Bir dəfə Heydər Əliyevin kəndinə getmişdik...”
Bizi izləyin

Müsahibə

Bir dəfə Heydər Əliyevin kəndinə getmişdik...”

Müsahibim “İrəvan” teatrının aktrisasıdır. Ancaq onu populyar olan iki oğlunun sayəsində axtarmalı olduq... Bir çox televiziya verilişinin aparıcısı olmasına baxmayaraq, Elçin Əlibəyli “El içində” verilişindən daha çox populyarlaşdı. Oqtay Əliyevi isə tamaşaçılar “Yeni Ulduz” mahnı müsabiqəsində münsif üzvü kimi sevdi.

Beləliklə, Publika. Az-a Elçin Əlibəyli və Oqtay Əliyevin anası Elmira İsmayılova danışır.

- İrəvanda böyük həyətimiz vardı, mənim ata evim idi. Oqtay o evi yaman çox sevirdi, həmişə ora can atırdı, deyirdi, burda yaşamaq istəyirəm. Oqtayı da, Elçini də teatrda böyütmüşəm. Oqtay böyük çəkidə dünyaya gəlmişdi. Doğulanda 5 kilo idi, 59 santimetr də hündürlüyü var idi.

Uşaqlar adətən doğulanda 52 santimetr olur. Moskvadan bələklər gətirmişdilər. Oqtayı o bələklə bələməyə ehtiyac olmadı. Elçin ona baxanda nisbətən balaca idi, 4 kilo çəkidə dünyaya gəlmişdi.

Uşaqlar mübaliğəsiz teatrda böyüdülər. Tamaşalar olanda ya kulisdə, ya da tamaşaçı zalında otururdular. Oqtay bütün rolları əzbər bilirdi...

Heç yadımdan çıxmaz bir gün gördüm, aktrisalardan birinin qızı ilə Oqtay telefonda danışırlar. Həmin aktrisa rəfiqəm də evdə baxmağa adam olmadığı üçün qızını teatra gətirirdi. Balaca idilər, ikisi də məşq vaxtı “Arşın mal alan” da əyləşib bizi gözləyirdilər. Telefonun bir xəttində biri deyir: “Elə bənd oldum...”, o biri də də cavab verir: “Yanaram eşq oduna”... Telefonda bizim kimi məşq edirdilər.

Oqtay Elçindən fərqli olaraq, tamaşaçı zalında oturmurdu. Həmişə kulisdə olurdu, deyirdi, mama, birdən gedərsən. Deyirdim, heç yana getmirəm, burdayam. Bir dəfə məşq vaxtı qaynana obrazını oynayan aktrisa mənə dedi ki, deyəsən, uşağını da özünlə gətirmisən?...

Bir də gördüm Elçin qaça-qaça gəlib səhnəyə, yavaşca ətəyimdən yapışıb. Güclə özümdə ayırıb kulisə aparmışam.

Bəlkə yaxşı idi, bəlkə də pis idi, amma teatrda böyüdülər. Mənə dövlət nə qədər vaxt verdisə, o qədər müddətdə onları evdə saxlamalı oldum. Elə bir qastrol məkanı, rayon olmadı ki, Elçinlə Oqtay bizimlə bərabər gəzməsin. Gürcüstandan tutmuş Azərbaycanın bütün bölgələrinə qədər... Elçin düz yeddi məktəb dəyişdi.

Elçin həddindən artıq dəcəl, Oqtay sakit sözəbaxan, heç nə tələb etməyən uşaq idi. Elçinlə mağazanın yanından keçmək mümkün deyildi. Nəyi görürdü, deyirdi al. Bir dəfə idmançılar üçün satılan kiçik qayıqdan möhkəm yapışdı ki, bunu mənim üçün al. Ağlayıb özünü öldürdü. Əlindən tutub təzəcə uzaqlaşdırmışdım ki, yerə tökülən sarı köhnə xiyarları göstərib ağlamsına-ağlamsına dedi:

- Heç olmasa bunları al!

Elçinin qarşısına kim çıxırdı, döyürdü. Ya əzişdirirdi, ya da daş atırdı. Deyirdi, mənə baxmasınlar! Məktəbə ki getdi, bu uşaq elə bil dəcəlliyi aparıb bir kənara qoydu. Biz onu evdən çölə çıxara bilmirdik. Bütün marağını dərsə saldı. Atası ilə onu havaya çıxara bilmirdik.

Oqtay da dərslərini yaxşı oxuyurdu. Bir dəfə Heydər Əliyevin ata yurduna getmişik. Orda uşaqları görüb, diqqətlə baxdı. Uşaqların da birinin ayağında qaloş, biri bir az nimdaş geyinib. Kənd uşaqlarıdır da... Çönüb dedi, mama, bir bunlara bax... Mən də dedim ki, uşaqlar dərslərini yaxşı oxuyub hərəsi bir ziyalı, Heydər Əliyev olacaq.

Amma sən dərslərini oxumasan, bu uşaqların qarşısında işləyəcəksən, hambal olacaqsan. Gözləri dondu, üzümə baxdı: “Mən olmayacam”. Dedim: “Olacaqsan! Əgər dərslərini yaxşı oxumasan, olacaqsan”. O gündən Oqtay dərslərini oxumağa başladı. O sözü özünə həzm edə bilmədi...

Uşaqlarımı incəsənətdə görmək istəmirdim. Ya həkim, ya mühəndis olmalarını istəyirdim. Biz qastrola gedəndə Oqtay mənə dedi ki, imtahana gedirəm. Dedim, sən ki dediyimə qulaq asmadın, sənə pul verməyəcəm. Mənə dedi, istəmirsən pul vermə, özümdə 10 manat var.

Getdi həmin pulla özünə bilet aldı, Bakıya yola düşdü. Oqtaydan bircə onu xahiş etdim ki, imtahanlarını versin, kəsilsə, qastrola getdiyimiz məkana gəlsin. Oqtay gəldi, tələbə bileti əlində. Artıq nə deyəcəyimi bilmədim. Öz biliyi, istəyi ilə oxudu, heç bir təkan olmadan yavaş-yavaş yüksəldi.

Elçinin meyli başqa sahəyə idi. Beynəlxalq hüquqa imtahan verdi. Həmin il də ödənişli fakültəyə qəbul oldu. Başa saldım ki, oğul, bizim o qədər pulu köçürmək üçün imkanımız yoxdur. Həmin il Elçin oxumadı.

Gələn il isə sənədlərini incəsənətə verdi ki, teatrşünas olmaq istəyirəm. Ağlımıza da gəlməzdi... Qırmızı diplomla bitirib magistratura oxudu. Sonra da özbaşına müdafiə etdi.

Oqtay Elçindən 10 yaş böyükdü deyə, kiçik qardaşına bizim gözümüzlə uşaq kimi baxırdı. Biz necə münasibət göstərirdiksə, eynilə təkrar edirdi. İndinin özündə də, hamı Oqtayla məsləhətləşirik. Bütün nəsil nə baş verirsə, Oqtayla hesablaşır.

Uşaqlarım hər ikisi çərçivədə böyüyüb. Üstəlik, biz İrəvanda yaşayırdıq, orda da azərbaycanlılar az idi, hamısı ermənilər idi. Uşaqlarım Allahın yumurtasını nə bişirə, nə də mismar çala bilirdilər. Mənim öyrətməyimlə deyildi. Bir kəlmə deyən kimi, cavab gəlirdi, kişi iş görməz. Həmişə yaxşı kişi olmağa çalışırdılar.

Oqtay heç bir qıza, qadına gözününü ucu ilə baxmazdı. Böyründən dünya gözəli də keçsə, fikir verirdim ki, ona diqqət göstərməməyə çalışır. Artıq evlənmişdi, bir katibəsi var idi, dedim, ay Oqtay nə gözəl katibən var... Dedi, əşşi nə bilim, gözəldir, oturub katibəmə baxacam?

Elçin isə hələ birinci sinifdə oxuyurdu, bir gün gəldi ki, mama, olar mən Oqtaydan əvvəl evlənim? Dedim, olar, oğlum, kiminlə evələnəcəksən? Qayıtdı ki, Olya ilə. “Yaxşı, oğlum, - dedim, - tətildə evlənərsən...” Olya onun parta yoldaşı idi. Bütün günü birlikdə idilər.

Bir gün iclasda Olyanın nənəsi dedi, Elçin heç imkan vermir ki, Olya dərslərini oxusun... İstəyirsiniz, tapşırım dedim, yox, cavab verdi, uşaqdırlar da... Sonra Olya köçüb Rusiyaya getdi. Dedim, ay Elçin, tətil gəldi, səni evləndirimmki? Yox, mama dedi, Olya getdi, daha evlənmirəm.

Oğullarım daha çox atalarına meyillidirlər. Onlara olan sevgilərini də açıq-aydın göstərirlər. Onlarla bağlı heç nəyi unutmamışam. Həmişə xatirimdədir. Həyatımı geriyə baxanda qastroldan başqa heç nə görmürəm.

Əllərində böyük imkan olub. Heç vaxt deməmişəm ki, oğul, mənim üçün bunu elə, məni efirə çıxar. Onlar özləri də tələbkar olmayıblar. Heç vaxt məndən xərclik istəməyiblər. İşləyib özləri dolanıblar.

Oğullarımı ideal hesab eləmirəm, istərdim bir qədər mülayim olsunlar. Bu xasiyyətdə nə atalarına, nə mənə bənzəyiblər. Düzdür, mən də haqsızlığa dözmürəm. Mənim uşaqlarımda zəmanə ilə uyğunlaşmaq yoxdur. İstəməzdim kiməsə əyilsinlər. Anacq bəzi məqamlarda güzəştə getmək lazımdır. Bir balaca da yumşaq olsunlar, kəskin olmasınlar.

Lalə Yusifqızı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm