Elçin Əlibəyli: “Vadonun ATV-yə hansısa yenilik gətirəcəyinə inanmıram“ - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Elçin Əlibəyli: “Vadonun ATV-yə hansısa yenilik gətirəcəyinə inanmıram“ - MÜSAHİBƏ

Elçin Əlibəyli ilə yerli telekanallardakı keyfiyyət, baş verən dəyişikliklər, reytinq haqda söhbət



- Televiziyadan uzaqlaşmağınız söz-söhbətlərə səbəb oldu...

- Burda qeyri-adi heç nə yoxdur. Televiziya elə bir sahədir ki, hamının diqqəti oradadır. Ekrandakı ən kiçik dəyişiklik belə, tamaşaçı üçün hadisədir. Nəinki hansısa telekanaldan uzaqlaşmaq, hətta aparıcının bir televiziyadan, digərinə keçməsi də bizdə faciə kimi qarşılanır. Bu, tamaşaçılara aid deyil. Aparıcılar yaradıcı insanlardır. Onlar həssadırlar. Efir isə, məşhurluq, tanınmaq, ən əsası isə ətrafdan hörmət deməkdir. Hansısa telekanaldan uzaqlaşan aparıcıya o qədər sual verilə bilər ki, psixoloji gərginlik keçirə bilər. Çünki o, dünənə qədər hər gün efirdə idi. Tamaşaçı hər gün efirdə gördüyü aparıcını görməməyi qəbul etməyə də bilir. Bu isə, uzunmüddətli deyil.

- Niyə uzaqlaşdınız?

- Baxın, mən bu suala dəfələrlə cavab vermişəm. Yenə də gəlib eyni yerə çıxırıq. Mən aparıcı deyiləm. Bu, bir layihə idi və bitdi. Proqrama qədər mənim kifayət qədər keyfiyyətli televiziya layihələrim olub. Eyni zamanda elmi işlə məşğulam.

- Geri qayıtmaq təklifi olsa, necə?

- Mən aparıcı deyiləm. Hazırda reklam, televiziya layihələrim var.

- Uzaqdan hər şey necə görünür?

- Elə bir dəyişiklik hiss etmirəm. Yenilik üçün potensiallı kadr olmalıdır. Bizdə isə televiziya sahəsində müasir tələblərə cavab verən kadr yoxdur. Bu problem isə öz-özünə həll olunmur. Dünya təcrübəsi keçmiş, televiziya işini bilən gənclər yetişməlidir.

- Kadrların yetişməsi üçün hansı şərait tələb olunur?

- Bizdə heç bir fakültədə, ixtisasda televiziya işi öyrədilmir. Bunun üçün televiziya akademiyası açılmalıdır. Eyni zamanda da, başqa ölkələrə ildə ən azı 20 tələbə göndərilməlidir. Bunun üçün uyğun ölkə Türkiyədir. Türkiyə yaxın ölkələr içərisində televiziya sahəsində inkişaf etmiş, konkret ənənələri olan, yenilikləri mənimsəmiş ölkədir. Hər il 20 tələbə göndərilsə, bir neçə il sonra televiziya sahəsində uğurdan danışmaq olar.

- Televiziya akademiyası açmaq üçün maddi vəsaitimiz yoxdur ki?

- Təhsildən danışırıqsa, burada yalnız boş binadan söhbət getmir. Bunun üçün də sahəni bilən pedaqoqlar lazımdır axı.

- Sizə elə gəlmir ki, televiziyalar çox ittiham olunur?

- Elədir. Televiziya elə bir sahədir ki, hamı ora ilə əlaqəlidir. Elə insan yoxdur ki, gündə bir dəfə də olsun, ekran qarşısında əyləşməsin. Təhsil sahəsində, gənclərlə bağlı, ümumilikdə cəmiyyətdə gördüyü bütün natarazlıqlar üçün telekanalları hədəfə alanlar var. Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, televiziya biznes sektorudur. Burada əlahəzrət, reytinq və reklamdır. Reklamı isə reytinq məsələsi həll edir. Reklam almaq üçün telekanallarda çoxluğun baxdığı əyləncəli proqramlar olmalıdır. Biz də bilirik ki, keyfiyyət, efir mədəniyyəti, mövzu seçimi, zövqlə bağlı efirdə çox sayda problemlər var. Televiziyanı ittiham etmək çox asandır. Amma bu məsələdə telekanalın yaşaması üçün reklam prinsiplərini də nəzərə almaq lazımdır.

- Belə çıxır ki, telekanalın bütün cəhdləri reklam almağa hesablanıb...

- Əlahəzrət reytinq nəyi tələb edirsə, ekrandan onu görürsünüz.

- Onda televiziyanın maarifləndirmək kimi heç bir öhdəliyi yoxdur?

- Telekanaldan məktəbin, universitetin verdiyi təhsili, tərbiyəni tələb etməklə maarifləndirməyi qarışdırırlar. Televiziyada maarifləndirici, intellektual proqramlar kifayət qədər var. İndi o proqramlara baxırlar ya yox, onu televiziyaları vaxtaşırı hədəfə çevirənlərdən soruşmaq lazımdır.

- Toy proqramları da tənqid olunur. Ancaq xalqımızın ən reytinqli proqramıdır...

- Hamı toy proqramlarının bağlanmasını tələb edir. Bu haqda qızğın tənqidlər var. Ancaq heç kim əsaslandıra bilmir ki, niyə bağlanmalıdır. Evlənməyin nəyi pisdir? Yaşlı, problemli insanlar üçün yaxşı variantdır. İnkar etmirəm ki, o proqramlarda efir mədəniyyətinə zidd hərəkətlər olur və çox sayda keyfiyyət problemi var. Ancaq insanlar evlənir. Bu, bütün dünyada var.

- Axı bizi Zaur və ya Elgiz evləndirməyib. Onlara qədər də insanlar ailə qururdu. Evlilik intim məfhum deyil?

- Söhbət ondan gedir ki, insanlar evliliklə bağlı hələ də konservativ görünməyə çalışırlar. Evlilik intimdirsə, niyə ölkənin yarısını yığıb toya çağırırlar? Toya gələnlər bilir ki, toyun nəticəsi iki insanın intim münasibətidir. Utanıb gəlməsinlər də. Toy proqramları da elə. Kim istəyər baxar, kim utanar, baxmaz. Evlilik proqramını qlobal problemə çevirmək düzgün deyil.

- Efirdə ləhcə ilə danışmaqdan necə, utanmaq lazım deyil?

- Efirdə yalnız aparıcılar ləhcə ilə danışmırlar. Məmurlar, professorlar, təhsil adamları, hamısı ləhcə ilə danışır. Hamı öz ləhcəsini düzgün danışıq qaydası kimi təqdim etməyə çalışır və bunun doğruluğuna inanır. Aparıcılara gəlincə, jurnalistika fakültəsinin müəllimləri auditoriyada ləhcə ilə danışırsa, onun tələbəsi də efirdən onun kimi danışacaq. Təhsilin problemi efirdən televiziyanın problemi kimi görünür.

- Keçmiş ATV-çi kimi ATV-də baş verən dəyişikliklərlə bağlı nə deyə bilərsiniz?

- Kollektivdə dəyişiklikdən əvvəl proqramı dəyişdirmək lazım idi. ATV hələ də köhnə proqram və strukturu ilə işləyir. Hansısa dəyişikliyi görmək üçün ən azı, 6 ay zaman lazımdır. Köklü dəyişiklik etmək elə asan deyil. Bunun üçün proffesional televiziyaçılar lazımdır ki, o da bizdə yoxdur.

- ATV-dəki “get-gəllər” nə ilə bağlı idi?

- Mənim ATV ilə heç bir əlaqəm yoxdur. Bunu telekanal rəhbərliyindən soruşmaq lazımdır. Yəqin ki, bu, yeni rəhbərliyin kollektivi yaxşı tanımaması ilə bağlıdır. Televiziyada kadr dəyişikliyi çətin məsələdir.

- Sizin keçmiş vəzifənizə yeni təyin olunmuş Vado ilə bağlı nə deyə bilərsiniz? O, hansısa yenilik gətirəcəkmi?

- Məndən sonra həmin vəzifəyə Mirsalam Mirsalamov təyin olunmuşdu. Yeni rəhbərlik Mirsalamın yerinə Vadonu təyin etdi. Onunla yaxın olmasaq da, tanışlığımız var. Vadonun telekanalda hansısa dəyişikliyə səbəb olacağına inanmıram. İndiyə qədər televiziyada hansısa ciddi və uzunmüddətli layihə qoymayıb. Mən ümumiyyətlə, nələr baş verəcəyini təsəvvür edə bilmirəm. Murad Dadaşov, Oqtay Əliyev kimi illərlə televiziyada güclü layihə müəllifləri olan insanlar var. O vəzifəyə gətirilmək üçün uğurlu seçim o zaman olardı ki, həmin adamın televiziya təcrübəsi olsun.

- Bəs qeyri-proffesionallarla niyə və necə işləyirdiniz?

- Başqa variant yox idi. Əvvəldə də dediyim kimi, keyfiyyətli kadr və işi bilənlər yoxdur. Çox çətinliklə hansısa layihənin öhdəsindən gəlirdim. Layihə rəhbəri bəzən hamının yerinə işləməli olur. Əslində isə belə olmamalıdır. Hamı öz işini bilsə, 10 günə başa gələn layihəni 1 saata da həll etmək olar.

- “Keyfiyyətsiz kadrlarla” bağlı o zaman niyə ölçü götürmürdünüz?

- “Ölçügötürmə” məsələsi olurdu. Amma bu, nəticədə elə də dəyişikliyə səbəb olmurdu.

- Və nəhayət, tamaşaçı nə zaman ekran qarşısından məmnun halda ayrılacaq?

- Tamaşaçı yalnız intellektual proqram tələb edən və ya yalnız evlilik proqramına baxan kəsim deyil. Hamının zövqünə uyğun layihələr üçün xaricdə təhsil almış, beynəlxalq televiziyaçılığı öyrənmiş kadrlar yetişdirilməlidir. Televiziyanın daxilində baş verənlər tamaşaçıya maraqsızdır. Tamaşaçı ekrandan maraqlı proqram gözləyir. Bunun üçün də proqramçılığı, iş prinsiplərini yeniləmək lazımdır. Normal televiziyanın proqram idarəçilərinin arasında psixoloq, sosioloq və s. olur. Bu idarəetmə sistemini gətirmək lazımdır.

Günay Muradlı
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm