• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ərəstun Oruclu: “Bəzi insanlarımız ikili həyat yaşayır“ - MÜSAHİBƏ

Ərəstun Oruclu: “Bəzi insanlarımız ikili həyat yaşayır“ - MÜSAHİBƏ

"Otur evdə, o üç mini sənə özüm verim" deyə bilən kişilər azdır"

Publika.Az-ın "Ev havası" layihəsinin növbəti qonağı siyasi ekspert Ərəstun Orucludur.

- Özünüzü necə hiss edirsiz? Turistlərin Bakıya axını size narahat eləmir ki?

- Şəxsən mənim üçün heç nə dəyişməyib. "Avroviziya" mənim üçün elə bir məna kəsb eləmir. Gözlənildiyindən qat-qat az turist gələcək. Bunun ilkin əlamətlərini görürük. Berlində, Brüsseldə, Praqada 30-40 dollarlıq otellər var. Bizdə isə qiymətlər çox bahadır, hansı turist bura gəlmək istəyər?

- Bəs siyasi nöqteyi-nəzərdən əhval-ruhiyyəniz necədir?

- Çox təəssüf ki, dini, irqi, milli baxımdan tolerant ölkə olan Azərbaycan siyasətdə tolerant deyil. Hər şey bilərəkdən mürəkkəbləşdirilir. Məsələn, Gürcüstanda hər şey fərdi təfəkkürün dəyişməsi ilə başladı. Ancaq bunun elə bir prinsipial əhəmiyyəti yoxdur. Bu, sırf gürcü modeli olsaydı, hər halda, onun bir tarixi də olardı. Mən ona görə gürcüləri göstərirəm ki, eyni sistemdən çıxmışıq. Tarix və mədəniyyət olaraq çox yaxınıq.

- Biz qafqazlılar həm də ən yaxşı, ən qədim, ən qonaqpərvər millətik…

- Bütün millətlər öz barələrində belə düşünür. Əslində elə qədimik. Alman tarixçisi bir dəfə söhbət əsnasında mənə dedi ki, millətin atalar sözü varsa, deməli, qədimdir. Baxın, amerikalıların atalar sözü yoxdur. Hər bir etnosda, icmada özünümühafizə var. Bu, şüuraltı bir şeydir. Ancaq bu dəqiqə bizə təbliğ edilən dəyərlər əslində dəyərsizlikdir.

- Hazırda bizə vətənpərvərlik lazımdırmı? Bu hiss insanlara doğru aşılanırmı?

- Mən millətçiliyi qəbul eləmirəm, liberal təfəkkürə sahibəm. Fikirləşirəm ki, dinindən, irqindən, milliyətindən aslı olmayaraq insana məhz insan olduğu üçün dəyər verilməlidir.

- Bəs, din aspekti necə, müxalifət dindar kəsimə çox güvənir…

- Mən hesab edirəm ki, din amili yaxın onillikdə siyasətdə heç bir rol oynamayacaq. Mən özüm İctimai Palatanın üzvüyəm. Bir toplantıda İlqar İbrahimoğlunun Rafiq Tağının xatirəsinin yad olunmasına imkan verməməsi diqqəti din amilinə çəkdi. Bunun mübahisəsini aparmaqdansa, diqqəti açılmayan cinayətlər siyahısına düşən Rafiq Tağının qətlinə çəkmək lazımdır.

- Rafiq Tağı ilə bağlı baş verənlərdə mətbuatın rolu nə qədərdir, sizcə?

- Əgər insan azadlığı anlayışını qəbul edirsinizsə, bunu şəxsi nümunədə də göstərməlisiniz. Qəzetlərdən biri iki il əvvəl məni az qala ermənilərlə əməkdaşdlıqda günahlandırmışdı. Başqa bir qəzet isə şərh etməyimi istəyəndə onlara dedim ki, yaxşı ki, dördüncü, beşinci səhifəyə yox, hörmət əlaməti olaraq manşetə çıxarıblar. Bir qəzet məni təhqir etməklə dividend qazanacaqsa, qoy, bu, mətbuata töhfəm olsun. Azərbaycanda hamının mətbuata yanaşması qərəzlidir.

- Konkret nəyi nəzərdə tutursuz?

- Azərbaycanda hər kəsdə daxili bir senzura var. Azərbaycanda qorxudan çox qorxudan qorxmaq fenomeni var.

- Fondlar tərəfindən müxalifətə, ictimai sektora demokratiyanın inkişafı üçün külli miqdarda vəsait ayrılır. Amma bu sferada narazılıqlar da səngimək bilmir. Səbəb nədir?

- Yəqin ki, ayrılan vəsait yalnış sərf olunur, buna görə. Gəlin, biz dominant olaraq daxili amili önə çəkək. Hansısa fonddan, onun vəsaitindən daha çox, bizə demokratiya lazımdır. Mən düşünürəm ki, demokratiya eyni zamanda hamıdan çox iqtidara lazımdır. Demokratiya ilk növbədə qanunun aliliyi deməkdir. Demokratiya yalnız azad seçki demək deyil. Qanunun aliliyini isə iqtisadi azadlıq, mülkiyyət azadlığı təsbit edir. Digərləri sonra gəlir.

- Siyasətdə romantika nə qədər keçərlidir?

- Heç bir addım da keçərli deyil. Heç Çe Gevara da romatik olmayıb.

- Bunu Çe Gevevaranın boynuna bəlkə qadınlar qoyur…

- Məncə də.

- Fahişəliyin leqallaşdırılması nə qədər doğru olardı?

- İnsanlar bunu özlərinə peşə olaraq seçirsə, bu, leqallaşa bilər. Qədim peşədir. Ən azı 1400 illik tarixi var. Mən fahişəliyin leqallaşmasının əleyhinə deyiləm. Bircə şeyin əleyhinəyəm, o da siyasi fahişəliyin leqallaşmasıdır.

- Bu təcrübəni yaşamış ölkələr var…

- İstənilən halda, bu, istismardır. Mən düşünmürəm ki, hansısa qadın bunu öz istəyi ilə edir. Dövlət öz vətəndaşını qorumalıdır ki, heç kimin belə bir addımı atmağa ehtiyacı olmasın.

- Məişət zorakılığı ilə bağlı qanun qəbul edildi. Sizcə, bu, nələri dəyişəcək?

- Azərbaycan insanının təfəkkürü dəyişməlidir. Dəyişməsə, qanunların qəbulu da heç nəyi dəyişməyəcək. Azərbaycanda bir ailədə oğlan və qız doğulur. Bir neçə ildən sonra uşaqlara münasibət dəyişir. Məsələn, oğlana heç kim demir ki, get, mənə çay gətir. Artıq burda gender bərabərliyi pozulur. Abır, ismət qorumaq ancaq qadından tələb olunur.

Sovet dövrü də qadına qarşı ikiüzlü davranırdı. O sistem heç vaxt gender bərabırliyini qoruya bilməzdi. Üzdə hər şey bərabər idi. Ancaq çox şey qadına qarşı idi. Həmin dönəmdə də məhdudiyyət var idi. Diplom ancaq cehiz xarakteri daşıyırdı. Həyat yoldaşı qadına deyirdi ki, otur evdə, 100 manatını verəcəyəm.

- Kişi qadının sərbəstliyinə niyə mane olmalıdır ki?

- Məncə, bu, zəiflikdən irəli gəlir. Güclü kişi güclü qadından qorxmamalıdır. Əksinə, onun geclü olmağına çalışmalıdır. Mənim həyat yoldaşım vəkildir. Diplomatik desək, onun işlədiyi kontingent elə də ideal deyil. Mən nəinki ona mane oluram, əksinə, ona dəstək oluram.

Qadınların bütün bu proseslərdə iştirakına sevinirəm. İndi ayda 2000, 3000 manat maaş alan qadınlar var. Onlara "otur evdə, üç min manatını verim" deyə biləcək kişilər azdır. Başqa bir problem odur ki, o qızların ailə qurmağı bir az çətindir.

- Valideynlərin uşaqların özəl həyatına müdaxiləsinə münasibətiniz necədir?

- Belə bir söz var ki, uşaqlar valideynlərindən çox zəmanələrinin övladlarıdır. Bildiyim qədəri ilə bu, Məhəmməd Peyğəmbərin sözüdür. Bu, o deməkdir ki, uşaqların işinə qarışmayın. Onlar bu zəmanəni sizdən yaxşı tanıyırlar. Bizdə isə belə şeyləri dinin boynuna atırlar.

- Biz nə qədər dindarıq? Və ya biz toplum olaraq dindar sayıla bilərikmi?

- Dindən başı çıxmayanların çoxu hər addımbaşı insanlara ağıl öyrətməyə, Qurana istinad eləməyə çalışırlar. Hamıya qarşı tolerant olmaq lazımdır.

- Niyə müsəlman ölkələrindən İslamın sərt qaydalarını əsas gətirib Avropaya üz tutan insanlar sonradan elə həmin qaydaları Avropada tətbiq etmək üçün mübarizə aparır?

- Bunun kökündə riyakarlıq durur. Elələri hansısa iqtisadi səbəblərdən Avropaya qaçır. Sonradan isə görür ki, imkan var, başqa hüquqlarını da almaq istəyir.

- Bəs biz daxilən azadıqmı? Bu barədə nə düşünürsüz?

- İnsanlarımızn ən "gözəl" məşğuliyyəti başqalarının həyatını müzakirə etməkdir. Bunun kökündə daxilən azad olmamaq durur. Hazırda Azərbaycan cəmiyyətində bir çox insan ikili həyat yaşayır. Biri fasad, cəmiyyətə hesablanmış, digəri isə kənarda, özünün istədiyi… Niyə avropalılar bir-birlərinə daha çox etibar edir? Çünki orda azadlıq var, insanlar daxilən azaddırlar.

- Bəs qadınların daxili sərbəstliyi, hüquqları hansı vəziyyətdədir?

- Hüquqları qadın və kişiyə bölməyin özü də elə diskriminasiyadır. İndi 25 yaşlı gənclər milli-mənəvi dəyərlərdən danışır. Və deyir ki, qızın küçədə sevdiyi oğlanla qucaqlaşması dəyərlərə ziddir. Amma yaltaqlıq, şər-xətalıq, simasızlıq, ikiüzlülük sən demə, bizim dəyərlərin bir hissəsidir. Ona görə bununla mübarizə aparılmır.

- "Milli-mənəvi dəyərlərimiz" ifadəsinin tarixi nə qədərdir?

- Mən absurd şeylər haqqında danışmaq istəmirəm. İnsan nə qədər bir şeydən danışırsa, sonda aydın olur ki, həmin şey onun özündə yoxdur.

- Ölkədə bir pedaqoq rüşvətə görə həbs edildi. Sizcə, cəmiyyət olaraq buna lazımınca diqqət ayırdıqmı?

- Bunun ətrafında qalmaqal, ajiotaj yaratmaq istədilər. Amma görünür, alınmadı. Çünki bu, səmimi mübarizə deyildi, görüntüyə hesablanmışdı. Azərbaycan insanını rüşvət almaqla təəccübləndirmək bir az çətindir.

- Ümumiyyətlə, təhsil sahəsində baş verənləri islahat hesab etmək olarmı?

- Səlahiyyətləri bir qurumdan alıb digərinə vermək heç nəyi dəyişməyəcək. Gəlin, özümüzü aldatmayaq. Prinsipləri, şüurları dəyişmək lazımdır.

-Vətəndaş cəmiyyətinə münasibət sizi qane edir?

- İctimai sektor təkcə maliyyə baxımından yox, qanunvericilik baxımından da küncə sıxışdırılmış vəziyyətdədir. Qeyri-hökümət təşkilatlarının fəaliyyətinə qoyulan bəzi məhdudiyyətlər imkanları daraldır.

- Müasir ədəbiyyatı, gənc yazarlarımızı oxuyursuzmu?

- Ədəbiyyatımızda ideya qıtlığı hiss edirəm. Axundov ona görə ölməzdir ki, onda ideya var idi. Bir əsərdə iki obrazla - "Misyö Jordan və dərviş Məstəli şah"da iki ideyanın ziddiyyətini açmışdı. İndi oxuduğum əsərlərdə ideya baxımdan solğunluq görürəm.

- Solçuluq bizdə "biabır" olub gözdən düşdü…

- Solçuluq tarixdə ən pis iz buraxmış cərəyandır. Solçu Stalin, Solçu Hitler, solçu Mussolini... Solçuluq əleyhdarları deyir ki, solçuluq bu deyil. Bu, deyilsə bəs nədir? Onlar cavab olaraq Marksın adını çəkirlər.

- Qloballaşma bu templə regionlara nə qədər vaxta gedib çıxa bilər?

- Regionlarda qızların internet kluba getməsinə hələ də pis baxırlar. Bu da keçəcək. İnsanların maddi vəziyyəti düzəldikcə hər şey yerini tapacaq. İnternet tarifləri aşağı endirilməlidir. Hamının evində internet olmalıdır ki, belə problem də yaşanmasın. Həm də mövcud stereotipləri dağıtmaq lazımdır. Hamı deyir ki, qadınlar ismətini qorumalıdır. İndi küçəyə baxın, kişilər standart qapalı geyimdə, qadınlar isə istədiyi kimi açıq-saçıq. Bu paradoksu başa düşmək mənə çətindir.

- Şortikdə olan kişiləri döyürlər axı…

- Bu da biabırçılıqdır. Stereotiplərdən xilas olmaq lazımdır. Stereotiplər həmişə azadlıqlara qarşıdır. Bu stereotiplər həm də çox çürüyüb. Təsəvvür edin, ana qızına deyir ki, evə hava qaralmamış gəl. Qonşular görsə, nə deyər. Belə çıxır ki, qonşular bunu alqışlasa, qız evə səhərə yaxın da gələ bilər. Hesablaşmamaq lazımdır. "Kim nə deyər" anlayışı amansızcasına dağıdılmalıdır.

-Şəxsi həyat anlayışı bizdə nə dərəcədə qorunur?

- İnsanların cinsi həyatı çəkilib internetdə yayımlanırsa, hansı şəxsi həyatdan söhbət gedə bilər? Mən belə hesab edirəm ki, bunu edənlərin şəxsən özlərinin seksual problemləri var. Məni bəlkə də topa tutacaqlar, amma Azərbaycan cəmiyyətinin seksual inqilaba ehtiyacı var. Bizdə seksual qayğılı, seksual problemli, kompleksli insanlar çoxdur.

- Bəs deyirlər, bizdə seksual inqilab artıq baş verib?

- Hər şeydə olduğu kimi, bunun da imitasiyası olub. Biz bir şeyi unuduruq. İnsanı insan edən iki amil var: biri onun bioloji mahiyyəti, digəri sosial mahiyyəti. Biri digərindən əksik olanda insan ya heyvanlaşır, ya da saxtakar olur. İnsanın ailə istəyi insanın sosial istəyidir. Seks isə onun bioloji tələbatıdır. İnsanın seks həyatını onu ifşa edirmiş kimi göstərmək cəmiyyətdə əxlaqsızlıq fenomeni yaradır. Bunu adiləşdirir.

- Azərbaycan dilinin imkanları sizcə, müasir dövrdə əlverişlidirmi?

- Azərbaycan dilində olmayan sözləri Türkiyə türkçəsindən götürmək kifayətdir. Ermənilər qəhvəyə "surç" deyir. Səbəbi də odur ki, içəndə "surç" səsi çıxarır. Bu, gerizəkalılıqdır.

- Həkimliyi niyə davam etdirmirsiz?

- Həkimlik çox çətin sənətdir. Çalışdım ki, həkim kimi simamı saxlayım. Gördüm ki, çox çətindir. 1999-cu ildə qərar verib işdən ayrıldım. Həkim kimi son dəfə öz atama tibbi yardım göstərib onu şəkərli deabetin komasından çıxarmışam.

- Siyasi proseslərə necə qatıldınız?

- Mən tələbəlikdən siyasi proseslərdəyəm. SSRİ-də ilk müstəqil tələbə gənclər təşkilatının yaradıcılarından olmuşam. Pavlov adına Tibb İnstitutunda. Azərbaycana qayıdandan sonra isə proseslərə qoşuldum.

- Ziyalılar Forumuna münasibətiniz də maraqlıdır…

- Bilirsiz, Rüstəm İbrahimbəyovu sevmək də olar, sevməmək də. Rafiq Əliyevi də həmçinin. Ancaq onların kalibrinə qarşı ehtiyatla və hörmətlə davranmaq lazımdır. Rafiq Əliyev, Rüstəm İbrahimbəyov onlara qarşı pis münasibətdən heç nə itirməz, amma biz itirərik.

-Azərbaycanda hüquq müdafiəçisi olmağın yolları nədir?

- Son vaxtlar həbsxanada yatıb çıxmaq kifayət edir.

- Eynulla Fətullayevdən söhbət gedir?

- Bu barədə danışmaq istəmirəm.

Günay Muradlı

Foto Bayram İsgəndərov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR