Naza: “Geyəm deyə, küçəyə çıxıb bağırası deyiləm ki...“ – II Yazı
Bizi izləyin

Müsahibə

Naza: “Geyəm deyə, küçəyə çıxıb bağırası deyiləm ki...“ – II Yazı

- Deyirlər, Azərbaycan qanunvericiliyi geylərin evliliyinə icazə verir...

- Harda yazılıb elə şey? Bizdə qadağandır. Ancaq evlənənlər var. Restoranda yaxşı toy eləyiblər. Bizdə rəsmi evlənməyə nə vaxtsa icazə verilsə, heç kim gedib evlənən deyil. Çünki qorxaqdılar. Hamı hər "qələti" eləyir, amma istəmir ki, bunu bilsinlər. Çünki bilirlər ki, onları rahat yaşamağa qoymazlar. Toy isə başqa şeydir. Dost-tanışla gedib yeyib-içib kef edirsən. Həmin toyların videosunu internetə də qoyublar. Bunu toyu aparan "manıslar" edib. Camaat da internetdə baxıb ələ salır. Lazım deyil, ayıdır. Biz heç kimin həyatına qarışmırıq.

- Naza, gey-parad olsa, gedərsən?

- Dəliyə oxşayıram? Nə ölümüm qalıb orda? Gey-paradı geylər istəmir ee, bu "zakazdı". Görürlər başqa ölkələrdə var, bizə də gətirmək istəyirlər. Amma bizdə olsa da, ora heç kim getməz. "Bizimkilər"in çoxu gündüzlər çölə çıxmır ki, qaqaşlar onları tutub döyər. O ki qaldı, hamı bikini geyinə, çıxa şəhərə mitinqə. Guya bu nəyə lazımdı? Mən kişi, yoxsa qadınla yatıram, bundan kimə nə? Niyə bunu hamıya elan eləməliyəm? Gey-parad düşüklükdü. Mən özümü yaxınlarıma qəbul elətdirmişəm, özümü necə qəbul edirəmsə, məni elə qəbul eləsinlər. Bundan ötrü küçəyə çıxıb bağırası deyiləm.

-Deyirlər, sizinkilərin davası çox pis olur

Syama:

-Bizimkilər deyəndə ki, hamı kimiyik. Biz Marsdan gəlməmişik. Bu söhbət ona görə yayılıb ki, gecələr trasda duranlar çox vaxt "klient" üstündə saçyolduya çıxır. Elə olur ki, bir-birlərini döyməklə ürəkləri soyumur. Sonra biri o birinə şər atır, polisə verir. Ya da adına söz çıxarır ki, onda xəstəlik var. Kiminsə adına xəstəlik söhbəti çıxdısa, onun "bazarı ölür".

- Bu xəstəlikdən qorunmağın yolu yoxdur?

- Bizdən söhbət getmir. Biz küçədə qalmış deyilik. O biriləri bilirik ki, "rezin" işlətmirlər. Daha doğrusu "klient" istəmir. Ona görə də xəstəliklər çoxalır. Bir oğlan var idi. 17 yaşından "Nəşriyyat" tərəfdə "klientə" çıxırdı. Keçən il öldü. Səni inandırım, bütün xəstəliklərdən tutmuşdu. Ölənə yaxın ciyərlərinə də qurd düşdü. "Klient"dən 5 manat artıq almaq üçün özlərini çürüdürlər. Onları qınamıram. Bu elə yoldu ki, düşdünsə, bir də çıxmaq olmur. Həm də, bir müddətdən sonra adam canından bezir. Mən o günləri görməmişəm. Bəxtim gətirib. Amma çətinliyim də az olmayıb.

- Səni kim "saxlayır"?

- Saxlamaq nədir? Mən bəyəm q....yəm? Sevgilim var, o da mənim "rasxodlarımı" verir. Məni tanıyandan arvadına yaxın gedə bilmir. Sevir də, nə istəyirsiniz? (Gülür).

-Bu qədər xaricə gedib-gəlirsiniz. Sərhəddi necə keçirsiniz? Pasportu hansı adla, şəkillə almısınız?

Naza:

- O qədər sərhəddə gülməli vəziyyətə düşmüşük ki... Bir dəfə aeroportda polis başladı üstümü yoxlamağa. Birdən anladı məsələni. Yazıq qıpqırmızı oldu. Gülməkdən ölmüşdük. Belə hadisələr çox olub. Pasportumda elə ad familiya kişi adıdır. Cinsiyyət də kişi yazılıb. Əsas problem pasportda şəkil məsələsidir.

- Allaha inanırsan?

- Qurban olum Allaha. Mənim qədər bəlkə də Allaha inanan yoxdu. Vaxtlı-vaxtında qurban da kəsirəm, nəzir də deyirəm. Xalauşaqları kasıbdı, hələ onlara köməklik də göstərirəm. Biz də insanıq.

- Dünyada geylərin gözəllik yarışması keçirilir. İştirak etmək istəyərsiniz?

- Yəqin ki, orda da pul keçəcək. Birinci dəfə deyil. Həmişə olur. Amma elə "urodlar" qalib olur ki, adam yanıb-tökülür.

-Fransada siyasətçilərin çoxu transseksuallar, geylərdir

Syama:

-Siyasətdən zəhləm gedir. Hamı bir-birini yeyir. Amma mən istəyərdim, icra başçısı olum. Şəhərdəki "probkaları" yığışdırım. Yolları düzəldim. Yolların hamısı pis vəziyyətdədir. Bir də istəyərdim, şəhərdə camaatın bir-birinə baxmağına qadağa qoyum.

-Arada peşman olmursunuz ki? Heç istəməzdiniz sizin də ailəniz, arvad-uşağınız olsun?

-Nədən? Niyə peşman olmalıyıq? Bizi kim məcbur edib ki? Kefimiz belə istəyir, belə yaşayırıq. Sənə nə qədər istəyirsən, arvad-uşağı olan kişi göstərim. Çoxu xoşbəxt deyil. Ya sevgili tapırlar, ya da bizimkilərdən. Xaricdə ən çox yaşlı adamlar cinsin dəyişirlər. Hər şeyin dadına baxırlar. Sonra ağıllarına gəlir ki,"başqa şeylər" də istəyirlər. Amma bizdə, pula görə cavan uşaqlar bu yola düşür.

-Nədən qorxursunuz?

Naza:

-Qocalmaqdan. Qocalandan sonra insan heç kimə lazım deyil. Həm də qocalsam, mənə kim baxacaq?!

Syama:

-Mən maşını vurub içində ölməkdən qorxuram. Bir də hansısa əclafın məni zorlamağından. Bir dəfə başıma gəlib. 4 il əvvəl Nabranda istirahət eləyirdim. Bir nəfərlə getmişdim. Getdiyim adam elə oldu ki, məni orda qoyub Bakıya qayıtmalı oldu. Nabranda, istirahət mərkəzində qaldığım katecin qapısı döyüldü. Gecə idi. Fikirləşdim ki, oralar təhlükəsiz olar. Qapını açdım. 20-21 yaşlı cavan bir uşaq idi. Elə bildim oranın işçilərindəndi. İçəri girib əlimi-qolumu bağlayıb məni zorladı. Özü də qaçıb getdi. Sonra bildim ki, bu uşaq istirahətə gələnlərdən deyil. Yaxın kəndlərdən birinin uşağıdır. Yəqin ki, məni ora getdiyim gündən izləyirmiş. Həmin vaxtdan hardasa tək qalmaqdan qorxuram.

Söhbətimiz zamanı hər ikisi də dəfələrlə xahiş edirdi ki, gizli kameram və ya fotoaparatım varsa, yığışdırım. Onlarla söhbətin real olmadığını düşünənlər üçün deyim ki, Bakıda kifayət qədər gey və transseksuallar var. Sadəcə olaraq onlarla söhbət həmişə uğurlu alınmır. Onların şəxsi həyatını yazmaqda məqsəd real həyatları işıqlandırmaqdır. O həyatlar ki, çoxları üçün qaranlıq pərdə arxasındadır, amma maraqlıdır. Bu maraq isə həmişə yaxşı istiqamətləndirilmir. Yerli mətbuatımızda "risk qrupu","həssas qrup"–a daxil edilən insanlarla bağlı informasiyalar, məlumatlar həmişə olduğu kimi və ya xoş məqsədlə işıqlandırılmır. Bu da onlara qarşı diskriminasiyaya və antipatiyaya səbəb olur.

İnsan haqlarının aliliyini, hüquqların toxunulmazlığını nəzərə alaraq fotosunun yayımlanmasına icazə verməyən müsahibin istəyi əleyhinə fotosunu yaymaq nə jurnalist etikasına, nə də ki, vətəndaşlıq mövqeyini güdən insanın vicdanına yaraşmır.

Günay Muradlı

Publika.Az

Yazının birinci hissəsini bu linkdən oxuya bilərsiniz

http://www.publika.az/news.php?id=4242

Oxumağa davam et
Reklam
Reklam

Gündəm