Müğənni Xatirə: “Oğlum olsaydı, Aygün Bayramovanı alardım ona“ - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Müğənni Xatirə: “Oğlum olsaydı, Aygün Bayramovanı alardım ona“ - MÜSAHİBƏ

Nişan üzüyünü yenicə barmağına taxan müğənni Xatirə İslam son günlər media əhlinin diqqətini öz üzərinə cəlb etməyə müvəffəq olub. Hər kəs onun qəflətən nişanlanması ilə maraqlanır.

Xatirə İslamın Publika.Az-a verdiyi müsahibəni sizlərə təqdim edirik:

- Nişanlanandan sonra qalmaqallardan kənar gəzməyə çalışırsız. Nişanlınız imkan vermir, yoxsa özünüz istəmisiz?

- Başım işlərimə və şəxsi həyatıma qarışıb. (gülür)

- Nə vaxtsa nişanlınız sənətinizi davam etdirməyə icazə verməsə, onunla razılaşarsız?

- İnanmıram ki, nişanlım sənətimə görə mənə qadağa qoysun. Ancaq təbii ki, qadağa qoysa, sənətdən getməyə hazıram.

- Ailə qurandan sonra da açıq-saçıq geyimlərə üstünlük verəcəksiz?

-Ümumiyyətlə, əvvəllər açıq-saçıq geyimlər geyinməmişəm. Nadir Qafarzadənin konsertinə geyindiyim libasdan başqa heç bir paltarım açıq olmayıb. Sözügedən paltarda da ancaq ayaqlarım görsənir. Açıq-saçıq libaslar mənə də yaraşsaydı, geyinərdim. Səhnə adamı fərqli olmalıdır. Bir çox müğənnilərimiz var ki, onlara açıq geyimlər yaraşır. Adlarını çəkə bilməsəm də, onu deyə bilərəm ki, kimə necə yaraşırsa, elə də geyinməlidir.

- Şou-biznesdə boşanmaq artıq aktual məsələlərdən birinə çevrilib. Sizcə, yenicə özlərinə toy edib ailə quranlar niyə tezliklə boşanır?

-Tək şou-biznesdə yox, adi həyatda da tez-tez boşanmaların şahidi oluruq. Bunu yalnız sənətçiərə aid etmək düzgün deyil. Əgər iki cavan bir-biri ilə anlaşa bilmirsə, boşanmaq ən doğru yoldur, nəinki bir-birinə əzab-əziyyət vermək. Özümdən misal gətirim ki, gələcək həyat yoldaşımla nişanımızdan cəmi 1 ay əvvəl tanış olmuşuq.

-Toyunuz nə vaxt olacaq ?

-Toyumun vaxtını dəqiq deyə bilmərəm.

- Qadın həmkarlarınızdan fərqli olaraq kişi həmkarlarınız şou-biznesdə olan şəxslə ailə qurmağa pis baxırlar. Sizcə, onların bu cür düşünmələrinə səbəb nədir ?

-Şou-biznesdə olan ifaçıların hamısı bir-birlərinə hörmət etməlidirlər ki, kənardakılar da bizə müsbət qiymət versin. Ulduzlarımıza məsləhət görərdim ki, özlərinə hörmət qoysunlar. Bəyəm bizim müğənnilərə nə olub? Oğlum olsaydı, xalq artisti və xanandə Aygün Bayramovanı oğluma alardım. Guya ki, həkim və ya başqa peşənin sahibi olub tərbiyəsizlik etmək olmaz ki ? Bizimkilər xaricilərin nəyindən əksikdilər ki? Hamısı bir-birinə hörmət qoyur və evlənirlər. Müğənnilər göz önündə olduqları üçün şəxsi həyatları ortalıqdadır. Şou-biznesdəki şəxsiyyətli bəylər və xanımlardan örnək götürmək lazımdır, yeni çıxan ifaçılardan yox. Söylədiklərim ola bilsin ki, kimlərisə qıcıqlandırsan. Ancaq mən belə fikirləşirəm.

- Gəlin, razılaşaq ki, Azərbaycan şou-biznesində özlərini gülünc vəziyyətə qoyub, efirlərdə reklam olunan xanım müğənnilər də var ....

- Bəli, efirlərdə artıq hərəkətlər edən xanım müğənnilərimizin olduğunu mən də etiraf edirəm. Ancaq Türkiyə şou-biznesində bu kimi hallar düzgün qəbul olunur. Azərbaycanlılar xarici müğənnilərə 70 min dollar vəsait ayırıb Bakıya dəvət edirlər. Ancaq bizimkilər nəsə edəndə tez yozmağa başlayırlar. Tanınmış sima özünə yeni maşın və ya ev alanda bizimkilərdə fikir yaranır ki, onu imkanlı şəxs saxlayır. Ancaq bilmirlər əksəriyyətinin sürdüyü maşın bankda kreditdədir. Elə öz sürdüyüm maşını da kreditlə almışam. Əksər sənətçilərimizin sənətinə və şəxsiyyətinə hörmət edib onlara hədiyyə alanlar da var.

- Sənətə dəxli olmayan bəzi "müğənnilər" var ki, özlərindən razıdırlar. Sizin belə ifaçılara münasibətiniz necədir?

- Özləri bilərlər. Kim necə istəyir elə də etsin. Şou-biznesin başqa üzvləri mənim üçün maraqlı deyil. Öz üzərində işləyən ifaçı ilə işləməyən ifaçı seçilməlidir. Onlara fərq qoyulmalıdır.

- Azərbaycan müğənnilərini sizcə, niyə "bozbaş" müğənni kimi təqdim edirlər, ancaq əcnəbi müğənniləri bəh-bəhlə səhnəyə dəvət edirlər?

- Bizdə sözügedən kəlmələrin işlənməyinə baxmayın, xarici ölkələrdə "bozbaş" kimi sözlər yoxdur. Heç erməni şou-biznesində belə sözlər işlənmir. Çünki hamısı bir-birinin tərəfini saxlayır. Ancaq Azəri ulduzları bir-birlərinin ayaqlarını tapdalayıb, arxalarınca danışırlar.

- Müğənnilərin bir-birlərinə paxıllıq etmələrinə səbəb nədir?

- İnanın ki, səbəbini heç mən də bilmirəm.

- Dəbdəbəli konsert salonlarını azərbaycanlı müğənnilər niyə tamaşaçıyla doldura bilmir?

- Türk müğənnilərini gətirən təşkilatçılar bizim müğənnilərə də kömək etsə, inanın ki, bütün zal ağzınadək dolar. Dəfələrlə konsert eləmişəm. Bütün yerlər dolu olub. Həmin pulla da borclarımı ödəmişəm. Çünki konsertimin təşkilatçısı və sponsuru özüm olmuşam. Azərbaycanlı təşkilatçılar türk müğənnilərindən 100 min pul alıb konsertlərini yüksək səviyyədə yola verirlər. Bunu bizim ifaçılar üçün də eləsələr, çox yaxşı olar.

- Ulduzlar niyə disklərindən pul qazana bilmirlər?

- 3 ildir ki, disk çıxartmıram. Çünki bizim ölkədə disk alanların sayı çox azdır. Lazım olan mahnını da internetdən əldə etmək mümükündür.

Ceyran Əsgərqızı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm