“Rəsul Quliyev dedi ki, namizədlikdən danışmaq tezdir” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

“Rəsul Quliyev dedi ki, namizədlikdən danışmaq tezdir” - MÜSAHİBƏ

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin Publika.az-a müsahibəsi.

- ABŞ səfəri zamanı əsasən kimlərlə görüşdünüz?

- İlk olaraq Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatında görüşlər keçirdik. Görüşlərdə əsasən Azərbaycanda gedən ictimai-siyasi proseslər, insan hüquqları, toplaşmaq azadlığı və digər məsələlər müzakirə edildi. Vaşinqtonda isə Dövlət Departamentində, Konqresdə, Senatda, BMT-də olduq. Azərbaycandakı ictimai-siyasi vəziyyətlə bağlı məlumatlar verdik və problem bildiyimiz sahələrlə bağlı məsələləri qaldırdıq. Sözsüz ki, Amerikada görüşdüyüm insanlar qeyd edirdilər ki, mənim verdiyim məlumatlardan xəbərləri var, ancaq bir neçə yeni məlumatlarda əldə edə biliblər. Onlar söz verdilər ki, Azərbaycanda gedən demokratik proseslərə dəstək verəcəklər.

- Siz “onlar söz verdilər, onlar belə dedilər” kimi ümumi fikirlər işlədirsiniz. Onlar deyəndə kimi nəzərdə tutursunuz, yəni konkret kimlərlə görüşmüşünüz?

- Dövlət Departamentində Azərbaycan üzrə şöbənin müdiri ilə, konqresmen və senatorlarla.

- ABŞ səfəriniz öz təşəbbüsünüzlə olub, yoxsa adını çəkdiyiniz strukturlar sizə rəsmən dəvət göndərib?

- Səfərimlə bağlı məlumat öncədən yayılmışdı. Bu dəvət Rəsul Quliyevdən gəlmişdi. Bildiyiniz kimi Rəsul Quliyev ACP-nin lideridir və Demokratiya Uğrunda Müqavimət Hərəkatının həmtəsisçisidir. Ancaq mənim Vaşinqtonda özüm tərəfindən həyata keçirdiyim görüşlər də oldu. Yəni mən həm Rəsul Quliyevlə görüşdüm, həm də Vaşinqtonda digər görüşlərdə iştirak etdim.

- Rəsul Quliyevlə görüşünüzdə hansı məsələləri müzakirə etdiniz?

- Bu, mənim Rəsul müəllimlə ilk görüşüm idi. Biz əsasən Demokratiya Uğrunda Müqavimət Hərəkatının, eləcə də “Protest” Mitinq Komitəsinin fəaliyyətinin gücləndirilməsi istiqamətində müzakirələr apardıq. Həmçinin ölkəmizdə gedən ictimai-siyasi vəziyyət ətrafında danışdıq.

- Rəsul Quliyev Azərbaycana gələcəyinə dair sizə də söz verdimi?

-Sözsüz ki, bununla bağlı onun müəyyən fikirləri var. Hər halda bu haqda yaxın gələcəkdə onun özü müəyyən şeylər açıqlayacaq. Onu deyim ki, bizdə bu istiqamətdə işə başlayacağıq. Yeri gəlmişkən, Rəsul Quliyevin özü də Amerikada bu istiqamətdə üzərinə düşən işləri görür.

- Rəsul Quliyev bəyan edib ki, 2013-cü il prezident seçkilərində namizəd kimi iştirak edəcək. Bu mümkündürmü və bu haqda müzakirələriniz oldumu?

- Prezident seçkiləri haqqında müəyyən fikir mübadiləsi apardıq. Rəsul Quliyev bildirdi ki, hələlik bu haqda danışmaq tezdir. Çünki əsas məsələ demokratik seçki mühitinə nail olmaq, Seçki Məcəlləsini təkmilləşdirməklə bağlıdır. Mənimlə söhbətdə bu deyilib.

- Fuad müəllim, sizin səfərinizi kim maliyyələşdirib?

- Kim mənim səfərimi maliyyələşdirməlidir ki?

- Adətən siyasətçiləri dəvət edən təşkilatçılar maliyyə xərclərini ödəyirlər. Ancaq belə xəbərlər var ki, sizin səfəriniz rəsmi dəvət əsasında olmadığından Rəsul Quliyev tərəfindən maliyyələşdirilib...

- Mən Amerikaya öz maliyyəmlə getmişəm.

- Siz səfər çərçivəsində Senatda, Konqresdə, Dövlət Departamentində və BMT-nin Baş Ofisində olmuşunuz. Bəs bu səfərin nəticələri nədən ibarətdir?

- Nəticə belədir ki, görüşdüyüm insanlar söz verdilər ki, məndən aldıqları informasiyanı rəhbərlərinə çatdıracaqlar. Çalışacaqlar ki, bəyanatlarla təzyiq etsinlər.

- Deyilirdi ki, Müqavimət Hərəkatının Avropa bölməsinin əməkdaşları da sizə qoşulub görüşlərə qatılacaq. Onlar səfərdə sizi müşayiət edirdimi?

- Xeyr. Avropada olan müttəfiqlərimiz gəlməmişdilər. Səfərdə Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının beynəlxalq əlaqələr üzrə koordinatoru kimi mən iştirak etmişəm. Avropadan bir qrup adam ABŞ-a gəlməli idi, amma gələ bilmədilər.

Nemət Hüseynli

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm