Bəxtiyar Sadıqov: “Qonşu ölkələrin heç birində müxalifət belə eləmir” – Müsahibə
Bizi izləyin

Müsahibə

Bəxtiyar Sadıqov: “Qonşu ölkələrin heç birində müxalifət belə eləmir” – Müsahibə

- Almaniyanın bir sıra mətbuat orqanlarında Azərbaycanla bağlı tənqidi yazılara son vaxtlar tez-tez rast gəlinir. Sizcə, bunun kökündə nə dayanır?

- Azərbaycanın müstəqillik qazanmasından cəmi 20 il keçməsinə baxmayaraq, böyük uğurlar əldə edib. İqtisadi, siyasi və digər sahələrdəki nailiyyətlər, görünür, bəzi dövlətləri qane etmir. İndiyə qədərki təcrübə əyani şəkildə onu deməyə əsas verir ki, Azərbaycan müstəqilliyini daim saxlayacaq və heç vaxt heç bir dövlətdən asılı olmayacaq. Yalnız öz maraqlarının təmininə yönəlmiş xarici siyasət aparacaq. Prezident İlham Əliyev də bu fikri dəfələrlə bəyan edib.

Azərbaycanın nüfuzuna bir çox dövlətlər zərbə vurmağa çalışır, bunun üçün müxtəlif təzyiqlər edirlər. Bu, mümkün olmadıqda isə müxtəlif təxribat xarakterli addımlar atır, mətbuatın imkanlarından yararlanırlar.

Azərbaycanı insan hüquqlarının pozulduğu, söz və fikir azadlığının olmadığı ölkə kimi qələmə verməklə Azərbaycanı öz yolundan döndərmək istəyirlər. Təbii ki, bu, mümkün olmayacaq.

- Azərbaycanda gələn ay “Evrovision” mahnı müsabiqəsi keçiriləcək. Müsabiqə öncəsi Azərbaycanla bağlı bu cür yazıların çoxalacağını gözləmək olarmı?

- Əvvəla qeyd edim ki, belə bir müsabiqəyə ev sahibliyi etməyin özü Azərbaycanın artan nüfuzunun göstəricisidir. Müsabiqəyə az vaxt qalıb. Azərbaycanın uğurlarına sevinməyən qüvvələr, o cümlədən Almaniya göstərmək istəyir ki, guya Azərbaycanda mətbuat azadlığı yoxdur, insan hüquqlarının qorunması ilə bağlı, eyni zamanda digər sahələrdə problemlər var və Azərbaycan belə bir müsabiqənin keçirilməsi üçün məqbul yer deyil.

Azərbaycanın öz təbii sərvətləri, o cümlədən neft və təbii qaz üzərində sərəncamçılığı durur. Onları qıcıqlandıran odur ki, Azərbaycan təbii sərvətlərindən öz maraqları naminə istifadə edir. Azərbaycan beynəlxalq aləmdə yanında dayandığı dövlət yalnız Türkiyədir ki, neft və qazın nəqlində özündən sonra bu ölkənin maraqlarını müdafiə edir.

Müsabiqə ərəfəsi bu cür yazıların çoxalma ehtimalına gəlincə, deyə bilərəm ki, bu baş versə də heç nəyi dəyişməyəcək. Son illər sübut olunub ki, Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi üçün ən münasib yerlərdən biridir. Bunu bir daha sübut edəcəyik.

- Təbii ki, Azərbaycan mətbuatı da ölkə maraqlarının əksinə olan bu yazılara biganə qalmamalıdır...

- Bu məsələ Azərbaycan mətbuatının gündəmindədir. Bu yaxınlarda Azərbaycan Mətbuat Şurasına jurnalistlərdən müraciət daxil oldu. Müraciət əsasında geniş bir tədbir keçirildi və Avropa jurnalistlərinə bəyanat qəbul elədik. Bəyanatda qeyd etmişdik ki, jurnalistikanın prinsiplərini tapdalamasınlar, Azərbaycanla bağlı yazılarda obyektivliyi gözləsinlər, qərəzli yazılardan əl çəksinlər.

Qeyd etmişdik ki, Azərbaycana gəlsinlər və gerçəkliyi öz gözləri ilə görsünlər. Onda biləcəklər ki, indiyə kimi yazdıqları yalnız qərəzli, birtərəfli və həqiqətə uyğun gəlməyən yazılardır. Artıq Almaniyadan bir qrup jurnalist Azərbaycana gəlib. Mətbuat Şurasında onlarla bizim görüşümüz oldu.

Görüşdə həm müxalifət, həm iqtidar qəzetləri öz fikrini bildirdilər və o cür yazıların Azərbaycan-Almaniya münasibətlərinə istilik gətirmədiyi, əksinə iki dövlət arasında mövcud olan dostluq münasibətlərinə kölgə salacağı qeyd olundu. Ümumiyyətlə mətbuatın, jurnalistikanın peşə davranışı qaydaları, standartları var. Azərbaycan jurnalistikasının peşə davranışı qaydaları da Avropa standartlarına uyğunlaşdırılıb. Keçən il bu qaydaları ATƏT-lə yenidən işləyərək təkmilləşdirdik. Bunu da gələn qonaqlara xatırlatdıq. Biz arzu edirik ki, alman jurnalistləri də yazı yazarkən peşə davranışı qaydalarını özləri üçün rəhbər tutsunlar.

- Mətbuatda yazılanlara görə, Almaniyanın bəzi fondları Azərbaycandakı müxalif siyasi qüvvələrin mövqeyinin xarici mətbuata çıxarılması üzərində işlər aparır. Bu faktlar barədə nə deyərsiz?

- Azərbaycanın müvafiq qanunvericiliyi var və orada qeyd edilib ki, xaricdən alınan qrantlar açıq olmalıdır. Bu qrantlardan istifadə zamanı Azərbaycan xalqının maraqlarının tapdalanmasına yol verilməməlidir. Amma çox təəssüf ki, Azərbaycanın müxalifət mətbuatı, adını hüquq müdafiəçisi qoyan insanlar qrantlar alanda çox asanlıqla Azərbaycanın milli maraqlarının tapdalanmasına yol verən addımlar atırlar.

Onlar dərk etmirlər, bəlkə dərk edir və şüurlu şəkildə hərəkət edirlər. Həmin qrantları ayıran şəbəkələr əslində anti-Azərbaycan şəbəkələridir. Kökünü qazdıqda görürük ki, onlar əslində erməni əsilli milyonçulardan qidalanırlar. Bu, təəssüf doğurur. Beş qəpikdən ötrü Azərbaycanı satmaq olmaz, onlarsa çox asanlıqla satılırlar.

Qonşu ölkələrin heç birində müxalifət, hüquq nümayəndələri belə addımlar atmırlar. Azərbaycanda bunun qarşısını almaq üçün baza var, amma bunu bir qədər də ciddiləşdirmək lazımdır. Azərbaycanın milli maraqlarını satanlar üçün bir dözülməzlik, qınaq şəraiti yaradılmalıdır. Bu da mətbuatın işidir.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm