“Biz demirik ki, hər şey idealdır“ - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

“Biz demirik ki, hər şey idealdır“ - MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyası Xarici Əlaqələr Şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev günün aktual məsələləri ilə bağlı Publika.Az-a müsahibə verib. Müsahibəni təqdim edirik.


- ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana səfərinin yekunlarını nə cür şərh edərdiniz?

- Səfər Azərbaycan üçün hər cəhətdən uğurlu oldu. Səfər zamanı Azərbaycanla ABŞ-ın strateji tərəfdaş olduqları bir daha təsdiqləndi. Dövlət katibi Azərbaycanın Əfqanıstanda aparılan antiterror əməliyyatında, tranzit ölkə kimi yüklərin daşınmasında oynadığı rolu çox yüksək qiymətləndirdi. Hillari Klinton bəyan etdi ki, onun ölkəsi strateji müttəfiqliyin daha da yüksəldilməsi üçün əlindən gələni edəcək. Dövlət katibi Azərbaycanın demokratik inkişaf yolunda olduğunu da vurğuladı. Bu, o deməkdir ki, Azərbaycanda aparılan siyasi-iqtisadi islahatlar ABŞ tərəfindən çox yüksək qiymətləndirilir.

Sözsüz ki, belə bir bəyanatın səsləndirilməsi o demək deyil ki, Azərbaycanda hər şey ideal, hər şey gözəldir. Xeyr, Azərbaycanda da çatışmazlıqlar var. Amma Azərbaycanda bu çatışmazlıqları aradan qaldırmaq, həll etmək üçün siyasi iradə də mövcuddur.

Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli də müzakirə olundu. Bilirsiniz ki, Hillari Klintonun səfərinin davam etdiyi günlərdə qoşunların təmas xəttində Ermənistan tərəfindən təxribatlar törədildi. Təşkil olunan bu provokasiyalar bir daha onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapmalıdır. Atəşkəs sonsuzluğa qədər davam edə bilməz.

- Səfərin davam etdiyi günlərdə qoşunların təmas xəttində baş verən insidentləri nə ilə izah edərdiniz?

- Bu, onu göstərir ki, Ermənistan və onu himayə edənlər dayanıqlı sülhün əldə olunmasında maraqlı deyillər. Amma Ermənistanın bu cəhdləri nəticəsiz qalacaq. Çunki bu gün Ermənistan işğalçılıq, Azərbaycan isə inkişaf yolunu tutub. Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. May ayında isə ölkəmiz bu nüfuzlu təşkilata sədrlik etdi. Dünya dövlətləri iqtisadiyyatı güclü olan dövlətlə əməkdaşlığa üstünlük verirlər. İqtisadiyyatı olmayan dövlətlə əməkdaşlığın predmeti nə olacaq?

- Hillari Klinton Bakıda bəyan etdi ki, iyunun 18-də Parisdə həmsədrlərin iştirakı ilə keçiriləcək görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərə yeni yanaşma təklif ediləcəyini bildirib. Sizcə yeni yanaşma nədən ibarət ola bilər?

- Biz yeni yanaşmanın nə olacağını indidən deyə bilmərik. Bir şey dəqiqdir ki, ABŞ başda olmaqla dünyanın bütün böyük dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. İrəli sürülən yeni yanaşmada da hər şey Azərbaycanın ərazi bütövlüyü çərşivəsində öz əksini tapacaq. Azərbaycanın bir qarış torpağı da müzakirə predmeti ola bilməz.

- “Freedom House” təşkilatı dünən yaydığı hesabatda Azərbaycanda uzun illər demokratiyanın zəif olduğunu, 2011-ci ildə isə ondan ümumiyyətlə imtina edildiyini bildirib...

- Bunu yazanlar özləri savadsızdırlar və görünür, demokratiyanın nə olduğunu bilmirlər. Demokratiya maddi bir şey deyil ki, ondan imtina edilsin. Demokratiya inkişaf prosesidir. Onun nə əvvəli, nə də axırı var. Azərbaycan da bu prosesi keçir. Ümumiyyətlə, demokratiyanın sabit vəziyyəti yoxdur və o həmişə inkişaf edir. Azərbaycanda da belədir. Bəziləri istəyirlər ki, Azərbaycanda demokratiyanın səviyyəsi birdən birə yüksəlsin. Amma bu mümkün deyil axı. Nəzərə almaq lazımdır ki, Azərbaycan cəmi 20 ildir müstəqillik əldə edib. Bundan öncə totalitar bir dövlətdə yaşayıb. Realist olmaq lazımdır. Demokratiya iqtisadiyyatla bərabər inkişaf edir. Bu gün Azərbaycan sürətli iqtisadi inkişafdadır. Azərbaycanda iqtisadi və siyasi sahədə islahatların aparılması da bir reallıqdır. Digər tərəfdən demokratiyanı ölçmə meyarları olur. Məsələn, hər dəfə seçkidən sonra onu müşahidə edən beynəlxalq təşkilatlar seçkidə irəliləyiş əldə olunduğunu bildirirlər. Əlbəttə, biz hər şeyin ideal olduğunu, bütün regionlarımızın eyni dərəcədə inkişaf etdiyini iddia etmirik.
Əslində, bu cür təşkilatların hesabatlarına çox əhəmiyyət vermək də lazım deyil. Dünyada yüz minlərlə təşkilat var və “Freedom House” də onlardan biridir. Baxın, ABŞ-ın dövlət katibi Azərbaycanı strateji tərəfdaş adlandırır. Əgər Azərbaycan iqtisadi və siyasi cəhətdən irəliləyişlərə nail olmasa, ABŞ-ın dövlət katibi Azərbaycanı strateji tərəfdaş adlandırarmı?

- Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanı hədələyib və bildirib ki, Azərbaycan təmas xəttində təxribat törətsə, sərt cavab alacaq...

- Nə sərt cavab verəcək ki? Sarkisyan əvvəlcə getsin öz ölkəsi ilə Azərbaycanın büdcəsini müzakirə etsin. Bu gün Ermənistanın dövlət büdcəsi 2 milyard dollardan bir qədər çox, Azərbaycanın isə təkcə hərbi xərcləri 3,5 milyard dollardır. Bir düşünsün ki, onun provokativ addımlarına Azərbaycan nə cür cavab verə bilər. Azərbaycanla Ermənistan arasındakı fərq getdikcə böyüyür. Mən buyaxınlarda Qara Dəniz Parlament Əməkdaşlıq Təşkilatının tədbirində iştirak etmək üçün Ermənistanda səfərdə idik. Bu ölkənin nə dərəcədə ağır sosial-iqtisadi vəziyyətdə olduğunu öz gözlərimizlə gördük. Ermənistan fəlakət, iflic vəziyətdədir. Ona görə də, ağlı başında olan belə məsuliyyətsiz bəyanatlar verməz. Sarkisyan özü açıqlamasında bildirmişdi ki, Ağdam Ermənistanın ərazisi deyil. Əgər Ağdam Ermənistanın ərazisi deyilsə, bu gün erməni qoşunları orada nə gəzir? Onlar bütün bu məqamları fikirləşsələr müharibə istəməzlər.

Səxavət Həmid
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm