Mübariz Qurbanlı: “Böhtanlı yazılar yenə olacaq...“ - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Mübariz Qurbanlı: “Böhtanlı yazılar yenə olacaq...“ - MÜSAHİBƏ

- "Eurovision" yarışması başa çatdı. Müsabiqənin keçirildiyi günlərdə müxalifətin, daha dəqiqi İctimai Palatada toplaşan qüvvələrin fəallığını, keçirdiyi aksiyaları necə qiymətləndirirsiniz?

- Müxalifətin radikal qanadı hər zaman milli maraqlarımıza zidd hərəkətlər edir, qeyri-adekvat addımlar atır. "Eurovision" müsabiqəsi ərəfəsində də radikal müxalifət yarışı Qərbin müəyyən dairələrinin gözündən salmaq üçün yerli-yersiz, mən deyərdim ki, heç bir ehtiyac olmadan, qəsdən şəhərin mərkəzində müxtəlif siyasi aksiyalar keçirməyə cəhd göstərməklə qarışıqlıq, qarşıdurma yaratmaq istədi. Ona görə də biz müxalifətin radikal qanadının "Eurovision" yarışması dövründəki fəaliyyətini, əməllərini pisləyirik və bunu milli maraqlara zidd hərəkətlər hesab edirik.

- Müsabiqə ərəfəsində Azərbaycanda insan haqları ilə bağlı Qərbin aparıcı mətbuat orqanlarında yazılar dərc olundu, telekanallarda süjetlər efirə verildi. Eyni zamanda insan haqları ilə məşğul olan beynəlxalq QHT-lərin və ayrı-ayrı ölkələrin parlament üzvlərinin ölkəmizə yönəlik tənqidi bəyanatlarının sayı artdı. Sizcə, Azərbaycana yönəlik tənqidlər bundan sonra artan, yoxsa azalan templə davam edəcək?

- Azərbaycanın həyata keçirdiyi müstəqil siyasi və iqtisadi fəaliyyət Qərbin bəzi dairələrinin, habelə ətrafımızda olan bəzi ölkələrin xoşuna gəlmir. Biz tam müstəqil siyasət yeridirik və bəzi dairələr bu siyasətimizdən qıcıqlanaraq Azərbaycan əleyhinə müxtəlif cəhdlər edirlər. Onlar öz təsir dairələrində olan təşkilatlarda ölkəmiz əleyhinə bu və ya digər qətnamələrin qəbul edilməsinə çalışırlar. Təbii ki, bunlar Azərbaycana təsir göstərmək üçün atılan addımlardır.

Amma bütövlükdə Azərbaycanın beynəlxalq miqyasda, dünya dövlətləri arasında nüfuzu kifayət qədər yüksəkdir. Azərbaycan beynəlxalq miqyasda zəif olsaydı, BMT Baş Məclisində 155 dövlətin dəstəyi ilə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilə bilməzdi.

Amma ayrı-ayrı ölkələrin daxili siyasi həyatı birmənalı və yekcins deyil. Ayrı-ayrı ölkələrdə Azərbaycanla bağlı olan, yaxud Azərbaycanda müəyyən maraqları təmsil edən şirkətlərin, siyasi qüvvələrin sözünü deyənlər, eləcə də erməni lobbisinin siyasi və iqtisadi təsir dairəsində olan qruplar var. Bu dairələrin mövqeyi təbii ki, həmin ölkələrin maraqları deyil, qrup maraqlarıdır. Həmin dairələr "Eurovision" ərəfəsində, elə indinin özündə də Qərb mətbuatında müxtəlif xarakterli yazılar dərc elətdirirlər.

Ancaq Azərbaycan dövləti sosial-iqtisadi, siyasi cəhətdən xeyli güclüdür. Biz hansısa beynəlxalq maliyyə qurumunun qarşısında əyilərək ondan vəsait dilənən ölkələr sırasında deyilik. Biz vassal ölkə deyilik. Bizim iqtisadi potensialımız siyasi-iqtisadi maraqlarımızı qorumağa qadirdir. Belə olan təqdirdə Azərbaycana hansısa xarici qüvvənin, QHT-nin, yaxud digər qurumun bəyanatı, özfəaliyyəti ilə təsir etməsi mümkün deyil.

Müsabiqə ərəfəsində Azərbaycanda insan haqlarının durumunu bəhanə edərək müxtəlif qərəzli qruplar tənqidi bəyanatlar verirdilər. Bu hal indi də müşahidə olunur. Elə bu günlərdə Avropa Parlamentində Azərbaycanda insan haqlarının durumunu bəhanə edərək qətnamə qəbul edilməsi bu qrupların fəaliyyətinin nəticəsidir.

Biz bunda dövlətləri ittiham etmirik. Azərbaycanla Qərbin heç bir ölkəsi arasında hər hansı problem yoxdur. Amma müəyyən ölkələrin parlamentlərində müxtəlif siyasi qrupların təsiri ilə ölkəmizə qarşı çağırışlar eşidilir. Buna uyğun siyasət qurmalıyıq və qururuq. Hər deyilən söz bizim üçün əhəmiyyət kəsb eləmir.

Biz öz məqsədimizlə, məramımızla dövlətimizin müəyyənləşdirdiyi siyasətlə, öz yolumuzla ardıcıl olaraq gedirik. Əlbəttə, Azərbaycanla bağlı Qərb mətbuatında həmin qüvvələrin əli ilə yenə də böhtan xarakterli yazılar çap olunacaq. Çünki bizi istəyənlərlə bərabər istəməyənlər də var. Öz təşvişlərini onlar da bu formada ifadə edirlər.

- Müsabiqənin builki qalibi Lorin Azərbaycanda insan haqları ilə bağlı fikirlər səsləndirdi, yerli hüquq müdafiəçiləri ilə görüşdü. Deyilənə görə, onun qalibiyyətində bu məqamların da rolu olub...

- "Eurovision" mədəniyyət hadisəsidir. Kimlərsə bu yarışmanı siyasiləşdirməyə çalışırlar. Musiqi yarışmasının qalibi ilə yarış öncəsi müxtəlif xarakterli görüşlər keçirməyə və onun Azərbaycan əleyhinə hansısa fikir söyləməsinə çalışırdılar. Amma bildiyimə görə, bu qadın Azərbaycanla bağlı elə bir kəskin, qeyri-ciddi ifadə işlətmədi. Baxmayaraq ki, radikal müxalifət buna can atırdı.

Mən İsveç təmsilçisinin qələbə qazanmasında siyası çalar olduğunu iddia, nəticələri şübhə altına ala bilmərəm. Ötən il Azərbaycan təmsilçiləri, ondan əvvəl başqa ölkələrin təmsilçiləri qalib gəlmişdi. Burada qalib SMS-lə səsvermə yolu ilə müəyyən olunur. Ona görə də nəticələrin şübhə altına alınması mümkün deyil.

- İran-Azərbaycan münasibətlərindəki son gərginliyin əsas səbəbi kimi "Eurovision" yarışı göstərilirdi. Müsabiqə başa çatdığı üçün münasibətlərin də normallaşmasını ehtimal etmək olarmı?

- Bu, İranın dövlət səviyyəsində rəsmi mövqeyi deyildi, İrandakı bəzi dairələrin mövqeyi idi. İranın Azərbaycanla bağlı rəsmi dövlət mövqeyi İran prezidentinin Azərbaycan prezidentinə 28 May – Respublika Günü münasibətilə ünvanlandığı təbrik məktubunda öz əksini tapıb. İran tərəfi Azərbaycanla dostluq, qarşılıqlı münasibətlər səviyyəsində əlaqələrin olmasında tərəfdarıdır. Bu İran prezidentinin məktubunda açıq şəkildə öz əksini tapıb.

İrandakı bəzi dairələr "Eurovision" ərəfəsində əsassız fikirlər səsləndirmişdilər. Guya Azərbaycanda "gey-parad" keçiriləcək və sair və ilaxır. Biz də bu və buna bənzər fikirlərin əsassız olduğunu göstərdik. Ona görə də mən hesab edirəm ki, İranla münasibətlərdə ciddi problem yaranması üçün səbəblər yoxdur və münasibətlər bundan sonra da uğurla davam etməlidir.

Azərbaycanla İran qonşu ölkələrdir və bizi bir-birimizə bağlayan çoxlu nüanslar var. Eyni zamanda Azərbaycan-İran münasibətləri hər iki tərəfdə diqqətlə nəzərdə saxlanmalıdır.

Səxavət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm