• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“İlk növbədə ya da Rusiya düşür...“ - MÜSAHİBƏ

“İlk növbədə ya da Rusiya düşür...“ - MÜSAHİBƏ

- Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Bloomberg" agentliyinə açıqlamasında bildirib ki, Azərbaycan Qərbdən qonşu Ermənistanla Dağlıq Qarabağ münaqişəsi məsələsində daha geniş dəstək almayacağı təqdirdə, Qərbyönümlü mövqeyini yenidən nəzərdən keçirə və yeni bloka daxil ola bilər. Bu bəyanatı necə dəyərləndirirsiz?

- Azərbaycan üçün bir nömrəli məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bu da həqiqətdir ki, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsindən ikisi – ABŞ və Fransa Qərb ölkələridir. ABŞ fövqəldövlətdir, Fransa isə Avropanın iki lokomotiv ölkəsindən biridir. Onların siyasəti nəticə etibarilə ondan ibarətdir ki, danışqılar davam etdirilsin, müharibəyə isə başlamaq olmaz.

Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe səbəbindən münaqişə diplomatik yolla həll olunmur. Bu mövqe dəyişməlidir. Qərb bunu etmir, etmək istəmir - ya mexanizmlər yoxdur, ya da digər faktorlar buna mane olur. Azərbaycan təbii ki, Qərbin bu yanaşmasına razı deyil. Vəziyyətin düzəlməsi üçün dəyişiklik olmalıdır. Qərbin münaqişəyə münasibəti dəyişməyəcəyi halda, Azərbaycanın mövqeyində də dəyişiklik baş verə bilər. Bunun nə zaman olacağını demək çətindir.

Amma belə bir versiyanın mümkünlüyünü nəzərdən qaçırmaq olmaz və Qərb siyasi dairələri, analitikləri və siyasi mərkəzləri bu haqda düşünsünlər, Azərbaycanın siyasətində mümkün dəyişiklik versiyalarını hesablasınlar.

- Novruz Məmmədov həmçinin bildirib ki, Azərbaycan artıq başqa siyasi ittifaqa qoşulmaq təklifi alıb. Söhbət hansı ittifaqlardan gedə bilər?

- Novruz Məmmədovun özü də bunun hansı təşkilat olduğunu göstərməyib. Qərb seçimi və yaxud Qərbdən fərqli seçim deyiləndə təbii ki, ilk növbədə post-sovet məkanı, xüsusilə Rusiya ilə münasibətlər yada düşür. Məsələ ondadır ki, bizim balanslaşdırma siyasətimiz çoxvektorluluğa gətirib çıxarıb. Azərbaycan müxtəlif güc mərkəzləri ilə balanslı siyasət aparır. Bu siyasət ona imkan verir ki, tərəflərdən hər hansı biri ümidləri doğrultmayanda Azərbaycan digər istiqamətə yönəlsin.

Cənab prezident də qeyd edib ki, Azərbaycan həm siyasətində, həm də iqtisadiyyatında çoxşaxəliliyə üstünlük verir. Şaxələndirmə kontekstində Azərbaycan manevr imkanları qazanıb və tərəflərdən birinin fəaliyyəti

Azərbaycanın qarşılaşdığı problemlərin həlli üçün ciddi maneələr və təhlükələr yaradacağı halda həmin vektordan imtina oluna bilər. Bu baxımdan hesab edirəm ki, Qərbə alternativ istiqamətlər bizim üçün məqbul sayıla bilər.

-Azərbaycan MDB-nin üzvüdür. Bu təşkilatın gələcəyini necə dəyərləndirirsiniz?

- MDB haqqında ən yaxşı qiyməti Vladimir Putin verib. O, MDB-ni "ölü doğulan uşaq" adlandırıb. Baxmayaraq ki, təşkilatın gücləndirilməsinə çalışanlardan biri də Putin özü idi.

Hesab edirəm ki, Putinin müəyyən planları var. O, "İzvestiya" qəzetinə müsahibəsində Avrasiya İttifaqı ideyası barədə danışmışdı. Bu o deməkdir ki, Putin MDB-nin Avrasiya İttifaqına çevrilməsini istəyir. Çox çətin olsa da o bu ideyanın həyata keçirilməsində israrlı olduğunu bildirib. Əgər gələcəkdə MDB-nin inkişafı nəzərdə tutulursa, təşkilatın yeni transformasiyasından, Avrasiya İttifaqına çevrilməsindən söhbət gedə bilər.

- Rusiyanın nəzarətində olan MDB-nin üzvü olmaq, eyni zamanda Qərbə inteqrasiya bir araya sığarmı?

- Bunlar bir qədər mürəkkəb məsələlərdir. Norveç kimi dövlətin Avropa İttifaqı ilə sıx əməkdaşlığı var, amma təşkilatın üzvü deyil. Azərbaycan manevr imkanlarını saxlamaq barədə daha çox düşünür.

Biz həm də Avropaya inteqrasiya yolunu seçmişik. 2007-cim il may ayının 23-də qəbul etdiyimiz Milli Təhlükəsizlik Konsepsiyamızda yazılıb ki, Azərbaycanın xarici siyasətinin əsas istiqaməti Avroatlantik məkana inteqrasiyadır. Eyni zamanda biz Azərbaycanın milli dövlətçilik maraqlarından çıxış edərək konkret məqamda yaranmış qurumlarla da münasibətlər yarada, bu münasibətləri inkişaf etdirə bilərik.

Dəyişməz bir şərt var: Bu münasibətlər Azərbaycanın milli dövlətçilik maraqlarına zidd olmasın. İstisna deyil ki, Azərbaycan inteqrasiya plüralizmi siyasətindən çıxış edərək müxtəlif inteqrasiya mərkəzləri ilə əlaqələri inkişaf etdirsin.

- Əfqanıstana NATO yüklərinin təxminən 35 faizi Azərbaycan üzərindən daşınır. Azərbaycan siyasi vektorunu dəyişərək bundan imtina etsə, nələr baş verə bilər?

- Azərbaycan anti-terror koalisiyasının üzvüdür və bundan çıxış edərək müəyyən öhdəliklər götürüb. Hesab edirəm ki, Azərbaycanın öz missiyasından imtina etməsi üçün hazırda bir səbəb yoxdur. Bu missiya bütövlükdə terrora qarşı yönəlib, Azərbaycan da terrorun nə olduğunu gözəl bilir. Ölkəmizin bu mövqeyi ABŞ tərəfindən qiymətləndirilib. 11 sentyabr hadisəsindən sonra Azərbaycanın məlum mövqeyinə görə ABŞ prezidenti hər il "907-ci düzəliş"in fəaliyyətinin bir il dondurulması barədə qərar verir. Bu, məhz həmin koalisiyada iştirak etmək hesabınadır. Azərbaycan bu yanaşmadan imtina etsə, ABŞ da "907-ci düzəliş"i bərpa edə bilər.

- Asiyada Rusiya və Çinin təsiri altında olan bir təşkilat - Şanxay Əməkdaşlıq Təşkilatı var. Avropa İttifaqına alternativ görülən bu təşkilata gələcəkdə Azərbaycanın üzvlüyü barədə danışmaq olarmı?

- Şanxay Əməkdaşlıq Təşkilatı yaradılanda nəinki Avropa İttifaqına, hətta NATO-ya alternativ sayılırdı. Bununla belə, MDB-nin, GUAM-ın özündə də gözlənilən nəticələr əldə olunmadı, Şanxay Əməkdaşlıq Təşkilatı da eynilə buna bənzəyir.

Mənə elə gəlir, beynəlxalq təhlükəsizlik məsələlərində daha iddialı olan Rusiya təşkilatda Çinin inkişaf etmiş güc mərkəzinə çevrilməsində maraqlı deyil. Rusiya istəyir ki, proseslərdə mərkəzi fiqur özü olsun. Hesab edirəm ki, Şanxay təşkilatı da gözləntiləri doğrultmadı. Fikrimcə, Putinin həyata keçirmək istədiyi Avrasiya İttifaqı daha ciddi təsir bağışlaya bilər.

- İran Azərbaycanın Qərblə münasibətlərinə qısqanclıqla yanaşır. Bu qısqanclığın kökündə nələr dayanır?

- İran deyir ki, Xəzər regionunda sahilyanı dövlətlərdən savayı kimsənin iştirakı olmaz. İran təbii ki, daha çox ABŞ-ı nəzərdə tutur. İrana qarşı sanksiya tətbiq edənlər də əsasən Qərb dövlətləridir. Belədə rəsmi Tehran Azərbaycanın Qərb ölkələri ilə münasibətlərini heç cür qəbul etmək istəmir.

Amma nəzərdən qaçırmaq olmaz ki, İranın özü də Azərbaycanın maraqlarına uyğun gəlməyən bu və ya digər addımlar atır. Ermənistanın müstəqilliyini birinci ABŞ, ikinci İran tanıyıb. İranla Ermənistan arasında su-elektrik stansiyaları şəbəkəsinin tikilməsi, dəmir yolu və yeni qaz xəttinin çəkilməsi onu göstərir ki, bu iki dövlət sıx münasibətdədir. Keçən ilə nisbətən iki dövlət atasında ticarət dövriyyəsi 40 faiz artıb. 3 minə qədər iranlı tələbə Ermənistan təhsil alır.

Azərbaycan İranla yaxın qonşuluq münasibətlərində maraqlı olan dövlətdir. Təəssüf ki, İranda bəzi dairələr münasibətlərin lazımı inkişafına mane olurlar.

Ömər Əmirov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR