• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Misir Mərdanovla müsahibə

Misir Mərdanovla müsahibə

İki həftədir "525-ci qəzet"in şənbə saylarında təhsil naziri Misir Mərdanovla söhbətimiz oxuculara təqdim olunur. Hər iki söhbətdə Misir müəllimi müxtəlif, fərqli rakurslarda göstərməyə çalışmışıq. Birinci söhbətdə müdrik bir ağsaqqal mövqeyi ilə cəmiyyətin ümumi problemlərindən danışan nazir, uşaqlığına, gənclik illərinə qayıdıb eyni səmimiyyətlə valideynlərindən söz açdı. Uzun illər Azərbaycan təhsilinə başçılıq edən adamın sadəcə, bir ata kimi övladlarının savadı, biliyi haqqında dedikləri də zənnimcə, çox maraqlı idi. Bütün bunlarla yanaşı, nazirin doğulduğu kənd, uşaqlığının keçdiyi evlərilə bağlı danışdığı kövrək xatirələr də çox təsirliydi.

İkinci söhbətdə isə həmsöhbətimin mətbuata aid fikirləri, gənclərin kitaba marağının artmasında, maariflənməsində televiziyanın, medianın roluna aid mülahizələri oxucuların nəzərinə çatdırıldı. Bəzən qərəzli tənqidlərə də məruz qalan Misir müəllimin bu barədə sualıma "özümüzdə də günah görürəm" cavabı onun istənilən mövzuya obyektiv yanaşmasının göstəricisi idi.

Bu gün cəmiyyətimizdə uğur qazanmış, vəzifə tutmuş, tanınmış istənilən adam müzakirə olunur. Etiraf etməliyik ki, bu adamların kimlərin, yaxud kimin sayəsində "qabağa getməsi", müəyyən mərhələyə yüksəlməsi çoxlarını maraqlandırır. Elə ilk söhbətimizdə "Əlimdən tutan, irəli aparan adamım olmayıb. Çətinliklə, pillə-pillə ucalmışam..."- deyən nazir növbəti söhbətimizə mövzu yaratdı. Karyera istiqamətində uzun, ziqzaqlı yol gedən Misir müəllimin həyatından keçən, ona öyrədən, ondan öyrənən, yaxud sadəcə, yanında olan adamlar haqqında söhbətimizi oxucularımıza təqdim edirəm.

Pərvin: Misir müəllim, artıq iki şənbədir ki, "525-ci qəzet"in oxucuları sizinlə söhbətlərimizi izləyir, müxtəlif mövzulara fərqli yanaşmanızın, həm də bəlkə bir çox məmurlara xarakterik olmayan səmimiyyətinizin şahidi olurlar. Bugünki söhbətimizdə istərdim, həyatınızdan keçən adamlar haqqında danışasınız. Düşünürəm ki, bu oxucularımız üçün də maraqlı olacaq. Gəlin bir anlıq təsəvvür edək ki, Misir Mərdanov əzəmətli bir binadır. Və bu binanın ucalmasında hər kəs bir daş qoyub. Lap əvvələ qayıdaq və "bənna"ları bir-bir xatırlayaq.

Misir Mərdanov: Əvvəla, "əzəmətli" sözünə görə təşəkkür edirəm. Düzünü deyim ki, keçmişə qayıdıb o adamları, "bənna"larımı, özü də hamısını xatırlamaq, yada salmaq çətin olacaq. Amma hər halda yaxşı yaddaşıma və təvazökarlıqdan uzaq olsa da, etibarlı adam xarakterimə arxalanıb lap əvvəldən başlayaraq danışa bilərəm.

Sizin təbirinizcə desəm, həmin bu "bina"nın təməli 1946-cı ildə, Ermənistanın Dilcan rayonunun Göyərçin kəndində qoyuldu. Buna görə ilk növbədə Ulu Tanrıya, sonra isə valideynlərimə minnətdaram...

Pərvin: Yəqin razılaşarsınız ki, həyatda çox vacib şərtlərdən biri də addır. Millətimiz adqoyma məsələlərinə ciddi və həm də mühafizəkar yanaşır. Sizin də çox nadir adınız var...

Misir Mərdanov: Çox maraqlı məqama toxundunuz. Tamamilə razıyam və inanıram ki, hər bir insanın adı onun gələcək taleyində rol oynayır. Adımın qeyri-adi bir tarixçəsi var: anam danışır ki, mən doğulanda adımı Arif qoyublar. Ailənin ilk uşağı (eyni zamanda oğlan uşağı) olduğumdan üstümdə çox əsirmişlər. Uşaqlığımın ilk aylarında tez-tez xəstələnirmişəm. Bu səbəbdən məni qonşu kənddəki tanınmış mollanın yanına aparıblar. O dövrdə bizim tərəflərdə xəstəlikləri əsasən bu yolla "sağaldırdılar". Molla Quran açıb və məlum olub ki, adım mütləq dəyişilməlidir, yoxsa ölərəm. (gülür) Beləliklə, adımı dəyişib Misir qoyublar.

Pərvin: Ad məsələsi çox maraqlıdır! Bəs sizcə, "bina"nın ucaldıldığı yer necə, onun gələcəyinə, xarakterinə təsir edirmi?

Misir Mərdanov: Əlbəttə! Burada vurğulanmalı əsas məqam var. Düşünürəm ki, bir binanın möhkəm olması üçün hansısa materiallardan istifadə olunduğu kimi insanın da özülü möhkəm qoyulmalıdı. Və burda əsas lazım olan "materiallar"dan biri də təbiətdir.

Pərvin: Əminəm ki, doğulduğunuz yerlərin təbiəti ruhunuzun formalaşmasında, zənginləşməsində çox mühüm rol oynayıb...

Misir Mərdanov: Lap çox! Dünyanın əksər ölkələrini gəzmişəm, amma elə gözəl təbiətli yerlər görməmişəm. Düşünürəm ki, təməlimin möhkəmliyində məhz Kiçik Qafqaz dağlarının ətəyində yerləşən Qaraqoyunlu dərəsinin ab-havasının, torpağının, cocuqluq oylaqlarımız olan Cantəpə yaylağının bulaqlarının, suyunun, təpələrin, meşələrin böyük rolu olub. Amma maraqlı məqam da ondan ibarətdir ki, mənə elə gəlir bütün bu gözəlliklər bir insandan, onun danışdıqlarından, ləhcəsindən daha çox sirayət edib xasiyyətimə, ruhuma. Bu adam mənim atamın anası Həvva nənəmdir. Qırx ilə yaxındır ki, o adam həyatda yoxdur. Amma təkcə adı gələndə bütün o gözəlliklər, təbiət, dağlar gözümün önündə canlanır və elə bilirəm ki, hələ də nənəmə qoşulub yaylağa gedən balaca uşağam, ötən söhbətimizdə kövrəkliklə xatırladığım, həsrətində olduğum yerlər də heç uzaqda deyil, istədiyim vaxt oralara yenə gedə bilərəm.

Pərvin: 66 yaşında 6 nəvəsi olan babanın nənəsini bu cür dəqiqliklə və həssaslıqla xatırlamasına səbəb nədir, sizcə? Nənəyə sevgi, ya keçmişinə sayğı?

Misir Mərdanov: Yox, Pərvin xanım, keçmişimdə elə adamlar olub ki, indi heç bir kəlməsi də yadımda deyil. Nənəmlə bağlı xatirələrim isə dipdiridir. Çünki o çox fərqli, qeyri-adi adam idi. Təsəvvür edin ki, yazıb-oxumağı bacarmayan adi bir kənd qadını canlı məktəb idi. Kənddə istənilən bir problemlə qarşılaşan hər kəs ona müraciət edər, məsləhət alardı. Onun hadisələrə münasibətini, bəzən də sadəlövhlüklə verdiyi şərhləri müşahidə edib zövq alırdım.

Pərvin: Nənə yanında böyüyən uşaqlar ərköyün olurlar bəzən. Sizin xasiyyətinizə onunla yaşamaq nə dərəcədə təsir edib?

Misir Mərdanov: Onun istər mənə, istərsə də bacı-qardaşlarıma ancaq müsbət təsiri ola bilərdi. Özü zəhmətkeş insan idi və çalışırdı ki, biz də tənbəl böyüməyək. Yaxşı yadımdadır, tələbə olduğumuz dövrdə yayda kəndimizə istirahətə gedərdik, hərdən eyvanda oturub nərd oynayanda rəhmətlik deyərdi ki, bəsdi "qurucanaqlıq" etdiniz, durun bir işin "qulpundan yapışın".

Uşaqlığımın ən şirin anları onun adı ilə bağlıdır. Yaz açılan kimi məni özüylə götürüb Cantəpə yaylağına aparardı. Səhərlər sübh tezdən inəyin eydirmə südünü buğlana-buğlana içizdirərdi mənə. Yəqin ki, sizlər, şəhər uşaqları bunun nə olduğunu bilməzsiniz. Bu, inəyin öz balası üçün saxladığı südə deyilir. O südün dadından tutmuş, nənəmin söhbətlərinə kimi hər şey dünən olubmuş kimi xatirimdədir. O, 96 il yaşadı və həyatının son anına qədər yaddaşını, müdrikliyini itirmədi. Atam nənəmin dörd qızdan sonra yeganə oğul övladı idi. Ona görə atama xüsusi diqqəti, sevgisi həmişə sezilirdi. Yaxşı xatırlayıram, atam vəzifə sahibi idi, işə səhər tezdən gedər, gecə yarıdan keçəndə qayıdardı. Atam evə gələnə qədər nənəm onun yolunu gözləyərdi. Heyf ki, zaman bəzi təəssüratları, xatirələri solğunlaşdırır. Həvva nənəmin bir tarixçi dəqiqliyi ilə danışdığı hadisələri yazmadığıma görə çox peşmanam. Təkcə onları bir kitab halında toplasaydım, gələcək nəsillər üçün həyat dərsliyi olardı.

Pərvin: Onda belə çıxır ki, uşaqlığınızın qəhrəmanı nənənizdir. Nənənizi ruhunuzun ilk "daşqoyan"larından hesab etmək olar. Mənim üçün maraqlı olan bir məsələ də var. Bu gün Azərbaycan təhsilinin başında duran adamın üzünə təhsilin qapılarını kim açdı? Hər bir uşaq üçün ilk vaxtlar qorxulu olan dəftəri, qələmi, rəqəmləri, hərfləri kim sevdirdi ona?

Misir Mərdanov: Bu sehirli dünyanın qapılarını 1954- cü ildə qonşu Salah kəndində açmalı oldum. Çünki kəndimizin yolları problemli olduğundan mən məktəb yaşına çatanda biz həmin kəndə köçdük. Onu deyim ki, atamın da bir neçə dəfə səy göstərməsinə baxmayaraq, kəndin yollarını o vaxtkı texnika ilə düzəltmək mümkün olmamışdı. Salah kəndində məktəb binası yox idi. Biz əri müharibədən qayıtmamış Bilqeyis xalanın balaca qara damında, III və IV siniflərdə isə anamın dayısı Seyid kişinin evində dərs alardıq. Sonralar kəndimizdə məktəb tikildi. Bütün müəllimlərimi yaxşı xatırlayıram. Amma Mustafayeva Gülxanım müəllimənin obrazı yaddaşımda daha işıqlı və parlaq qalıb. Bu adam mənə əlifbanı öyrədən müəllimədir.

Pərvin: O vaxtın müəllimləri daha tələbkar və sərt olublar. Valideynlərimin danışdıqlarından yadımda qalıb ki, o zamanlar oxumayanlara qarşı bəzən "ağır" cəza üsulları da tətbiq edilirdi. Siz dərsdən qayıdanda əllərinizin üstündə xətkeş izləri qalmırdı ki?

Misir Mərdanov: (gülür) Yox-yox, Pərvin xanım, mən oxumağa çox həvəsli idim. Bəs, eydirmə südünü boşuna içməmişdim ki... Həm də rəhmətlik Gülxanım müəllimənin özünəməxsus metodikası var idi. Buna görə də xəyalımda ideal müəllim kimi qalıb. O, hər bir şagirdinə öz övladı, doğma adamı kimi yanaşırdı. Hesab edirəm ki, təməldə təhsilimə aid daşların məhz belə adam tərəfindən qoyulmasında bəxtim gətirib. O illərdə mənə dərs demiş Dursun, Alı, Səyyad, Mehdi, Kərim, Novruz, Mirzə, İsmayıl, İbrahim, Qonsur müəllimlərin əziz xatirələrini heç vaxt unutmaram.

Pərvin: Misir müəllim, müəllimlərinizin adını bu qədər həssaslıqla vurğulamağınıza, həm də "bu adamların hamısının adını söhbətdə mütləq yaz" deməyinizə görə ötən müsahibələrdən birində verdiyim suala yenidən qayıtmalı oluram: Axı, nədən indi, eyni diqqət yoxdur müəllimlərə? Məsələn, 10 il qabaq məktəbi bitirmiş adam bəlkə çalışsa da, bütün müəllimlərinin adını yada sala bilməz...

Misir Mərdanov: Düz deyirsiniz. Həmin dövrdə məktəbə və müəllimə münasibət indikindən xeyli fərqli idi. Ötən 50 il ərzində eşitdiklərimi, gördüklərimi bir daha xatırlayaraq, müəllimə və məktəbə indiki münasibətlə o dövrdəki münasibəti dəqiq fərqləndirə bilərəm. Bu barədə indi geniş danışmaq istəmirəm. Qısaca deyim ki, həmin illərdə məktəbin, müəllimin və müəllim hazırlayan müəssisələrin sayı indikindən dəfələrlə az idi. Bizə ibtidai siniflərdə dərs deyənlərin əksəriyyəti orta təhsilli, bəziləri isə İrəvan və ya Qazax texnikumlarının məzunları idi. 7-ci sinfi bitirdikdən sonra orta təhsil almağa hamı getmirdi. Ali təhsil almağa isə seçilmiş gənclər gedə bilərdilər. Bunları qeyd etməklə demək istəyirəm ki, istənilən halda say az olanda idarəetmə və keyfiyyəti saxlamaq o qədər də çətin olmur. Düşünürəm ki, bu gün müəllim nüfuzuna təsir edən əsas amillərdən biri müəllimlərin sayının çoxalması və bu çoxluğun içərisində təsadüfi adamların da yer almasıdır.

Pərvin: Bilirsiz, tələbəlikdə yaşlı müəllimlərimdən birinin "Biz uşaq olanda kəndimizdə müəllimlər ən varlı adamlar hesab olunurdular" – deməsindən xeyli təəccüblənmişdim. Nədənsə bu dövrün gəncləri üçün müəllimin "maaşı az, ehtiyacı çox" obrazı var.

Misir Mərdanov: Müəllimlərin o dövrdə niyə varlı hesab olunmasına aid maraqlı bir faktı deyə bilərəm sizə. Bilirsiz, kənd yerlərində kolxozda çalışanlara əmək haqqı əmtəə şəklində ödənilirdi, ildə bir ya iki dəfə əmək haqqı pul formasında verilirdi və ona el arasında "donluq" deyərdilər. Yəni həmin vəsait yalnız işçinin geyiminə çata bilərdi. Kənddə aylıq əmək haqqını pul şəklində alan yalnız müəllimlər idi. Düşünün ki, "pul üzü görməyən" kəndliyə təcili nə isə almaq lazım olanda mütləq müəllim işləyən qohumuna, qonşusuna müraciət etməliydi. Ona görə çox da varlı olmayan müəllim ən azı "pullu" hesab olunurdu. O ki qaldı sizin təsəvvürünüzdəki ehtiyac içində olan müəllim obrazına, düşünürəm ki, zaman keçdikcə bu obraz "dağılacaq" və dəyişiləcək.

Pərvin: Sizdə riyaziyyata qarşı yaranan sevginin ilk səbəbkarı kim idi?

Misir Mərdanov: Yəqin ki, bütün elmlərə, təhsilə aid ilkin həvəsi məhz Gülxanım müəllimə yaratmışdı. Amma hesab edirəm ki, məhz riyaziyyatı seçməyimdə əsas və müstəsna xidməti olan adam Mürsəl Budaqov idi. Mürsəl müəllim İrəvan Pedoqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmişdi. O, qonşu Polad kənd orta məktəbində VIII-X siniflərdə riyaziyyatdan dərs demişdi mənə. Və siz, yazıçılar kimi obrazlı danışsam, deyə bilərəm ki, Mürsəl müəllim rəqəmlər dünyasını canlı və daha maraqlı etmişdi mənim üçün. Bu müəllimimdən bəlkə də çoxlarına cansıxıcı görünən hesablamalar, riyazi düsturlardan bədii ədəbiyyat səviyyəsində zövq almağı öyrənmişəm. Qaraqoyunlu dərəsində yüzlərlə gəncə riyaziyyatın sirlərini öyrətmiş Mürsəl müəllim sözün həqiqi mənasında həmin bölgədə yaşayan insanların sevimlisinə çevrilmişdi.

Pərvin: Məktəbi bitirənə kimi Mürsəl müəllim dərs demişdi sizə?

Misir Mərdanov: Xeyr! Mən məktəbi bitirən il qərar qəbul olundu ki, orta məktəb 11 illik olsun. Əgər 11 il oxusaydım, məktəbə bir il gec getdiyimdən 2 il itirmiş olacaqdım. Ona görə qohumumuz Niftalı müəllimin məsləhəti ilə 1964-cü ilin mayında Bakıya gəlib 49 nömrəli məktəbdə eksternat yolu ilə imtahan verərək bir il tez bitirdim məktəbi. O zamankı Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul oldum. Ədalət naminə onu da qeyd edim ki, Niftalı Qocayev bizim kənddən ali məktəbin əyani şöbəsini çox uğurla bitirən ilk şəxs idi və ondan sonra ali təhsil alanlar üçün bir mayak rolunu oynamışdı. Bu adamı da "daşqoyanlar"ımızdan biri hesab edirəm.

Pərvin: Misir müəllim, bəzən insanın uşaqlıqda hansısa bir yaxşı adamın sayəsində qurduğu gözəl dünyası, zaman keçdikcə, böyüdükcə başqa mənfi tiplərin ucbatından dağılır. Məsələn, kimsə gəlir və deyir ki, riyaziyyat əslində cəfəngiyyatdır, boş rəqəm yığınından ibarətdir. Amma bunu sözü yox, elmə münasibəti ilə deyir. Siz Mürsəl müəllimin sayəsində qurduğunuz dünyanı universitetə qəbul olandan sonra itirmədiniz ki?

Misir Mərdanov: Şükürlər olsun ki, itirmədim. Xoşbəxtlikdən universitetdə də seçdiyim sahəni mənə sevdirən və özümə, sənətimə inam, hörmət yaradan müəllimlərim çox oldu. Onların arasında Soltan Zeynalovu, Rüstəm Sultanovu, Mamed Mustafayevi, Əşrəf Hüseynovu, Cəlal Allahverdiyevi, Maarif Əkbərovu, Maqsud Cavadovu, Maya Hacıyevanı, Kəriş Köçərlini, Kazım Həsənovu, Qəmbər Namazovu, Hüseyn Çəndirlini, Arif İsmayılovu, Yəhya Məmmədovu, Məmməd Yaqubovu, İsak Məmmədovu, Karlen Xudaverdiyevi və başqalarını yaxşı xatırlayıram. Amma bütün bu adamların içərisində də riyaziyyat sahəsinin ulduzu hesab etdiyim alim- müəllimin həyatımda çox böyük rolu olub. Bu da Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor Qoşqar Əhmədov idi. O həm ali məktəbi bitirərkən diplom işimin, həm də namizədlik dissertasiyamın rəhbəri olmuşdu. Həm də bizə "Differensial tənliklər" fənnindən mühazirələr oxumuşdu. Onun mühazirələrindən etdiyim qeydləri bu günə kimi saxlayıram.

Pərvin: Siz ondan ancaq tənlik həll eləməyi öyrənirdiz?

Misir Mərdanov: Təkcə riyaziyyatı öyrədən adama sadəcə, "riyaziyyat müəllimi" demək olar. Amma Qoşqar Əhmədov sözün bütün mənalarında MÜƏLLİM idi. Mən ondan riyaziyyatın sirləri ilə yanaşı, insanlara münasibəti, ətrafındakıların sevincinə şərik olmağı, dar günündə dayaq durmağı, elmin zirvəsində də xarakterdəki sadəliyi qorumağı öyrəndim. Məsələn, bir əhvalatı heç unutmuram: Qoşqar müəllim qonaqlıqları sevən adam idi. Hər həftə birimizin evində qonaqlıq təşkil edirdik. O zamanlar da adamlarda ən az tapılan "nemət" pul idi. Hətta varlı adamların da pulu yox idi. Mənim də imkanlarımın məhdud vaxtıydı. Bizim evdə (o zaman 8-ci kilometr qəsəbəsində yaşayırdım) qonaqlıq verirdim. Həyat yoldaşım süfrəni düzəndə Qoşqar müəllim zarafata salıb dedi: "Gəlin, pendiri və kələm turşusunu fasiləsiz ver süfrəyə..." (gülür) Çünki o bilirdi ki, bu ərzaqları atam kənddən göndərir bizim üçün. Sadəcə, işlətdiyi bu cümlə böyük bir alimin insan kimi də böyüklüyünün, sadəliyinin əlaməti idi. O həm də çox uzaqgörən adam idi.

Pərvin: Sizin həyatınızın da "uzaqlığını" görə bilmişdimi? Yəni gələcəyinizə aid proqnozlar vermişdi?

Misir Mərdanov: Atama dediyi bir cümləsini unutmuram. Atam mənim işlərimə görə narahat olub ondan müəyyən məsələləri soruşanda belə cavab vermişdi: "Darıxma, Cumayıl, sənin oğlunu gələcəkdə bütün Azərbaycan tanıyacaq!".

Onunla bağlı xatirimdə olan müxtəlif hadisələri bəzən gənclərə örnək olması üçün danşıram. Bilirsiz ki, o zamanlar Soçi, Kislovodsk, Yesentuki sanatoriyalarında dincəlmək dəb idi. Qoşqar müəllimsə yay tətili vaxtı yalnız doğulduğu kəndə, Gədəbəyin Söyüdlü kəndinə gedər və məzuniyyətini kəndin, camaatın problemlərinin həllinə sərf edərdi. Sentyabrda işə çıxanda kənd üçün etdiklərini kafedrada zövqlə danışardı. Onun böyüklüyü təkcə savadında, biliyində deyildi. Həm də dostuna, ailəsinə, övladına, tələbəsinə münasibətindəydi.

Pərvin: Misir müəllim, ailə demişkən bir məsələyə aid fikrinizi bilmək istərdim. Bəzən cəmiyyətdə kifayət qədər nüfuza, vəzifəyə, savada malik adamın "subay" olduğunu eşidəndə təəccüblənirəm. Yəni belə adamları mükəmməl hesab edə bilmirəm. Böyüklər deyirlər ki, bu cür tələbkar yanaşmam gəncliyimdən irəli gəlir...

Misir Mərdanov: Pərvin xanım, bu yanaşmanızın gənclik duyğusu olması ilə razı deyiləm. Mən yüzlərlə ailəli və ailəsiz alimlər, ziyalılar, məmurlar, vəzifə adamları görmüşəm həyatda. Bilirsiz, yaşımın bu çağında, mənalı həyatımın 40 ildən çoxunu təhsilə həsr etmiş adam kimi deyə bilərəm ki, hər bir insanın gələcək karyerası ilk növbədə onun böyüyüb başa çatdığı ailədən asılıdır. Bu baxımdan yenidən əvvələ qayıdıb ailəmin xidmətini vurğulamaq istəyirəm. Mən və qardaş-bacılarım bu səviyyəyə gəlib çatmağımızda ilk növbədə atam Mərdanov Cumayılı və anam Mələk xanımı ilk müəllimlərimiz hesab edir və bütün uğurlarımızı onların verdiyi təlim-tərbiyənin nəticəsi sayırıq.

Pərvin: Əvvəlki söhbətlərimizdə qeyd etmişdiniz ki, insan eşitdiyindən daha çox gördüyü ilə tərbiyə olunur.

Misir Mərdanov: Bəli! Biz gözümüzü açandan atamın və anamın öz valideynlərinə və bizə, uşaqlarına olan münasibətlərinin fonunda tərbiyə edilmişik. Anam 6 uşaq böyütməklə yanaşı ailəmizin bütün daxili işlərinin öhdəsindən gəlib, atama daim dəstək olub. O, bütün həyatını ərinə və uşaqlarının inkişafına həsr edib, evimizdə heç bir zaman köməkçi, qulluqçu, dayə olmayıb və bu gün də yoxdur. Belə bir taleyə görə Allahımdan çox razıyam. Sonralar artıq özüm ailə başçısı olanda övladlarım üçün də evimdə eyni mühiti yaratmağa çalışmışam. Təbii, həyat yoldaşımla birlikdə. Qəti əminəm ki, normal ailəsi olmayan adamı hərtərəfli hesab etmək yanlışdır. Təbii, tale, qismət məsələsi də var. Amma insan bu boyda cəmiyyətdə, ölkədə özünə uyğun adam tapıb ailəsini qura və sonra da o ailəni qoruya bilməyibsə, onu beş adamın belə başçısı təyin etmək qəribə görünür. Xüsusən, insanların təlim-tərbiyəsi ilə məşğul olan, bu işə bilavasitə rəhbərlik edənlərin ailə tərbiyəsinin mühüm əhəmiyyəti vardır. Çox təəssüf ki, bəzi hallarda öz ailəsinin tərbiyəsi ilə məşğul ola bilməyənlərə böyük səlahiyyətlər verilir.

Pərvin: Yəqin ki, bütün bu düşüncələr işinizə də öz müsbət təsirini göstərib. Məhz karyeranızda başlanğıc nöqtə hansı işinizi hesab edirsiniz?

Misir Mərdanov: Aspiranturanı bitirəndən, müdafiə edəndən sonra universitetdə müəllim kimi fəaliyyətə başlamışam. Amma karyeramda yüksəlişin başlanğıcı 1978-ci ildə o zamankı Azərbaycan Dövlət Universitetinin ən böyük fakültəsinə dekan müavini təyinatımı hesab edirəm. Həmin vaxtlar Universitetin rektoru Faiq Bağırzadəydi. O, yaddaşımda universitetə 17 il bacarıqla rəhbərlik etmiş çox obyektiv, humanist və ədalətli bir insan kimi qalıb.

Pərvin: Yəqin ki, müəllimliklə, idarəçilik bir-birindən seçilir. Ümumiyyətlə idarəçilik sahəsində müəyyən səriştə, vərdişlərə yiyələnməyinizdə xidməti olan adam varmı?

Misir Mərdanov: Bəli! Elə həmin vaxtlarda fakültə dekanı çox nüfuzlu və böyük alim Arif Babayev idi. Mən deyərdim ki, bütün ömrüm boyu idarəçiliyə bu qədər fərqli yanaşan, unikal adamla rastlaşmamışam. Təsəvvür edin, bu adamı kimsə öz kabinetində oturan görə bilməzdi. Bütün elmi işləri, problemləri elə dəhlizdəcə həll edirdi. Bu gün çoxları mənim işçilərimlə sadə, rahat münasibətimə təəccüblənirlər. Hesab edirəm ki, işə, idarəçiliyə yanaşmamın kökü məhz Arif müəllimdən gəlir. 12 il birgə işlədiyimiz müddətdə çox məsələləri öyrəndim ondan. Bilirsiz ki, Sovet dövründə bizim tariximiz təhrif olunurdu. Deyək ki, Azərbaycan Xalq Cümhuriyyəti, yaxud dəyərli ziyalılarımız, böyük şəxsiyyətlər – Məmməd Əmin Rəsulzadə, Zeynalabdin Tağıyev, Əlimərdanbəy Topçubaşov, Əli bəy Hüseynzadə və başqaları haqqında heç bir dərin məlumat verilmirdi. Mən bütün bu adamlar haqqında dəqiq və düzgün məlumatları Arif müəllimdən alırdım. O bakılı idi, Qala kəndində doğulmuşdu. Təsəvvür edin ki, Bakının tarixini, şəhərdəki binaların nə vaxt, kim tərəfindən tikilməsini əzbər bilirdi. Amma xarakterində qəribəliklər də vardı, hər adamı özünə yaxın buraxmazdı. Buna baxmayaraq mənimlə saf bir münasibəti var idi. Təəssüf ki, az yaşadı. Əminəm ki, o bu gün sağ olsaydı dünyanın istənilən riyaziyyatçı-alimi ilə müqayisə oluna bilərdi.

Pərvin: Misir müəllim, elm və karyera sahəsində özünüz üçün "metr" hesab etdiyiniz adamlardan danışdınız. Amma bir ədəbiyyatçı kimi mənə maraqlıdır, elə bir sənətkar, məsələn, musiqiçi, yazıçı, aktyor varmı ki, elmdən də, işdən də, adamlardan da yorulanda ona üz tutursunuz?

Misir Mərdanov: Pərvin xanım! Burada da əvvələ qayıdıb ədəbiyyata, sənətə olan marağımın kökünü qeyd etməyə borcluyam. Atamın atası Alı babam aşıq musiqisini çox sevirdi, bütün aşıq dastanlarını əzbər bilirdi, iştirak etdiyi məclislərdə aşıqlar hansısa səhv etdikdə babam deyərdi, "aşıq burada "körpü" qoydun". Hesab edirəm ki, ədəbiyyata bağlılığım mənə babamdan genetik yolla keçib. Sualınıza gəldikdə isə, heç düşünmədən Səməd Vurğunun adını çəkə bilərəm. Onu düşüncələrimin şairi hesab edirəm! Bəzən deyirlər ki, Səməd Vurğun sovet ideologiyasını təbliğ edib. Mən bununla razılaşmıram. Bu, sadəcə millətini, dostlarını, ailəni qorumaq üçün məcburən görülən işlərdir. Amma qətiyyətlə deyirəm ki, yüz illər sonra da elə təkcə "Azərbaycan" şeiri musiqisiz himn kimi səslənəcək. Bir neçə il bundan əvvəl Dillər Universitetində Səməd Vurğunun 100 illik yubiley tədbirində çıxış edərkən dediyim sözləri bu günkü kimi xatırlayıram "dünyada çox az adam tapmaq olar ki, cəmi 50 il yaşasın və 100 yaşı belə təntənə ilə qeyd olunsun."

Pərvin: "Hər bir güclü kişinin arxasında qadın dayanır..." fikri ilə razısınız?

Misir Mərdanov: Tamamilə razıyam! Ümumiyyətlə, arxasında qadın dayanmayan kişiyə güclü demək olmaz. Bu mənada özümü bəxtigətirmiş adam hesab edirəm. Bu günə qədər qazandığım uğurlara görə valideynlərimdən sonra vəfalı ömür-gün yoldaşıma borcluyam. Xanımım, Hüseynova Klara Salman qızı ali təhsilli biologiya müəllimidir. Bir müddət Bakı məktəblərindən birində müəllimə işləyib. Əminəm ki, elmi işini davam etdirsəydi, indi yüksək dərəcəli alim olardı. Ancaq o, başqa yol seçdi. Həyatını mənə, uşaqlarımıza və nəvələrimizə həsr etdi. Səmimi etiraf etməliyəm ki, ailəyə qarşı çox tələbkar və mürəkkəb xasiyyətim var. Amma xanımım bu 41 il ərzində (1971-ci ildə evlənmişik) heç vaxt şikayət etmədən hər əziyyətə qatlaşıb. Çox zaman mənim işlərimlə, vəzifəmlə bağlı olan vaxt məhdudiyyətimi nəzərə alaraq ailənin əsas yükünü, uşaqların tərbiyəsini öz boynuna götürüb. O, bu gün də bütün bunları böyük həvəs və fədakarlıqla davam etdirir.

(Ardı gələn şənbə sayında)

525-ci qəzet

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR