfə təkrarladıq, halbuki yeni bir mərhələyə keçmək lazım idi.

Biz ordumuzun Qərb standartlarına yaxınlaşmasını istəyirik. Bu əməkdaşlıq NATO-ya deyil, özümüzə lazımdır. Bu təşkilatla əməkdaşlıq istiqamətində xeyli məsafə qət etməliyik.

- Ən yaxın müttəfiqimiz Türkiyədir. Amma ekspertlər hesab edir ki, bu ölkə ilə bağlanan müqavilə hərbi-strateji təhlükəsizlik anlamını vermir...

- Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası uzun müddətdir toplana bilmir. Türkiyə ilə hərbi ittifaqa ehtiyac varsa, deməli, təhlükəsizlik sahəsində anlaşma olmalıdır. Bu baxımdan Türkiyə ilə hərbi ittifaqı gücləndirmək üçün görüləcək işlər çoxdur. Daha ciddi planlar ortalığa qoyulmalı və hərbi ittifaqın gücləndirilməsi yolunda addımlar atılmalıdır. Əks halda Rusiya və İrandan Azərbaycana təhdidlər artacaq və Azərbaycanın təkbaşına bu prosesdən çıxması çox çətin olacaq.

- Yayılan xəbərlərə görə, Azərbaycan Ermənistanla sərhədə əlavə canlı qüvvə və hərbi texnika göndərib. Vəziyyətin daha da gərginləşəcəyini gözləmək olarmı?

- Mən gərginliyin irimiqyaslı əməliyyatlara çevriləcəyini düşünmürəm. Ona görə ki, situasiya 1990-cı illərin əvvəlkindən fərqlənir. O zaman SSRİ yenicə dağılmışdı, dünyanın diqqəti daha çox başqa münaqişə ocaqlarına yönəlmişdi. Azərbaycan-Ermənistan müharibəsi bir o qədər nəzər-diqqəti cəlb eləmirdi.

İndi bölgədə çoxlu iqtisadi layihələr həyata keçirilir. Qərbin böyük şirkətləri Azərbaycana iri yatırımlar qoyub və onlar bu yatırımların risk altına düşməsini istəməzlər. Müharibə başlasa belə, iri dövlətlər tez bir zamanda əməliyyatlara son qoymağı hər iki ölkədən tələb edə bilərlər.

- Mümkün yeni hərbi əməliyyatlara Ermənistan və Rusiyanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxilə imkanlarını necə qiymətləndirirsiniz?

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı amorf bir təşkilatdır. Təşkilata Rusiya və Ermənistandan başqa Mərkəzi Asiya ölkələri daxil olsa da, əsas rol Rusiyaya məxsusdur. Aydındır ki, yeni müharibə olsa, Ermənistan təşkilatın nizamnaməsindən çıxış etsə belə, Mərkəzi Asiya prosesə müdaxilə etməyəcək.

Onsuz da məlumdur ki, biz müharibədə Rusiya hərbi maşını ilə savaşmışıq. Ona görə də döyüşlərdə müəyyən məğlubiyytələrlə üzləşdik. Bu baxımdan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının deyil, Rusiyanın Ermənistana yardımlarından söhbət gedə bilər. Ermənistan qarşıdurma yeri olaraq məhz sərhədi seçməklə mesaj vermək istəyirdi ki, o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yardımına ümid edir. Ermənistan həm də mesaj vermək istəyirdi ki, Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyatlara başlasa başqa istiqamətlərdən cavab ala bilər.

- Mətbuatda yayılan məlumata görə, ABŞ dövlət katibi Hillari Klinton bölgəyə səfəri zamanı Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin boşaldılması və bu ərazilərə Qərb sülhməramlıların yerləşdirilməsi təklifi ilə çıxış edib. Deyilənə görə, əsas məqsəd İrana yaxın olmaqdır. Nə dərəcədə inandırıcı versiyadır?

- Mən bu təklifi ciddi qəbul etmirəm. Azərbaycanın istəyi nədir? Birinci addım kimi Dağlıq Qarabağ ətrafındakı ərazilər boşaldılsın və mərhələli həll variantına qədəm qoyulsun. Ermənistan isə bunu etmir.

Qərb sülhməramlıların İranla sərhəd əraziyə yerləşdirilməsinə gəlincə, bu, ortaya atılmış bir şayiədir. Məqsəd İranı Azərbaycan əleyhinə qızışdırmaqdır. Əlbəttə, münaqişənin həlli prosesində sülhməramlılar yerləşdirilməlidir. Burada o ölkələrin sülhməramlıları yerləşdirilə bilər ki, onların bölgəyə aidiyyəti olmasın. Bir də təkrar edirəm: ABŞ sülhməramlıların yerləşdirilməsi informasiyası şayiədir və hesab edirəm ki, İranın maraqlarına xidmət edir.

Ömər Əmirov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR