“Bu ədəbi mühitdə elə şeylər gördüm…” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

“Bu ədəbi mühitdə elə şeylər gördüm…” - MÜSAHİBƏ

Yazıçı Oktay Hacımusalı əvvəldən ədəbiyyat təəssübkeşidir. Hətta mən onu tanımadığım vaxtlarda da, deyilənə görə, belə emosional təəssübkeş olub. Ədəbiyyatın qaranlıq dalanlarında baş verən bütün hadisələri diqqət mərkəzində saxlayır, baş verənlərə münasibət bildirməyi də unutmur.

Son vaxtlar ədəbiyyatla bağlı baş verən bütün söz-söhbətlərin episentrdə Hacımusalını görmək mümkündür. Qalmaqallara başının qarışmasına baxmayaraq mənim qayim-qədim dostum söhbətləşmək üçün bəndənizə vaxt ayırdı.

- Son vaxtlar yaman əsəbi görünürsən. Nə baş verir, dostum?

- Bütün müqəddəslərə and olsun ki, əsəbi deyiləm. Sadəcə, gördüyüm, hiss elədiyim bəzi məqamlar var ki, onun qarşısında susa bilmirəm. İnan ki, bəzən demişəm vəssalam, bundan sonra heç nəyə qarışmayacağam, qoy nə olur-olsun... Dünyanı mən düzəldəsi deyiləm ki?! Anam məni Müqəddəs Ata kimi dünyaya gətirməyib axı. Bir az da çalışım, özüm üçün yaşayım.

Amma, yox, bu ədəbi mühitdə elə şeylər görmüşəm, susmağım mənə şərəf gətirməyəcək. Əksinə, qələm adamı hesab-kitab adamıdı, siz bir haqsızlıq gördüyünüz zaman susursunuzsa, heç kim sizə bir söz deməsə də, güzgüdə bir dəfə üzünüzə baxmağınız kifayətdi, məncə. Ki, rahatlıqla hayqırasınız ki, mən də bir kişi deyiləm! Bax, bunu yaşamaq istəmirəm.

- AYB-nin mənzil bölgüsündən narazı qaldığını yazılarından hiss elədim, səncə, niyə bu qədər ədalətsizik?

- AYB-nin mənzil bölgüsü haqqında danışmaq mənə düşməz. De niyə? Çünki AYB-nin siyahısında olanlar, hamısını demirəm, əksəriyyəti ədəbiyyat uğrunda can qoyan insanlardı. Amma bir məqam da var ki, yazıçı dura-dura operatora, məsləhətçiyə, mühasibə ev verəndə qalırsan belə… Yaxşı, bəs qalan yazarlar? Siz düşünün, belə bir hal mümkün ola bilərmi ki, məsələn, bəstəkarlara ev veriləndə qəfil desinlər: Yox, gəlin, fortepianonun əyarlarını təmir edən texniki işçiləri də evlə təmin edək, özü də bəstəkarların hesabına?! Mümkün deyil, ola da bilməz!

Sadəcə, Yazıçılar Birliyinin sədri Anar müəllim bilir ki, yazarlar mağmındır və onların bu mağmınlığı hara qədər istəsən gedib çıxa bilər, lap belə sabah Anar müəllim qızı sayın Günel Anarqızına da ev versə, heç kim dillənməyəcək. Nə Anar müəllim, nə də Anar müəllimin qızı deməyəcək ki, yox, bizim (konkret olaraq mənim) ehtiyacım(ız) yoxdur, verin ehtiyacı olan birinə!

Necə ki, bu siyahıda olanların heç birinin (söhbəti hardasa evi, maşını və sair olanlardan gedir...) hünəri və heysiyyatı çatmadı bu evi əlinin tərsi ilə itələsin. İtələmədilər, ürəklərinin başına qoydular əllərini. Dedilər ki, illərdir çalışırıq haqqımızdır. Elədirsə, sual verirəm, niyə AYB Muğan bölməsinin sədri Namiq Hacıheydərlinin adı yoxdur bu siyahıda? Niyə istedadlı şair Həyat Şəmi yad olunmayıb?

Halbuki bu iki adını yazar bütün parametrləri ilə tam uyğun gəlirdi axı. AYB sədrinin məsləhətçisi də (el dili ilə desək katibə), orda çalışan mühasiblər də, operatorlar da nə Həyat Şəminin, nə də Namiq Hacıheydərlinin bir cümləsini belə yazmayıblar və yaza da bilməzlər.

Hətta Anar müəllim, ya da çox hörmətli AYB-nin gənclər katibi Rəşad Məcid Azərbaycan yazıçıları ilə ilk SOS(ial) həyəcan siqnalı çalan Eyvaz Əlləzoğlunun ailəsinin ədəbiyyatdakı işartısı olan Ayxan Eyvaza ev verəndə belə, bizim sentimental hisslərimizlə oynamağa qərar verib. Doğurdan da uğurlu taktikadır. Siyahıyla bağlı söhbət etdiyim dostların böyük əksəriyyəti də mənə bu məqamı xatırlatdı və bunu AYB-nin qurultayöncəsi gizli seçim kampaniyalarında divident qazanmaq istəyənlərin lütfkarlığı kimi təqdim etdilər.

Burda maraqlı məqam da gözdən qaçırmamaq lazımdır: bir qrup yazar üzə çıxır, AYB-yə etiraz edir və dərhal bir nəfəri çıxarırlar AYB-nin içindən, deyirlər, sən çıx bizi tənqid elə. De ki, AYB yazarlar birliyi yox, katibələr birliyidir. O da çıxır (söhbət Əsəd Cahangirdən gedir) deyir hə, ev bölgüsü düzgün aparılmayıb. Və belə bir görüntü yaradılmağa çalışılır ki, AYB-nin hazırda iş görən oğlanlarının hamısı demokratdırlar. Bunlardan “yaxşı oğlan” yoxdur.

Bu “yaxşı oğlanlar” bir şeyi unudurlar ki, ədəbiyyatda yaxşı oğlan yoxdur. Ədəbiyyatda ədəbiyyatçı var. Vəssalam. Vallah, ədəbiyyatda “yaxşı oğlan” kimi imic yaratmağa çalışanların heç izi-tozu da qalmayacaq. Onlar gedəcəklər sələflərinin yanlarına və orda uzun-uzun, dərin-dərin səssizliyə gömülüb bir nəfərin onları tarixin dərinliklərinə quylayacağı anı böyük həyəcanla gözləyəcəklər.

Bu qədər müzakirələr aparıldı, bir adam Orxan Fikrətoğlunun, ya da Yalçın Qocanın qapısını döydümü? Siyahıda adı olan, ancaq bizim heç birimizin tanımadığı insanıların birindən də fikir, ya da münasibət öyrənmədilər ki, siz kimsiniz?

-Təqaüd aldın, xərclədin. Amma yenə də təqaüd verilməsində ədalətsizlik detalları axtarırsan.

- Cəlil, təqaüd dövlətimizin yazarlara, ələlxüsus da gənc yazarlara göstərdiyi diqqət və sayğının təzahürüdür. Bu gün Azərbaycan ədəbiyyatında, xüsusilə AYB-nin kurasiyasında olan təqaüd anlayışı qəribə formalarda özünü büruzə verir. Şəxsən mən 2008-ci ildə bu təqaüdü almışam. O zaman gənclər nominasiyasında 20 nəfərə təqaüd verilməli idi. Cəmi 18 nəfər gənc yazar tapmışdılar. Həmin iki nəfərin yerinə nəvəsi olan 50 yaşlı və övladı universitetdə oxuyan 45 yaşlı "gənc" şairləri siyahıya salmışdılar.

Bu iki nəfərə görə böyük narazılıqlar yarandığı üçün onları çıxarıb yerlərinə nisbətən cavan, lakin heç kimin tanımadığı şəxsləri daxil etdilər. Bu təqaüd məsələsindən sonra AYB sanki konveyr üsulu ilə birdən-birə gənclər yetişdirməyə başladı. Bunun özəlliyi odur ki, yetişənlərin hamısı diplomlu şair və yazıçılar ordusudur. Həmin şəxsləri tez-bazar AYB üzvü etdilər. Daha sonra isə onlara prezident təqaüdü verdilər.

Hətta iş elə yerə çatdı ki, 17 yaşlı bir yazara – Mirbəhram Əzimbəyliyə təqaüd verdilər. Görəsən, dövlətin pulunu belə boş və mənasız yerə xərcləməyə dəyərmi? Qardaş, Mirbəhram Əzimbəyliyə təqaüd verilməsini xatırlayanda mən bir məqamı qeyd etmədən keçməyəcəyəm. Mirbəhram işıqlı gəncdir. Bəlkə də nə vaxtsa yaxşı şeirlər yazacaq, bəlkə də yox, bunu zaman göstərəcək. Amma bu qardaşımız “ala-bula, boz keçi” səviyyəsində şeirlərdən oluşan bir kitab buraxıbmış və səncə kitaba önsözü kim yazıb? Kamil Vəli Nərimanoğlu!

Mən başlayımmı burda çox incə nüanslar axtarmağa? Ya sadəcə oturum susum? Bu insanlara təqaüdlər niyə verilməlidir? Yaxşı, deyirlər gəncdir, buna olar. Bəs Mehman Musabəylinin adı niyə siyahıya salınmır? Məsələ “alıb xərcləmisən, sus!” məsələsi deyil axı.

Başqa maraqlı cəhət odur ki, AYB-nin 2000-ə qədər üzvünün təxminən 800-900-ü artıq təqaüd alıb. Bununla belə, hələ də məsələnin kökündə duran məqamı - siyahıları açıqlamırlar. Hər dəfə qeyri-dəqiq məlumatlar verilir. Neçə ildir ədəbiyyatda olsaq da, təqaüdçülərin adlarını eşidəndə təəccüblənirik.

Məsələn, AYB-nin sədri çox hörmətli Anar müəllimin katibəsinin prezident təqaüdü alması məni çox təəccübləndirdi. Və ya 2-3 hekayə və ya tərcüməsi çıxmış yazarın özünün, övladının, qardaşının, dostunun qardaşının və bu kimi qohumlarının adlarının siyahıya düşməsi ilə dövlətin pulları havaya sovrulur.

Bundan çıxış yolunu deyim sənə? Qoy, 20 nəfərlik təqaüd AYB-nin bütün strukturlarından – “Ədəbiyyat" qəzetindən, "Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarından, "Mütərcim", "Dünya ədəbiyyatı", "Körpü" jurnalları kimi adı olub özləri yox kimi olan mətbu orqanlarından, qurumlardan, təşkilatlardan daha çox iş görən 5 yazara verilsin. Sonra bunun müqabilində onlardan ortaya nə isə qoymaları istənilsin. Adamın başının üstündə Allah var da, Qismətə də təqaüd verilsin, Orxan Adiloğluna da? Mən Orxan Adiloğlunu qeyd etmədən də keçə bilərdim, amma addı çəkdim. Qoy düşünsünlər.

- Son vaxtlar Qismətlə aranızda elə bil “pişik asqırıb”. Nə vermisən bu şairə ki, indi də ala bilmirsən? Axı Qismətin istedadını qəbul edirik, ortalıqda gənc yaşda gördüyü işlər də var…

- Qismət istedadlı dostumuz idi. Amma nə səbəbdənsə son zamanlar yaman mediatikləşib. Yəni, sanki biri düyməyə basıb, biriləri də durmadan Qisməti reklam edir. Hardasa Qisməti eləyiblər Polad Ələmdar, ya da Abdullah Çatlı.

Gəlin, baxaq görək Qismət nə yazıb indiyə kimi?! Ancaq üç-beş internet materialının sağını-solunu düzəldib saytlara verib. Təfəkkür baxımından isə, Qismət inciməsin, amma yetmişinci-səksəninci illərdə kənd nasirlərindən, şairlərindən qətiyyən fərqlənmir. Onlarda da Bakıya qarşı bir nifrət vardı, onların içində də Bakıya və bakılılara barışmazlıq kompleksi var idi, Qismətdə də bu var.

-Sən ilk günlərdən AYO-çuları da bəyənmrsən, onlarla problemin nədir?

- AYO AYB-nin qarşısında neçə illər dirəndi. Amma nə dəyişdi? Ya da sualı belə qoyaq: AYO AYB ilə dirəşəndə nələri, hansı düşüncələri sırıdı Azərbaycana? Bu dirənmədən kimlər istifadə etdi? Bunlar hamısı ədəbiyyat tarixini yazanların işidir. Amma AYO daha çox ədəbiyyat tarixində şoumenlər briqadası kimi qalacaq. Bunun da obyektiv və subyektiv səbəblər var.

-Rəşad Məcidlə ulduzun heç barışmır Oktay... Rəşad Məcidin hansı xüsusiyyətləri sənin canını sıxır? Adam gənclərə dəstək verir, qonaqlıq verir, qonarar verir... Daha neyləməlidi ki?

-Heç nə. Daha neyləmək lazımdısa, onu da eləyir. Gənclərə dəstəyi çıxmaq şərti ilə nə lazımdısa edib Rəşad Məcid müəllim. Cəlil, Rəşad müəllim ağır seyiddir, cəddinə qurban olum. Təzə bilmişəm bunu. Mən bu yaxınlarda düşünürəm onunla bir çay süfrəsi əyləşib halallıq istəyim. Mən halallaşacağam onunla, amma hələ anadan olmamış Azərbaycan vətəndaşları belə, ona halallıq verəcəkmi, bax onu bilmirəm.

-Həmişə nədənsə narazısan. De görüm, dişə dəyəsi bir mətn tapa bilirsənmi bu kitab bolluğunda?

- Haqsızlıq görürsən, şeytanın səssiz ordusuna çevrilmirsən, o dəqiqə demoqoq olursan. Azərbaycan ədəbiyyatına yeni cavanlar gəlir. Bu yaxınlarda Namiq Rəssamı, Məhbus Münzəvini oxudum. Gözlərimə işıq gəldi...

Cəlil Cavanşir

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm