Mustafa Hacıbəyliyə partiyadan cavab gəldi
Bizi izləyin

Müsahibə

Mustafa Hacıbəyliyə partiyadan cavab gəldi

Müsavat Partiyasının qurultaya hazırlıq komitəsinin üzvləri, başqan müavini Gülağa Aslanlı və Məclis sədri Arzu Səmədbəyli Bakı meriyasının qurultaya ayırdığı yerlərlə bağlı müzakirə aparmağı lazım bilmirlər.

Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvü Mustafa Hacıbəyli Publika.Az-a müsahibəsində qurultayın ləngidilməsinə maraq göstərən şəxslərin olduğunu, hətta partiya rəhbərliyindən 3 nəfərin Arif Hacılının yanına – 6 saylı Cəzaçəkmə Müəssisəsinə gedərək qurultayı yubatmaq istədiklərini demişdi.

Bundan başqa, Mustafa Hacıbəyli deyib ki, Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayı qurultay üçün yararlıdır və Təşkilat Komitəsinin mayın 7-dəki toplantısında Əmircana getmək barədə qərar qəbul ediləcəyinə ümid bəsləyir.

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Arif Hacılının yanına gedən üç nəfər barədə münasibət bildirmək istəməsə də, qeyd edib ki, qurultayın keçirilməsi ilə bağlı son qərar yalnız Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) uyğun yer verməsindən sonra qəbul edilə bilər: “Qurultaya hazırlıq üzrə təşkilati işlər başa çatıb. Lakin nə qədər ki, meriya Müsavat Partiyasına 800-1000 nəfərlik yer verməyib, bizim qurultaya getməyimiz barədə yekun qərardan söhbət gedə bilməz. Məsələ partiyada müzakirə olunub, təklif olunan yerlərdən heç biri məqbul sayılmayıb. Biz meriyaya yenə də məktub göndərəcək və xəbərdarlıq edəcəyik ki, bizim qurultay üçün yer ayırmamaq qanun pozuntusudur”.

Müsavat Partiyasının Məclis sədri Arzu Səmədbəyli isə deyib ki, üç nəfərin kim olması barədə xəbəri yoxdur və bu məqam onun özünə də maraqlıdır: “Üç nəfərin kim olduğunu desinlər, qurultayı yubatmaq məqsədlərini müəyyənləşdirək, bu söhbət də bitsin. Qurultayı keçirmək üçün lazım olan yer barədə deyə bilərəm ki, meriyanın təklif etdiyi ünvanlar oxdan müzakirə olunub, partiya rəhbərliyi öz qərarını açıqlayıb. Geridə qalan məsələlər barədə yenidən danışmağa lüzum görmürəm. Bizə dedilər ki, Opera və Balet Teatrı aprel-may aylarında məşğul olacaq, biz isə bunun sonrakı aylarda mümkün olacağını bildirdik. Hələ ki, cavab yoxdur. Bizə 800-1000 nəfər tuta bilən zal lazımdır. Nə Əmircandakı zal, nə də digər yerlər qurultay üçün uyğun deyil”.

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm