İnstitut direktoru: “Vərəmlə mübarizədə gözlənilən nəticə əldə olunmayıb” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

İnstitut direktoru: “Vərəmlə mübarizədə gözlənilən nəticə əldə olunmayıb” - MÜSAHİBƏ

- Həkim, bu günə kimi Azərbaycanda nə qədər vərəm xəstəsi müalicəyə cəlb olunub və hansı nəticələr əldə edilib? Ümumilikdə ölkədə nə qədər vərəmli xəstə var?


- 2011-ci il ərzində Azərbaycanda 4870 nəfər ilkin aşkar olunan xəstə qeydə alınıb. Bunlardan 1127 nəfəri ağ ciyərdən kənar formalarda xəstələnənlərdir. 100 min əhaliyə görə xəstələnmə 53, xəstəlik isə 127,1 nəfər azalıb ki, bu da 2010-cu illə müqayisədə 7,2 faiz azalma deməkdir. Bundan başqa, ölüm sayı 391 nəfər təşkil edib, bu göstərici də 2010-cu ilə nisbətən 4 faiz azalma deməkdir.

Ölkədə vərəm xidməti tərəfindən aparılan tədbirlər nəticəsində ilkin xəstələr arasında erkən aşkarlanmanın yaxşılaşması müşahidə olunur. Belə ki, ÜST-ün aşkarlanma üzrə indikatoru 75% olduğu halda bizim göstərici 2011-ci ildə 79%, 2010-cu ildə isə 68% təşkil edib.

Daha bir göstəriciyə diqqət yetirək. Hazırda vərəm xəstələrinin müalicə nəticələrinə nəzarət sistemi güclənir, müalicə nəticələri qiymətləndirilməyən xəstələrin faizi azalır. ÜST-ün müalicə nəticələri üzrə indikatoru 80-85%, Azərbaycandakı göstərici isə ötən il 76,6%, 2010-cu ildə isə 62% təşkil edib. Bu da ölkəmizdə vəziyyətin qorxulu olmadığını göstərir.

- Bir çox hallarda insanlarda vərəmin gec aşkarlanması məlumatlılıq səviyyəsinin aşağı olması ilə əlaqələndirilir. Siz necə düşünürsünüz, bu sahədə insanları maarifləndirmək hansı formada aparılmalıdır?

- Bizdə insanların xəstəliklərə münasibəti fərqlidir. Hər hansı rayonda əhali ilə vərəm xəstəliyi barədə görüş keçirmək istəsək, heç kim könüllü gəlməz. Qorxurlar ki, onlara xəstə deyərlər. Axı burada qorxulu şey yoxdur!

Lakin bu bir faktdır və bizi ən çox narahat edən də budur. Demək istəyirəm ki, insanların vərəm barədə məlumatlılıq səviyyəsinin aşağı olması bir növ onların bu xəstəliyə yanaşmasından irəli gəlir.

Cəmiyyətimizdə vərəmə yoluxan insanlar ətrafdakı insanlar tərəfindən təcrid olunur, onlardan uzaqlaşırlar. Bu da əlbəttə, həmin xəstələrdə psixoloji sarsıntıya səbəb olur, müalicənin gedişinə mənfi təsir göstərir. Elə insanlar olur ki, hətta vərəm xəstəsi olduğu halda “stiqma”ya (hansısa qüsura görə insanlar tərəfindən cəmiyyətdən təcrid olunma) görə həkimə müraciət etməkdən çəkinirlər.

Vərəm xəstəliyi 100 faiz sağalan xəstəlikdir. Sadəcə, vaxtında və ən azı 6 aylıq müalicə almaq lazımdır. Çünki bizim mentalitet elədir ki, insan yalnız ağrı hiss etdiyi halda həkimin yanına qaçır. Ağrı kəsəndə isə sağaldığını hesab edir. Bu heç də belə deyil. Vərəmin müalicə kursu uzunmüddətli və davamlı olmalıdır.

- Elcan bəy, insanların müalicə almaqdan qorxması tibbi xidmət keyfiyyətinin aşağılığı ilə əlaqəli ola bilərmi?

- Vaxtında düzgün müalicə olunmayanlar üçün sağalmaq qorxuya çevrilir. Təqsir də adətən də özlərində olur. Müalicəyə gec qoşulurlar, dərmanları vaxtında qəbul etmirlər, özlərini yaxşı hiss edən kimi müalicəni dayandırırlar və sair.
Elə xəstələr var, həm I sıra, həm də II sıra dərmanlara həssaslığını itirir. Yəni bu xəstənin müalicəsi yoxdur. İstər burada, istərsə xarici ölkədə artıq ona heç kim çarə tapa bilməyəcək. Niyə? Çünki həmin xəstə vaxtında müalicə almayıb və xəstəliyi bu mərhələyə qədər gətirib çıxarıb. Buna tibb xidmət nə etsin axı? İnsanlarda xəstəliyə yanaşma tərzi dəyişmədikcə mənfliklər hər zaman olacaq.

- Vərəmlə mübarizədə ilkin səhiyyə işçilərinin rolu sizi qane edirmi? Ümumiyyətlə vərəmlə mübarizəyə kimlər cəlb edilməlidir?

- İlkin səhiyyə işçiləri vərəmlə mübarizədə mühüm rol oynayırlar. Onlar vərəmə yoluxan insanları müayinəyə cəlb etməli, müayinədən sonra diaqnoz təsdiqlənməli və bundan sonra dərmanların verilməsini təşkil etməlidirlər. Lakin müalicəni yazan, onu formasını müəyyən edən fitiziatrdır ki, onların da bu sahədə rolu çox böyük mahiyyət daşıyır.
Hazırda bizdə islahat gedir və müəyyən nailiyyətlər əldə olunub. Lakin problemlərimiz var və biz nöqsanların aradan qaldırılması üçün çalışırıq.

Bundan başqa bizim 5 regional bakterioloji laboratoriyamız (Naxçıvan, Quba, Masallı, Zaqatala və Gəncədə) var ki, onlar da bu sahədə xidmət göstərirlər.

- Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi vərəm və İİV ilə mübarizədə əməkdaşlıq siyasəti üzrə rəhbərliyin yeni versiyası bu xəstəliklərlə mübarizədə nə kimi effekt verəcək?

- Bu rəhbərliklər bizə ümumi istiqamət verir ki, vərəmlə mübarizə formasını müəyyənləşdirək. Lakin ÜST-ün rəhbərliklərində elə qaydalar var ki, onları Azərbaycanda tətbiq etmək mümkün deyil. Misal olaraq, qapalı stasionar şəraitdə məcburi müalicə forması var, müalicə olunmaq istəməyən xəstələr inzibati tədbirlərlə müəssisələrə gətirilir və onu izolyasiya şəklinə salırlar. Sağalana qədər isə buraxmırlar. Çünki bir sıra Avropa ölkələrində prinsip var ki, əgər müalicə olunmursansa niyə başqalarını yoluxdurursan? Əfsuslar olsun ki, bizdə bu yoxdur.

ÜST-ün rəhbərliklərində bu kimi bir neçə qayda var. Onları əlbəttə, bizim mentalitetimizə, dinimizə və digər faktorlara görə Azərbaycanda tətbiq etmək mümkün deyil. Lakin ümumi müddəalar – nəzarət altında müalicə, tək bir dərmanla monoterapiyadan fərqli olaraq, kompleks şəkildə müalicə və xəstələrin həssaslığına uyğun olaraq onlara individual yanaşma var ki, bizdə də eynidir.

- Davamlı vərəm formasının yaranmasına daha çox hansı amil səbəb olur? Hesab edilir ki, bəzən həkimlərin düzgün müalicə aparmaması buna gətirib çıxarır. Bunun qarşısını almaq mümkündürmü?

- I sıra dərmanlara davamlılıq yaranmasının başlıca səbəbi xəstənin vaxtında düzgün müalicə almaması, dərmanları vaxtında qəbul etməməsi, müalicəni yarımçıq dayandırması və digər faktorlardır. Buna görə də I sıra dərmanlar onlara təsir etmir, bu dərmanlara həssaslıq itir və davamlılıq yaranır. Bundan sonra biz II sıra dərmanlarla müalicəyə keçirik.
Əgər I sıra dərmanlarla 6-8 ay müalicədən sonra sağalmaq mümkün olurdusa, II sıra dərmanlarla ən azı 2 il müalicə almaq lazımdır. Bundan başqa II sıra dərmanların qiyməti birinciyə nisbətən qat-qat bahadır. Bu dərmanlarla bir xəstənin 2 il müalicə aparması təxminən 50 min manata başa gəlir. Halbuki I sıra dərmanlarla müalicə bundan 10 dəfə daha ucuz başa gələr.

- Azərbaycanda xəstələrin II sıra dərmanlarla təmin edilməsində müəyyən çatışmazlıqlar var. Bunun aradan qaldırılması üçün hansı işlər görülür?

- I sıra dərmanlar xəstələrə tam pulsuz verilir. Bu dərmanlar daimi alınır və bütün bölgələrə paylanılır. Bunlar satışda olmur.

II sıra dərmanlar bizə Qlobal Fond tərəfindən verilir. Hələlik, əfsuslar olsun, biz bu dərmanlarla bütün xəstələri əhatə edə bilmirik. Bu günə qədər 3000-ə yaxın xəstədən 992-sini II sıra dərmanlarla təmin edə bilmişik.

İkinci formada olanlarda ölüm riski adətən yüksək olur. Biz bu xəstələrdə müalicə effektliyimizi bir ara 57,7 faizə çatdırmışdıq. Sonradan bunları da biz qrupa ayırdıq. MDR (MultiPLE Drug ReSistance) qrupunda olanlarda bu göstərici 73%, XDR (Extensively Dru Resistant) – bütün dərmanlara qarşı davamlı - qrupunda isə bu göstərici 36% təşkil edir. XDR qrupunda demək olar ki, hər 100 nəfərdən 74-ü ölür. Bizdə də belə xəstələr var.

- “2011-2015-ci illər müddətində Vərəmlə mübarizə strategiyası” və “Tədbirlər planı” qəbul olunub. Bu qərara müvafiq olaraq hansı tədbirlər görülür və qarşıdakı illər üçün daha nələr görüləcək?

- Bu tədbirlər planından öncə 2000, 2001və 2003-cü ildə də belə planlar qəbul edilmiş və bu sahədə müəyyən işlər aparılmışdı. Lakin əmrlərin respublikanın bütün rayonlarına tətbiqi 2005-ci ilə qədər zəif formada davam edib. Lakin həmin ildən sonra bu proses aktiv şəkildə həyata keçirilməyə başladı.

2011-ci ildə Səhiyyə Nazirliyi tərəfindən “2011-2015-ci illər müddətində Vərəmlə mübarizə strategiyası” və “Tədbirlər planı”nın, həmçinin “Vərəmin aşkarlanması”, “Ağ Ciyər Vərəminin kimyəvi terapiyası” üzrə klinik prtokolların təsdiq olunması bizim bu sahədə fəaliyyətimizi daha da sürətləndirib.

Bundan başqa ötən il ölkənin bütün rayonlarından Referens Laboratoriyasına bəlğəm nəqli təşkil olunub və buna əsasən dərmanlara davamlılıq üzrə epidemioloji nəzarət aparılır. Hazırda I sıra dərmanlara həssas olmayan davamlı xəstələr üçün xüsusi proqram hazırlanıb və onlara II sıra dərmanlar tətbiq olunur.

Nisbi epidemioloji əmin-amanlıq 100 min əhaliyə 20-22 nəfər hesab olunur. Hazırda bizdə bu göstərici 53 nəfərdir. Tətbiq edilən mövcud strategiyalara əsasən 2015-ci ilə qədər biz bu göstəricini 25-27 nəfərə qədər salmaq istəyirik.
Əfsuslar olsun ki, vərəmlə mübarizə sahəsində biz nəinki Azərbaycanda, hətta bütün dünyada gözlənilən nəticələr nail ola bilməmişik. Bunun çoxlu səbəbi var. Bu səbəblərdən biri və bəlkə də ən birinci miqrasiyadır. Məlum məsələdir ki, əhali iş tapmaq üçün başqa rayonlara və şəhərlərə gedir. Ola bilər ki, yaşadığı rayonda vərəm xəstəliyi yoxdur. Lakin miqrasiya etdiyi yerdə vərəm ola bilər və həmin insan yoluxar.

Miqrantlar daha çox yer dəyişir deyə onların aşkarlanması çox çətinləşir. Hazırda biz bu sahədə çalışırıq və çıxış yolları axtarırıq ki, belə insanların qeydiyyatını apar bilək.

- Azərbaycanda vərəmli xəstələrin qeydiyyatını aparmaq və onları müalicəyə daha asan cəlb etmək üçün xüsusi bir layihə tətbiq olunacaqmı?

- Biz hazırda xəstələrin aşkarlanması və qeydiyyata alınmasını asanlaşdırmaq üçün “Tibbi menecer” layihəsini reallaşdırmaq üçün hazırlıqlara başlamışıq. Bu, daha çox yeni doğulan uşaqlar üçün verilən “Tibbi elektron kart”lar kimi olacaq. Bunun əsasında xəstələrin qeydiyyatı, onların tapılması və müalicəyə cəlb olunması asanlaşacaq.

Xəstə istənilən bir klinikaya getdiyi halda onun adı sistemdə çıxacaq və avtomatik olaraq bizə məlumat göndəriləcək. Biz bu kartlar sayəsində bütün xəstəxanalar və klinikalarla qarşılıqlı məlumat mübadiləsi aparacağıq.

Layihənin hazırlıq mərhələsi gedir və çox güman ki, bu ilin sonunda onu istifadəyə verəcəyik. Bu layihə hazır olduqdan sonra biz bunu əvvəlcə Bakıda mərhələli şəkildə tətbiq edəcəyik. Burada onun effektivliyi yoxlanılacaq və daha sonra rayonlarda da tətbiq olunacaq. Bu layihəni USAİD beynəlxalq təşkilatı ilə birgə təşkil edirik.

- Araşdırmalar nəticəsində vərəmin vaxtında qarşısının alınmasında yaranan problemlərdən birinin diaqnozun düzgün qoyulmaması ilə bağlı olduğu ortaya çıxır. Azərbaycanda rentgenlə diaqnozun qoyulması kifayət etmir. Bunun üçün başqa hansı üsuldan istifadə etmək lazımdır?

- Azərbaycanda vərəmin diaqnozu 3 üsul vasitəsilə təyin edilir.
1. Bakterioloji üsul –bəlğəmin vərəm çöplərinə yoxlanılması. Bu üsulu biz bütün respublikada tətbiq edə bilirik. Biz bu metodun köməkliyi ilə vərəm çöpü ifraz edənləri tapırıq, onlarda hansı dərmanlara həssaslıq və davamlılıq olduğunu müəyyənləşdiririk. Bu proseslər əvvəllər 2 ay vaxt çəkirdisə, artıq indi 1 həftə ərzində nəticə əldə edə bilirik.
Bizdə Referens Laboratoriya 2009-cu ilin ikinci yarısından etibarən fəaliyyət göstərməyə başlayıb. Bu laboratoriya müayinələri düzgün apardığı üçün Almaniyada yerləşən Beynəlxalq Laboratoriyadan sertifikat alıb.
2. Şüa (Rentgen) diaqnostikası – bu üsulla xəstədə ciyərlərin neçə faizinin vərəmə tutulduğunu müəyyənləşdirmək olur. Bundan sonra isə əsas məqsəd vərəm çöplərinin ifrazatının dayandırılmasıdır ki, bu da nailiyyət hesab edilir. Hazırda müəyyən problemlərimiz var, amma həll etmək üçün çalışırıq.
3. Mantu sınağı – Bu üsul yoluxan, lakin hələ xəstələnməyən uşaqların aşkar edilməsi üçün faydalıdır. Elə olur ki, kimsə bu xəstəliyə yoluxub, lakin hələ xəstələnməyib. Biz bunun qarşısını almaq üçün mantu diaqnozu ilə yoxlama aparırıq və bunun nəticəsində yardım göstərə bilirik.

- Ötən ilin oktyabr ayında Bakıda Ümumdünya Səhiyyə Təşkilatının 61-ci sessiyası keçirildi. Sessiyadan sonra ÜST Azərbaycanda səhiyyə sahəsində bəzi çatışmazlıqların düzəldilməsi barədə tapşırıqlar verdi. Bilmək istəyirdik ki, ÜST vərəmlə bağlı hansı göstərişlər verib?

- Hazırda vərəmlə bağlı İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), ÜST-ün Azərbaycandakı nümayəndəliyi və biz özümüz də maarifləndirici broşuralar çap edərək poliklinikalara, xəstələrə və digər insanlara paylayırıq. Bundan başqa müxtəlif video roliklər hazırlayaraq bütün telekanallarda nümayiş etdiririk.

- Bir çox hallarda bölgələrdə yaşayan insanlar lazımi səviyyədə tibbi xidmətin olmadığından şikayət edir. Bölgələrdəki dispanserlərin fəaliyyəti sizi qane edirmi?

- Aparılmış islahatlara əsasən dispanserlərin işini poliklinakalara həvalə etmişik ki, həkimlər xəstələrə daha yaxın olsun. Hər bir rayonun fitiziatrı var ki, onlar xəstələrə nəzarət edirlər.

Dərmanlara gəldikdə, istər rayonlarda, istərsə də şəhərlərdə I sıra dərmanlar kifayət qədərdir və onlar pulsuz paylanır.

F. Hacıyev
Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm