Müsavatdan istefa verənlər danışdı
Bizi izləyin

Müsahibə

Müsavatdan istefa verənlər danışdı

Meydan Əlili: "Təbii ki, gələcəkdə siyasi fəaliyyətlə məşğul olacağam"

Bəlli olduğu kimi, Sülhəddin Əkbər Açıq Cəmiyyət Partiyasına sədr gəldikdən sonra Müsavat Partiyasından ilkin istefalar başlayıb. Belə ki, dünən Müsavat Partiyası Məclisinin üzvü, 2003-cü il prezident seçkilərinə görə həbs edilən Ramiz Mirzəoğlu və Müsavat Partiyasının Naxçıvan Təşkilatının sədri Meydan Əlili istefa ərizələrini partiyanın təşkilat şöbəsinə təqdim ediblər. Adı çəkilən hər iki şəxsin Sülhəddin Əkbərə yaxın olduğu şübhə doğurmur. Onların ACP-də rəhbər postlara gətiriləcəyi də gözlənilir.

Dünən Müsavat Partiyasından istefa verən Ramiz Mirzəoğlu "Gündəlik Teleqraf"a açıqlamasında istefa verdiyini təsdiqləyib. Deyib ki, o, artıq Müsavat adlı partiyada siyasi fəaliyyət göstərmir: "Müsavatdan istefa verməyimi xüsusi şərh etməyə və ya səbəbləri sadalamağa ehtiyac görmürəm. Bu normal bir haldır. Biz rəsmi istefa ərizəmizi partiyaya təqdim etmişik. Ancaq bu o demək deyil ki, yollarımız tam ayrıdır. Gələcəkdə nələrin olub-olmayacağını bilmirəm. Elə buna görə də istefam haqqında danışmaq istəmirəm".

"Bundan sonra siyasi fəaliyyətinizi Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasında davam etdirəcəksinizmi" sualına gəldikdə, Ramiz Mirzəoğlu deyib ki, hələlik bu haqda qərar verməyib: "Mən indi səhhətimlə məşğulam. Yəqin ki, yaxın 10-20 gün ərzində, əsasən səhhətimlə məşğul olacağam. Bundan sonra isə harada siyasi fəaliyyət göstərəcəyim haqda qərar verəcəyəm. Ancaq mənim istefam normal bir şeydir və nələrsə axtarmaq doğru deyil. İsa Qəmbər də vaxtı ilə Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü idi, amma sonra istefa verərək Müsavat Partiyasına getdi".

Müsavatdan istefa verdiyi deyilən Meydan Əlili də bizimlə söhbəti zamanı istefası haqqında xəbəri təsdiqləyib: "Mənim istefam haqda xəbəriniz doğrudur. Amma mən bu haqda şərh verməyəcəyəm". Bundan sonra hansı siyasi təşkilatda fəaliyyət göstərəcəyinə dair suala gəldikdə Meydan Əlili özünün siyasi şəxs olduğunu xatırladıb: "Mən siyasətçiyəm. Təbii ki, gələcəkdə siyasi fəaliyyətlə məşğul olacağam. Amma bu gizli olmayacaq. Seçəcəyim partiya haqqında jurnalistlər xəbər tutacaq".

Yeri gəlmişkən, Müsavatdan istefa verən şəxslər qeyri-rəsmi söhbətlərində istefa ərizələrində partiyadan getmələrinin səbəblərini açıq-aşkar yazdıqlarını qeyd ediblər. Müsavat Partiyasının təşkilat şöbəsinin müdiri Zöhrab Məhərrəmli bildirib ki, adıçəkilən şəxslər sadəcə partiyadan istefa verdiklərini və gələcək fəaliyyətimizə uğur arzuladıqlarını qeyd ediblər: "Hər hansı bir səbəb göstərilməyib. Mən də baş verən istefalarla bağlı Müsavat Partiyasının rəhbərliyinə məruzə etmişəm. İstefa verən iki nəfərdir, rayon təşkilatlarımız yerində qalır".

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu isə söyləyib ki, bu istefa haqqında onlarda məlumat yoxdur: "Biz neçə gündür rayonlardayıq. Dünən axşam Bakıya qayıtmışıq. İstefa haqqında ətraflı bilgim yoxdur. Məndə olan xəbərə görə, onlar biznes fəaliyyəti göstərmək istədikləri üçün istefa verdiklərini qeyd ediblər. Biz onlara uğur arzulayırıq. Bu günə qədər Müsavatla birgə olduqları üçün təşəkkür edirik. Amma Müsavatın 10 minlərlə üzvü var. Təbii ki, gələnlər də, gedənlər də olacaq". Bu arada "Gündəlik Teleqraf"a maraqlı xəbər daxil olub. Xəbərə görə, istefa verən şəxslər dünən günorta saatlarında ACP sədri Sülhəddin Əkbərlə görüşüblər. Bu, bir daha təsdiqləyir ki, istefa verən şəxslər ACP-də müəyyən postlara gətiriləcək.

Nemət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm