Məlahət İbrahimqızı: “Klintonla görüşlərdə bir nömrəli məsələ Qarabağ olacaq“ - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Məlahət İbrahimqızı: “Klintonla görüşlərdə bir nömrəli məsələ Qarabağ olacaq“ - MÜSAHİBƏ

- Azərbaycan-ABŞ münasibətlərini indiki məqamda strateji tərəfdaşlıq adlandırmaq olarmı? Nəzərə alaq ki, bu ölkə işğalçı Ermənistan və Dağlıq Qarabağ separatçılarına rəsmi şəkildə yardım edən yeganə ölkədir.

- Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlığa söykənir. Uzun illərdir biz anti-terror koalisiyanın üzvüyük, enerji sahəsində əməkdaşlıq edirik. Ermənistan isə Rusiya ilə əməkdaşlıq etdiyini açıq şəkildə ortaya qoyur. Bütün beynəlxalq təşkilatlar Ermənistanı işğalçı kimi tanıyıb, BMT işğalçı Ermənistanın qeyd-şərtsiz torpaqlarımızdan çıxması haqqında dörd qətnamə qəbul edib.

Təəssüf ki, Azərbaycan bəzən anlaşılmaz şəkildə ikili standartlara tuş gəlir. ABŞ-ın Dağlıq Qarabağa yardımı buna bir misaldır. Halbuki işğalçını blokadaya salmaq lazımdır ki, mütərəqqi dünyadan təcrid duruma düşsün və mənfur siyasətinə son qoysun.

Ümid edirik ki, həm ABŞ, həm də Azərbaycan üzərinə götürdüyü öhdəliklərə həmişə sadiq olacaqlar. Strateji tərəfdaşlıq təkcə sözdə deyil, əməldə də özünü göstərəcək.

- Bir sıra ekspertlər hesab edir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən kənara çəkilərək bu məsələdə üstünlüyü bilərəkdən Rusiyaya verib. ABŞ-ın passivliyi Hillari Klintonun Azərbaycana səfəri zamanı onun diqqətinə çatdırıla bilərmi?

- Prezident İlham Əliyev istənilən tribunada Azərbaycanın mövqeyini qətiyyətlə səsləndirib və qarşıya tələblər qoyub. Hesab edirəm ki, Hillari Klintonla keçirilən bütün görüşlərdə Dağlıq Qarabağ münaqişəsi bir nömrəli problem kimi onun qarşısına qoyulacaq.

Mən deməzdim ki, ABŞ münaqişənin həllində üstünlüyü Rusiyaya verərək geri çəkilib. Gəlin ATƏT-in Minsk qrupunda yer alan "üçlüy"ü müqayisə edək. Azərbaycan üçün okeanın o tayındakı dövlət daha maraqlı olar, yoxsa qonşuluqdakı Rusiya? Təbii ki, Rusiya bu problemin yaranmasında da, problemin aradan qaldırılmasında da əsas ölkədir.

Rusiya ilə qonşuyuq, yüzilliklərlə bir çətir altında yaşamışıq. Bu gün dünya maraqlar dünyasıdır. ABŞ üçün Dağlıq Qarabağ problemi yəqin birinci dərəcəli deyil.

Onun üçün Dağlıq Qarabağdan daha aktual problemlər var.

Rusiyanın öz daxilində nə qədər problemləri olsa belə, bu ölkə Dağlıq Qarabağ məsələsində ABŞ-dan daha fəal olacaq. Münaqişənin yaranmasında Rusiyanın rolunu azyaşlı uşaq da gözəl bilir. Bu baxımdan, ABŞ-ın Rusiyadan fəal olması çətin məsələdir.

- ABŞ dövlət katibinin regiona, o cümlədən Azərbaycana səfəri İran-Azərbaycan münasibətlərinin gərginləşdiyi bir vaxta təsadüf edir. ABŞ bu gərginlikdən nə dərəcədə öz xeyrinə istifadə edə, yaxud Azərbaycanı İrandan qoruya bilər?

- Düzdür, hazırda Azərbaycan və İran arasında soyuq küləklər əsir. Hesab edirəm ki, bu süni yaradılan problemdir. Ümidvaram ki, gərginlik tezliklə aradan qaldırılacaq.

Bir çox sahələrdə Azərbaycanın İranla kəsişən nöqtələri var. Yadımdadır, prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında çıxış edərkən belə bir fikir səsləndirmişdi ki, Azərbaycan heç vaxt başqa ölkə üçün hərbi meydan olmayacaq, ərazisindən başqa ölkənin vurulmasına imkan verməyəcək.

Azərbaycan rəsmi şəkildə bu kimi bəyanatları dəfələrlə səsləndirib. İran da bunu bilməlidir. Eyni zamanda Azərbaycanın da ABŞ-la yaxşı münasibətləri var.

Azərbaycanın təhlükəsizliyi ABŞ üçün çox önəmlidir. Necə ki, 11 sentyabr hadisəsindən sonra anti-terror koalisiyasına qoşulan ilk ölkələrdən biri Azərbaycan oldu. Azərbaycanın sülhməramlıları İraqda, Əfqanıstanda ABŞ əsgəri ilə bərabər xidmət edib. Biz də bunun müqabilində gözləyirik ki, ABŞ Azərbaycanın təhlükəsizliyinə öz töhfəsini versin.

-ABŞ dövlət katibinin Azərbaycana səfəri çərçivəsində vətəndaş cəmiyyəti və siyasi partiya nümayəndələri ilə görüşü nəzərdə tutulub. Müxalifət hesab edir ki, bu görüşdən sonra vicdan məhbusların azad olunması prosesi daha da asanlaşacaq. "Freedom House" təşkilatı da Klintonu Azərbaycanda insan haqları problemini qaldırmağa çağırıb. Bu barədə sizin fkirləriniz necədir?

- Təəssüf ki, Azərbaycan müxalifətinin, vətəndaş cəmiyyətinin bir qrup nümayəndəsi ölkənin taleyüklü məsələlərini gündəliyə gətirməkdən yayınırlar. Azərbaycan beynəlxalq təşkilatlar qarşısında insan hüquqları ilə bağlı öhdəlik götürüb, bunu etiraf edirik. Amma dünyada vicdan məhbusu anlayışı yoxdur. Azərbaycanla bağlı bir sınaq etmək istəyirlər, bu da ikili standart nümunəsidir.

-Qəbul edirsinizmi ki, Azərbaycanın ABŞ-la müxtəlif istiqamətlərdə qurulan münasibətləri pozmaq cəhdləri var?

- Azərbaycan və ABŞ arasında müəyyən problemlərin olduğu qəbul edilməlidir. Bunda isə maraqlı tərəflər var. Ermənistan hamıdan daha çox maraqlıdır ki, ABŞ-Azərbaycan münasibətlərində zəif nöqtələr olsun.

Təkcə ABŞ-Azərbaycan deyil, Azərbaycan-Avropa, Azərbaycan-Rusiya, Azərbaycan-İran münasibətlərinin bərbad olması ermənilərin marağındadır. Məlum məsələdir ki, bu münasibətləri gərginləşdirməklə Azərbaycanın güclənməsinin qarşısını almaq istəyirlər. Amma səylər əbəsdir.

Azərbaycanın iqtidarı və sağlam müxalifəti olaraq ölkənin problemlərinin birgə həllinə çalışmalıyıq. Biz Azərbaycana qarşı qüvvələrin istəklərini birgə dəf etməliyik.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm