• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Köln Universitetinin doktorantı: “Tənqidlər “Avroviziya“dan sonra səngiyəcək“ - MÜSAHİBƏ

Köln Universitetinin doktorantı: “Tənqidlər “Avroviziya“dan sonra səngiyəcək“ - MÜSAHİBƏ

- İbrahim bəy, Almaniya-Azərbaycan münasibətlərində baş verənləri necə şərh edərdiz?

- Bir növ anlaşılmazlıqdır... Azərbaycan xarici siyasətdə Almaniya və Avropa ölkələri üçün strateji tərəfdaşdır, bununla yanaşı siyasi mədəniyyət baxımından Azərbaycan və Avropa cəmiyyətləri arasında böyük fərq var. Fikrimcə, müşahidə olunan siyasi anlaşılmazlıq buradan qaynaqlana bilər.

Avropa mediasının xarici ölkələrin daxili siyasətinə tənqidi münasibəti - istər Azərbaycan, yaxud Ukrayna, istərsə də Rusiya və ABŞ olsun – təbii haldır. Belə hallar Almaniya ilə həmin ölkələr arasında siyasi və iqtisadi münasibətlərə adətən ciddi təsir göstərmir.

Nəzərə almaq lazımdır ki, xarici siyasət əsasən üst-üstə düşən maraqlar üzərində qurulur. Cəmiyyətlərdə hökm sürən müxtəlif dəyərlər və mədəniyyətlər də siyasətə təsir göstərə bilər, lakin çox vaxt bu təsir cüzi olur. Məsələn, alman siyasətçiləri özlərinin Qərb dəyərlərinə, insan hüquqları və demokratiyaya sadiq olduqlarını, ən azından, medianın qarşısında sözdə təsdiq etməlidirlər. Lakin çox vaxt siyasətçilər bu bəyanatlara ciddi əməl etmirlər.

Misal üçün, jurnalistlər Almaniyanın xarici işlər nazirindən başqa bir xarici ölkədə insan hüquqlarının pozulması hallarını necə dəyərləndiyini soruşanda nazir nə susa, nə də bu iddianı təkzib edə bilər. Gərək müvafiq bir cavab və ya bəyanat versin ki, özünün və rəhbərlik etdiyi strukturun öz cəmiyyətində mövcud olan dəyərlərə sadiqliyini nümayiş etdirsin.

Almaniya hökuməti və parlamentinin insan hüquqları üzrə müvəkkillərinin işi isə əsasən bundan ibarətdir. Onlar Rusiyada insan hüquqlarının pozulmasını da, Amerikada ölüm cəzasının tətbiq olunmasını da tənqid edə bilərlər, lakin əməldə bu bəyanatlar Almaniyanın xarici siyasətinə ciddi təsir göstərmir. Son zamanlar Azərbaycana qarşı olan şifahi "hücumlara" da məhz bu prizmadan baxmaq lazımdır.

- Maraqlısı odur ki, alman mediasında Azərbaycan hakimiyyəti sərt tənqid olunur, amma bir dəfə də Dağlıq Qarabağ münaqişəsindən bir yazıya rast gəlinmir, yaxud Ermənistanın işğalçılıq siyasəti tənqid olunmur. Sizcə, bu nəylə bağlı ola bilər?

- "Avroviziya" qalmaqalından əvvəl Almaniya KİV-ində dəfələrlə Qarabağ məsələsindən məqalələr dərc olunub. Hətta bu məqalələrin bəzisində Azərbaycana qarşı müsbət mövqe də var. Sadəcə son zamanlar "Avroviziya" ilə əlaqədar diqqət Azərbaycanın daxili siyasətinə yönəlib, bu səbəbdən Qarabağ məsələsi və digər məsələlər indi az xatırlanır. "Avroviziya"dan sonra durumun dəyişilməsini gözləmək olar.

- Ümumiyyətlə, Almaniya-Azərbaycan münasibətlərinin gərginləşməsi hər iki ölkənin maraqları üçün problemlər yarada bilərmi? Xüsusilə, bu prosesdən Ermənistan hansısa divident qazanması mümkündürmü?

- Hazırda Almaniya-Azərbaycan münasibətlərinin gərginləşməsi ehtimalı azdır. Buna görə də prosesin nəticələrindən danışmaq indi yersiz olar. Azərbaycana qarşı yönəlmiş "qara piar" kampaniyası nə qeyri-adi, nə də planlaşdırılmış bir işdir. Belə münasibət artıq başqa ölkələrə qarşı da müşahidə olunub. Misal kimi futbol çempionatı ilə əlaqədar alman mediasının Ukraynanı atəşə tutmasını gətirmək olar.

Bu hal hər dəfə böyük mədəniyyət və idman tədbirlərinin astanasında təkrarlanır. Azərbaycan bu KİV-lərin nə ilk, nə də son qurbanıdır.

Düzdür, azərbaycanlıların bir çoxuna bəzi tənqid və iddialar əsassız görünür, ancaq bu, söz azadlığının nəticəsidir. Avropada hər söz deyilə bilər, amma hər deyilən söz qəbul olunmaz. Xüsusən siyasətdə - bir az latayır səslənsə də - hər deyilən sözə ciddi əməl etməzlər.

Alman siyasətçiləri Qərb dəyərlərinə sadiq olduqlarını sübut etmək üçün KİV-də yayılan xəbərlərə reaksiya göstərirlər, əməldə isə fərqli addımlar atılır. Medianın Ukraynaya qarşı tənqid kampaniyasına baxmayaraq, Almaniya höküməti adicə futbol cempionatını boykot etməkdən də imtina etdi. Siyasi və iqtisadi münasibətlərin kəsilməsindən isə söhbət gedə bilməz. Yeganə nəticə Almaniyanın hökümət məmurlarının Ukraynaya qarşı bir neçə mənfi bəyanat verməsi oldu.

Azərbaycanla Almaniya arasında siyasi-iqtisadi münasibətlər hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır və bu cür gəlib-ötən qalmaqallar bu münasibətlərə ciddi təsir göstərməz.

- "Avroviziya" Mahnı Müsabiqəsinə Almaniya mediasında diqqət varmı?

- Hər ölkədə olduğu kimi, Almaniyada da "Avroviziya"nı izləyənlər çoxdur. "Avroviziya" finalı əsnasında alman telekanallarında Azərbaycana qarşı tənqidi materialların yayımlanması təbiidir. Biz özümüz bunu ciddi qəbul etməsək, qalmaqalın siyasi müstəvidə

Azərbaycan-Almaniya münasibətlərinə ciddi mənfi təsir göstərəcəyinə inanmaq çətindir.

Elnur Eltürk

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR