“Şimali azərbaycanlılar ölər, təbrizli Həmid Herisçiyə heç vaxt dəyər verməz”
Bizi izləyin

Müsahibə

“Şimali azərbaycanlılar ölər, təbrizli Həmid Herisçiyə heç vaxt dəyər verməz”

Həmid Herisçi: “Laməkan, paralel aləmdə özümü yaxşı hiss edərəm”

Mənim qənaətimə görə, Həmid Herisçi Azərbaycanda qələminə, dünya görüşünə, daxili dünyasına görə fərqlənməyi bacaran tək-tük qələm adamlarındandır. Şəxsən mən onun şeirlərini və portret yazılarını çox sevirəm. Oxucusu olduğum üçün onunla həmsöhbət olmaq, suallarımla onun mənəvi dünyasının qapısını döymək də çox asan oldu. Bir sözlə, oxucularımız üçün Həmid Herisçinin mistik, sirli-sehrli dünyasına bələdçiliyə yüngülvari cəhd elədim.

- Həmid bəy necəsiz? Deyilənə görə, özünüzü sehrbaz kimi hiss edirsiz. Bəlkə bir az bu barədə danışaq?

- Dəfələrlə sınamışam, yazıçı qələminin sehrli çubuqdan fərqi bir o qədr də çox deyil. Usta qələm sahibləri həmişə məntiq dünyasından tez ayrılar, əfsanələr aləminə, sirlər xəzinəsinə, mistik dünyalara səyahətə başlarlar. Gəlin, sizə bu səyahətlərin marşrutunu cıızım: əvvəlcə, bəli, düşürsən XRONOANOMALİYA dünyasının əcaib sehrinə. Sual olunur: nədir belə Xronoanomaliya? Cavabım hazırdı: zamanın düyünə düşdüyü ana “xronoanomaliya” deyilir. Rusca buna “петля времени”(zaman ilgəyi) deyərlər. Burda əsas şərt “zaman-məkan” anlayışlarının vəhdətə gəlməyidir. 1996-cı ilin avqustunda, 1989-cu ilin noyabrında nə vaxt, saat neçədə, hansı ayın hansı günündə hardaydımsa, aradan neçə illər ötdükdən sonra da eyni vaxtda inanın, mən yenə təsadüfən(?) ordaydım. Yadda saxlayın: zamanın düyünə düşdüyü XRONOANOMALİYA anları həmişə məhz “paronormal” yerlərdə baş verər. Yəni “zaman-məkan” anlayışlarının pozulduğu yerlərə, dəqiqələrə mən həmişə xüsusi diqqət ayıraram. Bu mövzuda gəldiyim qənaət belədir: xronoanomaliyanın baş verdiyi paranormal yerlərdə ZAMAN ölür, vaxt ləğv olunur, insanın qəzavü-qədəri, yəni karması heçə enir...

Həmişə bu cür sehrli anları öz yazılarıma, araşdırmalarıma gətirərəm. Mövzularımı, fikirlərimi həmişə bu sehrli ünvanlardan toplaram adətən.

Qələm sahibləri bu sehrli məkanlara, “sirlər xəzinə”sinə adətən Nizami Gəncəvi kimi 40 yaşdan sonralarda düşər... Orda öz möcüzələrini qələm vasitəsiylə həyata keçirərlər. Onu da qeyd edim ki, bu, həm də astrologiya ilə sıx bağlıdır. Qədim Şərq münəccimlərinin ulduz xəritəsindəki “sirlər xəzinəsi” adlı nöqtə, bəli, həmişə Yeddi ulduz bürcü tərəfdə işarələnib. Yəni “zaman-məkan” anlayışlarını dəf edənlərin beynində, yerin cazibə gücü, göyün cazibə qüvvəsiylə əvəzlənər...

Bəli, yazıçılıqda bir mühüm şərt var - yazıçısansa, demək sehrbazsan. Demək əlində artıq qələm deyil, sehrli çubuq var...

Kiçik misal: mərhum yazar, TV-lərdə bir çox teletamaşaların müəllifi Firidun Ağayev özünün çox maraqlı “İldırım dənizə çaxır” romanını mənə 5 aprel tarixində hədiyyə edib. ANS-də işlərkən “Yüzüncü baxış” verilişimdə bu roman əsasında çəkilmiş eyniadlı filmi müzakirəyə çıxardığım vaxt bir də baxdım gördüm ki, təqvim 5 aprel gününü göstərir...Məncə, burda da təsadüf yoxdu, xronoanomaliya, yəni “zaman ilgəyi” var, vəssalam. Qısası, həyatın bəzən çox amansız, əbədi süjet xətləri olur, çalış o xətlərə düş, gör orda nələri öyrənərsən. Orda təsadüflər istisnadır. Qalina Staravoytova-ermənipərəst, antiazərbaycan ruhlu Rusiya deputatı, Qarabağ münaqişəsini ilk körükləyən ikinci Qriboyedov oldu bizimçün. Qəribədir, bu xanım Leninqradda “Qriboyedov kanalı” ünvanında yaşayırmış. Elə həmin ünvanda da Qriboyedov kimi qətlə yetirildi 2000-ci ildə...

Hər iki qətl məncə oxşardı...Motivləri də eynidir...Hər iki halda “zaman ilgəyi” tarix qarşısında öz borcunu tam dəqiqliklə həyata keçirib orda.

- Davam edin, çox maraqlıdır...

- Xronoanomaliyaların baş verdiyi, zaman-məkan anlayışlarının pozulduğu ünvanlar çox da uzaqda deyil bizlərdən. Onların biri indi hazırda Nərimanovun heykəli ucaldığı nöqtədədir. Bir neçə yamacın dirənib birləşdiyi bu ərazidə həmişə möcüzələr baş verib... Bakı tramvayları vaxtilə dairə - “8 nömrə vurub” sonra öz marşrutuna qayıdıb həmişə burdan...Gözlərinizi yumaraq həmin vahiməli mənzərəni beyninizdə canlandırın: uzaqdan sürətlə gələn tramvaylar burda qəfil şahə qalxar, sonra sürətlə aşağı yuvarlanar, yığdıqları sürətlə elektrik işlətmədən Qoşaqala qapılarınadək yol qət edərdilər... Böyük dramaturq Cəfər Cabbarlı, şair Müşfüq, Əliağa Vahid həmin bax, bu “əcəlmayallaq” məkanda axşamlarını, gündüzlərini keçiriblər... Zaman buranı karusel kimi işlədib sanki özüyçün... Ancaq Nərimanovun heykəli tam nöqtə qoydu sonralar şəhərimizin bu ən dinamik, şeytani nöqtəsinə... Hazırda ora Bakının guya ən sakit nöqtəsidir...

- Tez-tez şifrələrdən, mistikadan danışırsız. Yazılarınızı oxuyanda mənə elə gəlir ki, sanki siz yer kürəsindən əlinizi üzüb, göylərdən, ilahi qüvvələrdən nələrsə gözləyirsiz? Bu halınızı necə izah eliyə bilərsiz?

- Neçə illərdir ki, öz yazılarımda bir həqiqəti qabardıram: dünyada məntiq zəifləyib, bəzi fiziki qanunlar artıq işlək deyil sanki. Əvəzində mistika güclənib həyatımızda.

1966-cı ildə, 5 yaşımdaykən Leninqradda, Çar Pyotrun fəvvarələri önündə bir qəşəng şəkil çəkdirmişəm. Üzərindəki 1966 rəqəmi hərdən bir başqa cür təsir edər mənə, orda 666 rəqəmini seçərəm, başlaram o gözəl mənzərənin içində gözəgörünməz şərri axtarmağa. Buyurun, ona indi siz də baxın...

Bir başqa mistik şəkili mən 1987-ci ildə Moskvadaykən lentə aldım... Çox sonralar onu gözdən keçirərkən fotodakı mistisizmə təəccübləndim. Bu fotoya indi siz də baxın: öndə gördüyünüz atamdı. Onun arxasındakı kölgə, Feliks Djerzinskinin KQB binası qarşısındakı məlum heykəlindən düşən kölgədir. Atamın üstündəki kölgə isə mənə məxsusdu. İndi özünüz deyin: bu qədər kölgə həmin şəklə necə sığışıb? Və niyə məhz bu şəkildə gəlib bir-biriləriylə tapışıblar?

Hə, bax, bu cür şəklə deyərlər “canlı mistik fotoşəkil”... Məncə, o çox nadir mistik fotodur - ruhları əks etdirir özündə... Bu cür sirli şəkillər vasitəsilə qədimlərdə, elə indi də, spiritualistlər ruhlar aləminə daxil olarlar. Gördüyünüz kimi, məndə belə bir şəkil var... Gizli aləmlərin açarı bilərəm özümçün həmin nadir fotonu....

- Siz olduqca geniş mütaliəyə malik tək-tək aydınlarımızdan birisiz. Bizdə əsasən çox oxuyanlar ateizmə, deizmə meyllənir. Necə oldu ki, Həmid Herisçi kimi bir dəliqanlı ceyil, hər şeydən xəbərdar adam ruhani aləmə, dinə, inanca meylləndi?

- Məncə, az oxuyunlar ateizmə meyllənir... Ədəbi mətnlərin əsasında mütləq dini mətnlər gizlənir. Misalçün, götürək “Qilqameş” dastanını. Bu qədim şumer dastanı indiki İraqın Bəsrə, Kufə, Kərbəla şəhərləri tərəfdə hələ 4 min il öncə qələmə alınıb. Mövzusu həm sadə, həm də mürəkkəbdir - baş qəhrəman Qilqameş öz yaxın dostu Enkidunun ölümüylə əsla barışmır. Daim onu xatırlayır, daim onun xatirəsinə mərsiyələr deyir. Dirilik suyunu axtarır ən uzaq ünvanlarda...

“Qilqameş” dastanınnın coğrafiyası, Kərbəla faciəsinin baş verdiyi eyni coğrafi ərazidədir. Qilqameşin Enkidu barədə dediyi qəmli mərsiyələr İmam Hüseyn mərsiyələrinə çox bənzər. Mərsiyələrimizin musiqisi, ahəngi də elə həmin şumer dünyasından gəlmədir...İstəyirsən qədim şumer dünyasını duyasan? Beləysə, gəl Kərbəla mərsiyələrimizə qulaq as. O mərsiyələrin canındakı qədim şumer musiqisini, nəfəsini öz canına çək.

Qədim şumer dünyası ilə canlı əlaqə yarada biləcək çox nadir bir ədəbi janrımız var-mərsiyələrimiz. Şəxsən mən bu mərsiyələr vasitəsi ilə həmişə qədim şumer dünyasına səyahət etmişəm. Bax, bu da mənim növbəti sehirbazlığım.

Görürsən, qədim dövrlərə, qədim ölkələrə səyahətə çıxmağı bacaranlardanam. Qədim Şumerlə sıx əlaqə tellərim mövcuddu....Ordan hikmət öyrənərəm...

- Tez-tez deyirsiz ki, posmodernzmi Azərbaycana siz gətirdiz, siz də aparırsız. Artıq konspirologiyanı gətirdiyinizi elan eləmisiz. Sizcə, ədəbiyyatımız postmodernizm mərhələsini keçə bildimi? Nədənsə mənə elə gəlir ki, biz ilişib qalmışıq bu postmodernzmdə. Postmodernizm keçilməsə, konspiralogiyanı gətirməyə dəyərmi?

- Bax, indi dövrü mətbuata öz portret yazılarımı çap edirəm. Postmoderndə, bildiyimiz kimi, portret janrı yarana bilməz. Çünki postmoderndə Allah, insan, müəllif anlayışları yoxdu - postmodern həmişə onların öldüyünü elan edər. Mən isə postmodern dövrünü yaşayan Azərbaycana öz portret janrımı gətirdim. 20-dən çox dəyərli insanımızın portetini çizdim. Nəticədə Azərbaycanı sarmış postmodern kabusunu laxlatdım. Bəlli oldu ki, yox...insan ölməyib...o, hələ sağdı....İnsan sağdısa, demək Allah da sağdı...Müəllif də, yəni bizlər də sağıq... Və biz ölkəmizi sarmış bu postmodern kabusunu cəhənnəmə göndərməyə hazırıq.

Bəli, əvvəllər bizə ədəbiyyatda postmodern lazım idi... Keçid dövrünün buna öz sifarişi vardı bir vaxtlar... Ancaq indi biz gərək həmin postmodern havasını ədəbiyyatımızdan çıxaraq. Məncə, konspirologiya buna tam şərait yaradır. Ədəbiyyatımıza gətirdiyim yeni portret janrı da məncə, öz antipostmodern missiyasını uğurla həyata keçirməkdədir.

- İstedadlı adamlarla dostluq eləməyinizi özünüzün böyük səhvi adlandırırsız. Artıq imanlı adamlarla dost olmaq istəyirsiz. Nədir istedadlı ilə imanlının fərqi? İstedad imana və ya iman istedada mane olurmu?

- Bəli. Mən gərək istedadlı deyil, imanlı insanlarla dostluq edərdim... Bunu özümə bağışlaya bilmirəm. İndi yalnız mistik, magik insanlarla dostluq etməyə meylliyəm.

- Sizcə, Azərbaycanda imanlı istedad sahibi yoxdurmu?

- İstədiyim mistik insanları ədəbiyyatımızda tapa bilmirəm. Şəms Təbrizi dahi Ruminin mediumu idi... Rumi onun sayəsində laməkan aləmlərə baş vururdu... Bu cür mediumlara indi lap çox ehtiyac var...

- Ədəbiyyatdakı şoulaşmadan narahatsız. Öz yetirmələriniz olan AYO-çuların böyük qismi şouya meyilli imzalardır. Sizi ustad, AYO-çuları sizin şəyirdləriniz hesab etsək, harda yanlışa yol verdiyinizi görə bilirsizmi? Niyə yetirmələriniz şouya meyllidir?

- Postmodernizm bunu istər

- Azərbaycanda özünüzü müxtəlif sahələrdə sınamısız. Həyatınızın böyük bir dönəmi də televiziyalarla bağlıdır. Bu günki televiziyalarda özünüzü görürsüzmü? Təklif gəlsə, qəbul edərsiz?

- Mavi ekranlarında sovet və xarici kinorejissorlarının əsərlərinə baxdığım Cəfər Cəbbarlı kinoteatrı ilə məni nəysə bir qəribə qüvvə bağlayır. Əvvəla, onun ətrafında dünyaya göz açmışam. İkincisi, bütün sovet və xarici kinolara bu kinoteatrın ekranında baxmışam. Üçüncüsü, bax, bu lap maraqlıdır, həmin bina “Space TV”-yə çevriləndə də mən ondan kənarda qalmadım. “Gecə kanalı” verilişinin teleaparıcısı kimi məhz bu doğma kinotetrdan öz TV karyeramı başladım... Qəribədir, harda kinoya ilk dəfə baxdımsa, ordan da mavi ekranlara çıxdım. Sizcə, təsadüfdürmü bu? Məncə, yox. Bayaq dediyim o “XRONOANOMALİYA” məncə, burda da öz gizli hökmünü bizlərə diktə edib. Görərsiz, həyatımı idarə edən mistik süjet xətti, bir də məni bu binaya qaytaracaq.

- Yaradıcılığınıza münasibətdən razısızmı? Ədəbi tənqidin, oxucuların münasibəti sizi qane edirmi?

- “Ögey ana” filmindəki İsmayılın taleyini yaşayıram mən ədəbiyyatımızda... Qəribəm... Təbrizliyəm... Yadam sizə... Şimali Azərbaycanlılar ölər, ancaq təbrizliyə heç vaxt dəyər verməz... Siz həddən artıq yerlibazsız axı...

- Həmid Herisçi ədəbiyyatda öz oxucusunu yarada bildimi?

- Məncə, hə... Oxucularım çoxdur... Biri elə siz...

- Sizin düşüncələriniz və ideyalarınız bəşəridir. Yəni düşüncə olaraq sərhədləri, hətta planetin hüdudlarını aşmış adamsız. Dünya oxucusu necə, sizi tanıyırmı?

- Laməkan, paralel aləmdə özümü yaxşı hiss edərəm. Rusiyada, İranda tanışlarım çoxdu... Fikri cəhətdən bəşəri insanam, çox da milli deyiləm. Vaxt gələr, mənim adımla üzünüzü ağ edərsiz dünya oxucusu qarşısında. Dəqiq danışsaq, tərcüməyə ehtiyacım var... Mən portretlərimi də hekayə kimi qələmə alaram... Onları azca dəyiş, götür xaricdə çap et, yaxşı maraq qazanarsan... Bu sözləri romanlarıma, şerlərimə, publisistikama də aid etmək mümkündür...

- Həmid bəy, yaradıcı insanlara göstərilən münasibət, verilən qiymət sizi qane edirmi? Öz qiymətinizi ala bilmisizmi?

- Yoooooxxxxx..... Hələ ki, mən sizlərə qiymət verirəm... Hələ ki, mən təbrizli, bu taydakıları qiymətləndirir. Həmin qiymətləndirmə meyarını Şimali Azərbaycan ziyalılarında görmürəm. Onlar bunu bacarmaz heç vaxt...

- Ölkə prezidentinin bu günlərdə televiziyalara bildirdiyi irada münasibətiniz necədir? Uzun illər televiziyalarda çalışmış bir insan kimi, cənab prezidentin fikirlərində bir işarə görürsüzmü? Əsl hədəf nədir?

- Rəqəmsal TV-lər indi siqnal TV-lərini sıradan çıxarır. Facebook iştirakçısı olan müasir insan, razıyam, interaktiv TV modelləri tələb edir özüyçün. Amerikada ənənəvi kağız mass-media həmişə respublikaçıların nəzarəti altında inləyib. Demokratlar bu monopoliyanı öz alternativləri vasitəsilə, yəni facebook-la sıradan çıxardılar. Prezident məncə, bu mövzuya bələddir, hər halda. Yaxın zamanda TV-lərimiz xeyli dəyişəcək... FB ilə sıx əlaqəli olacaqlar... TV reytinqlərini saxtalaşdıran bizim TV MR AZ kimi şirkətlər aradan qalxacaq - FB olan yerdə kimin nəyi “like” etdiyi göz önündə olacaq axı. Reklam bazarı öz aqresivliyini azaldacaq... Uzun verilişlər, uzun şoular daha olmayacaq... Ola bilər ki, yenidən ekranlara qayıdıb öz tamaşaçılarımı sevindirim...

Nasizmə görə, dünyada iki fərqli irq mövcuddur-UBERMENŞ (fövqəlinsan), bir də UNTERMENŞ ( insanabənzər yarıinsan). Nasizm öz sənətində bax, bu Ubermenşi vəsf edirdisə, indiki TV şouları onu deyil, yarıminsan UNTERMEŞLƏRİ təbliğ və təqdim edər bizlərə. Mən efirdə görünsəm, bu untermenşlərin, biləsiz, vay günüdür...

Atam-professor, xaqanişünas, nizamişünas Qafar Kəndli, mən-5 yaşlı uşaq və Səməd Vurğun. 1966, Bakı. Əlimizdə Lənkəran zəmbili Bilgəhdəki bağımıza gedirik.

Şəkildə üçümüz də birlikdəyik... Şairlə ilk görüşümdür bu... Çox əhəmiyyətlidir deyə onu qardaşım Əli Herisçi fotoyaddaşa köçürüb. Şəkildə artan xətt boyu kiçikdən böyüyə doğru ünvanlanmış güclü bir dinamika var...

Söhbətləşdi: Cəlil Cavanşir

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm