“Ağıl oyun masasında proporsional şəkildə artır“ -MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

“Ağıl oyun masasında proporsional şəkildə artır“ -MÜSAHİBƏ

Dosye: Cəlal Orucov Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. "Büllur Bayquş" mükafatının və "Ən yaxşı kapitan" (2011) titulunun sahibidir.

- "Nə? Harada? Nə vaxt?" intellektual oyunu ilə iştirakçı kimi texniki-humanitar litseyin (H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar litsey – red.) doqquzuncu sinfində oxuyanda maraqlandım. Mikayıl Cabbarov, Balaş Qasımov, Anar Quliyev də o litseyi bitiriblər. 2000-ci illərin əvvəllərində biz "Atəşgah" klubunun üzvləri kimi həftədə bir-iki dəfə "Nə? Harada? Nə vaxt?" oyunlarını keçirirdik. O vaxt "Atəşgah" İntellektual Oyunlar Klubu cəmi iki klubdan ibarət idi, indi məktəblilərdən, tələbələrdən ibarət dörd-beş klub var. Əvvəl adi oyunçu kimi iştirak edirdim, tələbəlik illərində isə artıq kapitan oldum. Oyunun Azərbaycanda televiziya versiyasının çəkilişləri başlayanda köhnə qvardiyadan bizi də dəvət etdilər.

- Kapitanı olduğunuz komandanın üzvlərini özünüz seçmisiniz?

- Müəyyən sayda oyunçunu özüm seçdim, altı nəfərdən dördü əvvəldən tanıdığım uşaqlar idi, onlar da həmin litseyi bitiriblər.

- Həyatda da kapitansınız?

- Prinsipcə bu kapitanlıq işimdə də kömək edir. Xüsusən ona görə ki, rəhbər vəzifədəyəm. Bir sıra cəhətlər iş təcrübəmdən oyuna keçir və əksinə, oyundakı bəzi keyfiyyətlər işimdə özünü hansısa şəkildə büruzə verir.

- Bəs bir telesima və daha artıq məlumatlı şəxs olmağınız hansı rolu oynayır?

- Məlumatlı olmağım təbii ki, kömək edir. Tanınmağıma gəlincə isə Azərbaycanda bu oyunun tamaşaçıları təəssüf ki, yalnız müəyyən dairəni əhatə edir. Bəzən işimlə bağlı müəyyən rəsmi görüşlərdə, tədbirlərdə məni tanıyanlar olur. Əlbəttə, belə insanların varlığı xoş təsir bağışlayır.

- Kapitan hansı keyfiyyətlərə malik olmalıdı?

- Birinci növbədə intuisiya yaxşı olmalıdı ki, düzgün cavabı seçə biləsən. Bunun üçün isə beynin məntiqi quruluşu müvafiq tərzdə inkişaf etməlidi. Başqa sözlə, lirik yox, fizik olmalısan. Oyunçuları stimullaşdırmağı bacarmaq da böyük rol oynayır. Stimul çox vacib amildi, bunsuz oyunçular hər səhv cavabdan sonra rundan düşə bilərlər. "Nə? Harada? Nə vaxt?" komanda oyunu olduğu üçün çalışıram ki, heç kim özünü kənarda hiss etməsin. Çox vaxt müzakirə zamanı düzgün versiyanı səsləndirməyən oyunçuya cavab verməyi həvalə edirəm ki, iştirakçı olduğunu unutmasın.

- Yəqin ki, vaxtilə Mərkəzi Televiziya ilə yayımlanan "Nə? Harada? Nə vaxt?"ın ideya müəllifi mərhum Vladimir Voroşilovun əvəzsiz təqdimatındakı televersiyanın da tamaşaçısı olmusunuz. Oyunçu və kapitan kimi ən çox kimi bəyənirdiniz?

- O verilişə beşinci-altıncı siniflərdə oxuyanda baxmağa başlamışam. Oyunçu kimi Potaşova azarkeşlik edirdim. Kapitan kimi isə daha çox Blinov xoşuma gəlirdi.

- Adi bir oyunçu kimi cavab verməyinizi istərdim.Daha çox hansı suallar maraqlı və asandı - məntiqi düşüncəyə köklənən, yoxsa cavabın konkret bilgisini tələb edən suallar?

- Hər bir oyunçu sizə cavab verər ki, məntiqi düşüncəyə köklənən suallar daha maraqlıdı, nəinki sırf bilik tələb edən suallar. Onda oyunçuların aldığı həzz də ayrı cür olur. Elə bu oyunun əsas ləzzəti də ondadı ki, oyunçu sual səslənəndən dərhal sonra cavab verməsin, ehtimallar üzərində müzakirə getsin. Voroşilov da belə oyunçuları xoşlamırdı, istəyirdi ki, oyunçular coşğun müzakirədən sonra düzgün cavabı tapsınlar.

- Həm də belə sualların müzakirəsində hansısa dahiyanə fikrin sənin də ağlına gəldiyini aşkarlamaq yəqin ki, heç nə ilə müqayisə oluna bilməz.

- Daha bu dərəcədə də yox. Bilirsiz necə olur, bu oyunda "yalançı yaddaş" deyilən bir amil var. Sənə elə gəlir ki, verilən sualın cavabını nə vaxtsa, hardasa oxumusan. Demək olar ki, bir qayda olaraq birinci saniyədə ağla gələn versiya əksər hallarda doğru cavab olur. Axırda sualdan cavaba qədər gələn yola baxıb yoxlayırsan, düzgün cavaba gətirən variantları bir də nəzərdən keçirirsən.

- "Nə? Harada? Nə vaxt?"ın Azərbaycan televersiyasının ilk vaxtlarında sualların səviyyəsi çox aşağı idi. İndi nisbətən maraqlı suallar göndərilir.

- Ümumiyyətlə, bizim tamaşaçılar fəal deyillər. Sualların səviyyəsi, keyfiyəti də bundan asılıdı. Çox nadir hallarda olur ki, sual elə göndərildiyi şəkildə masanın üzərinə qoyulsun – hamısı redaktə olunur. Tamaşaçılarımız həqiqətən diqqətəlayiq sual göndərmək istəyirlərsə, saytımıza (www.gametv.az – red.) daxil olub yaxşı sual tərtib etməyin qaydaları ilə tanış ola bilərlər.

- Sizin komanda elə komandalardandı ki, aparıcı ilə deyişmələri, belə, yüngülvari intriqaları olmur.

- Yəqin ona görə ki, biz oyunun qaydalarına riayət edirik. Amma bir-iki dəfə olub ki, aparıcı bizim səsləndirdiyimiz cavabı düzgün saymayıb. Belə olanda mən oyunçuların hissə qapılmağına imkan vermirəm, bu, sonrakı oyunların da nəticələrinə çox pis təsir edə bilər. Bir sözlə, çalışıram ki, provakasiyaya uymayaq. Komandalar arasında da təbii ki, rəqabət var və olmalıdı. Ona görə oyunçularıma həmişə deyirəm ki, əsas odu altı xalı toplayaq, ondan sonra hətta provakasiya olsa da, qorxusu yoxdu. Bu oyunda aparıcı istəyir ki, komanda uduzsun, tamaşaçılar qalib gəlsinlər. Ona görə məsələn, bizim komandada ən çox Anar Quliyevə söz atır, çünki bilir ki, onu özündən çıxaranda bildikləri də yadından çıxa bilər.

- Anar bundan sonra hər oyuna Amerikadan gələcək?

- Bəli, zənnimcə tamaşaçılar da razılaşarlar ki, Anarsız "Nə? Harada? Nə vaxt?" Bakı İntellektual Oyunlar Klubunu təsəvvür etmək mümkün deyil. O, belə demək mümkündüsə, brend kimi qəbul olunan az sayda oyunçulardan biridi.

- Amerikada bu oyuna maraq yaratmaq perspektivi yoxdu ki?

- Amarikada bu oyuna marağı keçmiş sovet vətəndaşları arasında daha çox tapmaq olar. Amma bir neçə il əvvəl onlar "Nə? Harada? Nə vaxt?"ın pilot televersiyasını çəkmişdilər. Çəkilişlər bizdə, Gürcüstanda, Ukraynada, Qazaxıstanda aparılmışdı. Bu, keçmiş sovet məkanında yarandığı üçün kollektiv oyundu. Müasir televiziyada isə qrup şəklində olan oyunlar əks-səda tapmır. Ona görə inanmıram ki, amerikalıların bu oyuna marağı davamlı olsun.

- "Nə? Harada? Nə vaxt?" oyunu üzrə keçirilən çempionatlar televersiyadan nə ilə fərqlənir?

- Çempionatlar idman xarakterli bilik yarışının qabarıq formasıdı. Orda verilən suallar xeyli dərəcədə dərin olur. Oyunçularımızdan bir neçəsi, məsələn, Anar Quliyev, Adnan Axundov, Rövşən Əsgərov vaxtaşırı o çempionatlarda iştirak edirlər. Onlar üçün "Nə? Harada? Nə vaxt?" artıq ikinci peşəyə çevrilib. Oyunun televiziya versiyası isə daha çox tamaşaçı marağına hesablanmış formadı. Bilicilər arasında belə bir fikir geniş yayılıb: "Ağıl oyun masasından proporsional şəkildə artır". Gerçəklikdə bu, doğrudan da belədi – çempionatlarda mütəmadi iştirak edənlər üçün televersiyanın iştirakçısı olmaq bir qədər çətin olur. Çünki kamera öz təzyiqini göstərir. Bəzən televersiya efirə gedəndən sonra tanış-biliş deyir, ya da özümüz fikirləşirik ki, axı necə oldu ki, filan sualın cavabını tapmadıq? Çünki kamera qarşısında oyun masası arxasında oturmaq əlavə çətinlik deməkdi.

Samirə Behbudqızı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm