“YAP-a üzvlük sənətçiyə üstünlük vermir” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

“YAP-a üzvlük sənətçiyə üstünlük vermir” - MÜSAHİBƏ

- Mayın 4-dən 8-nə qədər Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Səudiyyə Ərəbistanı Krallığında olmusuz. Səfərin məqsədi nə idi?

- Məqsəd iki ölkənin parlamentləri arasında münasibətləri genişləndirməkdi. Səfər yüksək səviyyədə təşkil olunmuşdu, dövlətin diqqətində idi. Ərəbistanı Krallığı Şura Məclisinin sədri Abdullah bin Məhəməd bin İbrahim Əl-Şeyxlə görüşdük, parlamentlərarası münasibətlərin gücləndirilməsini müzakirə etdik.

Görüşdə bildirildi ki, Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Ermənistandan qoşunları işğal olunmuş torpaqlardan çıxarmağı tələb edir. Qeyd edim ki, Səudiyyə Ərəbistanı Türkiyə və Pakistandan sonra işğal faktoruna görə Ermənistanla diplomatik əlaqə qurmayan üçüncü ölkədir.

Azərbaycanla dostluq qrupunun üzvləri ilə də görüşdük. Səudiyyə Ərəbistanın deputatlarının Azərbaycan haqqında daha çox məlumat almaq istəyini hiss etdik. Onlar həm Azərbaycan iqtisadiyyatının inkişafı, həm də beynəlxalq uğurları ilə bağlı sevindiklərini bildirdilər.

Nümayəndə heyətini Səudiyyə Ərəbistanının vəliəhdi də qəbul elədi. O, Azərbaycanda gedən proseslərlə maraqlandı və ölkəsinin həmişə Azərbaycana marağının olduğunu dedi.

Bundan başqa Kral Tarix Muzeyində, Ərriyad Tarix Mərkəzinə, Kral Səud adına Ərriyad Universitetinə baş çəkdik. Doqquz hektar əraziyə sahib universitetinin 56 min tələbəsi var. Qeyd edim ki, Səudiyyə Ərəbistanı elmə, təhsilə böyük maraq göstərir. Büdcəsinin 30 faizə qədəri məhz elmə ayrılır. Onlar son dövrlərdə elmi-tədqiqatlara böyük diqqət ayırmağa başlayıblar.

Biz Səudiyyə Ərəbistanın timsalında yaxın bir dost, qardaş ölkə gördük. Həm cəmiyyətin özü, həm də Səudiyyə Ərəbistanının kral ailəsi Azərbaycanın uğurlarına sevindiklərini, Azərbaycanın yanında olduqlarını bildirdilər.

- Səfərinizdə Səudiyyə Ərəbistanının Azərbaycana investisiya yatırmaq imkanları ilə bağlı müzakirələr oldumu?

- Bu məsələlər həm parlament sədri, həm dostluq qrupunun üzvləri, həm də xarici işlər nazirinin müavini ilə keçirilən görüşlərdə qaldırıldı. Səudiyyə Ərəbistanı Azərbaycana investisiya qoyan ölkədir, eyni zamanda daha çox investisiya qoymaq arzusunda olduğu bildirildi.

- İctimai Palata ötən iki mitinqin “20-ci sahə” adlanan ərazidə keçirilməsi ilə razılaşsa da, may ayının 13-nə planlaşdırılan mitinqin həmin ərazidə keçirməyəcəyini bildirib. Sizcə, bu dəyişiklik nə ilə bağlıdır?

- Hesab edirəm ki, bu, qeyri-ciddi siyasətinin nəticəsidir. Ciddi siyasətçi üçün aksiyanın harada keçirilməsinin əhəmiyyəti yoxdur. Eyni zamanda aksiya ciddi siyasətçinin aparıcı xətti olmamalıdır. Əsas məsələ cəmiyyətin problemlərini, özünün mövqeyini və planını ortaya qoymaqdır.

Aksiyalarda irəli sürülən şüarlara diqqət yetirdikdə aydın görünür ki, həmin qüvvələrin cəmiyyəti idarə etmək və problemləri həll etməklə bağlı heç bir konsepsiyaları yoxdur. Bütün çıxışları ancaq “Evrovision”la bağlıdır, ya da evinin sökülməsindən narazı olan bir neçə nəfərə tribuna verilməsindən ibarətdir.

Bir tərəfdən də yaxşı ki, aksiya keçirdilər, cəmiyyət onları yaxından tanıdı. Aksiyanı “20-ci sahə”də keçirib-keçirməmək barədə onların mövqeyinə gəldikdə, bu, cəmiyyət üçün maraqlı mövzu deyil. Nə icazəli, nə də icazəsiz aksiyalarda tərəfdar toplaya, cəmiyyətdə maraq oyada bilmədilər.

- İctimai Palata “Eurovision” mahnı müsabiqəsi ərəfəsində də aksiya keçirmək iddiasındadır. İctimai asayişin qorunması zəruriliyini nəzərə alaraq hakimiyyət hansı məhdudlaşdırıcı addımlar ata bilərmi?

- Qanun hökumətin üzərinə hansı məsuliyyət qoyubsa, onu yerinə yetirəcək. Hamı bunu bilməlidir. Hakimiyyət orqanları asayişin qorunması üçün səlahiyyətləri çərçivəsində hərəkət edəcək.

- Müxalifət mətbuatında yer alan fikirlərə görə, hakimiyyət “Eurovision” mahnı müsabiqəsindən sonra müxalifətə qarşı daha sərt addımlar atacaq. Bu məlumatlara münasibətiniz necədir?

- Müxalifət istərdi ki, onlara qarşı təzyiqlər olsun, beynəlxalq aləmdə əzabçəkən obrazda səhnəyə çıxsınlar. Amma bunu görməyəcəklər... Azərbaycan hakimiyyəti üçün siyasi yönümdən asılı olmayaraq, bütün təşkilatlar və vətəndaşlar eynidir. Qanunda icazə verilən formada aksiyalarını, tədbirlərini keçirə, fəaliyyət göstərə biləcəklər.

Bunları edə bilmirlər, çünki gücləri, cəmiyyəti cəlb edəcək proqramları, liderləri yoxdur. Hesab edirəm ki, özlərini dəyişməyə bacarmalıdırlar. Amma bunu edə biləcəklərmi? Şəxsən mənin buna böyük şübhəm var.

-Son zamanlar xeyli sayda sənət adamı Yeni Azərbaycan Partiyasına üzv olub. Bunu kampaniya sayanlar da tapılır...

- Bu, kampaniya yox, insanların sərbəst şəkildə Yeni Azərbaycan Partiyasına üzv olmasıdır. Yeni Azərbaycan Partiyası heç zaman kampaniya ilə insanları sıralarına qəbul etmir və kimisə məcburiyyət qarşısında qoymur.

Mən özüm 1992-ci ildə böyük şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı təşkilatın yaradılmasını eşidəndə əlaqə saxladım və partiyaya könüllü üzv oldum. Bu gün partiya üzvləri arasında sənət və qeyri-sənət adamları kimi bölgü aparmır. Cəmiyyətin müxtəlif təbəqələri partiyanın üzvləridir. Sənət adamlarının partiyaya üzv olması onların sənətinə təsir göstərmir. Partiyanın üzvü olmaq onlara hər hansı üstünlük vermir, əksinə məsuliyyət yaradır. Yeni Azərbaycan Partiyası bu gün avanqard təşkilat olduğuna görə müxtəlif təbəqələrdən üzvlük üçün müraciətlər alır.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm