Elçin Əlibəyli: “Özümü ATV-nin keçmiş işçisi hesab etmirəm”
Bizi izləyin

Müsahibə

Elçin Əlibəyli: “Özümü ATV-nin keçmiş işçisi hesab etmirəm”

Publika.Az “Azad Azərbaycan” telekanalının (ATV) rəhbərliyinin dəyişilməsinə bu televiziyanın keçmiş əməkdaşı, tanınmış telejurnalist Elçin Əlibəylinin münasibətini öyrənib. Müsahibəni təqdim edirik.

- ATV-nin rəhbərliyinin dəyişdirilməsi barədə xəbəri nə cür qarşıladınız? Telekanalın prezidenti postuna Vüqar Qaradağlının gətirilməsinə münasibətiniz necədir?

- Əslində bu məsələyə bir neçə rakursdan baxmaq olar. Mən Disaporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun telekanal rəhbərliyinin dəyişikliyinin zəruriliyindən bəhs edən açıqlamasını saytlardan oxudum. Həmin açıqlamadan məlum oldu ki, televiziyanın yaradıcı istiqaməti, yaradıcı siyasəti dəyişəcək. Rəhbərlik də buna görə dəyişdirilib. Hər hansı bir televiziyanın yaradıcı istiqamətinin dəyişməsi özü kulturoloji bir prosesdir. Mənə elə gəlir ki, bu baş tutduqdan sonra artıq yeni rəhbərliyini işinin uğurlu alınıb-alıınmadığını söyləmək mümkün olacaq. Yəni bu məsələlərə bir qədər sonra daha dəqiq qiymət vermək olar.

Mən Vüqar müəllimi çoxdan tanıyıram. Vüqar müəllim bir alim, peşəkar mütəxəssis, rəhbər kimi özünü çoxdan təsdiqləyib. Onun “Lider” televiziyasındakı fəaliyyətindən də xəbərdaram. Yəni, o bu sahədə təsadüfi adam deyil. Əksinə qurucu və öz dəsti-xətti, imzası olan bir insandır. Məncə, elə bir televiziyaçı olmaz ki, onun haqqında mənim işlədiyim fikirləri işlətməsin. Hamı bu fikirdədir.

- Elçin Əlibəyli rəhbəri Vüqar Qaradağlı olan telekanalı necə təsəvvür edir?

- Mənim təsəvvür etməyimlə telekanalın necə olacağı fərqli-fərqli məsələlərdir. Yəqin ki, telekanalın gələcəkdə necə olacağı üçün bir qədər yaşamaq lazımdır. Hər şey müəyyən vaxt keçdikdən sonra bilinəcək. Vüqar müəllimin təyinatı yenidir. Qoy bir işləsin, nəzərdə tutduğu planları həyata keçirsin. Əminəm ki, o uğurlu işlər həyata keçirəcək. Buna şübhəm yoxdur.

- Vaxtilə ATV-də çalışmış bir insan kimi Sizcə, bu televiziyanı ölkənin bir nömrəli telekanalına çevirmək üçün nə etmək lazımdır?

- Hesab edirəm ki, hansısa kanal ölkənin bir nömrəli kanalı adına iddia etməməlidir. Kanalların çox olduğu indiki rəqabət şəraitində bu qeyri-mümkündür. Sadəcə konkret layihələr və istiqamətlər üzrə birinci olmaq olar. Hansısa telekanal xəbər yayımı, digəri ictimai-siyasi, sosial, başqa biri əyləncə sahəsində birinci ola bilər.

- Yeni rəhbərlik artıq müəyyən kadr dəyişikliyi həyata keçirib. Buna münasibətiniz necədir?

- Məncə, burda qeyri-adi hal yoxdur. Rəhbərliyə yeni gələn hər bir şəxs işləmək məqsədilə özü üçün müəyyən komanda formalaşdırır. Kimin çıxarılıb kimin saxlanılmasından xəbərsizəm. Amma məndə olan məlumata görə, orada bir neçə vəzifə boş idi. Bu vəzifələr tutulmalı idi. Hər hansı telekanalın yaradıcı siyasətində, yaxud marketinq işində dəyişiklik olursa bu sözsüz ki, birbaşa kadr dəyişikliyi ilə bağlı olan məsələdir. Ümumiyyətlə, hər bir şəxsin özünə komanda formalaşdırması çox normal bir haldır.

- Hazırda ATV ilə hansısa bağlılığınız var?

- Yox, mən televiziya sahəsində çalışmıram. Mən öz layihələrimlə, televiziya nəzəriyyəsinin tədrisi ilə məşğulam.

- Keçmiş işçisi olduğunuz ATV-yə yenidən qayıda bilərsinizmi?

- Özümü keçmiş işçi hesab etmirəm. Sadəcə olaraq, bir müddət ATV-də işləmişəm. Hesab edirəm ki, elmi yaradıcılığım daha çox səmərə verir.

Səxavət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm