Zahid Oruc: “İrana münasibəti dəyişməli olduq...” – MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Zahid Oruc: “İrana münasibəti dəyişməli olduq...” – MÜSAHİBƏ

- İran İslam Respublikasının Azərbaycandakı səfirliyi yerli mətbuatda İran əleyhinə yazılarin getdiyini iddia edərək bəyanat yayıb...

- Niyə narahat olurlar? Azərbaycan əleyhinə həyata keçirdikləri provokasiyaları, öz dini-siyasi qrupunun ittihamlarını görməyib, ən minimum səviyyədə reaksiyalardan niyə narahatdırlar? Dəfələrlə parlamentdə məsələ qaldırmışıq ki, İranın məruz qaldığı beynəlxalq təzyiq fonunda bizə yönəlik təsirlər güclənib. Təxribatlar sərhəd ərazilərdə və informasiya məkanında özünü daha artıq göstərməkdədir. Bunlar hər gün, bəzən hər saat baş verir.

Necə olur ki, İran Azərbaycanın İsrail və Qərblə münasibətlərini öz milli maraqlarına təhlükə sayır, müəyyən dini qrupları təşkilatlandırmaqla Azərbaycan maraqlarını tapdalamağa çalışır, amma bizim siyasilərin xeyli ehtiyatlı, soyuqqanlı reaksiyaları narahatlıqla qarşılanır?

İran səfirliyi öz ölkəsi əleyhinə Azərbaycan mediasında tezislər axtarmaqdansa, həmin ölkənin Azərbaycan əleyhinə son vaxtlar intensivləşən xəttinə diqqət yetirsin. Əgər Azərbaycan İran əleyhinə blokda yer alsa, həmin ölkənin ziyanına olacaq.

Bu ölkə fərqindədirmi ki, bizim bir sıra Qərb dövlətləri ilə münasibətlərimiz ayrı-ayrı dövrlərdə problemli səviyyəyə İrana görə düşür? Biz ərazimizdə İran əleyhinə hərbi bazaların yerləşdirilməsini təklif etmirik. Əksinə, Qərbin bölgə üçün müəyyənləşdirdiyi siyasətin əleyhinə çıxırıq. Bu baxımdan Azərbaycan İrandan mükafat yox, normal münasibət gözləyir.

Azərbaycanda İranla normal münasibətlər istəyənlər də bu ölkənin əleyhinə olan düşərgəyə keçiblər. Mən zamanında deyirdim ki, İranla ehtiyatlı siyasətimiz Qərbin də maraqlarına uyğundur. İndi bizim həmin məsafəli davranışlarımız, Avropadan ciddi təsirlərə səbəb olur. Belə olan halda İrana münasibətdə bir sıra korrektələr etməliyik.

Mən, əlbəttə, Qərbin İran əleyhinə apardığı savaşda forpost ölkə olmağı təklif etmirəm. Bu bizə bəlalar gətirər. Çünki İran istəyir ki, müharibəni bizdən başlasın. Necə deyərlər, daha çox ölkəni əhatə etməklə Qərbin müharibə hədəsindən çıxsın. Biz onlara bu arqumenti verməli deyilik. Amma dözüm göstərməyinin də bir limiti olmalıdır.

- Bəyanatda həmçinin qeyd edilib ki, İran Azərbaycanla ticarət əlaqələrini inkişaf etdirməyə səy eləsə də, Azərbaycan tərəfi ticarət dövriyyəsini artırmağa maraq göstərmir. Bu iddia ilə bağlı nə düşünürsünüz?

- Burada əsasən sərhəd bölgələrində ağırtonnajlı maşınlarla bağlı yaranmış problemə işarə edilir. İkinci tərəfdən viza ilə bağlı məsələdə birtərəflilik hökm sürür. Lakin məsələnin başqa tərəfinə baxaq. İran faktiki Azərbaycanla ticarət dövriyyəsini artıraraq nəyə nail olmaq istəyir?

Burada başlıca hədəf İranın Avropa əleyhinə yürütdüyü siyasətdir. Qərbdən müxtəlif sanksiyalara məruz qalan İran Azərbaycan üzərində elə bir iqtisadi siyasət aparmaq istəyir ki, biz onların təsiri altına düşək. Halbuki İranın rəqabət qabiliyyətli məhsulları nə beynəlxalq bazarda ön mövqedədir, nə də Azərbaycan üzərində keyfiyyəti və çeşidi ilə fərqlənir.

İndi bunu zorla sovet dövründəki kimi Azərbaycan insanına sırımaq olmaz axı. Bazar iqtisadiyyatının öz qanunları var. İranın məhsulları hər cür boykota layiqdir. İranla ticari münasibətləri xeyli dərəcədə azaltmaq lazımdır.

Bu ölkə Azərbaycana nə təklif edir? İranın yalnız səhiyyəsi vətəndaşlarımızı cəlb eləyir. Təəssüf ki, bizim səhiyyəmiz onlarla rəqabətə davam gətirmir. Qalan bütün sahələrdə məmnuniyyətlə İrandan imtina etmək olardı.

-İran zaman-zaman Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçiliyini təklif edib. Bəyanatda Minsk qrupunu fəaliyyəti tənqid edilir...

-Ermənipərəst bir dövlətin bu danışıqlarda yer alması prosesin illərlə uzanması, Qarabağın işğalının davam etməsi, Azərbaycanın zəif düşməsi, Cənubi Azərbaycan soydaşları məfhumunun birdəfəlik aradan qalxması, Qarabağ ətrafında beynəlxalq toqquşmaların artması deməkdir.

Elə işğalının ildönümünü qeyd etdiyimiz Şuşa İranın vasitəçiliyini qurbanıdır. Azərbaycan həmin dövrlərdə beynəlxalq reaksiyaları bir kənara qoyaraq İran rəhbərliyinin mandatı altında danışıqlar aparırdı. Həmin ölkənin Ermənistana deməyə imkanı var idi ki, bu, bizim mandatımıza zərbədir, işğal prosesini dayandırın. Amma etmədilər. İndi Azərbaycan hansı təcrübəyə söykənib İranın vasitəçilik təklifini qəbul etsin?

İranın bu prosesdə yer alması Qərb-İran savaşının Qarabağ üzərində daha da şiddətlənməsi deməkdir. Niyə buna razı olaq? Gedib öz nüvə problemlərini həll etsinlər, regionun təhlükəsizliyinə zərər vurmasınlar.

- İctimai Palata şəhərin mərkəzində icazəsiz piket keçirdi və aksiyanın baş tutduğunu elan etdi. Aksiya ilə bağlı sizin fikirləriniz necədir?

- Şəhərin müxtəlif ərazilərində aksiya təyin etməklə onu ümumxalq hadisəsinə çevirə bilməyənlər nəyin bahasına olur-olsun mərkəzə üz tutmağa çalışırlar. Belə zənn olunur ki, paytaxtın əlverişli nöqtələri var, orada baş verən hadisələr dalğa effekt yaradır, ötürülür, şəhərin müxtəlif ərazilərini və ölkəni əhatə edir, ölkədaxili həyatda əks-səda doğurur. Orda aksiya keçirilsə, xalqın reaksiyaları hakimiyyətin əleyhinə işləyəcək, bu minvalla aksiyaların düşüncələrdə özünə yer qazanacaq. Müxalifət təxminən belə bir modeldə fəaliyyət aparır.

Çox şadam ki, onların gözlədiyi toqquşmalar baş vermədi. Həmişə polisi ittiham edənlər indi razılıqlarını bildirdilər. Mənə elə gəlir, “Eurovision”la bağlı bütün dağıdıcılıq gücünü ortaya qoymaqla effekt yaratmağa çalışmaq yanlış xətdir.

- Ölkə miqyaslı tədbirlərin keçirilməsi zamanı aksiyaların, mitinqlərin məhdudlaşdırılması və ya təxirə salınması ilə bağlı qanunvericilik nəyi nəzərdə tutur?

- Hər kəsin sərbəst toplaşmaq azadlığı var, qoy onu istənilən yerdə yerinə yetirsinlər deyənlərə üz tuturam. Avropa 1966-cı ildə qəbul olunmuş “Mülki və siyasi hüquqlar” haqqında paktla qadağalar rejimini tanıyıb. 7 bənd üzrə hansısa məqamlarda bu aksiyalara fərqli yerlərin təklif olunması və ya qadağan olunması praktikasını biz kəşf etməmişik.

Bundan sonra Avropa İnsan Hüquqları Konvensiyası və Avropada sərbəst toplaşmaq hüququ ilə bağlı standart qanunlar sonrakı dönəmdə Azərbaycan qanunvericiliyində də nəzərə alınıb.

Müxalifət liderlərinin aksiyalar müsabiqə günlərində də keçiriləcək tipli bəyanatlarına rast gəlirəm. Bu proses milli kimliyi tamamilə ortaya qoydu. Mitinqin ən önəmli mənası onun sürdüyü bəyanatlarda, irəli sürdüyü ideyalarda, proqramlarda, Azərbaycan milli maraqlarına nə qədər uyğun olmasındadır. Bizdə tamamilə əksinədir. Kim daha çox qışqıracaqsa, nə qədər çox ittiham edəcəksə, aksiya onda alınmış sayılır. Bilmirəm bu prinsip nə vaxt dəyişəcək?

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm