Əfşar Süleymani: “İranda hakimiyyətdə olan azərbaycanlılar kömək edər...”
Bizi izləyin

Müsahibə

Əfşar Süleymani: “İranda hakimiyyətdə olan azərbaycanlılar kömək edər...”

- Əfşar bəy, Azərbaycan-İran münasibətlərində gərginlik yaşanır. Siz uzun illər həm ölkəmizdə səfir olmusunuz, həm də İran Xarici İşlər Nazirliyinin Qafqaz İdarəsində çalışmısınız. İki ölkə arasında münasibəti şərh edə bilərsinizmi?

- İki ölkə arasında münasibətlərin 21 illik tarixi var. Nəzərə alın ki, münasibətlərdə müxtəlif dövrlər olub, əlaqələr eniş və yoxuş mərhələlərindən keçib.

Azərbaycan istiqlaliyyətini əldə etdikdən sonra Ayaz Mütəllimovun prezidentlik dövründə münasibətlərdə problem yox idi. Bu, başlanğıc idi. Ayaz Mütəllimovdan sonra Yaqub Məmmədov prezidentin səlahiyyətini icra etdi. Bu mərhələdə də xüsusi problemlər, anlaşılmazlıqlar yaşanmadı. Xalq Cəbhəsinin hakimiyyəti zamanı gərginlik oldu. Xalq Cəbhəsinin rəhbərlərinin İran haqqında düşüncəsi əvvəlcədən mənfi idi. Onlar iqtidara gələndən sonra bu proses davam etdi.

Düzdür, biz onların vaxtında İran-Azərbaycan arasında birinci müştərək komissiyanın toplantısını keçirdik. Amma bundan bir nəticə çıxmadı. Xalq Cəbhəsi İranla münasibətlərin olmasının lazım və vacib hesab edəndən, belə mənfi yanaşmalara getməyin mənasız olduğunu, işlərin diplomatiya ilə irəli aparmağın düzgün yol kimi seçəndən sonra baş nazir Pənah Hüseyni İrana səfərə göndərdi. Danışıqlar getdi, sənədlər imzalandı. Həmin vaxt İran Milli Bankı Azərbaycana gəldi, İrandan bura kreditlə avtobuslar verildi.

Açığını deyim ki, o vaxt Naxçıvanla münasibətlər daha yüksək səviyyədə idi. Çünki rəhmətlik Heydər Əliyev orada idi. İki dəfə İrana səfər etdi, müqavilələr imzalandı, Naxçıvana yanacaq, daş kömür, elektrik verildi. Xalq Cəbhəsi hakimiyyətdə olsa da, Heydər Əliyevlə münasibətlər əla idi. Şahtaxtı-Poldaş arasında müvəqqəti körpü açıldı, Naxçıvan camaatına gömrükdən sərbəst gedib-gəlmək məqsədilə sənədlər verildi. Mən dəfələrlə Naxçıvanda soyiq gecələr keçirmişəm. Düzdür, mən İran diplomatı idim, amma Azərbaycana ürək yanğısı ilə əlimdən gələni etmişəm.

İlk dəfə Naxçıvana mən getmişəm, Heydər Əliyevlə işləmişik. Rəhmətlik Heydər Əliyev mənə hər zaman köhnə dost deyərdi. Çünki bu işləri görmüşdü. Biz Sədərəyə getdik, hətta orada atışmaya da düşdük. Azərbaycanın yaralı əsgərlərini Təbriz və Tehrana aparırdıq.

Sonra hakimiyyətə rəhmətlik Heydər Əliyev gəldi. Bundan sonra İranla əlaqələr irəliyə aparıldı. Azərbayacana ilk səfəri İranın xarici işlər naziri doktor Vilayəti etdi. Məndə nümayəndə heyətində idim. Bundan sonra prezident Rəfsəncani Bakıya gəldi. Bu zaman 14 sənəd imzalandı.

Əsrin müqaviləsi bağlananda İran istədi bu prosesdə iştirak etsin, pay alsın. Azərbaycan da dedi ki, bu layihədə ABŞ, Avropa şirkətləri iştirak edir və onlar sizin konsorsiumda təmsil olunmağınız razı deyil. Amma biz İranla müqavilə imzalaya və müəyyən qədər pay verə bilər.

İranda bunu qəbul etmədi. Çünki bu müqavilə İranla Azərbaycan arasında imzalanacaqdı və Tehranın konsorsiumun tərkibində olmadığından ora təsir imkanı olmayacaqdı. Bundan sonra Azərbaycan tərəfi İrana dedi ki, bir qədər səbr etsin. Konsorsium qəbul etsə İrana ora daxil olacaq. Amma 1995-ci ildə Londonda iclas oldu və İranın konsorsiuma daxil olmasına razılıq verilmədi. Bundan sonra İran-Azərbaycan münasibətlərində soyuqluq yarandı.

Bu proses 3-4 ay davam etdi. Mən onda Bakıda İranın müvəqqəti işlər vəkili idim. Bu vaxt Heydər Əliyevin Almata səfəri var idi. İranın xarici işlər naziri də Almataya gələcəkdi. Düşündüm ki, əlaqələr dayanıb, bunu yoluna qoymaq lazımdır. Bu məqsədlə Almataya getdim və çalışdıq ki, Heydər Əliyevlə doktor Vilayəti görüşsün. Görüş baş tutdu, münasibətlər bir addım irəli getdi. Rəhmətlik Heydər Əliyev Vilayətiyə bildirdi ki, Azərbaycan yeni konsorsium yaradır və orada İrana pay verəcək.

Bundan 6-7 ay sonra Şahdəniz konsorsiumu yaradıldı və İranda ora dəvət olundu. Sonra əlaqələr davam etdi. Düzdür, bəzi problemlər var idi. Amma əlaqələrə ciddi təsir etmirdi. Bu illər ərzində Heydər Əliyev İrana, Xatəmi isə Azərbaycana səfər etdi. Sonra İlham Əliyev hakimiyyətə gəldi və münasibətlər normal davam etdi. Ancaq təəssüflər olsun ki, son 4-5 ildə İran-Azərbaycan əlaqələrində eniş baş verir.

- İki ölkə arasında münasibətlərin pisləşməsinə əsas səbəb nədir?

- Son 5 ildə münasibətlərdə soyuqluğun yaranmasının səbəbləri var. Əsas səbəb diplomatik işlərin zəifləməsi və mütəxəssis olmayan insanların bu işlə məşğul olmasıdır. Bu da ona gətirib çıxarıb ki, ciddi problemlər yaranıb.

Əslində problemlər həmişə olub. Amma son 5 ildə əsasən ixtilaf, fikir ayrılığı olan məsələlərə üstünlük verilib. Biz isə ixtilaf olmayan, müştərək mənafelər üzərində əlaqələrə üstünlük verirdik. Mən düşünürdüm ki, biz müştərək maraqlarımızın olduğu işləri irəli aparsaq ixtilaf olan məsələlər ya azalar, ya da kölgədə qalar. Son

4 ildə bunun əksi yaşanır. Bunun nəticəsində də dedi-qodu çoxalıb. Orada da piket keçirilir, burada da. Yəni hər şey qarşılıqlıdır.

Xalqlar tarix boyu bir-biri ilə olublar, dilləri demək olar ki, birdir. İranda azərbaycanlılarla bağlı müxtəlif rəqəmlər işlədilir. Heç olmasa 25 milyon olar. Amma azərbaycanlıların təsiri 25 milyondan çoxdur. Çünki Tehranın yarısı azərbaycanlıdır. Onların çoxu başqa millətlərə qız verib-alıblar. Hakimiyyətdə də həmişə olublar. Bunlar bizə kömək edə bilər ki, əlaqələrimizi daha da möhkəmlədək, nəinki problemlər yarana və bizdə bunu çözə bilməyək. Məncə, baş verənlər diplomatiyanın zəifliyidir.

- Amma İranda, eləcədə "Səhər” telekanalında da Azərbaycan rəhbərləri, ziyalıları təhqir edilir...

- Söz azadlığı varsa, deməliyik, yazmalıyıq, fikir bildirməliyik. Kimsə kimsəni təhqir etməməli, iftra atmamalıdır. Bu məsələlər açıq şəkildə həll edilməlidir.

Piket keçirməklə, çığır-bağır salmaqla, təhqirlə işi həll etmək olmaz. Bunlar düzgün yol deyil. Özəlliklə bu prosesdə xalq diplomatiyası əhəmiyyətli ola bilər. Bilirsinizmi ictimai rəydə azərbaycan xalqının İrana qarşı münasibətini günü-gündən mənfiyə istiqamətləndirmək, İranda da bəzi qəzetlərin İran xalqının Azərbaycana qarşı münasibətini mənfiyə yönəltməsi yaxşı iş deyil.

- Münasibətlərin kəskinləşməsinə bir səbəb də Baklda keçiriləcək "Eurovision” mahını müsabiqəsidir. Bəlli olur ki, İran buna etiraz edir. Azərbaycan müstəqil ölkədir, hansı tədbiri keçirmək onun dövlət işidir. Əgər bu tədbir İranın əleyhinə yönəlməyibsə, nədən buna etiraz edilməlidir?

- "Eurovision”la bağlı İran dövləti tərəfindən mənfi reaksiya göstərilməyib. Orada din xadimləri var. Onlar müsəlmanlar, özəlliklə şiələrin olduğu ölkələrlə bağlı öz münasibətlərini bildirirlər. Hətta İran daxilində olsa da, bunu bildirirlər. Baxın, İran vətəndaşı Hadi Nəcəfi Almaniyada rep oxuyub. Müğənni qeyd edir k, mən heç kimi təhqir etməmişəm, özəlliklə imam adı çəkməmişəm. Amma İranda deyirlər ki, yox, sən imam Nağını nəzərdə tutursan.

- Rafiq Tağı məsələsində olduğu kimi...

- Rafiq Tağı məsələsini Fazil Lənkarani demişdi. İndi o, dünyasını dəyişib. Yaxşı, mən dediyim məsələdə bir sıra alimlər sükut edir. Hətta İran dövlət adamı bu haqda münasibətini bildirmir. Demək istəyirəm ki, din alimləri İran vətəndaşları ilə bağlı da fikirlərini bildirir və hətta aqressiv qərar verirlər.

Nəzərə alın ki, söhbət təkcə Azərbaycandan getmir. Suriyada, Bəhreyində və digər yerlərdə olan müsəlmanlarla bağlı onlar fikirlərini söyləyir və təklif verirlər ki, bu belə olmasın.

- Bildirirsiniz ki, Azərbaycanla bağlı əsasən ayatullahlar fikir bildirirlər və onlarda dövləti təmsil etmirlər. Amma hər kəs bilir ki, dini dövlət olan İranda hakimiyyət istəməsə, kimlərsə belə çağırışlar etməz...

- Mən demirəm ki, İranda tam şəkildə hər şeyi demək olar. Ancaq İran mətbuatına baxsanız görərsiniz ki, məsələ "yalnız hakimiyyət nə istəsə o deyilir” kimi də deyil. Hakimiyyət istəməyən şeylər də deyilir və yazılır. Dövlətin əleyhinə yazılar, tənqidlər gedir.

- Bəlkə bu sözlərin deyiləcəyindən əvvəlcədən iqtidarın xəbəri olur...

- Təbii ki, bu məsələlər deyildiyi üçün dövlətin bundan xəbəri olur. Amma gedib icazə alıb desinlər yanaşması yoxdur. Hətta ən demokratik hakimiyyətlər də istədiyi informasiyanı ən demokratik mətbuat vasitəsilə yaya və ya nəyisə koordinasiya edib həyata keçirə bilər. Bunu hər bir dövlət edə bilər.

- Hazırda İran ciddi sanksiyalarlaü üzləşib, daxildə qiymət artımı baş verib. Dünyanın iqtisadi embarqosuna məruz qalan İranın Azərbaycanla problem yaşamasına nə qədər ehtiyacı var?

- Nəzərə alın ki, bu problemləri nə İranın, nə də Azərbaycanın dövlət məmurları yaratmır. Azərbaycanda da bu haqda qəzetlər, partiyalar danışır. Baxın, dövlət adamları arasında görüşlər olur. Pərdəarxası danışıqları isə özləri bilər. Lakin önə çıxanda deyilir ki, münsibətlər əladır, biz dostuq, qardaşıq və s.

- Tehran lazımdırmı ki, ona qarşı sanksiyalara qoşulmayan Azərbaycanla münasibətlərini kəskinləşdirsin?

- Türkiyə də sanksiyalara qoşumayıb. Qonşu ölkələr istər-istəməz bir-birinin yanında durmalıdır. Uzaqda olan dövlətlər sanksiyaya qoşulur. Əgər bu gün Azərbaycanın, Türkiyənin yerinə Avtopa dövlətləri İranın qonşusu olsaydı, onlar da sanksiyaya qoşulmayacaqdı.

- Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibli deyir ki, İran bir Azərbaycan dövlətinin ayaq üstə durmasını istəmir. Çünki Azərbaycan dövləti ayaqüstə durduqca İranda 35 milyonluq məzlum Azərbaycan türkü ana dili, mədəniyyəti, düşüncəsi, milli kimliyi haqqında düşünməyə başlayır...

- Nəsib Nəsibli Azərbaycanın İrandakı ilk səfiri olub. Çox yaxşı da səfir olub. Amma burada bir məsələ var. İran azərbaycanlılarının ana dili əsrlər boyu olub da.

Bəyəm SSRİ dağılmasaydı, İran azərbaycanlıları ana dilində danışmırdı? SSRİ dağılmazdan öncə İran azərbaycanlıları öz ana dilində danışırdı və indi də danışır.

- Danışsa da, yaza bilmirlər...

- Əlifba fərqi yoxdur.

- Gəlin bu məsələdə mübahisə etməyək. Siz ailənizdə azərbaycan dilində danışırsız. Amma məktəbdə ana dilində təhsil almamısınız.

-Təbii. Sizinlə razıyam. Amma söhbət qəzetdən, televiziyadan, yazışmadan gedirsə, orada neçə illərdir ki, ana dili işlədilir. Yəni azərbaycan dilində qəzet də, kitab da, jurnal da çıxır. Deməyim odur ki, SSRİ dağılmayanda da biz ana dilimizi saxlayırdıq.

Ayatullah Rəfsəncani deyib ki, İran Konstitusiyası tam icra edilməlidir. Ali Dini Məsləhət Şurasının katibi Möhsüm Rzayi da deyib ki, bəli, xalqların dilləri, mədəniyyəti konstitusiyada öz əksini tapıb və bunlar olmalıdır. Problem də yoxdur. Demək istəyirəm ki, heç kim dili itirməyib. Hətta Tehranda anadan olan azərbaycanlılar da ana dilində danışırlar.

- Bizim gənc şairləri Təbriz şəhərində həbs etmisiniz. Onları nə zaman azad edəcəksiniz?

- Mən bu haqda mətbuatdan oxumuşam və məlumatım yoxdur. Bildiyim qədər ötən həftənin sonuna qədər onlar haqqında məlumat olmalı idi. İnşallah, problem olmaz. Yəqin nəsə sorğu-sual edirlər.

- Sizin ölkədə məhkəmə qərarı olmadan xarici vətəndaşı xüsusi idarələrdə həftələrlə sorğu-sual edirlər?

- Mən bilmirəm nə olub... Yalnız xəbər oxumuşam. Biz yalnız ehtimal irəli sürə bilərik. Ola bilər ki, kimlərsə oturub-durublar. Təhqiqatda onlar haqqında gedir. Belə şeylər ola bilər, bu da vaxt aparır...

- Azərbaycan müstəqilliyini elan edəndə siz gənc diplomat kimi İran XİN-də çalışmısınız. Bir azərbaycanlı kimi İrandan baxanda müstəqil Azərbaycan dövləti necə görünür?

- Azərbaycanın istiqlaliyyətini əldə etməsi və bu yaşına gəlib çatması mənim gözümün qarşısında olub. Azərbaycan bir dövlət olaraq müxtəlif sahələrdə inkişaf edir. Mən bir Azərbaycan sevər olaraq deyə bilərəm ki, sizin inkişafınız daha dərin, ətraflı və davamlı olmalıdır.

Getdikcə Azərbaycanın intellekti artır. Arzum budur ki, getdikcə bilikli, intelektual insanlardan daha çox bəhrələnsinlər. Çünki bunlarsız inkişaf mümkün deyil. Qoy Azərbaycan həmişə inkişaf etsin, Azərbaycan xalqı daha yüksək səviyyədə yaşasın, onun rifahı, təhlükəsizliyi hər yerdə dövlət və xalq olaraq öz ləyaqətli yerini tapsın.

Nemət Hüseynli

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm