• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Baş psixiatr: “Həftədə bir dəfə də maşın sürmək istəmirəm...” - MÜSAHİBƏ

Baş psixiatr: “Həftədə bir dəfə də maşın sürmək istəmirəm...” - MÜSAHİBƏ

- Psixi problem nə deməkdir? Bu, özünü necə büruzə verir?

- Psixi sağlamlıq psixi problem demək deyil. Psixi problem fəsaddır. İrsi, bioloji, ana bətnində uşağın inkişafı, doğuşun düzgün aparılması, uşağın ilkin yaşlarında dürüst böyüməsi, məktəbdə tərbiyə və ünsiyyət, ailədə normal mühit, sosial şərait və digər faktorlar bu məsələdə mühüm rol oynayır.

İnsanın həyatına mənfi təsir göstərən hər bir amil onun psixologiyasında da izsiz ötüşmür. Əvəllər daha çox “psixi pozuntular”, “psixiatriya” anlayışları işlənirdisə, indi bu anlayış bütün dünyada genişlənib və “psixi sağlamlıq” anlayışına çevrilib.

Psixi problemlərin spektri çox genişdir. Misal üçün, mən bu gün pis yatmışamsa, bütün günü özümü əzgin və halsız hiss edirəmsə bu da psixi problem adlandırıla bilər. Yaxud kiminsə ailəsində və ya dostları ilə hansısa münaqişəsi var və bu ona mənfi təsir göstərirsə, bu da psixi problemin yaranmasına səbəbdir.

- Sizcə, bizdə insanlar psixiatrlardan niyə “qorxurlar”? Müalicə üçün niyə müraciət etmirlər?

- Elə insan var, psixi problemi olsa da müalicə üçün müraciət etmir. Belələri anlamalıdır ki, vaxtında müalicə olunmayan xırda problem sonradan böyük bir xəstəliyə çevrilə bilər. Əgər insan 3 gün, 5 gün axşamlar rahat yata bilmirsə bunun səbəbi vaxtında aşkarlanmalı və bunun qarşısı alınmalıdır. Yoxsa aylar keçdikdən sonra bu nevroza gətirib çıxara bilər.

İnsanlar psixiatr yanına getməkdən həm də ona görə qorxurlar ki, ətrafdakılar onu qınağa çəkə bilər. Psixi problemli insanlar stiqmaya (ictimai qınağa) məruz qalan kateqoriyaya aiddir. Bu cəmiyyətimizdə psixi sağlamlıq haqqında kifayət qədər məlumatın olmamasından irəli gəlir.

- Bu vəziyyətin dəyişilməsi üçün nə etməli..?

- Durum tədricən dəyişməyə başlayır. Son zamanlar həyata keçirilən maarifləndirici tədbirlərində müəyyən rolu var. Artıq insanlar özlərində problem hiss etdikdə psixiatrlara müraciət edirlər. Əvvəllər də həkim yanına gəlirdilər, lakin xəstəlik daha ağırlaşmış formada olanda gəlirdilər. İndi isə daha yüngül formalarda, xəstəliyin başlanğıc dövründə müraciət edirlər.

- “İdmanla məşğul olmaq insanı psixoloji cəhətdən gümrah hiss etməyə kömək edir” fikri ilə razısınızmı?

- Bu, tamamilə doğrudur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) da belə bir şüarı var ki, “insan psixi sağlam olmasa, fiziki sağlam ola bilməz.

Son zamanlar istər Azərbaycanda, istərsə də dünyada insanlar öz fiziki sağlamlığına çox diqqət verməyə başlayıblar - trenajor zallarına, fitness salonlarına, hovuzlara, idman komplekslərinə daha çox gedirlər. Hər səhər parklarda, bulvarda idman edirlər. Bunlar insanların fiziki sağlamlığına önəm verməsi anlamına gəlir. Amma iş bununla bitmir. Fiziki cəhətdən sağlam olmaqla yanaşı insan stressdən uzaq durmalı, hər şeyə əsəbiləşməməli, səbirli olmalıdır. Yoxsa fiziki sağlamlıq da heç bir mahiyyət daşımır.

- Psixi xəstəliklər arasında daha çox hansında artım müşahidə olunur?

- Hər bir ölkədə psixoz adlandırdığımız şizofreniya, hipolyar pozuntu, ağıl zəifliyi kimi ağır psixi xəstəliklərdə müəyyən artım tendensiyası var. Bu xəstəliklər statistik baxımdan çox artan xəstəliklər olmasa da dünyanın hər yerində rast gəlmək olar.

Ən çox artım isə bütün dünyada olduğu kimi Azərbaycanda da depressiyalar və nevrotik pozulmalarda müşahidə edilir. İnformasiyanın çoxluğu, gərginlik, stress, təbii fəlakətlər və digər təsirli faktorlar nəticəsində psixi xəstəliklər arasında ən böyük artım göstərən depressiyalar və nevrozlardır.

Bəzən insan çox yorulduğunu, təklikdə qalmaq istədiyini, şəhərdən uzaqlaşıb rayona səfər etmək istəyir. Bu, fiziki yorğunluq deyil, beyin yorğunluğu, psixoloji yorğunluqdur. Bu, depressiyanın göstəricisidir.

- İndi gənclər, hətta uşaqlar da depressiyada oduğunu deyir. Uşaqda depressiyanın yaranmasına nə səbəb ola bilər?

- Bu, dünya miqyasında psixiatriya elminin böyük bir problemidir. Hazırda nəinki depressiyaya düşənlərin sayı çoxalıb, həmçinin orta yaş da aşağı düşüb. Artıq 15-16 yaşında olan uşaqlar depressiyaya tutulur və həkim yardımına ehtiyac duyurlar. Bunun səbəbi bir deyil, iki deyil.

Uşaqlarda depressiyaya meyllilik daha çox onun əhatəsində və ailədaxili münasibətlərində asılıdır. Uşaqlar ailədə valideynləri münasibətlərində bir az ərköyün olurlar. Öz istəyini həyata keçirə bilmədikdə küsmək, incimək, bu barədə günlərlə fikirləşmək kimi nəticələr yaranır. Yeniyetmə dövründə isə onlar çərçivələrdə çıxmaq, azad həyata atılmaq fikrinə düşürlər. Bu yaşda xasiyyət baxımından emosional və həssas olduqları üçün problemlərə qarşı da dözüm göstərmirlər.

Ailədə, məktəbdə, dostlarda münasibətdə, sevgi münasibətlərində adi kiçik bir konflikt onların depressiyaya düşməsinə kifayət edir. Hesab edirəm ki, uşaqların psixoloji cəhətdən dözümlü olmasında istənilən halda valideynlərin rolu danılmazdır.

- Bəziləri sakit görünür, amma danışdıranda çoxlu psixi problemləri olduğu aydınlaşır...

- İnsan xasiyyətcə sakit, amma ünsiyyət zamanı səbrsiz ola bilər. Bu daha çox insanların fərdi xüsusiyyətlərindən asılıdır. Bunu ətrafdakı insanlar mənfi qəbul etməməlidirlər, əksinə, belələri ilə ünsiyyət qurmağa çalışmaq lazımdır.

- Psixiatriya sahəsinə dövlət münasibəti necədir?

- Ötən il Azərbaycanda “Psixi sağlamlıq üzrə Milli Strategiya” imzalandı. Strategiyada bir çox sahələr, həmçinin stiqmaya qarşı mübarizə məsələləri də yer alıb. Bu məsələlərdən biri psixiatriya kabinetlərinin poliklinikalarda açılması ilə bağlıdır. Artıq insanların psixiatr yanına getmək üçün qapalı psixiatriya mərkəzlərinə yox, öz poliklinikalarına müraciət edə bilərlər.

Azərbaycanda psixiatriya dispanserləri də ləğv olunub və psixi sağlamlıq mərkəzləri yaradılıb. Əvvəllər dispanser sözü insanları qorxudurdu. İndi isə Psixi Sağlamlıq Mərkəzində həm psixiatrlar, həm psixoloqlar, həm sosioloqlar çalışır. Həmçinin “qaynar xətt” fəaliyyət göstərir ki, insanlar istədiyi vaxt zəng edib yardım ala bilərlər.

- İndi xəstələrə diaqnoz necə qoyulur?

- Psixiatriyaya aid əvvəlki qanunda psixi pozuntunun diaqnozunun qoyulması yalnız psixiatrlara həvalə olunurdu. Hətta ailə həkimləri diaqnozu bilsələr də onların diaqnoz qoymaq səlahiyyəti olmurdu.

Qanuna edilən dəyişiklərə əsasən artıq psixi xəstəliklərin yüngül formalarının diaqnozunu qoymaq üçün psixiatr olmayan həkimlərə də icazə verilib. Ailə həkimləri xəstəni həm yoxlayır, ona dərman yazır, həm də müalicə edir. Ağır formaları olanda isə psixiatra yönəldə bilərlər.

Qanuna bu dəyişikliyin səbəb o idi ki, psixi xəstəliyi olan insanlar çox, həkim az idi. Ona görə də müsbət nəticələr əldə etmək çətin olurdu.

Təsəvvür edin ki, yuxu pozuntusu olan insan mütləq psixiatriya xəstəxanasına getməli idi. Amma bunu ailə həkimləri də müalicə edə bilər. Vacib olmadığı halda psixiatr yanına getməyə nə ehtiyac var?

“Psixiatriya haqqında” qanuna edilən son dəyişikliklər xəstələri həkimlərə daha da yaxınlaşdırdı, onların müalicə üsullarını sadələşdirdi. Ümumiyyətlə, psixiatrlar, ailə həkimləri ailələrə yaxın olmalıdır. Psixi sağlamlıq məsələlərinin çox aktual olduğu indi dövrdə bu məsələ böyük önəm kəsb edir.

- Regionlarda insanlara psixoloji yardımların göstərilməsi hansı səviyyədədir?

- Regionlarda psixoloji yardım, reabilitasiya yardımı yetərli deyil. Bu, daha çox kadr problemi ilə bağlıdır. Azərbaycanda psixoloqlar, həmçinin kliniki psixoloqlar azdır. Psixiatriya müəssisələrində çalışanlar isə müəyyən bir qrupa kifayət edəcək qədərdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Səhiyyə Nazirliyinin dəstəyi ilə biz qeyri-psixiatrlar üçün xüsusi təlim paketi hazırlamışıq. Bu yaxınlarda təlimlərə start verəcəyik.

Təlimlərə həm ailə həkimləri, həm sahə həkimləri, həm də digər poliklinika həkimləri cəlb ediləcək, onlara psixi xəstəliklərin yüngül formalarının diaqnozu, müayinə və müalicəsi üzrə təlimlərə keçiriləcək. Nəticədə kadr problemləri bir müddətdən sonra həll olunacaq.

- Gəray bəy, Azərbaycan xalqı xasiyyətcə necədir? İnsanlar çox əsəbidirmi? İntihara meylliyin səbəbi nədir?

- Azərbaycan xalqı əslində intiharlara meylli xalq deyil. Bizim insanlar pozitiv xüsusiyyətlərə malikdir. Psixoloqlar tərəfindən təsdiq olunmuş bir nəticəyə görə intiharların bir səbəbi də mənəvi tənhalıqdır.

Bəzən insan özünü öldürmək istəyir, amma 30-40 il bunu eləmir. Çünki o insanda intihardan çəkindirən səbəblər güclüdür. Azərbaycan xalqında da intihardan çəkinmə (anntisuisidal) faktorlar güclüdür. Bizim insanlarımız arasında qohumluq, dostluq, tanışlıq əlaqələri güclüdür. Problemimiz olanda dərhal yaxınlarımız yanımızda olur. Bu bir danılmaz faktdır ki, insan öz ətrafında ağır günündə yanında yaxınlarını görəndə təsəlli tapır.

Digər cəhət dinlə bağlıdır. Azərbaycanda insanlar arasında dini inanclar güclü olduğu üçün özünə qəsd etmək düşüncəsi hər zaman günah sayılıb. Dəfələrlə görmüşəm, ciddi problemləri olan insan deyib ki, “mən bilsəydim bu günah deyil, çoxdan özümü öldürərdim”. Deməli, dini inanclar da antisuisidal faktorlardandır.

Ailədəki uşaqlar da intihardan çəkindirmə faktorudur. Bizim insanlarda uşağa- övladlara sevgi, bağlılıq güclüdür. Hətta valideynlər övladları 30-40 yaşına çatanda belə, onlardan uzaq durmaq istəmirlər.

Ancaq insanlarımız bir az tez qıcıqlanan, tez əsəbiləşəndir. Bir balaca toxunan kimi özündən çıxır. Biz daha emosional insanlarıq. Mən inanıram ki, fərdi və irsi xüsusiyyətlərimiz bizi nə vaxtsa gülərüz millətə çevrəcək.

- Müasir dünyanın ağlasığmaz dərəcədə tərəqqi etməsi insanlarda hansı psixoloji gərginliklər yaradır?

- İnsanlar həddindən artıq tərəqqi dövrü yaşayır. Bir çox texnoloji üstünlüklər insanların məişət həyatını yüngülləşdirib. Lakin bu həm də insanların gərginliyini artırıb. Artıq həyat o qədər sadələşib ki, insanlarda tənbəllik yaranıb. Öz əlimizlə yaratdıqlarımız bizim işimizi görür deyə biz heç nə etmək istəmirik. Bu da mənəvi boşluğa səbəb olur.

Adi bir misal deyim. 10-15 il bundan öncə bir çoxları maşın sürməyi əsəblərinin sakitləşməsi kimi qiymətləndirirdisə indi maşın sürmək əsl əsəb gərginliyidir. Artıq maşın sürmək insanın vaxt itkisi, işlərin ləngiməsi deməkdir. Mən özüm buna görə bəzən həftədə 1 dəfə də maşın sürmək istəmirəm.

Başqa bir misal. 20-30 il bundan öncə 1-2 telekanal var idi, onlar da gecə saat 11-12-də yayımı dayandırırdı. Bundan sonra məcbur idin ki, yatasan. İndi bütün günü yüzlərlə istər yerli, istərsə də xarici kanallar var. Amma bu o demək deyil ki, oturub səhərə qədər kanallara baxasan.

Demək istədiyim odur ki, texniki tərəqqi və avadanlıqların funksionallığı artdıqca insanlarda psixoloji dəyişikliklər baş verir...

- Son vaxtlar demək olar ki, hər gün intihar hadisələri barədə eşidirik. İntiharların çoxalmasının səbəbi nədir?

- İntihar bir şəxsin daxili münaqişəsi nəticəsində atılan bir addımdır. Bəzən deyirlər ki, intiharların əsas səbəbi maddi problemlərə dayanır. Lakin elə deyil. Nəzərə almaq lazımdır ki, intiharların böyük əksəriyyəti sosial və maddi cəhətdən ən yaxşı yaşayan ölkələrdə, o cümlədən Skandinaviya və Qərbi Avropa ölkələrindədir.

Digər məsələyə diqqət yetirək. Maddi cəhətdən ən kasıb ölkələr Afrika qitəsində olsa da ən az intiharla orada baş verir. Acından ölürlər, amma intihar etmirlər. Deməli, intiharları hansısa konkret faktora görə qiymətləndirmək olmaz. Burada psixoloji, ətraf mühit, cəmiyyət, şəxsiyyətdaxili faktorların rolu danılmazdır.

Mənəvi boşluq, tənhalıq, hansısa sağalmaz xəstəliyə düçar olmaq kimi faktorlar da var. Amma onların heç birini əsas faktor kimi qeyd edə bilmərik. Bu şəxslərə görə dəyişə bilər.

- Son zamanlar ölkədə ailədaxili cinayət hadisələri də çoxalıb. Bunun insanların psixi durumu ilə bağlılığı varmı?

- Aparılan təhlillər göstərir ki, ailədaxili cinayət törədənlərin əksəriyyəti psixi xəstələrdir. Çox təəssüf ki, son zamanlar qeyri-sabit şəxsi keyfiyyətlərə malik insanlarda ailədaxili aqressiv hərəkətlər artıb. Elə insanlar var ki, evdən kənarda ətrafındakılarla özünü düzgün apara bilir, amma ailədə nəzarəti itirirlər.

Burada iki əsas faktor var. Aqressiyaya səbəb olan faktorlar və aqressiyanın provakasiya edən faktorlar.

Bir çox təhlil olunmuş işlər göstərir ki, aqressiyanın qurbanı olan şəxsdə də günah kifayət qədər olur. Uzun illər o qarşı tərəfi aqressiyaya provakasiya edir və nə vaxtsa həmin insanın aqressiyası partlayır. Sonra isə arzuolunmayan cinayətlər baş verir.

- Psixoloji baxımdan kimlər daha həssas olur – qadınlar, yoxsa kişilər?

- Qadınlar daha emosional, kişilər daha həssasdır. Qadınlar öz problemlərini daha tez və emosional şəkildə büruzə verir, kişilər isə problemləri daha dərindən keçirirlər.

Qadın konflikti yaşayır, ağlayır, iki gündən sonra yadından çıxarırlar. Kişidə sarsıntı daha uzun müddət davam edir. Ona görə də kişilərdə daha çox psixoloji problemlər yaranır.

- Yəqin ki, psixiatrların da psixi problemləri olur...

- Psixiatr da insandır. Onların daim təmasda olduğu insanlar çox fərqlidir. Bəzən söyüşə, aqressiyaya da məruz qalırıq. Bunun hamısını qəbul edirik. Xəstələrin problemlərinə biganə qalmaq olmur. Bəzən mən xəstələrimin problemlərini eşidəndə özüm pis oluram, sarsıntı keçirirəm. Sonra bütün günü onun təsiri altında oluram.

Digər insanlara psixoloji yardımlar zamanı psixiatr o qədər enerji, intellekt, emosiya sərf edir ki, öz problemlərinin həllində gücsüz qalır. Bu da psixiatrlarda, psixoloqlarda mənəvi yorğunluğa gətirir. Psixiatr bəzən özü yorulur, hansısa nevroza, depressiyaya tutulur.

Bununla belə digər ixtisaslı həkimlərlə müqayisədə psixiatrların psixoloji müdafiəsi daha yüksəkdir. Biz problemlə qarşılaşanda vəziyyətdən çıxmaq üçün kollegiyalarımızdan yardım alırıq. Bundan başqa, psixoloji sarsıntılar zamanı bildiyimiz müdafiə üsulları bizə kömək edir.

- Bəzən deyirlər ki, psixi problemlərə din kömək edir. Bunun təcrübi əsası varmı?

- Din hər zaman insanları təmkinli, səbirli olmağa çağırır. Dində kin saxlamamaq, valideynlərə qarşı hörmət, mehribanlıq kimi əməllər bəyənilir. Bundan başqa dində bildirilir ki, insanın başına gələn hər hansısa hadisə bir sınaqdır. Buna səbir etmək lazımdır. Şükür eləmək lazımdır. Bunlar bir növ psixoterapeyadır.

- ÜST-ün məlumatına görə son zamanlar dünyada şizofreniyalı xəstələrin sayı artıb. Azərbaycanda nə qədər belə xəstə qeydiyyatda var?

- Şizofreniya ağır psixi xəstəliklərdən hesab olunur. Şizofreniya, insanın düşüncə, duyğu və davranışlarında, özünün və ətrafındakılara yaşantısını əhəmiyyətli dərəcədə təsir edən bəzi dəyişikliklərə səbəb olan rahatsızlıqdır Bu dəyişikliklər keçici də ola bilər, qalıcı da.

Şizofreniya 15-35 yaşları arasında ortaya çıxır. Cəmiyyətdə ortalama yüz nəfərdən birində görülür. 40 yaşından sonra isə nadir hallarda rast gəlinir. Dünyadakı insanların 1 faizə qədəri (60 milyon) şizofreniyalı xəstələrdir. Azərbaycanda isə bu göstərici 0,6 faizidir. Bu, çox dərin bir problemdir. Onkologiyada xərçəng xəstəliyi olduğu kimi, psixiatriyada da şizofreniya ağır xəstəlikdir. Belə xəstələrin müalicəsi qapalı şəraitdə, xüsusi proqrama əsasən aparılır.

F.Hacıyev

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR