• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Vüqar Bayramov: “Hillari Klinton məmnun görünürdü...” - MÜSAHİBƏ

Vüqar Bayramov: “Hillari Klinton məmnun görünürdü...” - MÜSAHİBƏ

İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov Publika.Az-a müsahibəsi

- Bu gün vətəndaş cəmiyyəti rəhbərləri Azərbaycanda səfərdə olan ABŞ dövlət katibi Hillari Klintonla görüşüb. Sizdən başqa görüşdə daha kimlər iştirak edirdi?

- Görüşdə məndən başqa İctimai Vəsaitlərin Monitorinqi Mərkəzinin rəhbəri İnqilab Əhmədov, Milli Büdcə Qrupunun koordinatoru Qalib Abbaszadə, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun (Soros Fondu) Şəffaflıq Proqramının rəhbəri Fidan Bağırova və “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva iştirak edirdi.

- Görüşdə hansı məsələlər müzakirə olundu?

- Açıq Hökumət üzrə Tərəfdaşlıq Təşəbbüsü çərçivəsində görülən işlər, o cümlədən büdcə açıqlığı, büdcə gəlirlərinin şəffaflığı, neft gəlirlərindən şəffaf istifadə, vətəndaş cəmiyyətinin rolunun artırılması məsələləri müzakirə olundu. Son illər Azərbaycanda görülən işlər, qarşıya çıxan çətinliklər, vətəndaş cəmiyyətinin rolunun artırılması məsələləri də nəzərdən keçirildi.

Bildirildi ki, son illər hökumət büdcə şəffaflığı ilə bağlı bir sıra pozitiv addımlar atıb. Bunlara büdcə sənədlərinin insanlar üçün açıq olması, bu sənədlərin internetə yerləşdirilməsinin misaldır. Uğurlarla yanaşı bu sahədə olan çətinliklər də vurğulandı.

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü, bu məsələdə ABŞ-ın potensial yardımı, Dövlət Neft Fondunun Müşahidə Şurasında vətəndaş cəmiyyətinin təmsil olunması, vətəndaş cəmiyyətinin proseslərə təsir imkanlarının artırılması, onların dövlət sifarişli tenderlərdə iştirakı imkanları, sosial sifarişlər haqqında qanunun qəbulu məsələləri də diqqətdə oldu.

- ABŞ dövlət katibi görüşdə hansı mesajlar verdi?

- ABŞ dövlət katibi Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafından məmnun olduğunu bildirdi. Qeyd etdi ki, bəzi ölkələrdən fərqli olaraq Azərbaycan vətəndaş cəmiyyəti inkişaf edir, vətəndaş cəmiyyəti nümayəndələri nəyi və necə etməli olduğunu yaxşı bilirlər.

O, eyni zamanda vətəndaş cəmiyyətinin rolunun artmasını insanların şüuru baxımından yüksək qiymətləndirdi. Hillari Klinton Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı ABŞ-ın dəstək verdiyini, eyni zamanda ikitərəfli və üçtərəfli danışıqlarda Azərbaycanın bu ölkələrlə razılıq əldə edilməsinin və qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatı standartlarına uyğunlaşdırılmasının vacibliyini dilə gətirdi.

O, vətəndaş cəmiyyətinə ABŞ-ın hər zaman dəstək verdiyini və bu dəstəyin davam etdiriləcəyini bildirdi. Klinton cəmiyyətdəki proseslərə vətəndaş cəmiyyətinin təsirinin artmasının, vətəndaşlarla hökumət arasında körpü rolu oynamasının vacibliyini vurğuladı. Bütövlükdə görüş konstruktiv şəraitdə keçdi.

- Hillari Klintonun səfərindən əvvəl onun müxalifət partiyalarının rəhbərləri ilə də görüşəcəyi bildirilmişdi. Görüş iştirakçılarının siyahısı kimlər tərəfindən müəyyənləşdirilmişdi?

- Görüşdə vətəndaş cəmiyyəti rəhbərlərindən kimin iştirakı məsələsini ABŞ-ın Azərbaycandakı səfirliyi müəyyənləşdirib. Burada əsas meyar təşkilatın nüfuzu, proseslərə təsir imkanları, eləcə də iqtisadi sferada korrupsiyaya qarşı mübarizə, şəffaflıq artırılması sahəsindəki xidmətlər nəzərə alınıb. Bizim İqtisadi və Sosial İnkişaf Mərkəzi yeganə alyans və ya nümayəndəliyi olmayan QHT idi.

- Klintonun insan hüquqları və müxalifətin mütəmadi olaraq qabartdığı vicdan məhbusları məsələsi ilə bağlı fikirləri səsləndimi?

- Nə QHT rəhbərləri, nə də Hillari Klinton siyasi fikirlər səsləndirmədi. Klinton nəinki siyasət, iqtisadi məsələlərlə də bağlı heç bir bəyanat vermədi.

Vətəndaş cəmiyyəti fikirlərini dinlədi və bu məsələlərə münasibətini bildirdi. Vətəndaş cəmiyyəti məhz bu sektor üzrə məsələləri qaldırdı. Nəzərə alaq ki, görüşə dəvət olunan təşkilatların profili də siyasi deyil. Yalnız iqtisadi məsələlər toxunuldu.

- Belə çıxır ki, görüşdə müzakirə olunacaq məsələlər əvvəlcədən müəyyənləşdirilməmişdi.

- Bəli, müzakirə olunacaq məsələlər əvvəlcədən müəyyənləşdirilməmişdi. Klinton bildirdi ki, müzakirə olunacaq məsələlərdə sərbəstlik var. Təbii ki, hər bir iştirakçı özünün məşğul olduğu sahə üzrə məsələləri qabartdı. Mövzunun seçimi sərbəst idi.

- Azərbaycanın dünyanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycanın enerji siyasəti ilə bağlı nələr danışıldı?

- Enerji məsələləri yalnız neft gəlirləri aspektindən, eləcə də növbəti illərdə bu sektordan əldə olunacaq gəlirlərin dəyişməsi və onun müqabilində qeyri-neft sektorunun inkişafına yönəldilməsi məsələləri müzakirə olundu. Birbaşa enerji təhlükəsizliyi məsələsi müzakirə edilmədi.

- Görüş nə qədər çəkdi?

- Görüşün müddəti əvvəlcədən 45 dəqiqə nəzərdə tutulurdu. Ancaq bir saatdan artıq davam etdi.

Ömər Əmirov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR