• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Nyu-Yorkdakı azərbaycanlı tələbə: “Mən çox narazıyam...“ - MÜSAHİBƏ

Nyu-Yorkdakı azərbaycanlı tələbə: “Mən çox narazıyam...“ - MÜSAHİBƏ

- Mehriban xanım, Amerika Azərbaycan diasporunun fəaliyyətini necə dəyərləndirirsiniz?

- Amerikadakı Azərbaycan diasporu müəyyən işlər görməyə çalışır. Əlbəttə, biz bu fəaliyyətin daha məhsuldar olmasını arzulayırıq. İndiki siyasi və iqtisadi şəraitdə xaricdə yaşayan azərbaycanlılar daha fəal olmalı, dünyada və ölkəmizdə baş verən hadisələrə operativ olaraq münasibət bildirməlidirlər.

Mənim fikrimcə, Azərbaycan diasporu dünya arenasında hələ öz layiqli yerini tuta bilməyib. Problem ondadır ki, burada bir neçə diaspor təşkilatı var və heç biri bir-birini qəbul etmir. Məncə, bizdə rəhbər olmaq xəstəliyi diasporun inkişafına ən böyük maneə yaradan amillərdəndir.

Bu yaxınlarda bir neçə tədbir və aksiya keçirdik. Aksiyalarda bütün diaspor rəhbərləri və nümayəndələri bir araya gəldi. İnanın ki, insanın qəlbi fərəh hissi ilə dolur belə olanda. Təəssüf ki, həmişə belə alınmır. Bir təşkilatın düzənlədiyi tədbir və ya mitinqdə o biri təşkilatın rəhbəri və nümayəndəsi iştirak etmir. Nəinki iştirak etmir, hətta deyir ki, o olan yerdə mənim işim yoxdur!

Çox tədbir və mitinqlər beləcə bəzi insanların şəxsi ziddiyyətlərinə görə güclü alınmır, çünki hər 3 diaspor təşkilatında kifayət qədər güclü, Azərbaycanı sevər insanlar var. Bütün bu deyilənlərlə nəzərə alaraq, Amerikada Azərbaycan diasporunun fəaliyyətini 5 ballıq sistemlə qiymətləndirməli olsaq, ona "3" vermək olar.

- Ölkəmizin tanınmasında gənclərin rolu necədir? Gənclərimizin bu ölkədə fəallığı hansı səviyyədədir?

- Amerikada yaşayan azərbaycanlı gənclərin diaspor fəaliyyətindən isə heç razı deyiləm. Belə ki, yaşadığımız elm və texnikanın sürətli inkişafı dövründə gənclərin gücü və səviyyəsi daha da üstündür. Onların bu imkanlarından istifadə edib Vətənə və xalqa xidmət göstərmələri üçün hər şərait var.

Ancaq təəssüf ki, bizim gənclərin biganəlik hissi onların vətənpərvərlik hissindən qat-qat güclüdür. Məncə, orta nəsil diaspor nümayəndələrinin birinci və ən ümdə vəzifəsi bu biganəlik hissinin aradan qaldırılması olmalıdır.

Mən bir azərbaycanlı kimi dəfələrlə gənclərimizi bir araya toplamağa, onların savadlarından, imkanlarından istifadə etməyə cəhd göstərsəm də buna nail ola bilməmişəm. İndiki gənclər diaspor işinə maraq göstərmir və bundan uzaq durmağı üstün tuturlar. Mən Nyu-Yorkdakı Azərbaycan gənclərinin nümayəndəsi kimi bizim indiki gəncliyimizdən daha böyük entuziazm gözləyirəm.

- Erməni diasporunun fəaliyyəti necədir?

- Erməni diasporu həmişə və hər yerdə olduğu kimi öz fırıldaqçı siyasətini davam etdirir. Əllərinə imkan düşdükcə öz yalanlarını dünyaya çatdırmaqda inadlıdır. Bizim ilk vəzifəmiz yeri gəldikcə onları susdurmaq və həqiqəti dünya ictimaiyyətinə çatdırmaqdır.

Amerika və Fransa erməni lobbisinin ən güclü məkanlarıdır. Ona görə də Amerikada Azərbaycan diasporu olaraq bizim üzərimizə daha məsuliyyətli və daha çətin vəzifə düşüb. Bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün Amerikadakı bütün diaspora təşkilatları daha sıx birləşməli və bir məqsəd uğrunda planlı şəkildə fəaliyyət göstərməlidirlər.

Elnur Eltürk

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR