Zülfiyyə Xanbabayeva: “Bax buna deyərəm sevgi!“- MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Zülfiyyə Xanbabayeva: “Bax buna deyərəm sevgi!“- MÜSAHİBƏ

Ekranlarda, efirlərdə çox görünməyi sevməyən və bu astagəllikdə səbəb axtarmayan Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayeva yaxın vaxtlarda onu sevənlərə yeni albomunu təqdim edəcək.

Müğənni planlarını və düşüncələrini Publika.Az-la bölüşüb.

- Bilirəm ki, niyə efirdə gec-gec görünməyinizin səbəbləri ilə bağlı sualları heç sevmirsiniz...

- Hər işi ləng görürəm, həmişə gecikirəm... Elə ailəmizdə də bacı-qardaşlarımdan yaşca çox kiçiyəm, dünyaya gec gəlmişəm. Təbiətimdə tələskənlik yoxdur. Arzularım gec olsa da həyata keçir.

Yaşımdan böyük işlər görmüşəm. Həm yaradıcılığımda, həm də şəxsi həyatımda istədiklərimi əldə etmişəm. Arzularımın 80-90 faizinə çatmışam.

- Buna baxmayaraq fanatlarla tez-tez əlaqə saxlayırsınız...

- Bu, həm onlara, həm də mənə lazımdır. Əgər insanlar məni çox sevirsə, mahnılarımı dinləyirsə, bundan böyük xoşbəxtlik ola bilməz. Sənətimi buna görə sevirəm.

Fanatlarımdan enerji alıram. Sevgilərini, sevinclərini alıb yenidən özlərinə qaytarıram. Hərdən onları incidirəm, bəzən lazımi diqqət və sevgi göstərə bilmirəm. Bəzən də inciyirlər, yəqin ki, o inciklik çox tez keçib gedir. Əsas odur ki, insanın könlünü almağı bacarıram.

Əslində hər sənətçinin fanatı özünə oxşayır. Mənimkilər də... Mədənidilər, tərbiyəlidilər. Onlara yalnız mənim mahnılarım lazımdır. Mənsiz doğum günümü qeyd ediblər, "facebook" səhifəmi yaradırlar. Mən hansı hədiyyəni xoşlayıram, alırlar...

Bax buna deyərəm sevgi! Heç vaxt diqqətlərindən qaçmıram. Hədiyyələri saxlayıram ki, böyüyəndə qızıma çatdırım.

- Sizə qibtə etməyə dəyər. Arzuladığınız başqa nələr var?

- Bizdə heç bir müğənninin musiqi qrupu yoxdur. Təkcə toy müğənnilərindən başqa. Onlar da el şənliklərində çıxış eləmək üçün birgə çalışırlar.

Azərbaycanda kifayət qədər istedadlı musiqiçi var. Lakin onları bir yerə yığmaq və qrup yaratmaq üçün maliyyə vəsaiti lazımdır. Mən özümə musiqi qrupu yaratmaq istəyirəm, buna gücüm çatar. Lakin istərdim ki, simfonik orkestrlə fərdi ansamblım olsun...

- Bəs bunun üçün hansı vaxtı gözləyirsiniz?

- Özümü tərifləmirəm, amma görüdüyüm işlərin fərqindəyəm. Çoxlu yeni ideyalarım var, amma bu xaos mühitini heç xoşlamıram. Çəkilib bir kənarda dayanmışam...

- Məncə, belə xaosun sizə ancaq müsbət təsiri ola bilər. Hamı bilir ki, qalmaqalı sevmirsiz...

- Efir aynadır. Ağlagəlməz qalmaqallarla bir-birini yamanlayan müğənnilərin sonra heç nə olmamış kimi bir-birləri ilə barışanda onlara baxıb deyirəm: "Təşəkkürlər, yaxşı ki, varsınız, sizə baxıb özümə dərs götürürəm".

Bəlkə özləri kənardan öz durumlarını görmürlər, ancaq mən baxıb nəticə çıxarıram. Ola bilsin mənim də səhvlərim olur, mənə də baxıb dərs götürürlər.

Ancaq mənim bildiyim bir şey var. Səhnəyə görə bir-birini tapdalamaq, əzib keçmək olmaz! Səhnə bu gün var, sabah yox. Qalan ancaq musiqi olacaq, mahnı olacaq. Hər şey keçib gecəcək, cavanlıq da, səhnə də... Cavan nəsli də qəbul etməyi bacarmalıyıq.

- Orta yaşlı sənətçilər dansalar da, faktlar çoxdur: Onlar gənc nəsli qəbul eləmirlər. Sizin həsəd apardığınız gənc müğənni varmı?

- Bu gün İlhamə Qasımovaya yaxşı mənada həsəd aparıram. Mən də arzu edirdim ki, mahnılarım "MTV"də, "MCM"də səslənsin. Halal olsun İlhaməyə! Daha sonra Safurə Əlizadəni bəyənirəm. Fikirləşirəm ki, Safurə çox yaxşı irəliləyir.

- Sizi 10 ildən sonra necə təsəvvür etmək olar? Səhnədə, ya evdə?

- Özümə də maraqlıdır ki, harda olacağam... Arzu edirəm, 10 ildən sonra harda oluramsa-olum ora gələsiniz. Həyatı axarına buraxmağı xoşlayıram. Əgər muğam və klassik musiqi ifaçısı olsam deyərdim ki, səhnədə qalacam. Amma estrada fərqlidi...

Tamaşaçılar qəbul eləsələr səhnədə olacam, etməsələr... Zorla özümü qəbul etdirən deyiləm ki.

- Sənətdə nailiyyət əldə eləmək üçün işləyib yorulmaq yaxşıdır, yoxsa tanınandan sonra bir kənara çəkilibdincəlmək? Daha doğrusu, əvvəlki illər yaxşıydı, yoxsa indi?

- O vaxt çalışmaqdan şikayətlənirdim, indi rahatlıqdan... Ətrafdakı qarışıqlıq mənə yaradıcılığımı davam etdirməyə imkan vermir. Tamaşaçıları qınayıram. Zövqlər korlanıb. Ümumiyyətlə, tamaşaçılar nə dinləyirlər, özləri də bilmirlər. Düzdür, müğənnilərdə də günah az deyil - dinləyiciyə nəyi təqdim edirsənsə, ona qulaq asmalı olur.

- Hazırda nə ilə məşğulsunuz?

- Bu gün daha çox qızım Dənizlə vaxt keçiriəm, hərdənn deyinirəm... Ancaq heç vaxt mahnılarımı əsirgəmirəm. Yaxşı mahnı axtarıram. Yeni albomla bağlı söhbətlər gedir...

Lalə Yusifqızı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm