Prezidentin qızı: “Türkiyədə soruşurlar ki, siz azərbaycanlısız?“
Bizi izləyin

Müsahibə

Prezidentin qızı: “Türkiyədə soruşurlar ki, siz azərbaycanlısız?“

"Azərbaycanlıları türkiyəlilər qədər özümüzə yaxın bilirik"

Xəbər verdiyimiz kimi, Şimali Kipr Türk Cümhuriyyərtinin prezidenti Derviş Eroğlunun qızı Resmiyye Eroğlu Bakıdadır. Publika.Az saytının əməkdaşı xanım Eroğludan geniş müsahibə alıb. Müsahibəni təqdim edirik:

Müsahibimiz özünü bizə belə anladır: "Mən Rəsmiyə Əroğlu Canaltay Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlunun qızıyam, eyni zamanda turizm sahəsində mütəxəssisəm. 30 ildir siyasətin içərisindəyəm. Hazırda Ulusal Birlik Partiyasının baş katibinin köməkçisiyəm. Həm də anayam, bir qızım, bir oğlum var. Uzun illər həm siyasət, həm iş, həm də övladlarımın böyüməsi ilə məşğul olmuşam. Allaha şükür, övladlarım böyüyüb, indi daha aktiv şəkildə işlərimə davam edirəm".

- Ailədə, siyasətdə, turimdə uğurlara imza atmış bir qadın olmaq… Üçü bir arada çətin deyilmi?

- Əslində çox çətindir. Qadınlarımızı siyasətdə görə bilmiriksə, bu vəzifələrin hamısının öhdəsindən bir yerdə gələ bilməmələrindən qaynaqlanır. Amma mən bu məsələdə özümü şanslı hesab edirəm. Siyasət ailəmizdən gələn ənənədir. Həyat yoldaşım da bu məsələdə mənə çox dəstək verib. Kiprdə elədir ki, seçki zamanı deputatlığa namizədəliyini irəli sürən şəxs evinə gedə bilmir. Amma mənim həyat yoldaşım həmin ərəfədə uşaqlarımıza baxırdı. Turizm də çox çətin sahələrdən biridir. Ölkəmizə turist cəlb etmək üçün çox səy göstərməli oluruq. Həm həyat yoldaşımın, həm övladlarımın, həm də anamgilin dəstəyi sayəsində bu günə gələ bilmişik.

- Övladlarınızın mürvətini görmüsüzmü?

- Qızım Meral 1 il yarımdır ki, ailə həyatı qurub. Hələ nənə olmamışam (gülür). Qızım hüquqşünasdır. Oğlum Dərviş isə maliyyəçidir, hələ evlənməyib. Dördgözlə onlardan birinin turizmdə mənə köməklik göstərməsini gözləyirəm. Oğlumun yanımda olmasını çox istəyirəm. Qismətsə, inşallah, o da turizm sahəsinə gələr.

- Azərbaycanla Şimali Kiprin turizm sahəsində əlaqələrini necə qiymətləndirirsiz?

- Əslində iki ölkə arasında ilk ciddi əlaqələrə keçən ilin mart ayında başladıq. O zaman gördük ki, Azərbaycan xalqı bizə qarşı çox diqqətcildir. Yenidən yaz ayında iki şirkət çartr səfərlər təşkil etdi. Əslində Şimali Kipr Azərbaycanda çox tanınır. Şimali Kipr universitetlər adasıdır. İndiki səfərimdə mənə dedilər ki, Azərbaycandan tələbələrin çoxu məhz Kiprə göndərilir. Deməli, iki xalq çox yaxındır ki, güvənərək övladlarını oxumaq üçün ölkəmizə göndərirlər. Turizm sahəsində bu il bir qədər çətinliyimiz var. Bu problemlərin həll yollarını tapmağa çalışırıq. Bizim mədəniyyətimiz, danışığımız o qədər yaxındır ki, hətta biz Türkiyəyə gedəndə bizdən soruşurlar ki, siz azərbaycanlısız? Şivələrimiz çox oxşayır. Buraya gələndə gördük ki, mətbəximiz, ailə ənənələrimiz də yaxındır. Bu, iki ölkənin gələcəkdə də bir-birinə dəstək olacağını göstərir.

- Bakıya əvvəllər də səfər etmisizmi?

- Bir il əvvəl. Onda da Bakı xoşuma gəlmişdi. Hamıya demişdim ki, Bakı möhtəşəm şəhərdir. Mənə nədənsə Berlini xatırladır. Bu il gələndə isə inanın, şoka düşdüm. Dedim ki, Bakı bir ildə bu qədər sürətlə inkişaf edirsə, 10 il içərisində Avrasiyanın ulduzuna çevirləcək. Bakının bunca sürətlə gözəlləşməsində "Eurovision"un da böyük təsiri var. Mən Azərbaycana qələbə gətirən Eldarla Nigara təşəkkür edirəm. İnşaallah, bu il də Azərbaycan qazanar. O qədər sərmayə qoyulub ki, inşallah, bunun səmərəsini də görərsiz. Bu sərmayələr hökumətin, Milli Məclisin, Prezident və onun xanımının işbirliyi sayəsində baş tutub. Bu da Azərbaycan xalqının nə qədər birlik və bərabərlik içərisində olduğunu göstərir.

- Neçə gün Bakıda qalacaqsız?

- 4 günlük səfərə gəlmişik, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası bizi dəvət edib. Təyyarədən endiyimiz andan etibarən millət vəkilləri Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Sevinc Hüseynova bir dəqiqə belə bizi tək qoymadılar. Çox gözəl görüşlər keçirdik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşdük. Ombudsman Elmira Süleymanovanın fəaliyyətini çox bəyəndik. Elmira xanım o qədər yaradıcı və enerjili qadındır ki, ona heyran olmamaq mümkün deyil.

- Artıq ikinci dəfədir ki, Bakıdasız, paytaxtımızdan xatirə olaraq nə aparmağı düşünürsüz?

- Hələ alış-verişə çıxmamışam. Keçən dəfə gələndə İçərişəhərdən sizin milli şallarınızı alıb aparmışdım. Bu il də inşallah, hədiyyələr alıb aparacağıq.

- Şaldan söz düşmüşkən, qədimlərdə Azərbaycan qadınları başlarına örpək örtərdilər. Ümumiyyərlə, Kipr qadınları ilə Azərbaycan qadınları bu məsələdə bir-birlərinə nə qədər yaxındırlar?

- Məscidlərə gedəndə biz də başımızı örtürük. Dəfn mərasimlərində də başımızı bağlayırıq. Mədəniyyətlərimiz çox bənzəyir. Eyni kökdən olan insanarıq. Azərbaycanlıları türkiyəlilər qədər özümüzə yaxın bilirik. Dünən söhbət əsnasında məlum oldu ki, bizim keçmişdə işlətdiyimiz bəzi sözlər var ki, siz onlardan istifadə edirsiz. Məsələn, "sima" bizdə əvvəllər işlədilən, artıq yavaş-yavaş unudulan sözlərdəndir. Sizdə bu sözü eşidəndə çox xoşumuza gəldi.

- Mətbəximizin hansı yeməkləri bir-birinə bənzəyir?

- Kabab çeşidlərimiz çox oxşardır. Düzü, sizin lülə kababınız fərqlidir. Əsasən kabab və dolmalarımız bənzəyir. Amma sizin dolmaların dadı bir az fərqlidir.

- Türkiyənin prezidenti Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan tez-tez ölkənizə səfərə edirlər. Onların xanımları ilə yaxından görüşmüsüzmü?

- 20 iyul - Şimali Kiprin barış və müstəqillik günü münasibətilə ölkəmizdə keçirilən mərasimlərə qatılan baş nazirin xanımı Əminə Ərdoğan və qızları ilə görüşmüşük. Qısa müddətə gəldikləri üçün evə dəvət edə bilmədik. Amma Abdullah Gülün dəyərli xanımı Hayrunnisa Güllə hələ ki, tanış ola bilməmişik. Onlar bizim üçün çox dəyərli insanlardır. Əminə xanım da çox yaxşı insandır, insanların gözünə baxıb onların nə demək istəyəcəyini anlayır. Bu xüsusiyyət Rəcəb Tayyib Ərdoğanda da var. Əminə xanım baş nazirin ən böyük dəstəkçisidir.

- Rəsmiyə xanım, özünüz üçün kimi örnək olaraq görürsüz?

- Təbii ki, anamı. Anamı özümə örnək sayıram. Anam həqiqətən çox dəyərli, ağıllı və fədakar qadındır. Atamın ən çətin günlərində yanında dayanıb. Öz həyatlarını kənara qoyub, Şimali Kipr Cümhuriyyəti üçün çalışıblar.

- Şimali Kiprin birinci xanımı kimi, kıbrıslıların ananız Meral xanıma münasibəti necədir?

- Kıbrıslılar anamdan çox məmnundurlar. Çünki anam çox yardımsevər xanımdır. Qapısına gələn heç kimi geri çevirməz. "First lady" olandan sonra bir çox fondlarda, əngəlli uşaqlara yardım mərkəzlərində, xərçəng xəstəliyi ilə mübarizə üzrə dərnəklərdə çalışır. O, özünü bu işlərə həsr edib.

- Bəs bizim birinci xanımımızı - Mehriban Əliyevanı tanıyırsızmı?

- Onun fəaliyyətini izləyirəm. Təəssüf edirəm ki, şəxsən tanış deyilik. Mərhum Heydər Əliyevin bu ölkəni müstəqilliyi üçün verdiyi əmək heç vaxt unudulmayacaq. Həqiqətən xeyirli övlad böyüdüb. Cənab İlham Əliyev və xanım Mehriban Əliyeva ölkə üçün çox faydalı işlər görürlər. Mehriban Əliyevanın da ölkəsində yardım dərnəklərində çalışdığını eşitmişəm. Bu, çox gözəldir. Çünki bəzi ölkələrdə bu cür işlər görən insanlar azdır. Biz Heydər Əliyevin və onun sevgili həyat yoldaşının Zərifə Əliyevanın məzarını ziyarət etdik, Şəhidlər Xiyabanına getdik, orada inanın ki, göz yaşlarımızı saxlaya bilmədik. Mərhum Heydər Əliyev çox gözəl ölkə bəxş edib sizə, xoşbəxtsiz ki, onun oğlu və gəlini bu işləri davam etdirir.

- İnternetdə məlumatlar var ki, 2010-cu il seçkilərində millət vəkili seçilmisiz...

- Bu hadisə çox gülməlidir. Derviş Eroğlu prezident seçildikdən sonra bizim seçim bölgəmizdə - Qazimağosada bir deputat yeri boşaldı. Mən də namizdliyimi irəli sürdüm. Seçkinin ilkin nəticələrinə görə, mənim adım açıqlandı. Sonra dedilər ki, səslər yanlış sayılıb, 2 səs fərqi ilə seçilə bilmədim. O hadisə ilə mənim adım "millət vəkili" kimi tarixə düşdü (gülür).

- Azərbaycanın xanım millət vəkillərindən kimləri tanıyırsız?

- Məlahət İbrahimqızı, Sevinc Hüseynova ilə əvvəlcədən də əlaqələrimiz var idi. Bu gediş-gəlişlərimizdən sonra əlaqələrimizin daha da inkişaf edəcəyinə ümid edirəm. Xüsusilə qadın problemləri ilə bağlı birlikdə çalışmaq niyyətindəyik.

- Ananız haqqına danışdız. Bəs Prezident atanız?.. Kıbrıslılar ondan da razıdırmı?

- Atam 1976-cı ildən böyük siyasətdədir. Əvvəl həkim idi, sonra mən nazir qızı, sonra baş nazir qızı, sonra prezident qızı oldum. Bilirsiz, hər bir insanın vəzifəsi gəldi-gedərdi. Biz 4 bacıyıq. Həm mən, həm də bacılarım, bizim övladlarımız indiyədək nə əldə etdiksə, özümüz əldə etdik. Atamızın adından heç vaxt istifadə etmədik, heç kəsə yuxarıdan aşağı baxmadıq. Çünki əgər xalqdan uzaqlaşsanız, xalq sizə əsla o vəzifələri verməz. Ona görə də özümü tanıyandan bəri həmişə insanların içərisində oldum. İndi çalışdığım turizm sahəsində də insanlar qəbuluma gəlir. Onlara gülər üz göstərməsəm, əsla qapımı döyməzlər. Biz bu şeyləri atamızdan, anamızdan öyrəndik

- Övladlarınıza ananızın və atanızın adını qoymusuz?

- Bunun tarixçəsi çox maraqlıdır. Bizdə adətən, ilk övlada ata və ya ananın adını qoyurlar. Evin ən böyük qızı mən idim, qızım dünyaya gələndə qaynatam həyat yoldaşımı çağırıb dedi ki, bu, o ailənin ilk nəvəsidir, ona görə də uşağın adını Meral qoyun, sevinsinlər. Üç il sonra oğlum dünyaya gəldi. Səsimi çıxarmadım, həyat yoldaşıma dedim ki, sən nə desən o adı qoyacağıq. O vaxt atam baş nazir idi, bütün jurnalistlər də soruşurdu ki, uşağın adı nədir? Həyat yoldaşım da çıxılmaz vəziyyətdə qalmışdı. Yenə də qaynatam yoldaşıma dedi ki, bu ailədə heç oğlan uşağı olmayıb, ilk dəfədir ki, oğlan nəvə dünyaya gəlir. Onsuzda soyad bizim soyaddır, adını Derviş qoyun. Uşağın adını ilk öncə jurnalistlərdən eşitdim, çox sevindim.

- Azərbaycana gəldiyiniz andan "Facebook" sosial şəbəkəsində Bakı təəssüratlarınızı öz dostlarınızla bölüşürsüz...

- Əslində "Facebook"da o qədər də aktiv deyiləm (gülür). Azərbaycana gələndən aktivləşmişəm. Burada çəkdirdiyimiz fotoşəkilləri yüklədik səhifəmizə. Çünki Azərbaycanı öz vətənimiz kimi görürük. Şimali Kiprdəki insanların Bakını tanımaları üçün öz təəssüratlarımı yazdım...

- Sonda Quzey Kipr ilə Güney Kiprin birləşməsi məsələsi ilə bağlı mövqeyinizi öyrənmək istərdik. İqtidar və Şimali Kipr ictimaiyyəti birləşməyə necə münasibət bəsləyir?

- Birləşmə ilə bağlı əslində çox da böyük istək yoxdur. Dövlət olaraq anlaşmaq istəyirik. Yunan tərəfi anlaşmaya isti yanaşmır. Onlara bütün qapılar açıqdır, amma Avropa Birliyinin, dünyanın bütün qapıları bizə bağlıdır. Bircə çıxış nöqtəmiz Türkiyədir. 2004-cü ildə "Annan planı"na yüzdə 76 faiz səslə "hə" cavabı verildi. Amma Güney bunu rədd etdi. "Hə" deməyimizə rəğmən, Avropa Birliyi bizə heç bir yardım etmədi, verdikləri sözü tutmadılar. Güney Kipri Avropa Birliyinə daxil etdilər.

Nərgiz Ehlamqızı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm