• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Sankt-Peterburqlu analitik: ”KTMT baş katibinin bəyanatı absurddur”

Sankt-Peterburqlu analitik: ”KTMT baş katibinin bəyanatı absurddur”

- Niyaz bəy, Sizcə, bu gün Azərbaycanın öz hərbi qüdrətini artırması və mövqeylərini gücləndirməsi nəyə işarədir?

- Uzun müddətdir Azərbaycan Qarabağ münaqişəsini sülh yoluyla həllinə çalışır, ancaq qarşı tərəf zəbt olunmuş əraziləri tərk etmək istəmir. Bundan əlavə, dünya ictimaiyyəti, lap dəqiq desək, Avropa Azərbaycanın mövqeyinə laqeydliklə yanaşır və çalışırlar ki, münaqişənin səbəbkarı olan Ermənistana imkan daxilində siyasi yardım göstərsinlər, Azərbaycanı danışıqlarda öz mövqeylərindən geri çəkilməyə məcbur etsinlər.

Ancaq Azərbaycan rəhbərliyi belə bir addımı qəbul eləmək niyyətində deyil. Azərbaycan açıq-aşkar bəyan edib ki, erməni işğalçıları Azərbaycan torpaqlarını könüllü tərk etməsələr, onları hərbi güc vasitəsiylə çıxaracaq.

Açıq deməliyik ki, bu bəyanatlar tək Ermənistanda yox, dünyanın bir çox yerlərində yerləşən siyasi qüvvələrin xoşuna gəlmir.

- Ümumiyyətlə, Qarabağ uğrunda müharibə başlasa Ermənistanı bir dövlət olaraq nələr gözləyir? Bu gün Ermənistanın siyasi-iqtisadi və hərbi, sosial vəziyyəti müharibə aparmağa imkan verirmi?

- Bu sualın cavabı həm asandır, həm çətin. Aydındır ki, iqtisadi gücü çox zəif olan Ermənistan belə müharibəni uzun müddət apara bilməyəcək. Böyük-böyük danışmalarına baxmayaraq, bu ölkənin hərbi rəhbərliyi bəyan edir ki, müharibəyə hazırlıq prosesində 3 aylıq ehtiyat yaradırlar. Eyni zamanda, Azərbaycanın təkcə maliyyə imkanları ona düşmənlə 3 illik mübarizə aparmaq imkanı verir.

Bu səbəbdən mən həmişə deyirəm ki, Azərbaycan üçün gələcək müharibə çox çətin sınaq olacaq, Ermənistan üçünsə isə fəlakətlə nəticələnəcək.

- Bəs bu gün uğurlu inkişaf edən Rusiya-Azərbaycan hərbi əlaqələri iki ölkəyə, eləcə də bölgə üçün nələr vəd edir?

- Zənnimcə, bu, Ermənistanın son ümid ağacını sındırır. Çünki Rusiya-Azərbaycan əlaqələrinin inkişafı Azərbaycan silahlı qüvvələrinin döyüş imkanlarını artırılmasına gətirir. Azərbaycan Rusiyanın lazımlı və xeyir gətirən müttəfiqinə çevrilə bilər. Ermənistansa günü-gündən köhnə, qulpu sınmış çamadana bənzəyir – zibilliyə atmağa heyfin gəlir, aparmağa da güc yoxdur. Adətən, gec-tez belə lazımsız əşyaları qırağa tullayırlar.

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja Ermənistana qarşı hər hansı hərbi müdaxilə olacağı təqdirdə KTMT-nin ona kömək göstərəcəyini bildirib. Sizcə, səslənən fikirlər gerçəkliyi yaxındırmı?

- Bu sözlər təzə deyil. Bəllidir ki, Nikolay Bordyuja hər dəfə imkan düşəndə deyir ki, lazım gəlsə Ermənistana rəhbərlik etdiyi təşkilat kömək edəcək. Ancaq bu mövqeyi nə o, nə də onun erməni “dostları” tutur. Əslindəsə hər hansı ölkəyə qarşı güc tətbiqi haqqında qərarı Bordyuja qəbul etmir. Həmin qərarı heç Rusiya da qəbul etmək səlahiyyətində deyil. Müvafiq qərar KTMT dövlətlərinin rəhbərliyində, konsensus əsasında qəbul olunur. Bu səbəbdən də 2008-ci ilin avqust ayında Rusiyanın istəyinə baxmayaraq, KTMT dövlətləri ona dəstək olmadılar.

Yaxşı məlumdur ki, Ermənistanı çıxmaq şərtiylə, KTMT-yə daxil olan dövlətlərin Azərbaycanla çox sıx əlaqələri var. Bu səbəbdən nə Qazaxıstan, nə Özbəkistan kimi üzv ölkələr Ermənistanı müdafiə edən qərara imza atmayacaqlar.

Bu gün KTMT-nin əsas məqsədi Əfqanıstan problemidir. Düzdür, Rusiyanın bəzi politoloqları, hərbçi və siyasətçiləri arzulayardılar ki, KTMT gələcəkdə NATO-ya bənzər nüfuzlu təşkilat olsun, ancaq bu, mümkün deyil.

Elnur Eltürk

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR