“Mən Kassandrayam – lənətlənmiş Kassandra“
Bizi izləyin

Müsahibə

“Mən Kassandrayam – lənətlənmiş Kassandra“

"Anarın "Dantenin Yubileyi" əsərinin əsl müəllifi Anatoli Kuznetsovdur"

Tanınmış tarixçi-jurnalist Firuz Haşımovun Publika.Az saytına müsahibəsi

- İllərini Azərbaycan publisistikasına sərf etmiş tarixçi jurnalist, mətbuatı mütəmadi izləyən bir vətəndaş kimi mətbuatımızın indiki durumu sizi qane edirmi?

- Mətbuatımızın durumu məni qəti şəkildə qane etmir. Ən əsası ona görə ki, nə jurnalistlər, nə də yeni yazarlar dilimizi bilmir. Dili isə hiss etmədən, bilmədən keyfiyyətli yazmaq mümkün deyil. Bir də ki, jurnalist gərək, yazdığı mövzunu dərindən bilsin. Araşdırmadığı, tarixini bilmədiyi mövzunu yazanda kənardan gülməli görünürlər. Bəzən görürsən ki, tarixdən sitat gətirir biri. Amma o faktı araşdırmadan yazır. Neçə müddətdir ki, mətbuat vaxtını ancaq Azərbaycan ziyalılarının, ağsaqqallarının təhqirinə sərf etməklə məşğuldur. Bu da başqa qüvvələrin idarəsi altındadır.

- Siz yazıçı Anar ətrafında olan qalmaqalı nəzərdə tutursuz?

- Anar Azərbaycana xidmət etmiş adamdır. Onunla münasibətlərimiz heç vaxt yaxşı olmayıb. Ancaq mən ədalət naminə danışıram. Demirəm ki Anar dahidir. Anarın yeganə maraqlı əsəri "Dantenin yubileyi" dir, onun da əsl müəllifi Anatoli Kuznetsovdur. Ancaq Anarı təhqir etməyə haqqları çatmayan insanlar onun haqqında danışır. Bu Azərbaycana, Azərbaycan ziyalılarına qarşı düşünülmüş kampaniyadır. Bu kampaniya kənardan idarə edilsə də, radikal müxalifət qəzetlərinin əli ilə həyata keçirməyə başlayıb. Bir-bir ziyalıları məsxərəyə qoyub onlara qarşı xalqın inamını qırmaq istədilər. Eyni kampanıyanın toruna mən də düşmüşdüm. "Yeni Musavat" qəzeti məni "KQB agenti" adlandırmışdı. Mən lazımi faktlarla onların qarşısına çıxdım. Kod adı "Kobra" olan İsa Qəmbərə mətbuat vasitəsi ilə xəbərdarlığımı etdim ki, böhtanlarını dayandırmasa, onları xalqın qarşısında ifşa edəcək materiallarla çıxış edəcəyəm.

- Bəs gənc yazarlar?

- Anarı təhqir etmək, Pelevinin, Orhan Pamukun adını yazılarında gözümüzə soxmaq hələ yazar olmaq deyil. Təhqir etdiyiniz, Sovet yazarı deyib alçaltdığınız yazarlar sizin yaşınızda olanda hələ də oxuyub bitirə bilmədiyiniz əsərlər qoyub ortaya. İndiki gənclər isə heç nə yazmamış söz deməyə, sinəsinə döyməyə başlayır. Azərbaycanın xarici qüvvələr tərəfindən bu dərəcədə hədəfə çevrildiyi bir vaxtda bu davaların yeri deyil.

- Qarabağ problemini də yazar həll edə bilməz axı. Seymur Baycandan həm yaxşı yazmağı, həm də Qarabağı qaytarmağı istəmək... nə qədər doğru olar?

- Seymur bəzən elə gözəl yazılar yazır ki, zəng edib onu təbrik edirəm. Bəzən də yazılarında vaxtını ancaq söz davasına və təhqirə xərcləyir. Buna təəssüflənirəm.

- Yazılı mətbuatdan narazısınız. Axı heç televiziyaların hazırkı vəziyyəti də ürəkaçan deyil...

- Təəssüf ki, hər gün ekrandan evlərimizə əxlaqsızlıq, bişərəflik ixrac olunur. Bəzi telekanallar rəzil, savadsız, Azərbaycan xalqının adına ləkə sayılacaq insanların əlindədir. ANS-çi Elgiz hansı haqla insanlara necə yaşamağı öyrədir? Aygün Kazımova, Elza Seyidcahan kimi degeneratlar sənəti təmsil edir. Hər yoldan keçən xalq artistidir. Üzeyir Hacıbəyov bilirsiz, nə qədər alın təri tökdükdən sonra ala bildi xalq artisti adını? İndi belə çıxır ki, Faiq Ağayevlə Üzeyir Hacıbəyovu eyni səviyyəyə gətirmişik. Həmid Herisçi kimi intellekt sahibinə telekanallar öz qapılarını bağladı. Həmid bir neçə il əvvəl gözəl yazmışdı ki, telekanalların idarəsinə heç hakim dairənin də gücü çatmır. Xaricdən idarə olunan tv-lər məqsədli şəkildə xalqın mənəviyyatını zəhərli proqramlarla zədələyir. Efirdən evlənib boşanmaqla evlilik kimi xalqın iç dünyasında qoruyub saxladığı bir institutu məhv edirlər.

- "Mətbuat kənar qüvvələr tərəfindən idarə olunur" deyirsiz. Konkret nəyi nəzərdə tutursuz?

- Azərbaycan kimi strateji ərazini hegemon dövlətlər heç vaxt əldən verə bilməzdi. Və indi nüfuz mühaqribəsi gedir. Ağdamı Karfagenə dönmüş bir xalqın kişiləri efirdən hoqqabazlıq edir, bir qismi də hakimiyyətə gəlmək üçün məzhəkə göstərir...

- Kimdir o məzhəkəçilər?

- Azərbaycanın bəlası Elçibəyin hakimiyyətə gəlməsi ilə başladı. Yaxın tarix gözlərimin önündədir. Qollarımın üstündə neçə vətən övladı gözlərini yumdu. Rayonlarımız əldən getdi. Elçibəyin yanında o vaxt hərlənən uşaqlar yenidən hakimiyyət davası edir. İsa Qəmbəri də, Əli Kərimlini də xalq yaxşı tanıyır. Onların kim olduğunu gözəl bilir. Qulaqlarının dibini görəndə hakimiyyəti də görəcəklər. Onlara ən yaxşı qiyməti Surət Hüseynov vermişdi. Milli Məclisdə Surət Hüseynov üzünü onlara tutub demişdi ki, mən gərək, Bakıya gələn kimi, sizi şəhərin ortasında asdıraydım...

- Həmin dövr yadınızda necə qalıb?

- İndiki müxalifət hakimiyyət davası edəndə onların şər-şəbədəsinə məəttəl qalıram. Axı sizi hamı tanıyır. Əli Kərimlinin övladları Londonda kefdədir. Özü isə bir neçə avara gənc tapıb mitinqlərə göndərir. Həmin gənclər darıxdıqları, əylənməyə yer axtardıqları üçün ora- bura gəzişirlər. Niyə soruşan yoxdur ki, mitinqə getmək yaxşıdırsa, niyə sizin uşaqlarınız da getmir?

- Ziyalılar forumunun fəaliyyətini necə qiymətləndirirsiz?

- Orda ziyalı yoxdur. Quyruğu tapdanandan sonra danışmağa başlamaq ziyalılıq demək deyil. Əslində hamı bilir ki, onların məqsədləri nədir. Xalqı fikirləşən adam, ziyalı adına iddialı şəxs gerçəkdən xalqı düşünürdüsə, parlamentdə, vəzifə kresosunda olanda problemlərdən danışmalıydı. Bəyəm, mandatsız qalanda gördülər ki, ölkədə problem var? Mandat olanda, hakimiyyətlə isti münasibətlər olanda niyə susurduz, əgər səmimisizsə?

- Kimlər üçün darıxırsız?

- Dünyasını dəyişmiş dostlarım üçün. Ən çox da Xəlil Rza Ulutürk üçün. Xəlil Rza o insan idi ki, rus ordusunun qabağına yeriyirdi. Kommunist partiyasına nifrət edirdi. O, mənim 35 illik dostum idi. Onun ən çətin günləri mənim evimdə keçib. Ürəyi bir yaşlı körpənin ürəyi kimi təmiz idi...

- Tarixi şəxsiyyətlər haqqında polemikalara da yəqin, rast gəlirsiz...

- Bu, dəhşətlidir.Yenə deyirəm, qız-gəlini erməni əsirliyində olan, körpələrinin üzərində tibbi sınaq keçirilən xalq işini-gücünü atıb tarixi şəxsiyyətləri ləkələməklə, təftiş etməklə məşğul olmaz. Bunu edənlər, dəstək verənlər kənardan idarə olunanlardır. Onların məqsədi xalqın tarixini alçaltmaq, insanların özünə inamını qırmaqdır. Siz elə bilirsiz, Üzeyir Hacıbəyov bilmirdi ki, Koroğlu kimdir? Əlbəttə, bilirdi. Ancaq həmin vaxt xalqda yüksək ruh oyatmaq lazım idi. Ona görə həmin gözəl əsər yarandı.

- Nəyə görə bizdə müasir incəsənət inkişaf etmir?

- Çünki heç kimi ciddi sənət maraqlandırmır. Heykəltaraşlıq kimi vacib bir sahəni bilənlər yoxdur. Şəhərdə guya ki, Koroğluya heykəl qoyulub. O heykəltəraş ömrü boyu sanki nə qılınc görüb, nə də at. Əlindəki qılınc qeyri-məlum bir şeydir, at isə at deyil. Tarixi mənbələrimiz məhv edilir. İçəri şəhər artıq dekorasiyalardan ibarətdir. İçəri şəhər - Bakının yataq otağı sayılır. Xalqın yataq otağında İtaliyanın, Yunanıstanın bayrağı dalğalanır. Bərdədə yüzlərlə tarixi abidələr məhv olub gedir. Adını "Abırsız Nüşabə" qoyduqları tarixi abidə sıradan çıxır. Alban kilsəsinə isə təmir üçün vəsait tapılır.

- İndiyə qədər niyə heç bir kitabınız çapdan çıxmayıb?

- Maddi vəziyyət buna imkan vermir. Kiminsə hesabına kitab çıxarıb gözükölgəli olmaq istəmirəm. Kitabların çapa verilməsinin də başında yüzlərlə fitnə-fəsad dayanır. Bu yaxınlarda Şahbaz Xuduoğlunun "Qanun" nəşriyyatında "Səfəvilər" haqda kitab çapdan çıxıb. Bu kitab masonlara, eyni zamanda da fars şovinizminə xidmət edir. Azərbaycan tarixini ayaqlar altına atır. Müəllif bir güllə ilə yüz yerin sifarişini yerinə yetirib. Ortada alçaldılan isə bizik. Şah İsmayılı "pedofil" elan edən kitab çap olunur bu ölkədə. Məqsədlərdən biri isə Sabir Rüstəmxanlının kölgəsinə qardaşının əli ilə qılınc çalmaqdır. Mən əminəm ki, Şahbaz Xuduoğlu bunu bilərəkdən etmir – bu, aydındır. Amma belə də olmaz. Sabir Rüstəmxanlı mənim can dostumdur. Onun müdafiəsi üçün sonuna qədər hər kəslə vuruşmağa hazıram. Dostum Rafiq Tağı da Azərbaycanı sevməyənlərin hiyləsi ilə ortadan götürüldü. O, hər dəfə yadıma düşəndə bu yaşımda ağlamaqdan dəli oluram. Onun ailəsinə zəng edə bilmirəm. Kiçik qızı Qəmərin səsini eşidə bilmirəm, ürəyim dayanır. İnsanın başını götürüb qaçıb getməyə yer axtarmağı gəlir.

- Getmək demişkən, ən yaxşı mütəxəsislərimiz bir-birinin ardınca xaricə axın edir...

- Çünki burda mütəxəsisin nə maddi gəliri, nə də hörməti yoxdur. Birinci sinif şagirdi bilir ki, müəllimə nə qədər rüşvət verilməlidir. Mən bir dəfə yazmışdım ki, bizdən Türkiyəyə akademiklər getdi, ordan isə bura dönərsatanlar və Aralıq dənizinin priton musiqisi ixrac olundu. Biz həmin akademikləri qoruyub ölkənin inkişafı üçün istifadə edə bilmədik.

- Çıxış yolunu nədə görürsüz? Bu problemlərdən necə xilas ola bilərik?

- Xilasımız Milli Vəhdətdədir. Birləşmək yerinə biz hər gün yüz yerə parçalanırıq. Bizdən istifadə etmək istəyən qüvvələr bizi hər gün parçalayır. Mediada millətçiliyin düzgün təbliği lazımdır. Ayılmalıyıq, özümüzə gəlməliyik. Regionçuluqdan, məhəllilikdən qurtulmalıyıq.

- Bu qədər kompleksli, yarımçıq və formalaşmamış cəmiyyətdə durmadan çağırışlar edirsiz. Səsinizə səs verənlər azdır. Özünüzü necə hiss edirsiz?

- Mən Kassandrayam, lənətlənmiş Kassandra. O, Allahların qəzəbinə gəlmişdi. Kassandraya belə bir qarğış etmişdilər: həmişə haqq sözü deyəsən, ancaq sənə inanmasınlar. İndi mən də Kassandranın vəziyyətindəyəm...

Günay Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm