“İsrail post-sovet ölkələri arasında yalnız Azərbaycana etibarla yanaşır” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

“İsrail post-sovet ölkələri arasında yalnız Azərbaycana etibarla yanaşır” - MÜSAHİBƏ

- İsrail-Azərbaycan münasibətlərini necə dəyərləndirirsiniz?

- İlk öncə onu qeyd etmək lazımdır ki, iki həftə qabaq Azərbaycan və İsrail diplomatik münasibətlərin qurulmasının 20-ci illiyini qeyd etdilər. Tamamilə aydındır ki, Azərbaycan-İsrail münasibətlərinin sürətli inkişafı bəzi regional qüvvələri qıcıqlandırır. Azərbaycan kifayət qədər ağır geosiyasi mühitdə yaşayır və onun hər zaman diplomatik manevr etməyə ehtiyacı var. İsraillə strateji tərəfdaşlıq münasibətlərinin inkişafı və rəsmi Bakının özünəməxsus xarici siyasət davranışı, bəzi regional liderlərin sərt bəyanatlarına baxmayaraq, onu əks etdirir ki, Azərbaycan Respublikası hər şeydən əvvəl milli maraqlarını ehtiva edən müstəqil xarici siyasət strategiyasını həyata keçirir. Bu səbəbdən İsraildə Azərbaycan dövlət başçısı İlham Əliyev şəxsiyyətinə böyük hörmət və ehtiram var. İsraildə Azərbaycan prezidentini nüfuzlu və müdrik regional lider kimi qəbul edirlər.

İsrail Azərbaycana yeni və qabaqcıl texnologiyalar baxımından neftçıxarma sənayesi, kənd təsərrüfatı, tibb, hərbi sənaye, telekommunikasiya sahələrində ən əhəmiyyətli idxalatçıya çevrilib. Bu gün Azərbaycanda 1000-dən çox İsrail şirkəti aktiv şəkildə fəaliyyət göstərir. İsrailin qabaqcıl texnologiyaları Azərbaycanda çox pozitiv texnologiya imicinə malikdir.

Diaspor fəaliyyətimlə bağlı mən İsrailin siyasi elitası ilə tez-tez görüşməli oluram. Və xarakterik olaraq İsrailin siyasi, hərbi, ictimai xadimləri, adətən Azərbaycan və ikitərəfli əməkdaşlığın perspektivləri haqqında müsbət fikir söyləyirlər. Və bu, sadəcə siyasi hörmət deyil. Dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq ötən il Azərbaycan-İsrail münasibətləri üçün tamamilə uğurlu oldu. Ölkələrimiz arasında ticarət dövriyyəsi 4 milyard dollara çatdı ki, bu da ölkələrimizi strateji tərəfdaşlara çevirən göstəricidir.

Azərbaycan Prezidenti İlham Əliyevin İsraillə münasibətləri, xüsusilə onun İranın İsrail Dövlətinin Prezidenti Şimon Peresin Bakıya səfərinin təxirə salınması ilə bağlı tələblərinə tabe olmaq istəməməsi, onun istənilən anti-İsrail kampaniyalara qoşulmaqdan imtinası kimi məsələlərlə bağlı dəqiq mövqeyi İsraildə səmimi hörmətə səbəb olur.

Digər tərəfdən, İsrailin siyasi isteblişmenti bir çox hallarda XİN başçısı Aviqdor Libermanın sayəsində bu gün Azərbaycanı, deyək ki, bir neçə il bundan öncə olduğu kimi qəbul etmir. Məhz Liberman ictimaiyyəti inandıra bildi ki, İsrailə yalnız ABŞ və Avropa İttifaqı ilə əlaqələr yox, həm də SSRİ-nin süqutundan sonra yaranmış müstəqil müsəlman ölkələrinin dəstəyi də vacibdir.

- Qarabağın azadlığı uğrunda savaş başlayacağı təqdirdə, rəsmi Təl-Əvivin mövqeyi nədən ibarət olacaq?

- İsrail-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri yalnız siyasi və iqtisadi müstəvidə deyil, eyni zamanda hərbi müstəvidə də özünü ehtiva edir. Bu faktdır ki bu gün İsrail post-sovet məkanında olan ölkələr arasında hərbi baxımdan yeganə Azərbaycana böyük inam və etibarla yanaşır. Son illərdə İsrail Azərbaycana özünün ən qabaqcıl hərbi texnologiyalarını verir və onları istifadə etmək üçün yardımlar edir. Bu gün Azərbaycanda hərbi texnologiya baxımından İsrailin ən güclü şirkətləri çalışır. Düşünürəm ki, İsrail-Azərbaycan strateji tərəfdaşlığın bəzi məqamları mass-media üçün bağlı olmalıdır.

Siyasi baxımdan isə İsrail Dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır. Bu mövqeyi hər zaman İsrailin dövlət başçısı Şimon Peres və İsrailin baş nazirin müavini, XİN başçısı Aviqdor Liberman öz çıxışlarında qeyd edirlər. Fikrimcə, bu, çox aydın mövqeydir.

- Azərbaycan diasporunun İsraildə fəaliyyəti hansı səviyyədədir?

- İsraildə Azərbaycan Diasporunu "İsrail-Azərbaycan" Beynəlxalq Təşkilatı təmsil edir. Bu yaxında təşkilatın yaranmasından 5 il keçdi. Düşünürəm ki, 5 il ərzində çox işlər görülüb. Hər şeydən əvvəl bizim təşkilatımız Azərbaycandan İsrailə köçmüş 70 minlik diasporanı birləşdirə bildi.

"İsrail-Azərbaycan" Beynəlxalq Təşkilat çərçivəsində tərəfdarlar komandası formalaşdı. Leva Spivak, Yeqanə Salman, Mixail Aqaronov, Ehtibar Axundov, Mixail Salman birinci gündən anladılar ki, bu təşkilat yalnız İsraildə Azərbaycan diaspor təşkilatı deyil, eyni zamanda bu təşkilat iki ölkə arasında real körpüdür və tərəfdaşlığın əsas və güc verən qatarıdır.

Məhz bu komanda İsraildə Azərbaycanın real təbliğat ideyalarının generatorudur. Önəmli fakt odur ki, İsraildə Azərbaycanın rəsmi diplomatik nümayəndəliyinə malik olmadan, 5 il ərzində biz Azərbaycanın tarixinin bayram və faciəvi səhifələri ilə bağlı tədbirləri hər zaman yüksək səviyyədə keçirmişik.

Nazim İbrahimovun rəhbərlik etdiyi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi təşkilatımızın formalaşması və inkişafında xüsusi rol oynayıb və oynamaqdadır. Tədbirlərin keçirilməsi zamanı Azərbaycanın Birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO və İSESKO xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bizə çox kömək edir.

Azərbaycan diasporunun aktiv və praqmatik fəaliyyəti nəticəsində bu gün İsrail baş nazirinin dəftərxanasında, Knessetdə, dövlət strukturlarında, cəmiyyətdə, universitetlərdə, strateji mərkəzlərdə, kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası məfhumunu hamı gözəl anlayır və yüksək səviyyədə dəyərləndirir.

2011-ci ilin dekabr ayında İsrailin Knessetində qondarma erməni soyqırımı məsələsi ortaya çıxanda özümüzün milli borcu hesab etdiyimiz üçün, İsrail millət vəkilləri qarşısında çıxış edəndə dedik ki, siz yalan bir tarixi, yalan mifi soyqırıma döndərmək istəyirsiz. 20 il əvvəl bir gündə ermənilər dinc Azərbaycan şəhəri - Xocalını darmadağın edib, dinc Azərbaycan sakinlərinə soyqırım yapdılar.

Davam edərək onu söylədim ki, Ermənistanda 150 yəhudi qalan zaman, Azərbaycanda 30.000 yəhudi var, iki il ərzində iki sinaqoq və Qafqazda ən böyük təhsil mərkəzi tikildi. Xahiş edirəm mənə ikinci belə bir müsəlman və ya xristian ölkə göstərin ki, orada ölkə öz hesabına yeni sinaqoq tiksin. Bu bizim Azərbaycanımızın dünyanın dinlər və mədəniyyətlər arası dialoq sahəsində olan böyük uğurlara nail olmasını özündə ehtiva edir.

Bu gün müstəqil Azərbaycanın İsrail Dövlətində nüfuzu heç bir zaman olmadığı qədər yüksəkdir. İsrail bizim doğma Azərbaycanı modern müsəlman dünyasının ən aparıcı və inkişaf etmiş ölkəsi kimi qəbul edir.

-Bir müddət öncə, Amerika mediası İsrailin Azərbaycanda hərbi baza aldığını qeyd edərək, Amerikanın İsrail-Azərbaycan münasibətlərini diqqətlə izlədiyini yazmışdı. Sizcə, Amerika iki dövlətin münasibətlərin narahatdırmı?

- Hesab edirəm ki, Azərbaycanın modern uğurlu inkişafı ilk öncə ölkənin balansdırılmış və düzgün xarici siyasəti ilə bağlıdır. Bu faktdır ki, İsrail Dövləti ilə Azərbaycanın çox açıq və hərtərəfli iqtisadi və siyasi tərəfdaşlığı mövcuddur. İsrail heç bir zaman Azərbaycanla ultimatum və tələblər formatında danışmır. Azərbaycanı müsəlman dünyasının inkişaf edən ölkəsi hesab edən İsrail Dövləti Azərbaycanı özünə siyasi və iqtisadi tərəfdaş hesab edir.

Rəsmi Tehranın Azərbaycana münasibətindən onu hiss etmək olar kı, ayətullah rejimi Azərbaycanın inkişafında maraqlı deyil. Bu, ilk növbədə, İranda yaşayan 35 million Azərbaycanlı faktoru ilə bağlıdır. Qeyd edək ki, İran rejimi 35 millionlu əhalini öz dilində danışmağa, inkişaf etdirməyə yasaq qoyub. İkincisi, İranın Cənubi Qafqazda ən böyük tərəfdaşı Azərbaycan torpaqlarını zəbt etmiş Ermənistandır.

20% müsəlman ölkəsinin ərazisini zəbt etmiş, 1 milyon şiə müsəlmanı olan Azərbaycanlıları evlərindən qovmuş Ermənistan İran İslam Respublikasının yaxın dostudur. Bu fakt özü çox məsələləri açıqlayır.

Elnur Eltürk

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm