Rauf Mərdiyev: “Sorğulara görə, “İrəli“yə sədr mən olacam“ - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Rauf Mərdiyev: “Sorğulara görə, “İrəli“yə sədr mən olacam“ - MÜSAHİBƏ

- "İrəli" İctimai Birliyinin sədrliyinə namizədsiniz. Təbliğat-təşviqat kampaniyası necə keçir?

- Konfransla bağlı yaradılmış Təşkilat Komitəsi 16 Aprel 2012-ci il tarixindən etibarən "İrəli" İctimai Birliyinin bütün struktur təmsilçilərinin, yəni İdarə Heyəti üzvləri, MNTK, katiblik, mərkəz və layihə rəhbərlərinin buraxılması haqda qərar qəbul edib. Eyni zamanda, 17 apreldən 21 aprelədək "İrəli" İctimai Birliyinin seçkili strukturlarına namizədliyini irəli sürmək istəyənlərdən ərizələr qəbul olunub. Ərizə qəbulu internet vasitəsilə aparılıb. İctimai Birliyə sədrlik uğrunda iki namizəd, mən və Nərmin Məmmədova mübarizə aparacağıq. Təbliğat-kampaniyası çox maraqlı gedir.

- Sədr seçilmə şansınızı necə dəyərləndirirsiniz?

- Namizədliyim bir komanda tərəfindən irəli sürülüb. Seçkiqabağı təbliğat-təşviqat kampaniyası qrup tərəfindən aparılır. Biz "İrəli"çilər arasında müxtəlif sorğular keçiririk. "Facebook" səhifəmizdə də sorğu aparılıb. Nəticələrə görə, 60 faizin 40 faizə üstünlük mənim tərəfimdədir. Fikrimcə, seçkilərin nəticələri də bu rəqəmlər ətrafında olacaq.

-"İrəli" İctimai Birliyini digər təşkilatlardan fərqli cəhətləri hansılardır?

-Təvazökarlıqdan uzaq olsa da deyim ki, 6 illik fəaliyyəti ərzində əldə etdiyi uğurlar "İrəli"nin Azərbaycandakı təşkilatlardan daha çox Avropa təşkilatları ilə müqayisəsinə imkan verir. Təşkilatımız indiyə kimi Azərbaycana bir çox yeniliklər gətirib. Bir sözlə, Azərbaycanda "İrəli"nin təcrübəsindən faydalanan xeyli təşkilat var. Amma təcrübəsindən bizim faydalandığımız təşkilat demək olar ki, olmayıb, yaxud çox azdır. Daha çox xarici təcrübəni mənimsəmişik.

Demokratik seçki prinsipini "İrəli" həmişə əsas prinsiplərdən biri hesab edib. Qarşıdakı seçkilər də buna nümunədir. Aprelin 16-da təşkilatının bütün heyətinin istefa verməsi, gəncləşmənin elan edilməsi dəyərli ənənədir.

- Sədr seçiləcəyiniz halda, "İrəli"nin iş prinsiplərində hansı dəyişikliyi gözləmək olar?

-Hər iki namizədin istər "facebook", istərsə də veb-səhifələrində sədr seçiləcəyi təqdirdə planları, təşkilatın gələcəyinə dair baxışları, platformaları var. Seçilərəmsə "İrəli"nin keyfiyyət və kəmiyyət göstəricilərinin paralel artırılması, təşkilatın hər bir Azərbaycan gənci üçün daha açıq olmasına, gənclərdən gələn təşəbbüslərin reallaşlaşdırılması prosesinin sadələşdirilməsinə və ixtisaslı insan kapitalının artırılmasına diqqət artırılacaq.

Eyni zamanda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında qeyd olunan bəndlər istiqamətində fəaliyyətinin gücləndirilməsinə çalışacam. İstənilən halda hansı namizədin seçilməsindən asılı olmayaraq təşkilatın gəncləşdirilməsinə, təşkilatın idarə heyətində və işçi qrupunda çalışan insanların orta yaş həddinin 23 və daha aşağı olmasını dəstəkləyirik. Təşkilat yenilənməlidir, yeni nəfəs gəlməli, yeni gənclər yeni ideyalar gətirməlidir.

-Ceyhun Osmanlının gedişini də təşkilatın gəncləşdirmə siyasəti ilə izah etmək olarmı?

- Əlbəttə. Ceyhun Osmanlının 30 yaşı olub. Azərbaycan qanunvericiliyində görə bu gənclik yaşından çoxdur. Ceyhun Osmanlının özü gənclərlə işləyən təşkilatların daha potensiallı gənclərə həvalə olunması ideyası ilə çıxış etdi və seçkilərə qatılmayacağını bildirdi. Bunun müsbət bir ənənə olduğunu düşünürəm.

-"İrəli" qarşıdakı illərdə siyasi təşkilata çevrilə bilərmi?

-"İrəli"nin siyasi təşkilata çevrilmə ehtimalı yoxdur. Amma təşkilatımızda istənilən sahədə - istər siyasət, istər mədəniyyət, istərsə də sosial sahə ilə maraqlanan hər bir gənc potensialını geniş şəkildə ictimaiyyətə çatdırmaq imkanı əldə edir. Siyasi təşkilata çevrilmək planımız olmasa da təşkilatın gələcək kadrları arasında düşünürəm ki, siyasətlə məşğul olacaq və böyük uğurlar əldə edəcək şəxslər də var.

-Ümumilikdə, Azərbaycanda gənclər təşkilatlarının fəaliyyəti sizi qane edirmi? "İrəli"nin bu təşkilatlarla əməkdaşlığı hansı səviyyədədir?

-Gənclər təşkilatlarının bəziləri kifayət qədər səmərəli layihələr həyata keçirirlər, bəzilərinin işi isə o qədər də ürəkaçan deyil. Biz istənilən halda konstruktiv məsələlərə yanaşan, yeni ideyalar gətirən və cəmiyyətin, gənclərin maraqlarına yönəlik, milli maraqlarının xaricində olmayan təşkilatların fəaliyyətini dəstəkləyirik. Müraciət olunarsa əməkdaşlığa hazırıq.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm