“Getdikcə partiyaların sayı azalacaq“ - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

“Getdikcə partiyaların sayı azalacaq“ - MÜSAHİBƏ

- Sulutəpə hadisələri bir çox mətbuat orqanlarında siyasiləşdirilir. Bu hadisənin ölkənin nüfuzuna zərər verəcəyi ilə bağlı deyilənlərə münasibətiniz necədir?

- Sulutəpə hadisələrinə bu cür reaksiyanı qərəzli hesab edirəm. Məsələ bundadır ki, həmin ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansındadır. Neft Şirkəti beynəlxalq şirkətlə orada neft-qaz yataqlarının işlənməsi ilə bağlı müqavilə bağlayıb və üzərinə öhdəliklər götürüb. Həmin müqavilə də Milli Məclisdə təsdiq olunub.

-Belə bir şəraitdə biz hansısa bir maklerin və ya vətəndaşın ev tikməyi müqabilində dövlət olaraq nüfuzumuza zərbə vura bilmərik. Onlar hətta Azərbaycana qarşı iddialar qaldıra bilərlər. Qanunsuz evlərə göz yumsaq, müqaviləni yetirməmiş oluruq. Bu məsələni mətbuatda əsassız olaraq siyasiləşdirənlər düşünürlər, yoxsa yox?

-Keçən əsrin sonları, bu əsrin əvvəllərində Binəqədi rayon rəhbərliyi bələdiyyələrlə birlikdə həmin torpaqları qanunsuz olaraq vətəndaşlara satıblar. Bu həm də cinayət tərkibli məsələdir. Hüquq-mühafizə orqanları məsələni ciddi şəkildə araşdırmalıdırlar. Orada tikilən bütün evlər qanunsuzdur. O torpaqlar dövlətindir və təyinatı üzrə də istifadə oluna bilər. Neft şirkətinə yönələn bu iddiaların heç bir əsası yoxdur.

- Avropa Parlamentinin Strasburqda keçirilən sessiyası çərçivəsində Ermənistanla Avropa Birliyi arasında assosiativ saziş üzrə danışıqların gedişinə dair qəbul olunan qətnaməni necə dəyərləndirirsiniz?

- Bu Avropa məkanında Avropa Şurasından sonra Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən ikinci qətnamədir. Bu qətnamə obyektivliyi özündə ehtiva edir. Hesab edirəm ki, Avropa İttifaqı bu qətnaməyə söykənərək Azərbaycanın işğal olunmuş ərazilərin azad olunması üçün səylərini artırmalıdır. Ermənistana təzyiqlər edilməli, lazım gələrsə sanksiyalar qəbul olunmalıdır. Qətnamədə həmçinin Azərbaycanın silahlanması ilə bağlı müddəa da əksini tapıb. Fikrimcə, bu yanaşma düzgün deyil. Çünki Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün silahlanmaya məcburdur. Ümumilikdə isə qətnaməni yüksək qiymətləndirmək olar.

- Müxalifət "beşlik" adlanan bir format çərçivəsində əməkdaşlıq edəcəyi ilə bağlı razılığa gəlib. Bu formatın gələcəyini necə görürsünüz?

- İstənilən partiya birlik, blok təşəbbüsləri ilə çıxış edə və əməkdaşlıq edə bilər. Bu cür addımlara normal yanaşıram. Lakin ənənəvi müxalifətin bu və buna bənzər təşəbbüsləri cəmiyyətdə heç zaman dəstəklənməyib, sosial dayaqları yox dərəcəsində olub. Keçən əsrin axırlarından başlayaraq bu cür birliklər yaradılıb, təmtəraqlı bəyanatlar verilib. Lakin nəticə olaraq istər siyasi proseslərdə, istər seçkilərdə əldə olunan nəticələrdə mövqeləri heç vaxt üst-üstə düşmür. Bu birliyə daxil olan partiyalar arasında həmişə çox ciddi qarşıdurmalar olub, onlar bir-birlərini heç zaman qəbul etməyib. Hər dəfə seçkilərdən xeyli əvvəl vahid namizədlə bağlı söhbətlər ortaya atılsa da heç vaxt qəti bir qərar qəbul olunmayıb. Mətbuatı izlədikdə də açıq-aydın görünür ki, bunların arasında ən adi məsələlər ətrafında ümumi rəy birliyi yoxdur. Bunların hamısı dekorativ xarakter daşıyan addımlardır. "Beşliyi"də ciddi bir birlik kimi qəbul etmirəm.

- Heç kəsə sirr deyil ki, hakim partiya ilə müxalifətin sosial bazası arasında kəskin güc fərqi var. Bu normal bir cəmiyyət üçün qorxulu hal deyilmi?

- Müxalifətin son aksiyalarının cəmiyyət tərəfindən dəstəklənməməsi, onların aksiyalara 5 min nəfərin belə toplaya bilməməsi sübut edir ki, ənənəvi müxalifətin Azərbaycanda sosial bazası yoxdur. Əlbəttə ki, normal cəmiyyətlərdə güclü müxalifətə ehtiyac var. Qəbul edirik ki, güc fərqi həddindən artıq çoxdur və bu yaxşı hal deyil. Bunun yeganə səbəbkarları da ənənəvi müxalifətin özüdür. İstər Müsavat, istər AXCP, istər ADP, istərsə də KXCP şəhər, ofis partiyalarıdır. Bunun üzdə olan bir səbəbi var: Azərbaycan əhalisi prezident İlham Əliyevin siyasətini dəstəkləyirlər, ən pis halda ona loyal yanaşırlar. Buna görə də müxalifətin mitinqləri alınmır. Müxalifət liderlərinin siyasi ambisiyaları onlara imkan vermir ki, ölkə prezidentinin həyata keçirdiyi siyasi kursun konkret nəticələrini etiraf etsinlər.

- Azərbaycanda dərin kök atan çoxpartiyalılıq özünü doğruldurmu? Ölkə üzrə ümumilikdə 54 partiya qeydiyyatdan keçsə də son parlament seçkilərində onlardan cəmi 17-i seçkilərdə iştirak etdi.

- Çoxpartiyalılıq demokratik cəmiyyətin ən mühüm atributlarından biridir. Təbii ki, qeydiyyata alınan hər bur partiya ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirsə, bu, ümumilikdə ölkənin inkişafı üçün təkandır. Lakin keyfiyyətlə kəmiyyət üst-üstə düşmür. Azərbaycanın bugünkü siyasi palitrasında elə də sıxlıq müşahidə olunmur. Ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən partiyaların sayı maksimum 10-dur. Deyərdim ki, gələcəkdə Azərbaycanın siyasi həyatına təsir edəcək partiyaların sayı daha da azalacaq. Ola bilər ki, indiki siyasi proseslərdə iştirak etməyən partiyalar sıradan çıxsın. Elə nümunə olaraq qonşu Türkiyə təcrübəsindən çıxış edək. Bir neçə il bundan əvvəl ölkənin siyasi həyatında fəal iştirak edən partiyalar adları indi çəkilmir. "Siyasi partiyalar haqqında " qanuna ediləcək dəyişikliklər əminəm ki, siyasi partiyaların ölkənin siyasi həyatındakı roluna öz təsirini göstərəcək. Sadəcə olaraq konsolidasiya getməlidir. İqtidaryönlü partiyalarda da bu prosesin getməsi yaxşı olardı. "Siyasi partiyalar haqqında" qanunda isə maliyyələşmə məsələləri var. Ola bilsin ki, bu konsolidasiya prosesinə mənfi təsir göstərsin. Mənə elə gəlir ki, çıxış yolu siyasi baxışları, siyasi proqramları uyğun olan partiyaların birləşməsidir.

- Birləşməyə hazır olan partiyalar varmı?

- Birləşmə prosesinə siyasi ambisiyalar maneə olur. AXCP ilə Müsavatın birləşmə məsələsi xeyli müddətdir ki, ortaya atılıb. Birləşmə ilə bağlı informasiyalar dövriyyəyə buraxılsa da sözügedən partiyaların rəhbərliyində təmsil olunanlar nəinki birləşməyə səy göstərirlər, əslində bu prosesə maneə olurlar. Digər tərəfdən isə sosial sifariş demək olar ki, yoxdur.

- Ana Vətən Partiyası ilə bərabər bir neçə partiya prezident İlham Əliyevin siyasətini dəstəklədiyini birmənalı şəkildə bəyan edir. Lakin bu mövqeyiniz bəzi düşərgələrdə bir qədər fərqli başa düşülür. Onlar sizi hakimiyyətə işləməkdə ittiham edirlər...

- Biz hakimiyyətə nə üçün işləməliyik? Proqramımız, nizamnaməmiz var və ona uyğun fəaliyyətimizi qururuq. Partiyanın proqramında fəaliyyətimizin təməl prinsipləri var. Bu prinsiplərin birincisi dövlətçilikdir. Biz bir çox hallarda siyasi ambisiyalarımızı ümummilli maraqlara güzəştə getməyə bacarmışıq və bunu zəruri hesab etmişik. Bütün qınaqlara, ittihamlara baxmayaraq bu yoldan çəkinməmişik. Heydər Əliyevdən bu yana gələn siyasi kursu dəstəkləyiriksə, bu bizim söykənmiş olduğumuz dəyərlərə sədaqətimizin ifadəsi kimi qiymətləndirilməlidir, hakimiyyətə işləmək kimi yox. Mən dövlətə, dövlətçiliyə işləyirəm və bundan da şərəf duyuram. Kimin nə deməsindən asılı olmayaraq bu bizim prinsipial mövqeyimizdir.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm